|
MÜTƏŞƏKKİL
CİNAYƏTKARLIQ VƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİ
İBRAHİM
BABAYEV
Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi
qanunvericilik şöbəsinin baş məsləhətçisi
Mənbə:
"Məşvərət", N13, 1998
Cəmiyyətimizdə mütəşəkkil cinayətkarlığın varlığının etiraf edildiyi bir
dövrdə qanunvericiliyin vəzifəsi hüquqi mübarizə tədbirlərinin hazırlanması,
hüquq-mühafizə orqanlarının vəzifəsi isə bu və ya digər qanunvericilik aktı
normalarının konkret əməllərə düzgün tətbiqidir.
Əgər əvvəllər biz cinayətin bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir
olmaqla törədilməsi haqqında danışırdıqsa artıq Azərbaycan Respublikasının
mövcud cinayət qanunvericiliyinə mütəşəkkil cinayətkarlıq anlayışı məlumdur.
Lakin cəmiyyətimizin bu gün qarşılaşdığı problem mütəşəkkil cinayətkarlıqla
mübarizənin səmərəliliyini artırmaq üçün qanunvericiliyin
təkmilləşdirilməsini və əməli işçilərin ixtisas cəviyyəsinin yüksəldilməsini
tələb edir. Cinayətkar təşkilatlar və ya birliklərdən söhbət gedəndə təkcə
konkret cinayət əməlini törədərkən səylərin birləşdirilməsi deyil, həm də
ümumi hərəkət proqramı, məqsədlər, vəzifələr və ümumi davranış normalarının
hazırlanması nəzərdə tutulur. Bu cinayətkar qruplaşmalar, bir qayda olaraq,
geniş maddi imkanlara və əmlaka malik olur. Onların fəaliyyəti mövcud
cinayət qanunvericiliyinə əsasən cəzalandırıla bilən konkret cinayət
çərçivəsindən kənara çıxır. Bu halda birliyin müxtəlif üzvlərinin
fəaliyyətinin koordinasiyasına, ümumi hərəkət xəttinin, strategiyasının,
taktikasının hazırlanmasına, digər birləşmə və qruplarla qarşılıqlı
əlaqələrin xassəsini müəyyənləşdirməyə ehtiyac yaranır. Bununla yanaşı
cinayətkar qruplaşma üzvlərinin yaşayış, nəqliyyat və digər vacib şəraitlə
təmin edilməsi ilə əlaqədar funksiyaların ayrılması hallarına tez-tez rast
gəlinir.
Cinayətkar fəaliyyət mürəkkəb olduqca onun yaratdığı təşkilatlar nəinki
dövlətin qayda-qanunun təmin edilməsi səylərinə qarşı durur, hətta şantaj və
fiziki məhv etmə yolu ilə onlara nəzarət etməyə çalışırlar.
Cinayətkar təşkilatın bu səviyyəsində söhbət bir təşkilat kimi cinayətkar
birliklə, həm də onun çoxşaxəli fəaliyyəti ilə mübarizədən getməlidir.
Cinayətkar qrupun konkret cinayət törədən üzvləri üçün hüquq-mühafizə
orqanlarında aparılan işin istintaqına təsir etmək, xarici pasport alaraq
xaricə getmək və s. o qədər də asan deyil. Cinayətkar birlik üçünsə bu,
problem deyil. Mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələrinin vəzifəsi
cinayətkar birliklərin aşkar və ifşa edilməsidir.Bu birliklərin səciyyəvi
xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
-
mövcudluğun davamlılığı və müddəti;
-
cinayətkarlıq fəaliyyətinin proqramlaşdırılması;
-
maksimal gəlirin əldə edilməsi məqsədi;
-
konkret cinayətin törədilməsində iştirakla ümumi təşkil olunmuş fəaliyyətin
eyni vaxta düşməməsi məqsə-dilə funksiyaların müvafiq surətdə
bölüşdürülməsi;
-
müəyyən davranış normaları və onlara tabe olma sisteminin mövcudluğu.
Bu gün cinayətkar mühitin müəyyən strukturu bərqərar olmuşdur. Bu strukturun
manqaları aşağıdakılardır:
-
müəyyən ərazidə ümumi cinayətlə məşğul olan mütəşəkkil qruplar;
-
bundan başqa iqtisadiyyat sahəsində cinayətlə məşğul olan mütəşəkkil
qruplar;
-
azadlıqdan məhrum olma yerlərində fəaliyyət göstərən mütəşəkkil qruplar;
-
regionlararası əlaqələrdən istifadə edərək cinayət törədən mütəşəkkil
qruplar;
-
quldur yönlü mütəşəkkil qruplar;
-
beynəlxalq əlaqələri olan mütəşəkkil qruplar.
Cinayətkar birliyin nümayəndələri qanuna zidd əməldə bilavasitə və bilvasitə
iştirak etmirlər, bununla yanaşı onlar diqqəti əlverişli cinayət
fəaliyyətini təmin edən şəraitin yaradılması və dəstəklənməsində
cəmləşdirirlər.
Beləliklə, cinayətkar birlikləri müəyyən ərazilərdə və ya cəmiyyətin
fəaliyyəti dairələrində qanuna zidd gəlirlərin mənbəyinə nəzarət edən
cinayətkar qrupların çoxsəviyyəli birlikləri kimi müəyyənləşdirmək olar.
Bu gün cinayətkar birliklər cinayət və cinayət-prosessual
qanunvericiliyindəki boşluqlardan, dövlət aparatında korrupsiyaya uğramış
əlaqələrin mövcudluğundan, daxili təhlükəsizlik strukturunun yaradılmasından
istifadə edərək öz yoldaşlarını təmizə çıxarmağa imkan verən konspirasiyanın
yüksək səviyyəsi ilə səciyyələnir. Bunun nəticəsində biz yüksək səviyyədə
təşkil olunmuş cinayətkar qrupların sistemləşdirilmiş surətdə cinayət
törədərək özlərinin qanuna zidd fəaliyyətinin coğrafiyasını genişləndirməsi
halı ilə üzləşdik. Artan sayına və fəaliyyət miqyasına görə onlar beynəlxalq
və transmilli xassə daşıyır. Buna görə də indi cinayətin hər hansı bir
ölkədə planlaşdırılıb, digər ölkədə törədilməsi halları az deyil. Başqa
sözlə desək, cinayətkarlıq fəaliyyəti müasir mərhələdə daha kəskin ifadə
olunmuş korporativ cinayətin əlamətlərini qazanmışdır.
Ümumiyyətlə, mütəşəkkil cinayətkarlığı parlaq ifadə olunmuş təşkilat
strukturu və ciddi iyerarxiyası, xüsusi sosial, mənəvi davranış və
məsuliyyət normaları, sanksiya və şirnikləndirmə sistemi, cinayətkarlıq
fəaliyyətinin müxtəlif sahələrinə qoyulan kifayət qədər pul vəsaiti olan,
yerli mafiya nümayəndələri öz xarici həmkarları ilə sistemləşdirilmiş
əlaqələr yaratmaq üçün xaricə getdikdə beynəlxalq meydana sıcrayış edən
təşkilat və ya birlik kimi səciyyələndirmək olar.
Yuxarıda deyilənlər cinayətkar qruplaşmaların fəaliyyətinin geniş miqyaslı
olmasını, cinayətlərin törədilməsi metodu və üsullarının kəskinliyini sübut
edir.
Mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə üçün hüquq-mühafizə
orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparan xüsusiləşdirilmiş
bölmələri yaradılır. Buna əsaslanaraq yuxarıda adı çəkilmiş bölmələrə
cinayətkar birliyi vaxtında aşkar və ifşa etməyə imkan verən əlavə
səlahiyyətlər verilməlidir. Bu nöqteyi-nəzərdən respublikamızda bu məsələ
üzrə aparılan qanunvericilik işinin bəzi məsələlərinin üzərində dayanmaq
istərdim.
Birincisi, mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında qanun layihəsinə
görə mütəşəkkil cinayətkarlıqla mübarizə aparan xüsusiləşdirilmiş bölmələrin
yaradılması nəzərdə tutulmuşdur. Bəziləri bunu daxili işlər orqanlarının
struktur vahidi kimi qəbul etsə də, işçi qrupun fikrincə, bu cür bölmələr
milli təhlükəsizlik və prokurorluq orqanları da daxil olmaqla hər bir
hüquq-mühafizə orqanı nəzdində yaradılmalıdır.
Əksər hallarda mütəşəkkil qruplar və birliklərin törətdiyi cinayətlər
cinayət axtarışı şöbəsi və ya digər bölmələrin işçiləri tərəfindən açılır.
Burada belə bir sual meydana çıxır: ayrı-ayrı struktur bölmələrin qarşılıqlı
fəaliyyətini məqsədəuyğun surətdə necə qurmaq olar? Təsəvvür edilir ki,
özündə mütəşəkkil cinayətkar strukturu və davam edən cinayət fəaliyyəti
göstərən davamlı birləşmənin mövcudluğunu əks etdirən materiallar təşkil
olunmuş cinayətkarlıqla mübarizə aparan xüsusiləşdirilmiş bölmələrə
ötürülməlidir. Bu materialdan həm də cinayətkar fəaliyyətin məqsəd və
məzmununun özündə kriminal gəlirin təminatını, rəsmi strukturlardan
istifadəni, dövlət orqanlarının fəaliyyət sabitliyinin pozulması və
deformasiyasını birləşdirdiyi də bilinməlidir.
Əlbəttə ki, hüquq-mühafizə orqanlarının digər struktur bölmələrinin
əməkdaşları üçün müvəffəqiyyətlə apardıqları və çox əmək sərf etdikləri işin
materiallarından ayrılmaq çətindir. Onlar bu materialların nə üçün
ötürülməsini dərk etməlidir və bu ötürülmənin zəruriliyi qanunla
reqlamentləşdirilməlidir. Buna baxmayaraq, bəzən belə bir fikir söylənir ki,
mütəşəkkil cinayətkarlıqla mübarizə aparan xüsusiləşdirilmiş bölmələr
iqtisadi cinayətkarlıqla mübarizə bölmələrinin işindən bəhrələnirlər.
Mütəşəkkil cinayətkarlıqla mübarizə aparan xüsusiləşdirilmiş bölmələrə əlavə
səlahiyyətlər verilərsə və belə materiallar üzrə xüsusi cinayət-prosessual
və operativ-axtarış iş rejimi nəzərdə tutularsa, yuxarıda qeyd edilənlər
mümkün ola bilər. Məsələnin yalnız bu cür qoyuluşu şəraitində, məsələn,
cinayət axtarışı şöbəsinin işçisi belə işlərin açılması üçün onun kifayət
qədər səlahiyyətinin olmamasını dərk edə və materialların rəsmi surətdə
ötürülməsində maraqlı ola bilər. Eyni zamanda materialların ötürülməsi
vəzifəsinin pozulması müvafiq surətdə cəzalandırılmalıdır.
Mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət-hüquqi tədbirlərinə
toxunmadan Azərbaycan Respublikasının qanun layihəsinin maliyyə və iqtisadi
fəaliyyətin yoxlanmasını əks etdirən bəzi məqamlarının üzərində dayanmaq
istərdim.
Belə ki, məsələn, layihəyə görə, şəxsin təşkil olunmuş cinayətkar birləşməyə
aid olması haqqında məlumat olduqda təşkil olunmuş cinayətkarlıqla mübarizə
bölməsi prokurorun razılığı ilə həmin şəxsin maliyyə-iqtisadi fəaliyyətinin
ilkin yoxlanışını apara bilər.
Diqqəti belə bir maddə də cəlb edir ki, mülkiyyət formasından asılı
olmayaraq orqan və təşkilatların rəhbərləri, vəzifəli şəxsləri, digər
işçiləri, eləcə də fiziki şəxslər mənşəyinin qeyri-qanuniliyi haqqında
məlumatı olan və ya mənşəyinin qeyri-qanuniliyi fərz edilən əmlak və pul
vəsaitini mühafizə üçün qəbul etdikləri və sərmayəyə çevirməyə kömək
etdikləri halda, fiziki və hüquqi şəxslərin cinayətkar gəlirlərin
leqallaşdırılması üçün məsuliyyət daşıyırlar.
Və ya bu qanun layihəsinin digər normasını götürək. Bu normaya görə
cinayətkar gəlirlərin leqallaşdırılması və artırılmasında günahlandırılan
fiziki və hüquqi şəxslərin hesabları və əməliyyatları üzrə əmanətləri
haqqında, eləcə də iqtisadi fəaliyyəti haqqında məlumat Azərbaycan
Respublikasının mövcud qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada
alına bilər.
Bu tələb “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununda dəyişikliklərin edilməsinə səbəb oldu. Həmin qanunun 35-ci maddəsi
yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü əsasında hesablar və əmanətlər
haqqında məlumatın əldə edilməsini nəzərdə tuturdu. Qanuni qüvvəyə minmiş
məhkəmə hökmü isə birincisi, qaldırılmış cinayət işinin olmasını, ikincisi
isə bu iş üzrə məhkəmə istintaqının başa çatmasını nəzərdə tutur. Belə halda
şəxsin, fəaliyyətinin əsas istiqaməti “çirkli” pulların yuyulması olan
cinayətkar birləşməyə aid olması haqqında iş üzrə istintaqın axıra
çatdırılması mümkün olmazdı. |