|
Anayasalar və Anayasa
Məhkəmələri
NİYAZİ MEHDİ
Mənbə:
"Məşvərət", N18, 1999
Konstitusiya tipləri
Luis Henkin. İnsan haqları bu gün. İnsan Haqlarını Araşdırma Mərkəzi.
Kolumbiya Universiteti. 1988. Kitabdan seçilmiş fikirlər:
-
Konstitusiyaların çoxu, sözsüz, əsasən vəd verir, ancaq çox tez-tez bu
vədlər yerinə yetirilməmiş qalır.
-
Elə ölkələr var ki, Konstitusiyadan millətin doğulmasına sertifikat verən
ideoloji manifest kimi istifadə edirlər. Elə ölkələr də var ki, onlar üçün
Anayasa millətin müstəqillik simvolu olur.
-
Konstitusiya millətin “təməl sənədi” sayılır, ancaq indi elə
ölkələr var ki, onların konstitusiyaları ideologiyalarına görə
konstitusionalizmə” qarşı durur, çünki hakimiyyəti
“konstitutlaşdırmırlar” (yəni onu quruluşa salmırlar), hakimiyyətə
cızıq qoymurlar, başqa sözlə, fərdi haqları qorumurlar (s. 32).
-
Dünyada heç də bütün konstitusiyalar adamlarla hakimiyyət arasında sosial
kontrakt, bağlaşma xarakteri daşımır (s. 33).
İnsan haqları və konstitusiyalar
-
ABŞ-ın Konstitusiyası, əsasən, hökumətə cızıq qoyur. Burada Konstitusiya
və “konstitusionalizm” hökuməti cızığa salmaq üçün yaradılmışdır.
İnsan azadlıqlarını qorumaq hökuməti cızığa salmaq üçün prinsipial səbəb
kimi göründüyündən və konstitusiyalarda haqlar haqqında bill (yəni qanun
layihəsi) hakimiyyəti prinsipial şəkildə cızığa saldığından
konstitsiuonalizm fərdi haqlara sayğı ilə eyniləşdirilir (s. 32).
-
ABŞ-ın Konstitusiyası və haqlar haqqında billi, eləcə də bu axırıncıya
yaxın qohum olan İnsan Haqları haqqında Fransa Deklarasiyası sonralar
birbaşa, ya dolayı yolla Ümumdünya İnsan Haqları Bəyannaməsinə təsir
göstərmişdir (s. 32-33).
-
İnsanın iqdisadi və sosial haqları ABŞ-a yalnız 40 il bundan qabaq gəlib
(s. 48).
-
ABŞ heç də həmişə Konstitusiya buyruqları və bəyənişləri sayəsində bolluq
dövləti olmayıb. Əslində güclü Anayasa müqavimətinə qarşı dirəniş
sayəsində ABŞ dövləti bolluq ölkəsinə çevrilib. Bolluq dövləti bəzən
hakimiyyətin işə qarışmasını, aktivliyini gərəkli edir, Konstitusiya isə
insan haqlarını qorumaq üçün ABŞ-da buna cızıq qoyurdu (s. 48-49).
-
Amerika Konqresi “informasiya azadlığı” aktı ilə insanın “bilmək
haqqı”nı da “yaratmış” oldu. (s. 48).
Konstitusiya məhkəməsi
-
ABŞ-da qanunverici və icraçı tərəflərin pozuntularından fərdi haqları
qorumaq üçün hər iki tərəfə hüquqi nəzarəti yerinə yetirən instansiya Ali
Məhkəmə yaradıldı. Bu ona görə mümkün oldu ki, həmin haqları
Konstitusiyanın üstün qanunları qarantlı, güvəncli edirdi.
-
Ancaq Böyük Britaniyada belə Üstün Qanun yoxdur. Burada ən üstdə duran
parlamentin özüdür və o, prinsipcə, heç bir cızığa salınmayıb. Parlamentə
qarşı heç kəsin haqları yoxdur. Parlamentin aktları fərdi haqları pozanda
bu həmin aktları hüquqi yoxlanışa salmaq olmur (s. 52).
“Britanika “CD (Britannic” CD) Ensiklopediyasından seçmələr
Dünyada Konstitusiya Məhkəmələri
-
İkinci dünya savaşından sonra 1946-cı il iyunun 2-də İtaliyada referendum
keçirilir və monarxiyanın respublika ilə əvəz olunmasına çoxluq səs verir.
Anayasa şurası yeni Konstitusiya hazırlayır və 1948-ci il yanvarın 1-də o,
qüvvəyə minir.
-
Konstitusiyada elə bir durum yaradılıb ki, ölkədə diktator rejimi yaratmaq
üçün ona düzəlişlər etmək faktiki olaraq mümkün deyil: respublika
formasını heç bir hakimiyyət dəyişdirə bilməz və s.
-
Konstitusiyada dəyişiklər etmək üzərində nəzarət Konstitusiya Məhkəməsinin
öhdəsinə qoyulur.
-
İtaliya Anayasa Məhkəməsinin 15 üzvü var, onlardan beşini respublikanın
prezidenti, beşini parlament verir. Beş hakim isə öz mənsəbinə uyğun
olaraq seçilir. Üzvlərdən bəlli dərəcədə hüquqi səriştəlilik və təcrübə
tələb olunur.
-
İtaliyada Anayasa məhkəməsi 4 funksiya daşıyır:
1. Dövlət və bölgələrin qanunlarının, qanun qüvvəsi daşıyan aktlarının
Anayasaya uyğun gəlib-gəlməməsini dəyərləndirir.
2. Nazirlər və icra aparatları arasında, eləcə də dövlət və başlıca bölgə
arasında, ya da iki bölgə arasında yaranmış yurisdiksional konfliktləri
çözür.
3. O, parlamentin suçlayıcı aktını mühakimə edir (bu zaman Anayasa
Məhkəməsinin 15 üzvünə parlamentin seçdiyi 16 nəfər də əlavə olunur və
onların birgə müzakirəsi həyata keçirilir).
4. Referenduma çıxarılacaq məsələni dəyərləndirir.
-
Avropa Anayasa məhkəmələri, başlıca olaraq, insan haqları haqqında billin
əsasında öz ölkələrində hüquq sisteminə dürlü yöndən düzəlişlər verə
bilir.
-
Ancaq Avropa Konstitusiya məhkəmələri Amerikanın Ali Məhkəməsinə baxanda
daha ehtiyatlıdır. Məsələn, Amerika Ali Məhkəməsi hətta başqa dəyərlərin
ziyanına olsa belə, fərdin azadlığını genişləndirmişdir. Azad bildirmək
məsələsində Amerika doktrini olan “aydın və birbaşa təhlükə daşımaq”
meyarı “Brandenburq Ohayaya qarşı” (1969) qərarında, doktrinində
irəli sürülüb. Bu doktrinə görə, heç bir təhrikedici, çağırışçı danışıq
birbaşa qanunsuz zorakı davranışlara gətirib çıxarmayıbsa, cəzalandırıla
bilməz.
-
Alışılmamış, ortodoksal olmayan düşüncələri bildirmək azadlığını Avropa
anayasaları da tanıyır. Qanunlar bu azadlığa əngəl olanda Avropada
Konstitusiya məhkəmələri həmin azadlığın tərəfini saxlayır. Ancaq burada
“aydın və birbaşa təhlükə daşımaq” doktrini qəbul olunmayıb.
İtaliya Konstitusiya Məhkəməsi zorakılığı müdafiə edən çıxışa görə cəza
verilməsini doğru sayır. Danışıq təhlükə şəraiti yaratdığı üçün cəzaya
layiq sayılır və bu zaman spesifikləşdirmə aparılmır ki, təhlükə
danışıqdan birbaşa doğmursa, danışıq cəzaya layiq deyil.
-
Qərbi Almaniyada isə Anayasa Məhkəməsi öz mühakimələrini quranda dövlətin
liberal-demokratik təməllərinə ziyan vuran danışıqların Konstitusiyanın
uyğun bölməsində yasaqlanmasından çıxış edir. Bu, 1950-ci illərdə
“aydın və birbaşa təhlükə” meyarından çıxış etmədən nasist və
kommunist partiyalarının buraxılmasına gətirib çıxarmış hüquqi aktları
andırır.
Siyasət adamlarının dağıdıcı inamlarını istisna edən Avropa qanunları da bu
əsasa bağlıdır.
Birləşmiş Ştatlarda siyasət adamlarına böhtan haqqında qanunlar azad
danışığı aktiv şəkildə qoruyur. “Nyu-York Tayms Sullivana qarşı”
(1964) doktrinində iddiaçılar yalnız o zaman uddular ki, bunu sübut etdilər:
böhtan qəsdən yalan danışmaq əsasında deyilib. Avropada isə siyasətçiyə
qarşı heç bir “qəsdən yalançılıq” meyarı böhtanı təyin edəndə nəzərə
alınmır.
Qərb ölkələrinin Konstitusiya və Anayasa məhkəmələrində olan oxşantılar,
fərqlər
-
ABŞ Ali Məhkəməsi həkimlərlə məsləhətləşmələrdən sonra “Ro Vayda qarşı”
qərarında bildirdi ki, Konstitusiya qadınlara əsas verir ki, onlar azad
şəkildə hamiləliyin ilk üç ayında klinikada abort etdirə bilsinlər.
Sonrakı üç ay ərzində isə abortu xüsusi klinikada edə bilərlər.
-
Heç bir Avropa Konstitusiya Məhkəməsi ABŞ Ali Məhkəməsi qədər uzağa gedib
qadınların abort etmək azadlığını onlarla bağlı prayvisiyə (özəl iç
həyata) aid etməyib.
-
1975-ci ildə İtaliya Konstitusiya Məhkəməsi qərar çıxardı ki, qadın abortu
həyatını və sağlamlığını qorumaq üçün (həm fiziki, həm duyğular
baxımından) edibsə könüllü aborta görə cəza ala bilməz.
-
Avstriya Məhkəməsi (1974) və Fransa Konstitusiya Şurası (1975) qadının
hamiləlikdən qurtulmaq məsələsində problemin konstitusyon hüquqi tərəfinə
toxunmadan könüllü aborta imkan verən qərar çıxardı.
-
Qərbi Almaniya Məhkəməsi (1975) isə Avropada yeganədir ki, bildiri verib:
Anayasada yazılmış insanın yaşamaq haqqı bətndəki uşağa da aiddir.
-
Birləşmiş Ştatların Ali Məhkəməsi ictimai məktəblərdə dini təlimləri və
hətta dua qılmaları konstitusyon saymır (“Engel Vitala qarşı”,
1962). Kilsənin dövlətdən ayrı edilməsi əslində, Avropa
konstitusiyalarında da var, ancaq həmin konstitusiyaların bəzi maddələri
ortaq gərəklər əsasında dövlətlə kilsəni bir-birinə yaxınlaşdırır. Ona
görə də heç bir Avropa məhkəməsi belə bir düşüncəyə gəlməyib ki,
tələbələrə ictimai məktəblərdə dini bilik almağa imkan verilməsi din
azadlığı prinsipini, ya da qanun qarşısında bütün vətəndaşların
bərabərliyi prinsipini pozur.
-
Qanunun başqa sahələrində Avropa Anayasa Məhkəmələri Amerika Ali
Məhkəməsindən daha çox hazırdılar ki, fərdin haqlarının qorunması üçün
daha sərt ölçülərə əl atsınlar.
-
Birləşmiş Ştatlarda “Məp Ohayaya qarşı” aktında təməl qoyulmayıb
ki, qanundan qıraq yolla əldə edilmiş əşyayi-dəlillər müttəhimə qarşı
məhkəmə suçlamasına əsas verə bilməz. Ancaq bu prinsip başlıca Avropa
məhkəmələrində qüvvədədir. İtaliya Konstitusiya Məhkəməsi bildirir ki, bu
tələbin konstitusyon əsası var. “Miranda Arizona qarşı” qərarında
göstərilir ki, tutulmuş adamın etirafı (əgər bu etirafı etməzdən qabaq öz
hüquqları haqqında o, məsləhətlər almayıbsa) məhkəmədə nəzərə alınmır.
Həmin hüquqlara vəkillə məsləhətləşmək də daxil edilir.
-
İtaliya Konstitusiya Məhkəməsi (1977) bildirib ki, şübhəli şəxsin
vəkilinin araşdırmanı aparan tərəfi sorğulamaq hüququnu qanun pozubsa belə
qanun konstitusyon deyil.
-
İtaliya və Almaniya konstitusiyaları qəti olaraq elə bir vəziyyət yaradır
ki, vətəndaş bir gününü də məhkəmədə boş itirmir, hətta qarşı tərəf dövlət
orqanı olsa belə.
-
Cinslər üzrə ayrı-seçkilik vəziyyətlərində, eləcə də “qanunsuz
doğulmuş” uşağa qarşı ayrı-seçkilik hallarında cinslərin bərabərliyi
məsələsində Avropa məhkəmələri Birləşmiş Ştatların Ali Məhkəməsinə baxanda
daha çox fəallıq göstərir. Qərbi Almaniya məhkəməsi 1970-ci ildə bildirib
ki, ailədə ər və arvadın bərabər hüquqları olmalıdır və eləcə də uşaqlar
üzərində valideynlik haqqı ikisində də bərabərdir. Fikirlər ayrılanda
qanun ərin arzularına üstünlük verməsinə icazə vermir.
-
Avropalı olmayan mühacir işçilərə və onların ailələrinə qarşı
ayrı-seçkilik salınanda onların qanunla müdafiəsi Avropa Birliyi
ölkələrində hələ də zəifdir və Konstitusiya Məhkəmələri indiyəcən bu
məsələ üzrə çox az bildiri, açıqlama verib.
-
Ancaq yerli etnik və dil azlıqlarının hüquqları pozulanda Avropa
Konstitusiya Məhkəmələri buna çox ciddi reaksiya verir.
-
ABŞ Ali Məhkəməsi seqreqasyonun konstitusyon olmadığını bildirəndən sonra
hesab etdi ki, buna oxşar olan, ancaq azlıqların aşağı durumdan qalxmasına
dayaq olan imtiyazları “tərs tərəfdən ayrı-seçkilik” saymaq düz
deyil. Həmin imtiyazlara örnəklər: universitetə götürüləndə bəzi
azlıqların nümayəndələrinə onların qəbul edilməsini asanlaşdıran
imtiyazlar verilir. Buna oxşar qayda İtaliyada da var. Alto Adicedə
yaşayan almandilli əhaliyə iş yerlərində kvota verilir.
-
Müstəqilliklərində hətta ən uzağa getmiş Avropa məhkəmələri də hakimiyyətə
qarşı çıxmaq məsələsində Birləşmiş Ştatların Ali Məhkəməsi qədər dirəniş
göstərməyib. Avropa Məhkəmələri hakimiyyəti öz maraqlarına xidmət edən
hansısa qanunu aradan götürməyə çağıranda belə münaqişəni kəskinlik
dərəcəsinə çatdırmır.
-
Buna səbələrdən biri odur ki, məhkəmələrin müstəqilliyinin
qanunlaşdırılması və onların siyasi sistemdə fəal rolunun qəbul olunması
Avropanın özündə də yaxın vaxtların faktıdır.
-
Rəsmilərin məhkəmə qarşısında dinlənilməsi Birləşmiş Ştatlarda dərin kök
salıb, Avropa ilə bağlısa bunu demək olmaz.
-
Birləşmiş Ştatlarda Konstitusiya yazılmış mətndir. Böyük Britaniyada isə
sənədlər, müddəalar, hakimiyyət idarəçiliyi üçün ümumilikdə qəbul edilmiş
ənənəvi təcrübələr toplusudur. Maqna Karta, haqlar haqqında bill və s. bu
topluya daxildir.
(İslam dünyasında şəriət də bütöv və bir mətn korpusu deyil.
Təsəvvürlərdə şəriət bütöv yazılı mətn kimi qalsa da, əslində, o müxtəlif
mətnlərin aydın məntiqlə bağlanmamış, sahmanlaşmamış toplusudur - Niyazi
Mehdi). |