top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 04 - Antikorrupsiya (ak)

OMBUDSMAN KİMDİR, yaxud Raykom bağlıdır, şikayətə kimin üstünə getməli?

Hikmət HACIZADƏ

Mənbə: "Məşvərət", N12, 1997


Ombudsmen - (İsveç dilindəki ombudsman - “mənafelərin təmsilçisi” sözündən) - icra hakimiyyətinin bürokratik pozuntularına dair vətəndaşların şikayətlərinin araşdırılması üzrə parlament müvəkkili.
Britaniya Ensiklopediyasından

Kommunist sistemi dağılandan bəri hansımız bu sözləri eşitməmişik: “Nə işə düşdük? Bilmirsən ki, şikayət etmək üçün kimin üstünə gedəsən. Qabaqlar raykoma gedərdik, orada heç olmazsa adama qulaq asırdılar...”?

Bu vaxt demokratik islahatların tərəfdarları adətən deyirlər: “Məhkəməyə verin”. Məmurlar qanun-qaydaları çox kobud şəkildə pozanda bu təklif özünü doğruldur (əlbəttə, ölkədə səmərəli məhkəmə sistemi olduqda). Ancaq cəmiyyət hüquqların və vətəndaş azadlıqlarının kiçik pozuntuları seli içərisində də boğulur. Məsələn, mənzil-istismar sahəsi, pasport masa, poliklinika işçilərinin astagəlliyindən, yaxud rayon icra hakimiyyətinin cəfəng təlimatındın kimə şikayət edəsən?

Bax, vətəndaşların elə bu cür bürokratik pozuntulardan şikayət edə bilməsi üçün demokratik cəmiyyət ombudsmenlik institutu yaradıb. Ombudsmen hökumət müəssisələrinin fəaliyyətinin qanuniliyinə və hüquqların, vətəndaşların azadlıqlarının gözlənilməsinə nəzarət üçün parlamentin təyin etdiyi vəzifəli müstəqil şəxsdir. Ombudsmenin qərarları

tövsiyə səciyyəlidir, onlar üzə çıxarılmış pozuntuları düzəltmək üçün icra hakimiyyətinə birbaşa göstəriş deyil. Ancaq hüquqların və vətəndaşların ləyaqətinin pozuntusuna dair araşdırdığı halları parlamentdə və mətbuatda aşkarlayan ombudsmen istənilən məmurun və hökumətin (əgər ictimai rəyə sayğı bəsləyirlərsə) vətəndaşın şikayətinə öz münasibətini dəyişdirməsi üçün yetərincə mənəvi və siyasi təsirə malikdir.

Ombudsmenlik institutu ilk dəfə İsveç Konstitusiyasında 1809-cu ildə təsbit edilib. Ombudsmen komitəsinin başçısını parlament təyin edirdi və o, ölkə sakinlərinin vətəndaş hüquqları məsələsi ilə məşğul olurdu. Ombudsmen vəzifəli müstəqil şəxs idi, istənilən inzibati və icra fəaliyyətinin, bəzi hallarda isə (şikayət aldıqda yaxud vətəndaşların hüquqlarının pozulması haqqında məlumatı olduqda) məhkəmə işlərinin də incəliklərini araşdırmağa səlahiyyəti çatırdı.

Bu gün İsveç ombudsmenini həm məhəlli, həm də milli səciyyəli vətəndaş hüquqları pozuntularına dair şikayətləri (polisdən, dustaqxanalardan və ictimai idarələrdən şikayətlər də daxil olmaqla) araşdırmaq üçün parlament vəkil edib.

İsveçdə ombudsmen yalnız nazirlərdən və kraldan olan şikayətlərə baxa bilməz (onlara dair şikayətlərə məhkəmədə baxılır).

