|
“HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRLƏ ƏLAQƏDAR “SAHİBKARLIĞA VƏ BAZAR
İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU”NUN TƏKLİFLƏRİ
Mənbə:
"Məşvərət", N27, 2000
Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafında “Hüquqi şəxslərin dövlət
qeydiyyatı haqqında” Azərbaycan Respublikası qanununun oynadığı mühüm rol
danılmazdır. Lakin bununla belə, sözü gedən qanunun qüvvədə olduğu 4 ildən
çox bir müddət ərzində təcrübə və həyat özü bu mühüm dövlət qanunvericilik
aktında özünə yer tapmış bir sıra boşluq və çatışmazlıqları aşkar etmişdir.
“Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”nun
hüquqşünaslardan ibarət ekspert qrupu bu boşluq və çatışmazlıqları araşdırıb
sistemləşdirmək, mövcud hüquqi-normativ aktlarla ziddiyyət təşkil etməmək
şərtilə onların aradan qaldırılması üçün müəyyən təkliflər toplusu işləyib
hazırlayıb.
Aşağıda həmin təkliflər və qrupun gəldiyi nəticələr oxucuların nəzərinə
çatdırılır. Ümidvar olduğumuzu bildiririk ki, xüsusilə millət vəkilləri olan
oxucularımız üçün bu təkliflər maraq kəsb edəcək və onların əməli
fəaliyyətində öz tətbiqini tapacaqdır.
Maddə 5. Dövlət qeydiyyatı orqanlarının vəzifələri.
Bu maddənin 1-ci və 2-ci hissələrini daha çox qeydiyyat orqanlarının
hüquqları sırasına aid etmək olar. Yalnız 3-cü hissədə dəqiq vəzifələr
müəyyən edilmişdir.
Həmin maddədə qeydiyyat orqanlarının vəzifələri sırasını genişləndirmək
məqsədəuyğun olardı. Məsələn, təcrübədə qeydiyyat orqanlarının müraciət
edənin ərizəsini əsassız olaraq geri qaytarması, ərizəyə baxılmaq üçün
qanunda nəzərdə tutulan müddətin əsassız olaraq uzadılması, qanunda nəzərdə
tutulmayan sənədlərin tələb edilməsi hallarına tez-tez rast gəlinir. Bu
halları aradan qaldırmaq üçün qeydiyyat orqanlarının vəzifələrinə
aşağıdakılar əlavə edilməlidir:
-
hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilən ərizələri
baxılmaq üçün qəbul edir;
-
ərizəyə baxılmaq üçün qanunda nəzərdə tutulan müddətə riayət edir;
-
qanunda nəzərdə tutulmayan sənədlərin tələb olunması hallarının qarşısını
alır.
Bu vəzifələr qanunun ayrı-ayrı maddələrində bu və ya digər formada,
parakəndə şəkildə verilmişdir. Lakin onların bir maddədə birləşdirilməsi
daha səmərəli olardı.
Maddə 8. Hüquqi şəxsin dövlət qeydiyyatı üçün ərizəyə əlavə edilən sənədlər.
Bu maddədə hüquqi şəxsin dövlət qeydiyyatı üçün ərizəyə müvafiq məbləğdə
dövlət qeydiyyatı rüsumunun ödənilməsi haqqında sənədin əlavə edilməsi
nəzərdə tutulmuşdur. Hal-hazırda dövlət rüsumunun müvafiq məbləğləri
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu rüsumlar minimal əmək
haqqının 2 mislindən 150 mislinə qədər dəyişə bilir. Məsələn:
-
ictimai birliklərin və siyasi partiyaların dövlət qeydiyyatı üçün minimal
əmək haqqının 2 misli;
-
dini birliklərin və müəssisələrin dövlət qeydiyyatı üçün minimal əmək
haqqının 20 misli;
-
xarici sərmayəli müəssisələrin dövlət qeydiyyatı üçün minimal əmək
haqqının 150 misli;
-
bankların, birjaların və sığorta şirkətlərinin dövlət qeydiyyatı üçün elan
olunmuş nizamnamə fondunun 0,1%-i məbləğində dövlət rüsumunun ödənilməsi
nəzərdə tutulmuşdur.
Lakin Azərbaycan Respublikası Konstitusiysının 73-cü maddəsində qeyd
olunmuşdur ki, heç kim qanunla nəzərdə tutulmamış və ya qanunda nəzərdə
tutulmuş məbləğdən artıq həcmdə vergi və ya digər dövlət rüsumları ödəməyə
məcbur edilə bilməz.
Bu uyğunsuzluğu aradan qaldırmaq üçün təklif olunur ki, hüquqi şəxslərin
dövlət qeydiyyatı üçün nəzərdə tutulan rüsumların məbləği qanunla müəyyən
edilsin.
