top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

KEÇİD DÖVRÜNƏ POLİTOLOJİ BAXIŞ

FUAD QƏHRƏMANLI
Politoloq

Mənbə: "Məşvərət", N23, 1999


Demokratik cəmiyyət hər şeydən öncə məhdud dövlət hakimiyyəti ilə idarə olunan açıq sistemdir. Totalitar və avtoritar sistemlərdən fərqli olaraq demokratik cəmiyyətdə dövlət ayrı-ayrı qruplara deyil, vətəndaşlıq institutuna bağlı bir qurum kimi fəaliyyət göstərir. Bu isə dövlətin səlahiyyət dairəsinin vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını aşmaması deməkdir. Dövlətin maraqları öz vətəndaşlarının ümumi və fərdi maraqlarına zidd gəlməməlidir. Belə bir vəhdətin və uzlaşmanın təmin olunması yalnız hüququn üstünlüyü ilə mümkündür. Mövqeyindən asılı olmayaraq qanun qarşısında hər kəsin bərabərliyinin təmin olunması heç kimə bu sərhədi pozmağa imkan vermir. Hüququn üstünlüyünün təminatçısı dövlətdir. Yalnız vətəndaşların seçdikləri və onlar qarşısında hesabat verən bir hakimiyyət qanunların aliliyini və tərəfsizliyini təmin edə bilər. Göründüyü kimi, zəncirvarı bağlılıq dövlət və cəmiyyət arasında mürəkkəb funksional əlaqənin varlığını göstərir.

Demokratik dövlətlə totalitar və avtoritar hakimiyyətin funksiyaları bir-birindən köklü surətdə fərqlənir. Totalitar dövlət hamının əvəzindən düşünən və qərar qəbul edən, cəmiyyətin fövqündə duran əlahiddə bir qurumdur. Bu zaman fərdlər sözsüz tabe olmalı və əməl etməlidirlər. Kimsənin fərqli düşünməyə və təşəbbüs göstərməyə haqqı yoxdur.

Avtoritar quruluşda da cəmiyyət buna bənzər şəkildə istədiyiniseçməkdən məhrumdur. Cəmiyyət bir mərkəzdən inzibati formada idarə olunur. Nə etmək barədə insanlar fərqli düşünə bilərlər, insanların düşünmə sərbəstliyi son nəticədə qərarların qəbuluna heç bir təsir göstərməz.

Demokratik cəmiyyətlərdəsə “nə etməli?” sualına vətəndaşlar özləri cavab verirlər. Onlar fərqli proqramlara və inkişaf yollarına səs verməklə dövlətin siyasətini müəyyənləşdirirlər.

Dövlətin müxtəlif təzyiq qruplarının fəaliyyətinə açıq olması, cəmiyyətlə siyasi sistem arasındakı təsir - əks-təsir əlaqəsi vətəndaşların vaxtaşırı dövlətin idarə olunmasında iştirakını təmin edir. Eyni zamanda demokratik cəmiyyət anlayışına görə, dövlət “nə etməli?” sualına cavab verməkdən daha çox vətəndaşların bu suala cavab verməsinə imkan yaradan ümumi qaydaları qoruyub saxlamaq istiqamətində fəaliyyət göstərir. Qərarların qəbulunda ifrat mərkəzləşdirmənin aradan qaldırılması insanlara fərdi şəkildə və çoxsaylı qeyri-dövlət qurumları vasitəsilə öz maraqlarını həyata keçirmək imkanı verir.

Demokratik toplumda ictimai münasibətlərin əsasında vətəndaşlıq anlayışı durur. Cəmiyyət üçün başlıcı dəyər fərdin vətəndaşlıq hüquqlarının gerçəkləşdirilməsi olduğundan bu cür cəmiyyətlər vətəndaş cəmiyyəti adlanır. İnsanlar ictimai sərvətin əldə olunmasında və bölüşdürülməsində də fərqli imkanlara və hüquqi bərabərliyə malikdirlər. Ümumi paydan kimin nə əldə edəcəyi hər kəsin öz şəxsi qabiliyyət və bacarığından asılıdır. Sərvətlər uğrunda rəqabət qanunlarla tənzimləndiyindən fərdlərin bir-birinin azadlığını pozmaq zərurəti də aradan

qalxır. Azad toplumda ictimai ədalət anlayışı daha çox ümumi hüquq qaydalarının tərəfsizliyinə əsaslanır. Çünki bu qaydalar bütün fərdlərə öz layiq olduqlarını əldə etmək imkanı verir. Kimsə uğursuzluğa düçar olursa buna görə ədalətsizliyin olduğunu iddia etmək cəfəngiyatdır.

