|
MÜLKİ
MÜHAKİMƏ İCRAATINDA İŞTİRAK
EDƏN ŞƏXSLƏR
İBRAHİM BABAYEV
Azərbaycan Respublikası Milli Məclis aparatının İnzibati və Hərbi
qanunvericilik şöbəsinin Baş məsləhətçisi
Mənbə:
"Məşvərət", N18, 1999
Mülki işlərə məhkəmələrdə
baxılarkən məhkəmə və prosesin digər iştirakçıları arasında müəyyən ictimai
münasibətlər yaranır. Həmin münasibətlər mülki-prosessual hüquq normaları
ilə tənzimləndiyindən mülki-prosessual hüquq münasibətləri kimi
qiymətləndirilir. Mülki-prosessual hüquq sahəsində hüquq münasibətlərinin
tədqiqi prosessual normaların tənzimlədiyi ictimai münasibətlərə tə’sir
mexanizminin, hüquqi reallığın dərk edilməsidir.
Hüquq münasibətləri ictimai münasibətlərin hüquq normaları ilə nizamlanan
bir növüdürsə mülki mühakimə icraatı ilə əlaqədar yaranan münasibətlər hüquq
münasibətlərinin, ən əsası isə mülki-prosessual hüquq münasibətlərinin bir
növüdür. Mə’lumdur ki, hər bir münasibət, o cümlədən də hüquq münasibətləri
obyekt, subyekt və münasibətlərin məzmununu təşkil edən tərkiblə
səciyyələnir. Digər hüquq münasibətləri kimi, mülki-prosessual hüquq
münasibətləri də konkret şəxslər arasında hüquq normaları əsasında yaranır,
iştirakçıların qarşılıqlı davranışlarını təsbit edir.
Beləliklə, mülki prosessual hüquq münasibətləri mülki prosessual hüquq
normaları ilə tənzimlənən, məhkəmə və prosesin digər iştirakçıları arasında
yaranan və mülki mühakimə icraatının məqsədinə nail olmağa yönəldilmiş
münasibətlər kimi müəyyən edilə bilər.
Mülki-prosessual hüquq münasibətlərinin iki növ obyekti: hər bir konkret
mülki iş üzrə prosessual münasibətlərin ümumi və ayrı-ayrılıqda hər bir
prosessual münasibətlərin xüsusi obyekti mövcuddur. Məsələn, iddia icraatı
işləri üzrə ümumi obyekt prosessual münasibətlər hüdudundan kənarda qalan,
maddi hüquq münasibətlərinin iştirakçıları arasında yaranan və məhkəmə
prosesində həll edilməli olan mübahisədir. Məhkəmə ilə nümayəndə arasında
prosessual münasibətlərin xüsusi obyektini nümayəndənin müdafiə etməli
olduğu şəxsin hüquq və qanuni mənafeləri təşkil edir.
Mülki-prosessual münasibətlərin məzmununa gəldikdə isə qeyd etmək lazımdır
ki, həmin məsələ kifayət qədər mübahisəlidir. Belə ki, bə’zi alimlər hesab
edirlər ki, mülki-prosessual münasibətlərin məzmununu iştirakçıların hüquq
və vəzifələri təşkil edir. Digər tədqiqatçıların fikrincə isə
mülki-prosessual hüquq münasibətlərinin məzmunu onun subyektlərinin hüquq və
vəzifələrinə müvafiq olaraq həyata keçirilən prosessual hərəkətlərdən
ibarətdir.
Fikrimcə, mülki-prosessual hüquq münasibətlərinin məzmununu yalnız
subyektlərin hüquq və vəzifələri deyil, həm də onların prosessual
hərəkətləri təşkil edir. Ona görə ki, proses iştirakçıları öz hüquq və
vəzifələrini yalnız müəyyən prosessual hərəkət etməklə gerçəkləşdirilir.
Lakin bu o demək deyil ki, hər bir hüquq münasibətinin məzmunu onun
subyektlərinin hüquq və vəzifələrindən ibarət olması yanlış fikirdir.
Prosessual münasibətlərdə subyektlərin hüquq və vəzifələri onlar tərəfindən
qanunla nəzərdə tutulmuş hərəkətlər həyata keçirildikdə gerçəkləşir.
Bizi maraqlandıran əsas məsələ isə mülki-prosessual münasibətlərin, daha
dəqiq desək, mülki mühakimə üsulunun subyektləridir. Mülki mühakimə üsulunun
subyektləri üç əsas qrupa bölünür:
1) ədalət mühakiməsini həyata keçirənlər;
2) ədalət mühakiməsinin həyata keçirilmsində iştirak edən şəxslər;
3) ədalət mühakiməsinə yardım göstərənlər.
Bu bölgünün əsasında bu və ya digər subyektin ədalət mühakiməsindəki rolu və
vəzifələri durur. Ona görə də birinci qrupa haqlı olaraq məhkəmələr aid
edilir. Onların rolu ədalət mühakiməsinin həyata keçirilməsindən ibarətdir.
Lakin bə’zi alimlərin fikrincə, məhkəmə orqanlarının səlahiyyətlərini
hakimlər, ədliyyə polisi işçiləri, məhkəmə iclasının katibi həyata keçirir.
(M. Mövsümov, F. Cabbarlı: “Azərbaycan Respublikasının mülki prosessual
hüququ”, Bakı, Qanun, 1998, 56-cı səh.). Fikrimcə, məhkəmə
hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən
həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsinin birinci bəndinə, Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 5-ci maddəsinə istinad edilməsi qeyd olunan fikrin əsassız
olduğunu əyani şəkildə sübut edir. Beləliklə də, qeyd etmək olar ki, ədalət
mühakiməsini həyata keçirən subyektlərə məhkəmələr və hakimlər aiddir.
Fikrimcə, “hakimlər” sözünün əlavə edilməsini qanunvericilik
baxımından əsaslandırmaq olar.
Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 6-cı
maddəsinə uyğun olaraq, bütün birinci instansiya məhkəmələrində mülki işlərə
hakim tərəfindən təkbaşına və ya hakimdən və iki xalq iclasçısından ibarət
tərkibdə baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikasının qanununa görə isə, birinci instansiya məhkəməsində mülki
işlərə kollegial, yaxud təkbaşına baxılır. İşə kollegial baxılması üç
hakimdən (sədr və iki hakim) ibarət tərkibdə həyata keçirilir. Apellyasiya
qaydasında işlərə baxılması üç məhkəmə üzvü, kassasiya qaydasında baxılması
isə ən azı üç məhkəmə üzvündən ibarət tərkibdə həyata keçirilir. Mübahisə
doğuran isə həmin subyektlərin ikinci və üçüncü qruplarıdır. Belə ki,
mülki-prosessual hüquq nəzəriyyəsində və qüvvədə olan mülki-prosessual
qanunvericilikdə ikinci qrup subyektlər, yəni mülki mühakimə icraatında
iştirak edən şəxslərin dairəsi eyni qaydada əks etdirilmişdir. Azərbaycan
Respublikası Mülki-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən tərəflər,
üçüncü şəxslər, prokuror, Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 4 və 41-ci maddələrində göstərilən əsaslar üzrə prosesdə
iştirak edən dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların
birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqı, ictimai birliklər və ya
ayrı-ayrı vətəndaşlar, Azərbaycan Respublikası Mülki-Prosessual məcəlləsinin
235 və 249-cu maddələrində göstərilən işlər üzrə ərizəçilər və marağı olan
vətəndaşlar, dövlət idarə orqanları, dövlət müəssisələri, idarələri,
təşkilatları, kolxozlar və sair kooperativ təşkilatlar, onların birlikləri,
digər ictimai təşkilatlar işdə iştirak edən şəxslər hesab olunurlar.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 4-cü maddəsində mülki işə başlamanın əsasları, 41-ci maddəsində
isə başqa şəxslərin hüquqlarını müdafiə edən dövlət orqanlarının,
müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi
partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin və ayrı-ayrı
vətəndaşların prosesdə iştirakı qaydası əks etdirilmişdir. Bundan əlavə,
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 235 və 249-cu
maddələrində müvafiq olaraq inzibati-hüquq münasibətlərindən törəyən işlər
üzrə icraatdan və xüsusi icraatdan bəhs edilir. Və, nəhayət, üçüncü qrupa
şahid, ekspert, tərcüməçi, əmək kollektivinin və ya ictmaiyyətin nümayəndəsi
daxil edilmişdir.
Yuxarıda qeyd olunduğu kimi, mübahisə doğuran əsas məsələ mülki mühakimə
icraatında iştirak edən şəxslərin dairəsi ilə əlaqədardır. Göründüyü kimi,
mülki mühakimə icraatının subyektləri işin həllində olan maraqlarına uyğun
olaraq bu və ya digər qrupa aid edilmişdir. Başqa sözlə desək, mülki
mühakimə icraatı subyektlərinin bölünməsi əsasını onların hər birinin işdə
olan maraqları təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 29-cu maddəsində də həmin şəxslər işdə olan maraqlarına uyğun
olan ardıcıllıqla sadalanmışdır. Lakin qeyd etmək lazımdır ki, işdə olan
maraqlar da müxtəlif ola bilər. Belə ki, iddia icraatı işləri üzrə tərəflər
və üçüncü şəxslərin, inzibati-hüquq münasibətlərindən törəyən işlər üzrə və
xüsusi icraat işləri üzrə ərizəçilər və marağı olan vətəndaşların həm maddi
hüquqi, həm də prosessual hüquqi maraqları var. Həmin maddədə sadalanan
digər şəxslər: prokuror, dövlət orqanları, müəssisələr, idarələr,
təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları,
ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar yalnız prosessual maraqların
olması ilə səciyyələnir.
Fikrimcə, əgər işdə iştirak edən şəxslər digər subyektlərdən işin həllində
olan maraqları ilə seçilirsə həmin qrup daxilində də maddi və ya prosessual
marağı olan şəxsləri fərqləndirmək mümkün olardı. Düzdür, bunların arasında
elə subyekt var ki, onların həm maddi, həm hüquqi, prosessual maraqları var.
Göstərmək lazımdır ki, əgər işdə iştirak edən şəxsin işin həllində maddi
marağı varsa onun hüquqi, prosessual marağı olmaya bilməz, yəni maddi maraq
prosessual marağın yaranması üçün əsas ola bilər.
Lakin prosessual maraq maddi marağın yaranması üçün əsas ola bilməz. Bu
halda işdə iştirak edən şəxsləri iki qrupa: işdə maddi marağı olan və işdə
prosessual marağı olan şəxslərə bölmək olar və bu bölgü məntiqlə uzlaşan
təsnifat kimi qəbul edilə bilər. İşdə yalnız maddi marağı olan olan şəxslərə
iddia icraatı işləri üzrə tərəflər və mübahisə predmetinə dair müstəqil
tələblər irəli sürən üçüncü şəxslər aid edilə bilər. Azərbaycan Respublikası
Mülki-Prosessual Məcəlləsinin 29-cu maddəsində sadalanan digər şəxslər
yalnız işdə posessual və ya hüquqi marağı olan şəxslər dairəsinə daxil
edilməlidir.
Mülki mühakimə icraatında özünəməxsus yeri və rolu olan nümayəndələrin
prosessual vəziyyətini aydınlaşdırmağa ehtiyac duyulur. Belə ki, bə’zi
nümayəndələr (əmək kollektivlərinin və ictimayyətin nümayəndələri) mülki
işlər üzrə ədalət mühakiməsinə yardım göstərən şəxslərin dairəsinə aid
edilmiş, digər nümayəndələr isə (qanuni nümayəndələr, vəkillər və s.) hər
hansı nümayəndələr qrupuna daxil edilməmişdir. Fikrimcə, əvvəla,
nümayəndələri fərqləndirmədən eyni qrupa daxil etmək məntiqə daha uyğun
olardı. Beləliklə də, bütün nümayəndələr mülki işdə iştirak edən şəxslərin
və ya mülki işlər üzrə ədalət mühakiməsinə yardım göstərən şəxslərin
dairəsinə daxil edilmiş olardı.
O ki qaldı nümayəndələrin konkret olaraq bu iki qrupdan birinə daxil
edilməsinə, fikrimcə, onları işdə iştirak edən şəxslər hesab etsək
yanılmarıq. Bu mövqeyin lehinə kifayət qədər tutarqalar var. Tutarqalardan
biri ondan ibarətdir ki, nümayəndələr işin yekun həllində posessual marağa
malik olan şəxslərdir. Onlardan bə’ziləri isə (məsələn, vəkillər) maddi
maraq da güdməmiş deyillər. Onların prosessual marağı isə işin vaxtında və
obyektiv araşdırılması, qanuni qərar çıxarılmasından ibarətdir.
Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, nümayəndələr
mülki prosessual hüququn subyektlərinin ikinci qrupu üçün xas olan
əlamətlərlə səciyyələnir. Belə ki, nümayəndələr mülki işin nəticəsində ən
azı prosessual maraq daşıyıcısı olmaqla, hüquqların və qanuni mənafelərin
müdafiəsi məqsədilə iş üzrə bütün maddi-hüquqi və prosessual-hüquqi
məsələlərin məhkəmə tərəfindən araşdırılmasında iştirak etmək imkanına
malikdir.
Qüvvədə olan qanunvericilikdə və M. Mövsümov və F. Cabbarlının
“Azərbaycan Respublikasının mülki-prosessual hüququ” adlı kitabında
nümayəndələr işdə iştirak edən şəxslər dairəsinə aid edilməmişlər. Bu
baxımdan Azərbaycan Respublikası mülki-prosessual Məcəlləsinin 29-cu
maddəsində “tərəflər” sözündən sonra “tərəflərin nümayəndələri”
sözlərinin əlavə edilməsi məqsədəuyğun olardı. |