Maddə 9. Ərizəyə baxılması.
Bu maddədə nəzərdə tutulmuşdur ki, dövlət qeydiyyatı orqanı sənədləri
baxılmaq üçün qəbul edir, dövlət qeydiyyatı üçün müraciət edənə 10 gün
müddətində dövlət qeydiyyatı haqqında şəhadətnamə, yaxud dövlət qeydiyyatına
alınmaqdan imtina barədə yazılı məlumat verir.
Təklif olunur ki, müəssisələrin qeydiyyatını sadələşdirmək məqsədilə
şəhadətnamənin verilmə müddəti 7 günədək azaldılsın. Siyasi partiyaların
qeydiyyatı haqqında şəhadətnamələrin verilməsi müddəti isə siyasi
partiyaların təsis sənədlərinin öyrənilməsinə daha çox vaxt tələb
olunduğundan, əksinə, 2 aya qədər uzadılsın.
Maddə 12. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və
nümayəndəliklərinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə
məşğul olma qaydası.
Bu maddədə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslər, xarici hüquqi şəxslərin
filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra
xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə
tutulmuş qaydada lisenziya ala bilərlər. Bu səbəbdən hüquqi şəxslər öz
nizamnamələrini tərtib edərkən gələcəkdə fəaliyyət sahələrini dəyişəcəkləri
təqdirdə hər dəfə yenidən dövlət qeydiyyatından keçməmək naminə, nə
vaxtlarsa məşğul ola biləcəkləri fəaliyyət növlərinin hamısını əvvəlcədən bu
sənədə daxil etmək məcburiyyəti qarşısında qalır. Nəticədə dövlət
qeydiyyatından keçmək üçün təqdim edilən nizamnamələrin əksəriyyətində
“zibil emalı”ndan tutmuş “kosmik raket istehsalı”na qədər bütün fəaliyyət
növləri öz əksini tapmalı olur. “Müəssisələr haqqında” qanunun 16-cı
bəndində nəzərdə tutulmuşdur ki, müəssisənin nizamnaməsində aşağıdakılar öz
əksini tapmalıdır:
-
müəssisənin adı və növü;
-
onun hüquqi ünvanı;
-
təsisçisi və ya təsisçiləri haqqında məlumat;
-
müəssisənin hüquq və vəzifələri;
-
fəaliyyətinin predmeti və məqsədləri;
-
idarə və nəzarət orqanları;
-
səlahiyyətləri;
-
müəssisənin əmlakının formalaşması və gəlirin bölüşdürülməsi qaydaları;
-
müəssisənin yenidən təşkili, fəaliyyətinin dayandırılması və ləğvi
şərtləri.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, nizamnamədə bütün fəaliyyət
formalarının sadalanması lazım deyil, yalnız müəssisənin fəaliyyətinin
predmet və məqsədinin göstərilməsi kifayətdir. Bunları nəzərə alaraq 12-ci
maddəni aşağıdakı redaksiyada vermək təklif olunur:
“Hüquqi şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri
yalnız dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu qazanır və
fəaliyyətə başlayırlar”.
Maddə 18. Dövlət qeydiyyatında dəyişikliklər edilməsi.
Bu maddədə nəzərdə tutulmuşdur ki, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin
filiallarının və nümayəndəliklərinin təşkilati-hüquqi forması dəyişdikdə və
ya qanunda nəzərdə tutulan digər hallarda onlar 10 gün müddətində dövlət
qeydiyyatı orqanında yenidən qeydiyyatdan keçməlidirlər.
Qanuna istinad etmədən hüquqi şəxslərin məhz hansı hallarda yenidən dövlət
qeydiyyatından keçməli olduqlarını dəqiq şərtləndirmək daha düzgün olardı.
18-ci maddəni aşağıdakı redaksiyada vermək təklif olunur:
“Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və
nümayəndəliklərinin təşkilati-hüquqi forması və ya onların nizamnamələri və
digər təsis sənədləri dəyişdikdə onlar 10 gün müddətində dövlət qeydiyyatı
orqanında yenidən qeydiyyatdan keçməlidirlər.
Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və
nümayəndəliklərinin hüquqi ünvanları dəyişərsə, onlar bu barədə dövlət
qeydiyyatı orqanına 10 gün müddətində məlumat verməlidirlər”.
***
“Sahibkarlığın və
Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”nun ekspert qrupu digər
mövcud qanunların tətbiqi nəticəsində meydana çıxmış mübahisəli halları,
boşluq və çatışmazlıqları da təhlil etmiş və müəyyən tövsiyələr
hazırlamışdır. Onlar oxucuların diqqətinə “Məşvərət”in növbəti saylarında
çatdırılacaqdır. |