Demokratik cəmiyyət fərdiyyətçi bir sistemdir. Burada hər bir fərdin şansı onun öz bacarığından və digər toplum üzvlərinin fəaliyyətindən asılıdır. Fərdi davranış və fəaliyyətlər inkişafın dinamikasını müəyyənləşdirir. Heç bir qüvvə fərdin əvəzindən onun mənafeyini və onun həyatakeçirilmə yollarını fərdin özü qədər dərk edə bilməz. Odur ki, fərdin fəaliyyətinə müdaxilə etmədən onun azadlıqlarının qorunması dövlət və cəmiyyət münasibətlərinin əsasını təşkil edir.

Demokratik cəmiyyət həm də kollektiv fəaliyyətin təzahürü olan sosial institutların aparıcı rol oynadığı münasibətlər sistemidir.Burada fərdlər öz maraqları xatirinə könüllü surətdə sosial təsisatlar yaradaraq mənafelərini həyata keçirirlər. Sosial institutların fəaliyyəti üçün lazımi hüquqi imkanların mövcudluğu və onların toplum üzvlərinin maraqlarının həyata keçirilməsində üstün rolu açıq cəmiyyət modelinin kollektiv əsasını təşkil edir.

Açıq cəmiyyətlərdə dövlət-cəmiyyət münasibətlərinin mahiyyəti cəmiyyətin dövlət üzərində daimi nəzarətindən ibarətdir. Bu nəzarətin həyatakeçirilmə forması vaxtaşırı keçirilən ədalətli seçkilərdən tutmuş ictimai rəyin hakimiyyətin qərarlarına təsirinə qədər geniş bir sahəniəhatə edir. Bütün ictimai dəyərlər,

insan və onun mənafelərinin qorunması dövlətin cəmiyyət üçün olmasını labüdləşdirir. Dövlətin məqsəd və hədəflərinin belə bir zərurət çərçivəsində dərk olunması vətəndaş-dövlət birliyinin əsasını təşkil edir.

Göründüyü kimi, demokratik rejimlərdə dövlət-cəmiyyət münasibətlərinin xarakteri ictimai inkişafın səviyyəsini əks etdirir.

Bütün bunlar göstərir ki, hazırkı anda keçid dövrünü yaşayan Azərbaycanda demokratik cəmiyyət quruculuğu prosesi ictimai tərəqqi ilə birbaşa bağlıdır. İctimai tərəqqinin inkişaf sürətini və tempini nəzərə almadan süni surətdə yeni münasibətlər forması yaratmaq cəhdi əksər hallarda böhranların yaranması ilə nəticələnir.

Demokratik və antidemokratik rejimlər arasındakı mühüm fərqlərdən biri də dövlətin səlahiyyət hüdudlarında və funksiyalarındadır. Lakin bu fərqin nə dərəcədə olmasından asılı olmayaraq dövlət bütün hallarda cəmiyyətin idarə olunmasında əsas mərkəzi rolu yerinə yetirməkdədir. Xüsusilə keçid dövründə dövlət aparatı üzərinə daha çox çətinliklər düşür. Odur ki, demokratik cəmiyyət quruculuğunun ilk mərhələsi yeni dövlət mexanizminin yaradılmasından başlayır.

Azərbaycanda bu problemin necə həll olunacağı demokratik cəmiyyətə keçidin növbəti mərhələlərinin gələcək inkişafını müəyyən edəcəkdir. Bu prosesdə dövlət mexanizminin formalaşdırılması iki mərhələdə nəzərdən keçirilməlidir. Birinci mərhələdə keçid dövrü üçün şərtlərə uyğun dövlət aparatının yaradılması nəzərdə tutulur. İkinci mərhələsə artıq demokratik sistemin xüsusiyyətlərinə uyğun dövlət təsisatlarının qurulmasından ibarətdir.

Keçid dövründə ən çox mübahisə doğuran məsələlərdən biri də dövlətin səlahiyyət dairəsi və idarəetmə formasıdır. Qeyd edək ki, bu məsələdə vahid resept olmadığından, o, hər bir ölkənin spesifik inkişaf xüsusiyyətləri əsasında müəyyən olunmalıdır.

Keçid dövründə dövlətin səlahiyyət hüdudları və idarəetmə forması ilə bağlı iki baxış mövcuddur. Birinci mövqe tərəfdarları iddia edirlər ki, keçid dövründə cəmiyyətdə mövcud olan əski münasibətlər və sosial institutlar kəskin dəyişikliklər qarşısında öz əvvəlki funksiyalarını itirərək bir qismi sıradan çıxır, başqa bir qisimsə tədricən dəyişilərək yeni şəraitə uyğunlaşır. Belə bir şəraitdə sosial sistem daxilində funksional əlaqələr pozulur və cəmiyyət xeyli dərəcədə özünüidarə imkanlarını itirərək nəzarətsizlik üzündən kəskin sosial münaqişələr girdabında dərin böhrana məruz qalır. Sosial sistemin təməl prinsipləri üzərində toplumdaxili anlaşma olmadığından, fərqli baxışlar ümumi inkişafa mane olaraq xaos yaradır. Fərqli oyun qaydalarının meydana çıxması toplumdaxili rəqabəti təhlükəli həddə çatdırır və sosial bağlar bu gərginlik nəticəsində qırılaraq ictimai sistemin bütövlüyünühədələyir. Cəmiyyətdə seçim imkanı olmadığından müxtəlif təmayüllər arasında hansının qalib gələcəyi bir çox hallarda açıq toqquşmalar nəticəsində həll olunur. Keçid dövründə sosial norma və sərvətlərin aşınması da ağır bir prosesdir. Köhnə dəyərlər sıradan çıxır, lakin yeniləri hələ qəbul olunmayıb. Cəmiyyət hansı meyarlarla yaşadığını müəyyən edə bilmir. Getdikcə daha dərinləşən ictimai aşınma prosesi kütləvi mənəviyyatsızlıq yaradaraq toplumu fərdlərin mexaniki birliyinə çevirir.

Üzvi toplum, beləliklə, mexaniki birliyə çevrilir.

Keçid dövrü, hər şeydən əvvəl, sosial strukturun dəyişməsi prsesidir. Bu zaman cəmiyyət ierarxiyasında da sosial qrupların yerdəyişməsi fərqli sosial status və rolların meydana çıxması ictimai dəyişikliklərin xarakterini müəyyən edir. Bu prosesin gedişində fərdlər və sosial qruplar müəyyən mərhələdə öz statuslarını təyin edə bilmirlər və qeyri-müəyyənlik ictimai maraqların dərkinə mane olur. Nəticədə isə sosial dəyişikliklərə irrasional yanaşmalar genişlənir və cəmiyyətin fəallığı aşağı düşür. Fəaliyyət qabiliyyəti məhdud olan toplumun inkişaf imkanları da zəifləyir. Buna görə də dövlətin ictimai həyata fəal müdaxiləsi bir zərurətə çevrilir.

Dövlətin fəal rolu keçid dövründə milli gücün səfərbər edilməsi zərurəti ilə əlaqələndirilir. Milli güc qaynaqlarının səmərəli işlədilməsi və konkret hədəflər istiqamətinə yönəldilməsi toplumun inkişaf potensialını hərəkətə gətirəcək dövlət müdaxiləsini tələb edir. Belə bir müdaxilə insanların fəallığını məhdudlaşdırmamalı, əksinə, fərdi təşəbbüskarlığı həvəsləndirməlidir. Dövlət malik olduğu geniş imkanlardan istifadə edərək milli güc qaynaqlarını potensial durumdan fəal hala gətirir və daha sonra bu sahədə öz aparıcı rolunu himayəedici missiya ilə əvəz etməlidir. Keçid dövründə dövlətin xüsusilə iqtisadi proseslərə müdaxiləsinə böyük ehtiyac yaranır. “Açıq qapı” siyasətinin tətbiqi daxili ehtiyatları zəif olan ölkəni qısa müddətdə xarici kapitaldan asılı vəziyyətə salır və sərmayə imkanları aşağı olan özəl bölmənin rəqabət qabiliyyətinə və sənayenin inkişafına mənfi təsir göstərir. Dövlətin müxtəlif sahələr üzrə hazırlanmış layihələr əsasında özəl bölməyə kredit ayırmaları, digər iqtisadi yardımlar vasitəsilə sürətli inkişaf strategiyasını həyata keçirməsi keçid dövrünün şərtlərinə daha çox uyğundur.

Bir qədər əvvəl qeyd etdik ki, keçid dövrü ilk növbədə sosial strukturda baş verən dəyişikliklərlə əlaqədardır. Demokratiyanın sosial dayaqları yaradılmadan ictimai münasibətləri vaxtından əvvəl demokratikləşdirmə cəhdi cəmiyyətdə funksional toqquşmalar yaradır. Odur ki, müəyyən zaman müddətində bu proses başa çatana qədər dövlətin səlahiyyət dairəsini məhdudlaşdırmaq olmaz.

Dövlətin fəal rolu haqqında fikirlər keçid dövründə cəmiyyətdə zorakılığın artması təhlükəsi ilə bağlıdır. Zorakılığın səbəbləri müxtəlif ola bilər. Xüsusən kəskin iqtisadi böhranlar zamanı cəmiyyətdə radikal solçu cərəyanlar aktivləşir. Kütlənin sosial tələblər əsasında artan fəallığı liberal yönlü islahatların həyata keçirilməsinə ciddi təhlükə yaradır. Bu cür fəaliyyətlərin məhdudlaşdırılması dövlətin vaxtaşırı zor tətbiq etməsinə səbəb olur. Digər tərəfdən, cəmiyyətdə siyasi şüur və siyasi mədəniyyətin aşağı səviyyəsi siyasi mübarizədə zorakı metodlardan istifadə təhlükəsini artırır. Bunun qarşısını almaqdan ötrü iqtidarın inzibati üsullardan istifadəsi məhdudlaşdırılmamalı, əksinə, demokratiyanın gələcək inkişafı naminə bu cür metodlara haqq qazandırılmalıdır. Bundan əlavə, ictimai dəyişiklikləri öz mənafeləri üçün təhlükə sayan hakim mühafizəkarqrupların müqaviməti qarşısında dövlətin inzibati gücü durmazsa keçid dövründə ləngimə və geriyə dönüş baş verə bilər.

Keçid dövründə ən çox müşahidə olunan hallardan biri də vaxtaşırı baş verən hakimiyyət dəyişiklikləridir.Bu cür dəyişmələr cəmiyyətdə sabitliyi pozaraq gərginliyi daha da artırır, daxili münaqişələri dərinləşdirir. Siyasi sistemdə baş verən bu cür böhranların səbəbi keçid dövrünün özəllikləri ilə bağlıdır. Demokratiya haqqında utopik təsəvvürlərlə gerçəklik arasındakı təzad və iqtidarın cəmiyyətin çoxsaylı tələblərini ödəmək işindəki yetənəksizliyi xalqın dəstəyi ilə iqtidara gələn qüvvələri cəmiyyətdəki sosial dayaqlardan məhrum edir. Özünü aldadılmış hiss edən xalqın və hakimiyyətə can atan qüvvələrin təzyiqi qarşısında iqtidar ya vaxtından əvvəl istefaya getməli, ya da inzibati üsullarla proseslərin nəzarətdən çıxmasının qarşısını almalıdır.

İkinci mövqe tərəfdarları münasibətlərin öncüllüyü müddəasını əsas götürürlər. Bu mövqeyə görə, inkişaf prosesində ictimai münasibətlər strukturlardan əvvəl dəyişikliyə məruz qalır. Keçid dövründə də dövlətin vəzifəsi ictimai münasibətləri demokratikləşdirməklə cəmiyyətin buna uyğun dəyişməsinə nail olmaqdır. Geniş səlahiyyətli dövlət tərəfdarları cəmiyyətin aşağıdan yuxarıya doğru demokratikləşdirilməsi ideyasını himayə edirlərsə, bundan fərqli olaraq, məhdud dövlət nəzəriyyəsi yuxarıdan aşağıya doğru demokratikləşmə prinsipinə əsaslanır.

Keçid dövrü mövcud institutların yeni münasibətlərə uyğunlaşdırılması və münasibətlərə uyğun yeni təsisatların yaranması prosesidir. Cəmiyyətdə demokratik münasibətlər yoxdursa demokratik qurumların yaranması və fəaliyyəti mümkün deyil. Heç bir demokratik ənənəsi olmayan cəmiyyətdə belə bir demokratik şəraitin təminatçısı olmaq imkanı yalnız dövlətə məxsusdur. Əgər ölkədə demokratik şərait yoxdursa demokratik seçkilərdən, azad mətbuatdan, insan haqlarının qorunmasından danışmaq olmaz.

Demokratikləşdirmə prosesi geniş dövlət hakimiyyəti ilə tərs mütanasibdir. Bu prosesdə dövlətin əsas vəzifəsi öz səlahiyyətlərini məhdudlaşdırmaqla toplumda hakimiyyətdən asılılığı azaltmaq qərarlarının qəbulu prosedurünü üfqi istiqamətdə genişləndirməkdir. Açıq sistemin yaradılması mülki cəmiyyətin yüksək səviyyəli təşəkkülünün nəticəsidir. Mülki cəmiyyəti isə hər hansı üstün avtoritarın iradəsi deyil, sosial qruplara və fərdlərə sərbəst, azad fəaliyyət imkanlarının verilməsi formalaşdırır. Bu zaman dövlət siyasətinin əsas istiqaməti vətəndaşlara aid hüquq və azadlıqları təmin etmək olmalıdır.

Məhdud dövlət nəzəriyyəsinə görə dövlətin ictimai dəyişikliklər prosesində əsas təşəbbüsü öz üzərinə götürməsi demokratik təsisatların güclənməsinə mane olur. Çünki fəal dövlət müdaxiləsi yeni institutların yaranması üçün zəruri olan sosial sifarişin yönünü dəyişərək demokratikləşmə prosesinin inkişafını poza bilər. İnsanlar qarşılaşdıqları problemləri onların əvəzindən üstün avtoritetin həll etmədiyini gördükdə özləri yaranmış vəziyyətdən çıxış yolu axtarırlar. Beləliklə, toplumun daxilində dinamiklik artaraq sosial enerji səfərbər olunur. Bu cür səfərbəretmə bütün cəmiyyətin inkişaf prosesinin mühərrikinə çevirdiyindən, dövlətin aparıcı missiyasından daha çox səmərəlidir.

İstər proseslərin sürətinə, istərsə də dəyişikliklərin mahiyyətinə görə keçid dövrü qeyri-müəyyənliklər və anlaşılmazlıqlarla zəngindir. Bu anlaşılmazlıqların çözümü dövlət planlaşdırılması ilə mümkün deyil. Çünki hər bir subyektin durumundakı dəyişmələr təkcə onun özünün deyil, həm də digər subyektlərin təsirinin nəticəsidir. Buna görə hər hansı kənar müdaxilə birtərəfli olduğundan, bütün subyektləri əhatə edə bilməz və olsa-olsa bu cür təşəbbüslər proseslərin təbii axarına xələl gətirərək yeni problemlər yaradar. Dövlət subyektlərin fəaliyyətinə yön vermədən onların inkişafına mane olan səbəblərin aradan qaldırılması xəttini tütmalıdır.

Cəmiyyət inkişafının bütün mərhələlərinin əsas hərəkətverici qüvvəsi maraq və mənafelərdir. Hər bir inkişaf strategiyası da fərdi və qrup halındakı maraqların mümkün qədər səmərəli şəkildə təmin olunması əsasında hazırlanmalıdır. Fərd öz mənafeyini və onu təminetmə yollarını hamı üçün ümumi olan dövlətdən daha yaxşı bilir. Beləsə dövlət keçid dövründə yeni cəmiyyəti formalaşdırmağı fərdlərin və sosial qrupların öz öhdəsinə buraxmalı, özü isə ümumi oyun qaydalarına necə əməl edilməsinə nəzarət etməlidir.

Hər bir toplumda münaqişələrin baş verməsi labüddür. Bunun inkarı yalnız totalitar düşüncə tərzinə xas olan xüsusiyyətdir. Ona görə də keçid dövründə münaqişələrin aradan qaldırılması və sabitliyin bərpası bəhanəsi ilə hakimiyyətin geniş səlahiyyətlərə malik olmasına və inzibati üsullara baş vurmasına bəraət qazandırmaq olmaz. İqtidarda olanlar kimin nə dərəcədə xidmət etdiyini necə müəyyənləşdirə bilərlər Bu cür cəhdlər əksər hallarda hakimiyyətdə olan məhdud sayda qrupların hakimiyyət mənafeyinə xidmət edərək ictimai tələblərin zorakı üsullarla boğulmasına yol açır. Zorakı metodların tətbiqi isə cəmiyyətin tələblərinin açıq və demokratik qaydada ifadəsinə mane olaraq kəskin qütbləşmələrə səbəb olur. Göründüyü kimi, “sabitliyin qorunması” adı altında tətbiq olunan inzibati üsullar əks səmərə verərək sabitliyin daha kəskin şəkildə pozulması ilə nəticələnir. odur ki, münasibətlərin demokratikləşdirilməsi ilkin dövrlərdə cəmiyyətdə çalxantıları artırsa da cəmiyyət tədricən demokratik norma və dəyərlərə uyğunlaşaraq özünün sabit ənənələrini yaradır. Bu da öz növbəsində irəliyə doğru inkişafın dönməzliyini təmin edir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft