top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

QANUNLAR KOLLİZİYASI, YAXUD BİR DAHA VƏRƏSƏLİK HAQQINDA

İBRAHİM BABAYEV
Azərbaycan Respublikası Milli Məclis Aparatının  İnzibati və Hərbi qanunvericilik şöbəsinin Baş məsləhətçisi

Mənbə: "Məşvərət", N17, 1999


Vərəsəlik mülki hüququn ən mürəkkəb institutlarından biri olaraq bütün dövrlərdə olduğu kimi indi də böyük əhəmiyyət kəsb edir. Bu institut hər dəfə alimlər tərəfindən tədqiq edilərkən yeni bir məsələ meydana çıxır. Haqqında söhbət açmaq istədiyim məsələ də, fikrimcə, belə qiymətləndirilə bilər. Lakin məqalədə söhbət adi vərəsəlikdən deyil, vərəsəliyin bir növü olan vəsiyyət üzrə vərəsəlikdən gedəcək.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (təəssüf ki, bu günə kimi adı çəkilən məcəllə «Azərbaycan SSR Mülki Məcəlləsi» adlanır. Lakin artıq qəbul olunmuş formaya uyğun olaraq bundan sonra da məqalədə «Azərbaycan Respublikasının Mülki Məcəlləsi» kimi adlandırılacaq) 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə həyata keçirilir ki, o, vəsiyyətlə dəyişdirilməsin. Vəsiyyət isə miras qoyanın ona məxsus olan əmlak üzərində sərəncam verməsinin bir növü kimi qəbul edilmişdir. Lakin bu sərəncamvermənin özünəməxsus xüsusiyyətləri də var. Həmin xüsusiyyətlər ondan ibarətdir ki, vəsiyyətnamədə miras qoyan şəxs ona məxsus olan əmlakın özünün iştirakı olmadan bölüşdürülməsini, başqa sözlə desək, öz ölümündən sonrakı dövr üçün həmin əmlakın müqəddəratını həll etmiş olur. Göründüyü kimi, əmlakın idarə olunması və ya bölüşdürülməsi miras qoyanın iradəsinə müvafiq olaraq həyata keçirilir. Bir daha qeyd edim ki, belə hal yalnız vəsiyyət üzrə vərəsəlik zamanı mümkündür. Lakin qanun üzrə vərəsəlikdə miras qoyanın iradəsi heç bir rol oynamır. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı -qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Ötəri də olsa qeyd etmək lazımdır ki, maddənin bu hissəsində vərəsəliyin iki növü qarışdırılmışdır. Vərəsəlik ya qanun üzrə, ya da vəsiyyət üzrə ola bilər. Eyni zamanda həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil.

Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatan pay bərabər hissədə onların uşaqlarına verilir. Xatırladım ki, bu, Azərbaycan Respublikası Mülki Məcəl- ləsinin 532 və 533-cü maddələrinin tələbləri idi.

Göründüyü kimi, qanun üzrə vərəsələrin dairəsi qanunverici tərəfindən dəqiq göstərilmişdir. Məhz buna görə də bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır.

Vəsiyyət üzrə vərəsəlikdə isə miras qoyan öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.Vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Qanunun bu müddəası əvvəl deyilən fikri bir daha təsdiqləyir ki, vəsiyyət edən şəxs öz iradəsinə uyğun olaraq bu və ya digər şəxsi vərəsəlik hüququndan məhrum edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Vəsiyyət edən vəsiyyətnamə tərtib etmədən də şəxsən notariat orqanına, notariat orqanı olmayan yerlərdə isə müvafiq icra hakimiyyəti orqanının kənd, qəsəbə üzrə nümayəndəliyinə ərizə verməklə əvvəlki vəsiyyətnaməni ləğv edə bilər. Sonradan tərtib edilən vəsiyyətnamə əvvəlki vəsiyyətnaməni tamamilə və ya onun həmin vəsiyyətnaməyə zidd olan hissəsini ləğv edir.

Bütün yuxarıda qeyd olunanlar bir daha onu göstərir ki, vəsiyyətnamə qoymaqla vətəndaş öz ölümündən sonra ona məxsus olan əmlakın müqəddəratını öz iradəsinə uyğun həll etmiş olur.

Qeyd etmək lazımdır ki, mülki qanunvericilikdə vəsiyyətna- mənin əmlakın hansı növünə şamil edilib-edilməməsi göstərilmir. Qanunun bu məsələdə yeganə tələbi yalnız ondan ibarətdir ki, miras əmlaka adi ev avadanlığı və məişət predmetləri daxil edilməsin. Bütün digər əşyalara dair isə vərəsəlik məsələlərində qanunun tələbi eynidir. Yəni qanuna görə, vətəndaşın daşınar və ya daşınmaz əmlaka dair, yaxud onların hər hansı birinin ayrı-ayrı növünə dair vəsiyyətnamə qoymuş olmasının fərqi yoxdur.