Ombudsmenlik institutu sonralar Skandinaviyanın başqa ölkələrində də yaradılmağa başladı. 60-cı illərdən Yeni Zelandiya (1962), Böyük Britaniya (1967), İsrail (1971), Portuqaliya (1976), Hollandiya (1981), İspaniya (1981) da daxil olmaqla dünyanın digər ölkələrində də ombudsmenlər təyin edilməyə başladılar. Avstraliya, Birləşmiş Ştatlar və Kanadada ştat, yaxud əyalət səviyyəsində ombudsmen var, ABŞ-ın müxtəlif şəhərlərində bələdiyyə ombudsmeni mövcuddur. Britaniyada milli səviyyədə fəaliyyət göstərən ombudsmenə əlavə olaraq yerli hökumətə, Səhiyyə Nazirliyinə və Quzey İrlandiya İşləri üzrə Nazirliyə qarşı şikayətləri araşdırmaq üçün ombudsmen var. ABŞ-da bəzi xüsusi ombudsmenlər məhbusların müalicə hüquqlarını gözləməkdən ötrü təyin ediliblər. İsraildə polisin ictimai şikayətlər üzrə məxsusi ofisi, eləcə də hərbi ombudsmen və məmurların nəzərdə tutulmuş qaydaları dəqiq icra etməsi haqqında illik hesabatlar hazırlayan dövlət nəzarətçisi var.

Bir çox ölkələrdə ombudsmenin səlahiyyətləri araşdırılan işi yoxlamaq və onun haqqında daha ətraflı məlumat verilməsini tələb etmək hüququ ilə məhdudlaşır. Ancaq buna baxmayaraq o, qanunvericilik aktının konkret təfsirini və modifikasiyasını tövsiyə də edə bilər. Ombudsmen dövlət təcrübəsində dəyişikliklər təkliflər irəli sürə bilər, ancaq onları bərqərar edə bilməz. O eləcə də məmurun vətəndaşa vurduğu ziyanı hökumətə tövsiyə edə bilər.

Ombudsmenin işi tez-tez bundan ibarət olur ki, o, dinlədiyi vətəndaşlara durumdan baş çıxarmaqda köməklik göstərir, onları sakitləşdirir, onlarla ədalətsiz davranıldığı haqqında əsassız şübhələri aradan qaldırır.

Deyildiyi kimi, ombudsmeni parlament təyin edir. O, konkret şikayətlərin baxılmasında müstəqildir. Ombudsmenliyin mahiyyəti hökumətlə şəxsiyyət arasında qərəzsiz hakim olmaqdadır.

Mülki ombudsmenlər öz təşəbbüsləri ilə araşdırdıqları xeyli pozuntu hallarından əlavə, vətəndaşlardan hər il çoxlu yazılı şikayətlər də qəbul edirlər. Onların çoxu araşdırılmadan rədd edilir. Bir çox hallarda isə vətəndaş şikayət etməkdən boyun qaçırdıqda ombudsmen hökumət məmuruna qarşı iddia ilə çıxış etmək üçün onu dilə tutur. Bəzən adamın (yaxud təşkilatın) şikayəti ombudsmenin səlahiyyətləri xaricində olduqda o, şikayətçiyə hansı dövlət orqanına müraciət etmək və öz hüquqlarının daha səmərəli qorunmasını necə təşkil etmək barəsində məsləhətləri ilə yardım göstərir.

Vətəndaşdan aldığı şikayəti ombudsmen izahat almaqdan ötrü uyğun hökumət orqanına verir. Bundan sonra, həmin orqanın şikayətə cavabından asılı olaraq, ombudsmen bu hökumət orqanı məmurunun qanunu, yaxud müəyyənləşdirilmiş qaydanı pozduğunu, vətəndaşla kobud davrandığını, yaxud öz qərarını əsassız olaraq ləngitdiyini qət edərsə pozuntunu aradan qaldırmağa dair öz tövsiyəsini hazırlayır.

Ombudsmen məmurun qərarının yanlış olduğunu hiss edərsə onun çıxaracağı düzgün qərarı göstərə bilər.

Ombudsmenin araşdırmaları məmurun qanunu pozmadığını göstərərsə o, şikayətçiyə məmurun hərəkətlərinin qanuniliyini açıqlayır.

Hesabat ilinin sonunda ombudsmen parlamentə illik hesabat hazırlayaraq ona hakimiyyətin qalan qolları üzərində nəzarət vəzifəsini yerinə yetirməkdə köməklik göstərir.

Yeni Zelandiya Konstitusiyasının 19-cu maddəsi ombudsmenə parlamentin qəbul etdiyi qanunların “düşüncəsiz, ədalətsiz, əzici və istismarçı” olmamasına göz qoymağı həvalə edir. 1967-ci ildə ABŞ-da ilk dəfə olaraq Havayda ombudsmenin dövlət ofisi yaradılıb.

Böyük Britaniyadakı xüsusən maraq doğuran ombudsmenlik institutunun təcrübəsi demokratik Azərbaycanın dövlət quruculuğu üçün də faydalı ola bilər. Bəlli olduğu kimi, Britaniyanın parlament sistemində icraedici və qanunverici hakimiyyət məhkəmə nəzarətinin mövzusu ola bilməz. Parlament isə burada taricən vətəndaşların mənafelərini qorumalı olan bir orqan kimi formalaşıb. Parlament vəzifələrini əvəzə edən orqan kimi düşünülməsi mümkün olan ombudsmenlik institutunun belə şəraitdə yaranması güclü müqavimətlə qarşılaşdı.

“Bürokratiya”ya qarşı müdafiə üzrə parlament müvəkkilinin yaradılması haqqında məsələnin müzakirəsi İngiltərədə Böyük Britaniyada 1957-ci ildən başlanıb. Ancaq ombudsmenin yaradılmasına dair parlamentin uyğun qərarı yalnız on illik gərgin müzakirələrdən sonra qəbul edilib. Nəticədə Böyük Britaniyada ombudsmenin ona yalnız parlament üzvlərinin göndərdiyi şikayətləri araşdırmaq səlahiyyəti var. Bu, Britaniya hüquqşünaslarının fikrincə, əhəmiyyətsiz və ombudsmenin səlahiyyətlərindən xaric şikayətləri “süzgəcdən keçirməyə” imkan yaradır. Ombudsmen ildə bir dəfə, eləcə də fövqəladə hallarda parlament qarşısında hesabat verir. O, parlament üzvü ola bilməz. Ombudsmeni kraliça baş nazirin tövsiyəsinə əsasən təyin edir. Ombudsmenin statusu Yüksək Məhkəmənin statusuna tən tutulur. Ombudsmen “özünü qüsursuz apardıqca” vəzifəsində qalır və o, kraliçanın parlamentdəki hər iki palatanın tələb etməsi ilə, öz şəxsi ərizəsi ilə və 65 yaşına çatdığına görə dəyişdirə bilər.

Böyük Britaniyada parlament müvəkkilinin başlıca vəzifəsi hökumət idarələrində “pis idarəetmə”nin nəticəsində baş vermiş ədalətsizliyin qurbanı olan vətəndaşların şikayətlərinin araşdırılmasıdır. (“Pis idarəetmə” termini ingilis hüquqşünaslarının rəyinə görə, “inzibati fəaliyyətlər həyata keçirilərkən müəyyənləşdirilmiş qaydaların pozulması” kimi tövsif edilir. “Pis idarəetmə”nin çoxlu formaları ola bilər: məsələnin həllinin əsassız ləngidilməsi, qərəzlilik, yaxud təəssübkeşlik, zəruri məlumatın verilməməsi, kobudluq, yaxud narahatlıq törədilməsi, zəruri qaydaların pozulması, tələblərin yerinə yetirilməsindəki səhvlər. Parlament müvəkkili haqqında qanun hazırlamış nazir Krossmanın siyahısında məmurların “pis idarəetmə” kimi səciyyələndirilə biləcək bu mümkün əməlləri və səhvləri sadalanır: şəxsi-qərəzlik, səhlənkarlıq, diqqətsizlik, bacarıqsızlıq, işini bilməmək, cırtqozluq, naqislik, özbaşınalıq).

Dünyanın bütün ombudsmenləri kimi Britaniya ombudsmenlərini səlahiyyətləri də araşdırmaq, üzə çıxarmaq, xəbər vermək və tövsiyə verməkdən əmələ gəlir.

Araşdırmaya başlamazdan öncə ombudsmen tərəfləri barışdırmağa çalışır. Barışıq alınmazsa ombudsmen araşdırmaya başlayır. İşin başlanğıcında barəsində şikayət qaldırılmış hökumət orqanı vəzifəli şəxsinə şikayətin mahiyyəti haqqında məlumat verilməlidir. Şikayətdə konkret şəxsin adı çəkilirsə şikayətin surəti ona onun hüquqlarını izah edən memorandumla birgə göndərilir. Hökumət orqanının baş vəzifəli şəxsindən aldığı cavaba əsasən ombudsmen məruzə yaza bilər. Hökumət orqanı onun məruzəsini haqlı sayarsa və şikayətin səbəbini aradan götürməyə hazır olarsa bununla araşdırma başa çatır. Yoxsa araşdırma davam edir.

Ombudsmen hökumət orqanı başçısından üzr istəməyi, dəymiş ziyanın əvəzini ödəməyi (maliyyə cərimələri xeyli ağır olur) tələb edə bilər. Ancaq istənilən halda məcburi deyil, tövsiyə səciyyəli ölçülər təklif olunur. Buna baxmayaraq, təcrübədə ombudsmenin tövsiyələrinə əməl olunmaması nadir hallarda baş verir.

Ombudsmen araşdırma prosesində mühüm səlahiyyət yiyəsi olur. O, nazirdən, yaxud başqa vəzifəli şəxslərdən araşdırma ilə bağlı zəruri sənədlərin və məlumatın ona təqdim edilməsini tələb edə bilər. Onun and içdirməyə və şahidlərin iştirakını təmin etməyə hüququ çatır. Ombudsmenin araşdırmasına bilərəkdən əngəl törətmək üstündə cəza verilir və bu əməl məhkəməni təhqir etməyə bərabər tutulur.

İndiki halda ombudsmen tez-tez deputatlarla qarşılıqlı əlaqədə işləyir. Parlament üzvünün ona verdiyi və məhz onun səlahiyyətlərinə aid olduğuna inandığı şikayəti alandan sonra ombudsmen həmin şikayətin araşdırılmaya götürüləcəyi haqqında parlament üzvünə xəbər göndərir. Ombudsmen ölkədə daimi yaşayan vətəndaşların, haqqında şikayət edilən hərəkətlərin törədilməsivaxtından, yaxud bu hərəkətin vətəndaşa məlum olduğu vaxtdan bir il keçməmiş şikayətlərini araşdırır. Ombudsmenin apardığı araşdırma haqqında məruzəsi parlament üzvünə göndərilir və o, araşdırmanın nəticələrinin hansı şəraitdə şikayətçiyə və mətbuata bildiriləcəyi haqqında qərar çıxarır. Parlament müvəkkili parlamentə eləcə də illik məruzə, müəllifsiz xəbərlərin rüblük icmallarını (bunlara parlament sənədləri kimi baxılır) təqdim edir. Deputatlara çatdırılan statistika məlumatları, təcrübi tövsiyə və nəticələr qanunvericilərin diqqətini prinsipial sosial problemlərə cəlb edir. Bununla da Böyük Britaniya idarəçiliyi işləri üzrə parlament müvəkkili qanunvericiliyə birbaşa təsir göstərir.

Böyük Britaniyada ombudsmen xidməti fəaliyyətinin çoxillik təcrübəsi vətəndaşların inzibati sui-istifadələrdən qorunması sahəsində əhəmiyyətli uğurların olduğunu göstərir. Ombudsmenlik institutunun ünvanına söylənən xoşagəlməz ifadələr getdikcə seyrəlməkdədir. Parlament müvəkkilinə bu gün vətəndaşları təmsil edən və onların hüquqlarını qoruyan parlament üzvlərinin “qınındakı əlavə silah” kimi baxılır.

Umud bəsləmək istərdik ki, vətəndaşların hüquqlarını qorumaq sahəsindəki dünya təcrübəsi bizim Azərbaycanda da tətbiq ediləcək. Axı ombudsmenin gördüyü bütün işlər bizim cəmiyyətimiz üçün də çox gərəklidir. Həm də ki, xalqımızda ağsaqqallıq institutu vardı ki, bu da ruhən ombudsmenlik institutuna yaxındır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft