|
QANUNLARIMIZIN DİLİ HAQQINDA
BİR NEÇƏ SÖZ
ƏDALƏT TAHİRZADƏ
Ali Diplomatiya Kollecinin
dosenti, filologiya elmləri namizədi
Mənbə:
"Məşvərət", N10-11, 1997
Azərbaycan öz istiqlalını
əldə etdikdən sonra suveren dövlət üçün səciyyəvi olan müstəqil xarici
siyasət, beynəlxalq iqqisadi əlaqələr, gömrük, vergi, hərbi quruculuq...
sahələri üzrə dövlət institutlarını yaratdıqca onların fəaliyyət göstərməsi
üçün uyğun qanunların ortada olmasına da kəskin ehtiyac duyulur. Hər bir
yenilikdən isə yeni-yeni problemlər törəyir. Bu yazıda Azərbaycan
Respublikasının yeni qanunlarına yalnız bir aspektdən - dil baxımından göz
yetirilir.
Qanunlarımızın dili ilə tanış
olmaq üçün Azərbaycan Respublikasının Qanunlar Külliyatına (ilk 3
cildi) baxdım. Elə bu başdan rəyimi birmənalı şəkildə bildirirəm ki, həmin
qanunların yaradılmasında əməyi olan yüzlərcə ziyalının peşəkarlığı və öz
işinə məsuliyyətlə yanaşması yüksək qiymətə layiqdir. Məncə, qanunlarımızın
dilinin indiki şəraitdə bu səviyyədə işlənilməsinin özü nailiyyət
sayılmalıdır və bu yöndə görülmüş işi gözdən salmaq ədalətsizlik olardı.
Ançaq məqsədim onları tərifləmək yox, dilindəki başlıca qusurları göstərmək
olduğuna görə Milli Məclisdəki həmkarlarıma üz tutaraq bir dilçi kimi
faydalı saydığım bəzi iradlarımı bildirmək istərdim.
Azərbaycan
Respublikası qanunlarının
dilində
gözə çarpan bütün qüsurların həlledici səbəbkarı onların rus dilindən tərcümə
edilməsidir. İstənilən tərcümə isə ideallıqdan uzaqdır və hətta tərcüməçinin
yüksək peşəkarlığı da çevirmənin qüsursuzluğuna
zəmanət vermir. Rus dilindən
tərcümə nəticəsində ortaya çıxan qüsurlara ayrı-ayrı faktlar
toppusu kimi deyil, sistemləşdirilmiş halda
göz yetirək.
Məqalənin hazırlanmasından
öncə yüzlərcə misal toplamışdım, ancaq yazının həcmi imkan vermədiyinə görə
hər qeydə aid yalnız bir nümunə saxlamağa məcbur oldum. Deməli, burada
verilən hər misala aid qanunlarda onlarca nümunə tapmaq mümkündür.
Hər şeydən öncə, cümlənin
sintaktik quruluşunda tər cümədən irəli gələn nöqsanlarla rastlaşırıq, çünki
rus və Azərbaycan dilləri sintaktik baxımdan kəskin fərqlənir. Xüsusən çox
böyük cümlələri orijinalda olduğu həcmdə saxlamağa çalışmaq əksər hallarda
anlaşılmazlıqa və məna dolaşıqlığına gətirib çıxarır. Məsələn, "Siyasi
repressiya qurbanlarına bəraət verilməsi haqqında Azərbaycan Respublikasının
qanunu"nda 1-ci maddə 15 sətirlik (!) bircə cümlədən ibarətdir.
Orijinalı tərcümədə də olduğu kimi saxlamağa çalışmaq cəhdi həmin maddəni
tam anlaşıqsız edib: "Bu qanunun məqsədləri üçün... şəxslərin hüquq və
azadlıqlardan başqa cür məhrum edilməsi vəya bunların məhdudlaşdırılması
siyasi repressiya hesab olunur" (48-ci səh.)*- Belə cümlələri bir neçə
müstəqil cümləyə bölmək məqsədəuyğundur.
Cümlənin məzmununu da
orijinalda olduğu kimi saxlasaq bir çox hallarda uğursuzluqla nəticələnir.
Məsələn, "bəraət məsələsinə dair (müsbət vəya mənfi həlli barədə)rəy
verir" (49-cu səh.) cümləsini "bəraət məsələsinin müsbət vəya mənfi
həlli barədə rəy verir" şəklində işlədilməsi fikri anlaşıqlı, üslubu isə
cilalı edir. Yaxud "Azərbaycan Respublikası gömrük orqanının vəzifəli
şəxsinə etiraz etmək hüququnun izah edilməsi barədə protokolda qeyd edilir"
(620-ci səh.) cümləsində üslub ağırlığı yaradan üç "etmək" köməkçi
felinin bir araya düşməsi tərcüməçinin orijinaldan qaça bilməməsinin
nəticəsidir, halbuki həmin cümləni "etiraz etmək hüququnun
aydınlaşdırılması barədə protokolda qeyd aparılır" şəklində yazmaq
olardı.
Gözə çarpan başlıca sintaktik
qüsurlardan biri də ikinci və üçüncü növ təyini
söz birləşmələrinin cümlədə düzgün işlədilməməsidir. Məsələn,
"dövlət səhiyyə sisteminin müəssisələrində* (810-cu səh.) söz birləşməsi
"dövləq səhiyyə sistemi müəssisələrində", "dövlət müdafiə sifarşi
həcmləri" (328-ci səh.) isə "dövlət müdafiə sifarişinin həcmləri
kimi işlədilməli idi.
Morfoloji qüsurların
əksəriyyəti üslubi korlanma şəklində ortaya çıxır.
Bəllidir ki, cümləni üslubi
ağırlıqdan qurtarmaq üçün həmcins üzvlərdəki eynicinsli şəkilçilər
(sonuncudan başqa) ixtisar edilir. Məsələn, "sənayenin, tikintinin,
nəqliyyatın, rabitənin və xalq təsərrüfatının digər... sahələri" (361-ci
səh.) "sənaye, tikinti, nəqliyyat, rabitə və xalq təsərrüfatının digər...
sahələri" kimi verilməlidir.
Eyni qrammatik kateqoriyaya
aid şəkilçilərin həmcins üzvlərdə təkrarlanması vacib olduqda isə çox dəqiq
yekcinslik gözlənilməlidir, əks halda üslub pozuntusu yaranır. Məsələn,
"hazırlanmış və tətbiq edilən standartlaşdırma" (83-cü səh.)
ifadəsindəki feli sifət şəkilçilərindən biri (-mış) keçmiş zamana,
ikinçisi (-ən) indiki zamana aiddir, halbuki onların ikisi də eyni
(ya keçmiş, ya da indiki) zamanda olmalı idi.
Qanunlarda üzləşdiyimiz dil
qüsurlarının mühüm bölümü də leksikaya aiddir. Doğrudur, son vaxtlaradək
Elmlər Akademiyasında fəaliyyət göstərən Terminologiya Komitəsi (əslində
onun özü də həyatdan geri qalırdı) artıq mövcud olmadığına görə
qanunvericilər çətin duruma düşüb - Azərbaycanda tamamilə yeni olan bir sıra
sahələr üzrə terminləri yaratmaq məhz onların üzərinə düşür! Yeni qanunların
mətni ilə tanışlıqdan bu nəticə çıxardıq ki, onlar bu işin öhdəsindən
indiyədək layiqincə gəliblər. Ançaq, sözsüz ki, bu sahədə də
yaxşılaşdırılmalı bir çox şeylər var.
İndiyədək mövcud olan
terminlərdən bir sıra hallarda imtina edilib, özü də uğursuzluqla. QİÇS
(qazanılmış immun çatışmazlığı sindromu) yerinə
AIDS
(78-82-ci səh.), İÇV (immun çatışmazlığı virusu) əvəzinə
NIV
(79-81-ci səh.) yazılmasının məntiqi mənə aydın deyil.
Orijinalda işlədilmiş bir
sıra Avropa mənşəli terminləri tərcümə etmək mümkün olduğu halda onlar
saxlanılıb. Məsələn, "prob" (617-ci səh.), "post" (616-cı
səh.), "struktur" (766-cı səh.) və b. kimi çoxlu terminləri uyğun
olaraq "nümunə", "məntəqə", "qurum" kimi qarşılıqları ilə uğurla
dəyişmək olardı. "Otkrıtka", "şəriklik", "kompanyon" və b.
terminlərin yerinə "açıpqca" (767-ci səh.), "ortaqlıq", "tərəfdaş"
(754-cü səh.) sözlərinin cəsarətlə işlədilməsi təmayülü isə alqışa
layiqdir. Ümumiyyətlə, termin yaradıcılığında öz dilimizin imkanlarına
çəkinmədən aparıcı üstünlük verilməlidir.
Qanunlarda mürəkkəb
terminlərlə bağlı müxtəliflik özünü göstərir - onlar gah bitişik, gah da
ayrı yazılır. Unutmayaq ki, onların yazılışında yeganə meyar vurğudur - bir
vurğu ilə deyilənlər bitişik, iki vurğu ilə deyilənlər isə ayrı yazılır.
Məsələn, "təxirə
salınmaz hallar" (772-ci səh.), "dövlət idarə etməsi" (767-ci
səh.), "peşə seçmə hüququ" (823-cü səh.) ...birləşmələrinin birinci
tərəfi " təxirəsalınmaz", "idarəetmə", "peşəseçmə" şəklində,"immunçatışmazlığı"
(78-82-ci səh.) isə, əksinə, "immun çatışmazlığı" kimi
yazılmalıdır.
Durğu işarələrinin
qoyulmasında da qaydasızlıq görünməkdədir.
Mübtədadan sonra
bir çox hallarda artıq vergüllər qoyulub. Apostrofun işlədilməsi isə tam
sərbəstdir. Belə ki, qanunların əksərində apostrofa rast gəlməsək də,
onların bəzisində isə saxlanılmaqdadır. Doğrudur, şəxsən mən də apostrofun
əleyhinəyəm, ancaq Nazirlər Kabinetinin təsdiqlədiyi orfoqrafiya qaydaları
dəyişdirilməyinçə heç kimin heç bir durğu işarəsinə belə toxunmağa, öz
istəyinə görə hərəkət etməyə ixtiyarı yoxdur.
Nəhayət, əlifba
məsələsi haqqında. Son vaxtlar Milli Məclisdə əksər sənədlər latın
əlifbasında tərtib olunduğu halda, qanunların kiril əlifbasında nəşri
təəssüf doğurur. Burada ziddiyyətli məqam da üzə çıxır - qanun maddələri
bəndlərə və yarımbəndlərə bölündükdə onlar latın əlifbası üzrə hərflərlə
sıralanır. Məsələn, 730-731-ci səhifələrdə bu ardıcıllığı izləyirik: a, b,
c, ç, d, e, ə, f, g, ğ, h, x, ı, i, j, k, q. Kiril əlifbasındakı qanunda bu
nə qədər də məntiqsiz görünür! Ona görə də qanunlarımızın latın əlifbasında
nəşri vacibdir.
Hər bir qanun
hüquqa sənəd olmaqdan başqa həm də öz dövrünün mühüm ədəbi dil abidəsidir,
ona görə də onun savadlı yazılması dilini sevənlərin tarixi borcudur.
*
Məqalədə istifadə olunmuş butün misallar "Azərbaycan Respublikasının
Qanunlar Külliyyatı"nın III kitabından
(Bakı, "Qanun" nəşriyyatı, 1997) götürülüb. |