Lakin məsələni bir qədər ətraflı şərh etməyə vadar edən iki qanun arasında («Dövlət notariatı haqqında» Azərbaycan SSR qanunu və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının qanunu) yaranmış kolliziyadır.

Belə ki, «Dövlət notariatı haqqında» Azərbaycan SSR qanununun (bu Qanun hal-hazıra kimi Azərbaycan Respublikası- nın ərazisində qüvvədədir) 8-ci maddəsinə görə, dövlət notariusları və notariat əməliyyatı aparan digər vəzifəli şəxslər aparılan notariat əməliyyatlarının sirrini saxlamağa borcludurlar. Aparılan notariat əməliyyatları barəsində arayışlar və sənədlər yalnız notariat əməliyyatı- nın aparılmasını tapşırmış və ya barəsində notariat əməliyyatları aparılmış vətəndaşlara, dövlət idarələrinə, müəssisələrinə və təşkilatlarına, kolxozlara, digər koope- rativ və ictimai təşkilatlara verilir. Aparılan notariat əməliyyatları haqqında arayışlar və sənədlər məhkəmənin, prokurorluğun, istintaq və təhqiqat orqanlarının tələbi ilə, onların icraatlarında olan cinayət işləri və ya mülki işlərlə əlaqədar olaraq verilir.

Notariat əməliyyatlarının sirrinin saxlanılması qaydaları aparılmış notariat əməliyyatlarından xidməti vəzifələri- nin yerinə yetirilməsi ilə əlaqədar xəbərdar olan şəxslərə də şamil edilir.Vəsiyyətnamələr haqqında arayışlar yalnız vəsiyyətçinin ölümündən sonra verilir. Qanunun bu müddəasını haşiəyə almağım da təsadüfi deyil. Çünki qanunlar arasındakı kolliziya məhz vəsiyyətnamə məsələsi ətrafında yaranmışdır.«Dövlət notariatı haqqında» Azərbaycan SSR qanunu notarius və notariat əməliyyatları aparan digər vəzifəli şəxslər qarşısında aparılmış notariat əməliyyatlarının sirrinin saxlanılmasını bir vəzifə olaraq qoyur. Və qanunverici haqlı olaraq vəsiyyətnamənin sirrinin saxlanılmasına dair müddəada əmlakın hansı növünə dair vəsiyyətnamənin tərtib edilməsinin fərqinə varmır.

Adı çəkilən qanunun məntiqinə görə, vəsiyyətnamə daşınar və ya daşınmaz əmlaka, yaxud onların hər hansı birinin ayrı-ayrı növlərinə dair tərtib edilməsindən asılı olmayaraq vəsiyyətnamə haqqında arayışlar vəsiyyətinin ölümündən sonra verilə bilər.

Bildiyimiz kimi, bu, təkcə «Dövlət notariatı haqqında» Azərbaycan SSR qanununun deyil, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbidir.Lakin «Mənzil fondunun özəlləşdirilməsi haqqında» 27 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası qanununa həmin prizmadan nəzər salsaq görərik ki, qanunun 5-ci maddəsinə əsasən, özəlləşdirmə qaydasında vətəndaşların mülkiyyətinə onların yaşadıqları mənzillər (evlər) verilə bilər. Mənzillər (evlər) kirayəçi ilə birlikdə yaşayan bütün yetkin yaşlı ailə üzvlərinin razılığı ilə mülkiyyətə verilir. Onların arzusu ilə mənzil (ev) onların ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin qanunun 12-ci maddəsində isə göstərilir ki, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafelərinə xələl gətirməməlidir.

Deməli, həmin qanuna görə, vətəndaşın mülkiyyətinə özəlləşdirmə qaydasında mənzil (ev) verilərkən o, onunla birlikdə yaşayan bütün yetkin yaşlı ailə üzvlərinin razılığını almalıdır. Həmin razılıqlar olduqda mənzil və ya ev vətəndaşın xüsusi mülkiyyətinə verilir. Bildiyimiz kimi, vətəndaş xüsusi mülkiyyətində olan əmlak üzərində isə sərbəst sərəncam vermək hüququna malikdir. Sərbəst sərəncam vermək hüququ eynilə əmlaka dair vəsiyyətnamə tərtib edilməsinə də şamil edilir. Sual olunur: nə üçün başqa əmlak növlərini vətəndaş vəsiyyət etdikdə onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunmur, özəlləşdirmə qaydasında əldə etdiyi mənzil və ya evi vəsiyyət etdikdə isə onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur. Fikrimcə, həmin müddəanın qanunda təsbit edilməsində, əvvəla, mülkiyyət formalarına və yaxud vətəndaşların xüsusi mülkiyyətində olan əmlakın ayrı-ayrı növlərinə fərqli yanaşma özünü biruzə vermişdir ki, bu da qanunlar qanunu olan Azərbaycan Respublikası Konstiutsiyasının tələblərinə ziddir. Belə ki, Azərbaycan Respulikasının Konstitusiyasına əsasən mülkiyyətin bütün formaları bərabərdir.

Digər tərəfdən, «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının qanununda, ümumiyyətlə, notariat əməliyyatlarının, xüsusən də vəsiyyətnamələrin sirrinin saxlanılması prinsipinə riayət edilməmişdir. Belə ki, həmin qanunun 12-ci maddəsinə əsasən mənzilləri (evləri) özəlləşdirmə qaydasında mülkiyyətinə almış vətəndaşlar həmin mənzilləri (evləri) yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə vəsiyyət edə bilərlər.

Əgər yuxarıda qeyd olunduğu kimi, vəsiyyət vəsiyyətçinin ona məxsus olan əmlakının müqəddəratını öz iradəsinə uyğun olaraq həll etməsi kimi qəbul olunursa adı çəkilən qanuna görə, vəsiyyət edərkən vətəndaşın iradəsi heç bir rol oynamır. Notariat haqqında qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vəsiyyət edən, vərəsələrdən birini və yaxud hamısını vərəsəlik hüququndan məhrum edə bilər. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun məntiqindən belə nəticəyə gəlmək olar ki, vəsiyyətçi hər hansı ailə üzvünü vərəsəlik hüququndan məhrum etmək istədikdə vərəslək hüququndan məhrum edilməsi güman edilən ailə üzvünün razılığını almalıdır. Bu isə nə hüquqi, nə də adi məntiq çərçivəsinə sığır, heç olmasa ona görə ki, heç kəs özünün hər hansı nemətdən məhrum edilməsinə razılıq verə bilməz. Beləliklə də, qanunlar arasında (Azərbaycan Respublikasının Mülki Məcəlləsi və «Dövlət notariatı haqqında» Azərbaycan SSR qanunu bir tərəfdən, «Mənzil fondunun özəlləş- dirilməsi haqqında» Azərbaycan Respublikasının qaununu digər tərəfdən) kolliziya yaranmışdır. Kolliziya məhz vəsiyyətnamənin tərtib edilməsi proseduru və onun sirrinin saxlanılması məsələləri ətrafında yaranmışdır. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublika- sının qanununa görə, vəsiyyətçi özünün xüsusi mülkiyyətində olan mənzilə və ya evə dair vəsiyyətnamə tərtib edərkən onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını almalıdır. Deməli, həmin tələbi irəli sürməklə, bir tərəfdən, vətəndaşın ona məxsus olan əmlak üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırmış, digər tərəfdən isə, mülki və notariat haqqında qanunvericiliyin notariat əməliyyatlarının, xüsusən də vəsiyyətnamələrin sirrinin saxlanılması tələbini pozmuş oluruq.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunverici- liyin eyni cür və dürüst icrasını və tətbiq edilməsini təmin etmək, qanunverici aktları biri-birinə uyğunlaşdırma məqsədilə «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun 12-ci maddəsinin birinci hissəsindən «vəsiyyət edə bilər» sözlərinin çıxarılması, fikrimcə, məqsədəuyğun olardı.

Bununla da biz həm də mülkiyyətin ayrı-ayrı növlərinə fərqli yanaşmanı aradan qaldırmış olardıq.

Doğrudur, bu fikrin əleyhdarları belə bir tutarqa irəli sürə bilərlər ki, həm hüququn ümumi nəzəriyyəsinə, həm də «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası- nın qanununa əsasən, iki qanun arasında ziddiyət yarandıqda zaman baxımından daha gec qəbul edilmiş qanunun müddəaları daha çox hüquqi qüvvəyə malikdir. Lakin «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası qanununun Azərbaycan Rspublikasının Mülki Məcəlləsindən və »Dövlət notariatı haqqında» Azərbaycan Respublikası qanunundan sonra qəbul edilməsi onun 12-ci maddəsinin müddəalarının adları çəkilən digər iki qanunun müddəalarının dəyişdirməsi kimi qiymətləndirilməməlidir. Ona görə ki, «Mənzil fondunun özəlləşirilməsi haqqında» Azərbaycan Respublikası qanununun 12-ci maddəsinin tələbləri nəinki adları çəkilən iki qanunun tələblərinə, ümumiyyətlə, hüququn prinsiplərinə ziddir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft