top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

NƏFƏSLİK KİFAYƏT DEYİL, OKSİGEN BALIŞILAZIMDIR
(“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə qeydlər)

RAFİQ İSMAYILOV
“Naşir” Assosiasiyası, prezident

Mənbə: "Məşvərət", N26, 2000


Haqqında, görünür, hələ çox danışacağımız keçid dövrünün çətinliklərinə hamıdan çox məruz qalmış sahələrdən biri də nəşriyyat sahəsidir. Bəlkə də bu, onunla bağlıdır ki, nəşriyyat həm iqtisadiyyatla, həm də mənəviyyatla bağlı bir bölmədir. Son dövrlərdə isə hər iki sahə böhran keçirir. Nə isə, faktdır ki, planlı təsərrüfat dövrü bitdikdən sonra nəşriyyat sahəsi, demək olar, dağıldı, lakin bazar iqtisadiyyatına uyğun yenidən qurulmadı. Nəticədə elə bir xaos başladı ki, 60-80-ci illərdə nəşriyyat sahəsində çalışmış mütəxəssislər bu gün həmin dövrü xiffət ilə xatırlayırlar: real nəşriyyat planları tutulurdu, kitabların tirajları 40-50 minə çatırdı, Azərkitab, Kəndkitab vaxtlı-vaxtında nəşriyyatlara olan borcunu ödəyirdi, Kitab Palatası, Kitabxana Kollektoru normal işləyirdilər, mətbəələrdə iş qaynayırdı, bu sahədə dəqiq statistika mövcud idi. Doğrudur, senzura var idi, bir sıra müəlliflərin, əsərlərin nəşrinə sədd qoyulurdu, ancaq bu, tamam başqa bir mövzudur.

İndi isə nəşriyyatlar gözlərini təsadüfi sifarişçilərə dikib, dövlət mətbəələrində geniş istehsal sahələri işsiz qalıb, Azərkitaba satış üçün kitab vermək bataqlığa daş atmaq kimi bir şeydir.

Bazar iqtisadiyyatı şəraitində kitab nəşri prosesini aşağıdakı şəkildə təsvir etmək olar: müəllif - naşir - mətbəə - yayıcı - oxucu. Bu gün Azərbaycan üçün başqa model xasdır: sifarişçi - nəşriyyat - mətbəə - sifarişçi. Bu model nəşriyyat işinin inkişafına yardım etmir, əksinə, bu inkişafı ləngidir, çünki bu halda yayıcı faktoru işləmir, geniş oxucu kütlələri əhatə olunmur, nəşriyyat öz üzərinə xidmət göstərən təşkilat funksiyasını götürür və beləliklə, passivləşir - riskə getmir, oxucu tələbatını öyrənmir. Nəticədə istedadlı əsərlər bir tərəfdə qalır, nəşriyyat xərclərini ödəməyə qabil olan müəlliflər isə gen-bol nəşr olunur. Neçə ildir ki, Azərbaycan oxucusu nəinki yeni müəlliflərlə tanış olmur, hətta nə vaxtsa sevə-sevə oxuduğu müəllifləri unutmağa başlayıb,

Belə bir vəziyyətdə ölkənin ali məclisi “Nəşriyyat işi haqqında” qanun qəbul etməyi qərara alır. Əgər Milli Məclis növbədənkənar belə bir qanunun müzakirəsinə başlayırsa, deməli, bu işin təşəbbüskarları həmin sahədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu başa düşürlər.

İndiyə qədər nəşriyyat işi başqa qanunların ayrı-ayrı maddələri ilə tənzimlənirdi. Gözləmək olardı ki, “Nəşriyyat işi haqqında” qanun bu sahədə elə bir mexanizm təklif edəcək ki, o, köklü dəyişikliklərə səbəb olacaq. Axı hər bir qanun şamil edildiyi bölmədə fəaliyyəti tənzimləməklə yanaşı, bu bölmənin inkişafına şərait yaratmalıdır, xüsusilə söhbət keçid dövrünü yaşayan Azərbaycan kimi ölkədən gedirsə.

Gəlin əvvəlcə kitab-nəşriyyat işinin inkişafını ləngidən problemləri qruplaşdıraq.

1. Kitab yayımı problemi.

Bazar iqtisadiyyatı şəraitində hər bir malınuğuru marketinq üzərində qurulub. İnkişaf etmiş ölkələrin kitab bazarında naşir kitabın nəşrinə başlamazdan əvvəl onun ehtimal olunan qiyməti və tirajı ilə bağlı marketinq araşdırmaları aparır, kitab satışı şirkətlərindən sifariş yığır və beləliklə, öz kommersiya riskini minimuma endirir. Kitab, nəşriyyat marketinqi ayrıca bir elmdir və bu elmə yiyələnməmiş nəşriyyat sahəsində uğurla fəaliyyət göstərmək olmaz.

Azərbaycanda ən geniş kitab satışı şəbəkəsi olan Azərkitab iflic vəziyyətinə düşdükdən sonra ona alternativ ola biləcək bir qurum yaranmayıb.

Heç kim oxucu tələbatını öyrənməyə çalışmır, yeni gözəl supermarketlərlə müqayisədə kitab mağazaları bərbad gündədir, kitab və ya müəllifin reklamına heç yerdə rast gəlməzsiniz, kütləvi kitab yarmarkaları, sərgiləri, demək olar ki, keçirilmir.

Beləliklə, müəllif yazdığı əsəri nəşr edə bilmir, çünki vəsaiti yoxdur, nəşriyyat hətta uğurlu saydığı kitabın nəşrinə girişə bilmir, çünki elə bir geniş kitab ticarəti şəbəkəsi yoxdur ki, onun satışını öz üzərinə götürə bilsin. Oxucu isə getdikcə kitabdan soyumağa başlayır, çünki ona dəyərli kitablar təklif olunmur.

Təklif olunan qanun layihəsində isə kitab yayımı probleminin həlli üçün heç bir tədbir nəzərdə tutulmur.

2. Nəşriyyat işində reklam və xeyriyyəçilik.

Bu gün ölkədə yeni nəşr olunan bir çox kitabların qiymətin yüksək olması onların nəşriyyat xərclərinin yüksək, tirajlarının isə aşağı olması ilə bağlıdır.

Belə bir şəraitdə kitab nəşri sahəsinin sponsorlara, imkanlı şirkətlərin və şəxslərin yardımına ehtiyacı var. Kitab isə sponsorluq, xeyriyyəçilik üçün çox əlverişli bir vasitədir, çünki kütləviliyinə görə o həm də reklam daşıyıcısıdır. Əgər kitabın birdəfəlik nəşriyyat xərcləri (müəllif, dizayn, tərtibat qonorarları) sponsor, reklamverən və ya xeyriyyəçi tərəfindən ödənilsə naşir bu kitabın satış qiymətini xeyli aşağı salıb bazara uyğunlaşdıra bilər.

Təəssüf ki, mövcud vergi qanunvericiliyi bu cür xeyriyyəçiliyi və sponsorluğu həvəsləndirmir. Şirkətlərin reklam xərcləri onların dövriyyəsinin 2 faizindən çox, xeyriyyəçilik üçün ayırdıqları vəsait isə mənfəətinin 1 faizindən çox olduqda şirkət bunu öz xalis gəlirindən ödəməlidir, bu isə indiki şəraitdə o deməkdir ki, şirkət sahibi həmin məbləği öz cibindən verməlidir.

Bir sıra inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da təhsil məqsədi ilə ayrılmış xeyriyyə vəsaitinin məbləği dövlətə ödəniləcək vergidən çıxılır. Bəlkə də Azərbaycan üçün bunu tətbiq etmək tezdir, lakin müəssisə və təşkilatların uşaq ədəbiyyatı və dərsliklərin nəşri üçün təmənnasız olaraq ayırdıqları vəsaitlərin onların mənfəətinin vergi tutulan məbləğindən azaldılması və bu sahədə qanunvericilikdə nəzərdə tutulan limitin bu növ xeyriyyəçilik fəaliyyətinə şamil edilməməsi latın əlifbası ilə uşaq ədəbiyyatının nəşrinə təkan vermiş olardı.

3. Alternativ dərsliklərin nəşri.

Uşaq ədəbiyyatının nəşri ümumilikdə kitab-nəşriyyat işiin ən acınacaqlı sahələrindən biridir. Onu demək kifayətdir ki, bu gün valideynlər öz uşaqlarına kiril əlifbasını öyrətməli olurlar ki, onlar 60-80-ci illərdə nəşr olunmuş uşaq kitablarını oxuya bilsinlər. Belə getsə, latın əlifbasına tam keçid hələ bir neçə onillik də uzana bilər. Azərbaycanda orta məktəblər üçün dərsliklərin nəşri Təhsil Nazirliyinin səlahiyyətinə daxil olan bir məsələdir. Lakin bir çox dərsliklərin nə məzmun, nə də poliqrafik keyfiyyət baxımından qənaətbəxş olmaması bu sahədə əsaslı islahatların aparılmasını tələb edir. Bunlardan biri də təsdiq olunmuş tədris proqramları çərçivəsində alternativ dərs vəsaitlərinin nəşrinə icazə verilməsidir. Bu həm təhsilin inkişafına, həm də sivil nəşriyyat bazarının formalaşmasına kömək etmiş olardı. Bu məsələ də qanunda öz əksini tapmalıdır.

4. Lisenziya

İndiyə qədər nəşriyyat və poliqrafiya fəaliyyətini tənzim ləyən direktiv aktlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Radio və televiziya verilişləri, nəşriyyat-poliqrafiya fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında” 84 saylı qərarı olub. Sonradan “Radio və televiziya verilişləri” sözləri “Kütləvi informasiya vasitələrinin fəaliyyəti” sözləri ilə əvəz olundu. Bu qərara görə, təşkilatlar adı çəkilən fəaliyyət növləri ilə məşğul olmaq üçün lisenziya almalıdır.

Keçən ilin dekabrında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunduqdan sonra mətbu kütləvi informasiya vasitələrinin (qəzetlərin, jurnalların və s.) lisenziyadan azad edilməsi haqqında razılıq əldə olundu və Azərbaycan Respublikasının prezidenti bu qanunla əlaqədar Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması haqda fərman imzaladı...

Qeyd etmək lazımdır ki, postsosialist dövlətləri də daxil olmaqla Avropa dövlətlərinin heç birində nəşriyyat fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi registr tələb olunmur. Bir çox ölkələrdə yalnız qiymətli kağızların çapı lisenziya tələb edən fəaliyyət növünə aiddir. Yalnız Ermənistanda hər hansı bir şirkət yerli nəşriyyat kodu almaq üçün Nazirlər Kabinetinin müvafiq şöbəsinə müraciət edir və bu kodu almaq üçün şirkətin nizamnaməsində nəşriyyat fəaliyyətinin əsas fəaliyyət növlərindən biri kimi qeyd edilməsi və simvolik məbləğdə rüsum ödəmək kifayətdir. Azərbaycanda isə nəşriyyat fəaliyyətinə lisenziya almaq üçün şirkət sanitar-epidemioloji stansiyadan, yanğınsöndürmə idarəsindən, polis idarəsindən arayışlar yığmalı olur (insaf xatirinə demək lazımdır ki, bütün bu arayışlar və lisenziya rüsumunun məbləğini təşkil edən iki milyon manat pul olduqdan sonra Mətbuat və İnformasiya Nazirliyi heç vaxt lisenziyanın verilməsini gecikdirmir).

Hərdən elə bir təəssürat yaranır ki, bu sahə ilə bağlı direktiv aktları hazırlayanlar nəşriyyatla poliqrafiya müəssisəsi arasındakı fərqi başa düşmürlər. Nəşriyyat yaradıcı şəxslərin kollektividir, bu işlə məşğul olmaq üçün kağız, qələm və müasir ofislərdə olduğu kimi bilgisayar avadanlığı kifayətdir. Nəşriyyatın gücü onun poliqrafiya bazası ilə yox, yaradıcı potensialı, nəşriyyat marketinqi aparmaq qabiliyyəti, nəşr etmək hüququ aldığı dəyərli əlyazmaların sayı ilə ölçülür. Nəşriyyat fəaliyyəti ilə mənzildə və hətta bağ evində də məşğul olmaq olar və onun üçün lisenziya tələb etmək mənasız bir bürokratiyadır.

Kütləvi informasiya vasitələri kimi nəşriyyat fəaliyyətini də tənzimləyən qanunvericilik söz, fikir, informasiya azadlığı ilə bağlı olduğu üçün ölkədə demokratiyanın göstəricilərindən biridir. Nəşriyyat fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) tələb edilməsi demokratik inkişaf yolu tutmuş ölkənin imicinə xələl gətirən məqamdır.

“Nəşriyyat işi haqqında” qanun layihəsinin təsbit etdiyi ən konkret tədbirlərdən biri budur ki, “əvvəlki illərdə zərərlə işləmiş nəşriyyatlar, poliqrafiya və kitab ticarəti müəssisələri üçün sonrakı beş il ərzində zərərin ödənilməsinə yönəldilmiş mənfəət hissəsi Azərbaycan

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vergi ödənilməsindən azad edilir” (maddə 28). Bu müddəa bir sıra dövlət təşkilatlarının müəyyən müddət özünə gəlməsi üçün nəfəslik açır. Lakin, təəssüf ki, bu gün nəşriyyat işinin subyektlərinə nəfəslik yox, oksigen balışı lazımdır.

Qanun layihəsinin elə birinci maddəsindən başlayaraq qeyri-dəqiq anlayışlar, gəlişigözəl fikirlər kifayət qədərdir. Məsələn, “nəşriyyat məhsulu” ilə “nəşr” arasındakı, “naşir”lə “sifarişçi” arasındakı fərqi başa düşmək olmur. Və yaxud 20-ci maddədə deyilir ki, “uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli məcburi nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərtlərlə reklam olunur”. Bu isə naşirlərlə reklamçılar və reklam daşıyıcıları arasında mübahisələrə səbəb ola bilər.

Ümumiyyətlə, qanun bu şəkildə qəbul olunarsa onu amorf qanun adlandırmaq olar. Layihəyə görə, dövlət öz üzərinə bir çox vəzifələr götürür: Kitab Palatasını, Kitabxana Kollektorunu dirçəldəcək, Milli Ensiklopediyanı maliyyələşdirəcək, “...qayğı göstərəcək”, “...şərait yaradacaq”, “...həyata keçirəcək”. Bu kimi maddələrin hələ uzun müddət kağız üzərində qalacağı heç kimdə şübhə doğurmur. Bütün bunların əvəzinə (və yaxud bunlarla yanaşı) elə bir mexanizm təklif olunmalı idi ki, nəşriyyat işinin subyektləri və bu sahəyə maraq göstərən tərəflər kitab nəşri sahəsinin inkişafında və özü-özünü tənzimləməsində maraqlı olsunlar. Bazar iqtisadiyyatı şəraitində dövlət qayğısı məhz bundan ibarət olmalıdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft