top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

AZƏRBAYCAN QANUNVERİCİLİYİNİN DİL PROBLEMİ
(Ərəb-fars təsirlərinin ziyanı və türkcələşdirməyin önəmi)

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N23, 1999


İlk öncə ərəb-fars sözlərinin əngəlləri haqqında...

Azərbaycan türkcəsində ərəb-fars sözləri ilə ən çox dəftərxana və qanunvericik dilləri yüklənib. XX yüzilin erkənindən indiyəcən türk uluslarının çoxunda, eləcə də azərbaycanlılarda onlardan ya açıq, ya qapalı şəkildə, güc çatdığı qədər təmizlənmə, arınma işi aparılıb. Türkiyədə purizm (yəni dili təmizləmə) siyasəti dövlət qatında yönəldilmişdi. Bunun sonucunda indi Anadolu türkcəsində ərəb-fars sözləri 70-80 faizdən təxminən 20 faizə düşüb. Azərbaycanda isə purizm indiki yüzilin erkənində populyar olub haradasa modernləşmə ideolojisinin içində gedən xəttə çevrilsə də sovet çağında şair və yazıçıların öhdəsinə düşmüş, onların, az qala, gizli dissident işi olmuşdu (sovet ideolojisi sovet türklərində purizm çalışmalarına türkçülük siyasətinin göstəricisi kimi baxdığı üçün gücü çatdığı qədər ona əngəllər qoyurdu).

 Purizmin, sadəcə, diliçi islahat olmamasını, siyasi funsiyalar daşımasını, görünür, sovet ideolojisi düzgün tutmuşdu. Bu siyasiliyi çağımızda dünyanın bir çox dil islahatlarında izləmək olar. Məsələn, İsrailə dönmüş yəhudilər üçün yeni nəsnələrə (şeylərə, tutalım, silahlara) ad qoymaq üçün ibrani, yəni əski yəhudicənin sözlərini tapmaq, alman, ispan və ya rus sözlərini işlətməmək, sözsüz siyasi anlam daşıyırdı. Xorvatlarla serblərin bir dili olsa da son münaqişələrdə birincilər dillərini ikincilərinkindən ayırmaq üçün çoxlu neologizmlər ixtira etməyə başladılar. Bosniyalılarsa serbcədən dil qatında fərqlənmək üçün başqa addım atdılar. Səmyel Hantinqton yazır ki, onlar məktəblərdə Osmanlı idarəçiliyini öyməyə başlamaqla yanaşı, çoxlu ərəb-türk sözlərini də işlətməyə başladılar. Bosniyalıların dil islahatı purizm sayıla biməz, ancaq dilin siyasiləşməsinə qabarıq örnəkdir. Purizm gələndə isə biz bu prosesi çağdaş fars dilində də, erməni dilində də izləyə bilərik. Dilin təmizlənməsində siyasi motivlərin olduğunu bildirəndən sonra bir məqamı söyləməliyik. Azərbaycanda purizmin bir çox tərəfdarları bu tərədarlığı ya siyasi motivlərə görə edirlər (“biz fars şovinizminə qarşı durmalıyıq” və s.), ya da milli ləyaqət arqumentlərini əsas tuturlar (“kimdən əskiyik ki, dilimiz bu dərəcədə özümüzünkü olasın” və s.). Bu zaman bir başlıca məsələ unudulur. Dilin imkan içində təmiz olmasının həmin dildə düşünməni, yazmanı, öyrətməni enerjili, güclü etmək üçün önəmi var. Bir sözlə, məsələ yalnız siyasətdə və ya ləyaqətdə deyil. Məsələ həm də Azərbaycan türkcəsini biliyin, düşüncənin dili kimi güclü etməkdədir. Bunu açıqlayaq ki, sonra nəyə görə qanunvericilikdə dil islahatının gərəkli olması aydınlaşsın.

 Kimsə deyə bilər ki, nə fərqi var, “məfhum” sözünü işlədək, ya “anlayış” sözünü? Nə fərqi var, “həqiqət” olsun, ya “doğru”, “gerçək”, “şey”, “cisim” olsun, ya “nəsnə”? Bəlkə də danışıqla bağlı bu düşüncə doğrudur, ərəb-fars və ya türk sözlərini işlətməyin prinsipial fərqi yoxdur. Ancaq, diqqətlə baxılsa, görmək olar ki, elmi dillə, qanunların dili ilə bağlı vəziyyət dəyişir. Söhbət ondan getmir ki, elmi dildən, qanunvericidik dilindən “həqiqət”, “səhv”, “təhkiyə”, “informasiya” kimi sözləri çıxarıb atmalıyıq. Bu sözlərin qədrini bilmək lazımdır və elmi dilin yaxşı işləməsində onların rolu xeyri böyükdür. Söhbət başqa məsələdən gedir. Nəyə görə gərəklidir ki, elmi düşüncə, qanunvericilik üçün aparıcı sözlərin arasında öz sözlərimizin payı çox olsun? (Yəni onların fars-ərəb, latın, rus dilindən alınma qarşılığı qala-qala). Biz istərdik bu suala cavab axtaraq.

 Öncə XIX yüzilin böyük düşünəri Vilhelm fon Humboltun belə bir ideyasını yada salaq: dil erqon (yəni edilənin donmuş nəticəsi, sonucu) deyil, enerjidir (yəni edimdir, fəaliyyətdir). Bu ideyanın gizlin mənası sonralar daha çox bəllilik qazandı. Məsələn, alman ekzistensialist filosofu Haydeger öz fəlsəfi araşdırmalarını dilə qulaq asmaq əsasında qurdu. Belə hesab etdi ki, dilə qulaq tutub, ondan pıçıltı ilə gələn fəlsəfi ideyalar almaq olar. Dil enerjidir və ona görə də içindən, işindən aramsız düşüncələr sayrışdırır, şüura axıdır. Məsələni bir az başqa yöndən anlamağa çalışaq.

 Bilmək, idrak nədir? Nəzəriyyə, fərziyyə qurmaq nədir? Geniş götürsək, düşünmək nədir?

 Düşünmək nələrisə ayırmaq, nələrisə birləşdirməkdir. Düşünmək eyniliyi və ya fərqi tapmaqdır. Məsələn, sən Humbolta əsaslanıb deyirsən ki, dil erqon deyil. Deməli, dili erqondan ayırırsan, uzaqlaşdırırsan. Sonra bildirirsən ki, dil enerjidir, deməli, onu bu axırıncı ilə birləşdirirsən. Bütün bunları tapanda səndən dişarıda duran sənin içinə düşür, yəni öncə səndə olmayan (deməli, səndən dişarıda duran) informasiyalar dilin energetliyi haqqında bilgi sayəsində sənin şüurunun içində düşür (“başına düşmək” deyimindən törəmiş “başa düşmək” dedisini yada salaq). Sən beləcə düşünürsən.

 Düşünmək, anlamaq, bilmək, nəzəriyyə, fərziyyə qurmaq nəsnələrin elə görünüşünü (şəklini) çıxarmaqdır ki, onlar sistemdə görünsünlər. Sistemdə bütövlük və ya bütövləşmə var. Bütövlük (bütövləşmə) isə birləşməyə, ayrılmaya canatımın tarazlığından törəyir. Bilmək nələrdəsə sistemi tutmaqdır. Nəyinsə sistemini anlamaq isə nədənsə nələrin törəməsini, nələrdənsə nəyinsə alınmasını görməkdir.

 Bizim öz sözlərimizin arasında törədiciliklə bağlanma əsasında ilişkilər var: məsələn, “bildirmək”, “bilmək”, “bildiriş”, “bilinməz”, “bilməzə”, “bilərəkdən” və s. sözləri sistem kimi bir-birinə bağlıdır. Ancaq ərəb-fars sözlərini götürsək, bizim dilimizdə onların çoxu “qısır”dır. Törədicilik gücləri yoxdur, çünki öz doğma mühitlərindən qıraqdadır. Ərəb-fars sözləri dilimizdə qısır olduqları üçün də törədicilik kücləri azdır, bu səbəbdən də dilə az enerji verirlər. Belə sözlərlə yüklənmiş dil azərbaycanlı düşüncəsinə enerjili, sistemtörədici vasitə vermir. Tərsinə, düşüncənin açılıb budaqlanmasına əngəllər qoyur.

İndi isə qanunvercilikdə dil islahatının gərəkliyi haqqında

 Bu məqalənin tezisləri bizdə rus və ingilis dillərindən bir neçə qanunu Azərbaycan türkcəsinə çevirəndə rastlaşdığımız problemləri düşünəndə yaranıb. Bizim çevirdiklərimiz dilinə, deyim tərzinə görə başqalarından fərqlənirdi. Belə bir tərcümə üsuluna bu yazını yazanı yönəldən isə “Qanun” dərgisinin baş redaktoru Şahbaz Xuduoğlunun bir fikri olmuşdu. Həmin fikir belə idi: bizim hüquqda, qanunlarda Azərbaycan türkcəsi yoxdur.

 Doğrudan da, Azərbaycan hüququnun, qanunvericiliyinin dilində nəyi görürsən?! Görürsən ki, hərəkəti bildirənetmək”, “almaq kimi bir-iki sözü çıxsan, mətnlər ərəb-fars sözləri ilə maksimum yüklənib. Hüquq ki ayrı-seçkiliyə qarşıdır, çox asanlıqla Azərbaycan türkcəsinin çox sözlərini ayrı-seçkiliyə düçar edib və edir.

 Mədəniyyətimizdə çoxdandır sanki belə bir vəziyyət yaranıb: öz sözlərimiz qanunvericilər, hüquqçular üçün cırıq, nimdaş paltar kimi urvatsız bir şeyə çevrilib, onları qanunlarınyüksək üslubuna layiq saymırlar. Əvəzində ərəb-fars sözlərinə gələndə hüquqçularımız onlarda nəsə bir yüksək düşüncə mədəniyyəti duyurlar. Məsələn, nə üçünsə belə hesab edirlər ki, “lazımi tədbirləri həyata keçirəcək təmiz türkcədə olangərəkli ölçülərə əl atacaqdan qanunların dilinə daha çox yaraşır, “bəyannamə” “bildiridən daha yaxşıdır, “məcbur etmək” “zorunlamaqdan daha uğurludur. Çoxuna elə gəlir ki, qanunaboyun olmaq”, “üstünə götürmək”, “yerinə yetirmək”, “umacaqsız olaraq sözləri yaraşmır, bunların qarşılığı olan ərəb-fars tərkibli deyimlər isə yaraşır. Bu dediklərimiz məsələnin söz tərəfidir. Azərbaycan türkcəsinə çevirən zaman cümlə quruluşları ilə bağlı da ciddi problemlər var. Bizim özümüzün etdiyimiz tərcümələrdə çoxvariantlı sintaksis daha çox işlədilir və bu zaman bir məqsəd güdülür: anlaqlı etmək məqsədi. Buna bir örnəkdə baxaq:

İnsan Haqlarının Bütün Dünya üzrə Bəyannaməsi

Ön söz

Tanıyaraq ki, insan ailəsində hər kəsin ləyaqəti, bərabər və alınmaz haqları var, bunu qəbul etmək azadlığın, ədalətin, eləcə də dünya barışının təməlidir, tanıyaraq ki, insan haqlarına vecsizliklə, nifrətlə yanaşma vəhşi əməllərlə sonuclanıb, bu isə bəşər vicdanını hiddətləndirir, tanıyaraq ki, insanların ucalıqla can atdığı məqsəd elə bir aləmdir ki, orada adamların söz, inam azadlığı olacaq, onlar qorxudan, ehtiyacdan azad olacaqlar; və bir də tanıyaraq ki, insan haqları qanunun hökmü ilə qorunmalıdır, belə olanda insan əlacsız qalıb müstəbidə, zülmə qarşı axırıncı vasitə olaraq qiyam qaldırmağa zorunlanmır; və bir də tanıyaraq ki, xalqlar arasında dostluq ilişkilərinə yardım gərək; və bir də tanıyaraq ki, insanın başlıca haqlarına, şəxsiyyətin heysiyyətinə, dəyərinə, kişilərlə qadınların bərabər haqlarına inamı Birləşmiş Millətlərin xalqları təsdiq ediblər, daha çox azadlıq çərçivəsində sosial gəlişməyə, yaşama şəraitini yaxşılaşdırmağa yardım göstərməyi qət ediblər; və bir də tanıyaraq ki, Birləşmiş Millətlər Təşkilatına qoşulmuş dövlətlər üzərlərinə götürüblər ki, insan haqlarına, eləcə də başlıca azadlıqlara sayğı göstərmək və əməl olunmaq işinə yardım edəcəklər, özü də həmin işdə Birləşmiş Millətlər Təşkilatı ilə birgə çalışacaqlar; və bir də tanıyaraq ki, bu haqların, azadlıqların necəliyinin hamıya anlaqlı olması həmin öhdəliyi tam yerinə yetirmək baxımından çox önəmlidir, Baş Assambleya indiki İnsan Haqlarının Bütün Dünya üçün Bəyannaməsini bəyan edir.

 Bu örnəkdə alışmadığımız sintaksis var, ancaq öyrəşdiyimiz sintaksisdən fərqli olaraq o, çox böyük cümləni daha anlaqlı düzüb. Dediyimizin nə qədər doğru olmasını görmək üçün rəsmi tərcümə ilə tutuşdurmaq yetərlidir.

 Bizim tərcümə üçün təklif etdiyimiz dil islahatı, əslində, Azərbaycan qanunvericiliyi və hüququ üçün gərəkli yolun ilk addımlarıdır. İslahatın gəlişməsi üçünsə beynəlxalq hüquq sənədlərinin çoxlu tərcümələrini bu islahat əsasında çevirmək gərəkdir. Qoy həmin tərcümələrin hüquq gücü olmasın, daha çox maarifləndirmə gücü olsun, eybi yox! Hər halda, əvəzində hüquq dilimiz gəlişər, yavaş-yavaş da olsa, çağdaş hüququmuzun bədheybət dilindən qurtularıq. Bu tərcümələrlə biz istəyirik hüquqçuları ona öyrəşdirək ki, öz türk sözlərimiz də sənədlərin dilində tez-tez yer ala bilsin.

 Belə sual da verilə bilər: axı hüququn qəbul etdiyi üslub nə qədər xoşumuza gəlməsə də bu dil artıq, oturuşub, müəyyən dəqiqlik qazanıb. Yəni bilinir ki, filan sözü filan mənada başa düşmək lazımdır. Hüquqda isə dəqiqlik çox əhəmiyyətlidir. Bəs təklif edilən üslub bu dəqiqliyi necə əldə edə bilər? Bu suala belə cavab vermək olar: deyin görək “ittiham etmək”lə “suçlamaq”, “həbs etmək”lə “dustaq etmək” arasında hansı fərq var ki, birini o birindən dəqiq edir?! Ya da iki cümləni götürək:

a) filankəsin hüquqlarını təmin edəcək;b) elə edəcək ki, filankəsin hüquqları olsun.

Məna baxımından ərəb sözü olan “təmin” kəlməsinin işlətdiyimiz cümlədə dəqiqlik baxımından hansı üstünlüyü var?!

 Bax, bütün bunları düşünərək biz qanunvericiliyin, hüququn dili ilə bağlı kiçik islahat yolunu aşmaq istərdik.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft