top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİ (Birinci yazı)

RƏHİMOV RAHİM HACI OĞLU
Azərbaycan Respublikası Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini

Mənbə: "Məşvərət", N17, 1999


Əxlaq normalarına zidd olan, din tərəfinidən pislənən, qanunla qadağan edilən və təbabətlə qarşı-qarşıya qoyulan, lakin buna baxmayaraq bəşəriyyət tarixinin yol yoldaşı olan narkomanlıq XX əsrin axırında 190 milyon fərdin xəstəliyinə çevrilmişdir.Digər tərəfdən narkotiklərin tələbatı və onların istehlakına səbəb olan sosial problemlər narkotiklərin qanunsuz dövriyyəsinin səbəblərindən biri olmuşdur. Bugünkü narkobiznes siyasi, iqtisadi və sosial problemləri, elmi-texniki tərəqqinin nailiyyətlərini və hər hansı dövlətin qanunvericiliyində mövcud olan boşluqlardan öz mənafeyi naminə səmərəli istifadə etməklə yanaşı, mütəşəkkil xarakter daşıyan cinayətkar fəaliyyət növüdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər kriminal fəaliyyətin digər növlərində də (reket, quldurluq və s.) özünü büruzə verir, bu cinayətlərə qarşı mübarizə isə onların latent xarakteri ilə çətinləşir. Eyni zamanda həmin cinayətkarlar tərəfindən dövlət aparatının bəzi məmurlarının rüşvətxorluğundan da səmərəli istifadə edilir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bir çox halda təklif edilmiş rüşvətin alınmasının və onun əvəzində tələb edilən şərtin icrasının alternativi fiziki qisas olur.

Azərbaycan Respublikası narkobiznes və narkomanlıq problemlərinin tezliklə həll edilməsi məqsədilə təxirəsalınmaz səmərəli tədbirlərin həyata keçirilməsində ehtiyacı olan ölkələrin sırasına daxildir. Qeyd etmək lazımdır ki, keçid dövrünün kəskin çevrilişlərinin cəmiyyətimizdə və mənəviyyatımızda gözlənilməz dəyişiklik- lərə gətirib çıxarmasına baxmayaraq dini və mənəvi dəyərlərimiz, əxlaq normalarımız Azərbaycanda narkoman- lığın geniş yayılmasının qarşısını ala bilib. Bundan əlavə, qədimdən bəri Yaxın Şərq xalqları (xüsusən müsəlman dininə etiqad edən xalqlar) əsasən narkotik vasitələrin digər növləri ilə (məsələn, tiryəklə) müqayisədə nisbətən az dərəcədə, qısa müddət ərzində təsir göstərən və fiziki asılılığa gətirməyən narkotik bitkilərdən (çətənədən) istifadə edirdilər və bu faktor narkotiklərin bəzi («ağır» sayılan) növlərinin yıyılmamasına müvafiq təsir göstərib. Abstrakt təfəkkürə daha meyilli olan bu Şərq xalqları meditasiya və süstlük halına gətirən bitkilərə üstünlük verirdilər. Lakin yerləşdiyimiz coğrafi mövqe Azərbaycanın narkobiznes üçün mühüm əhəmiyyət kəsb edən tranzit əraziyə çevirib. Məhz buna görə narkotik vasitələrin qarşısının alınması nöqteyi-nəzərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilk növbədə Qərbdən Şərqə aparan yollarda yerləşən dövlətin qanunvericiliyi kimi formalaşdırıl- malıdır.

Məlumdur ki, hazırda Azərbaycan Respublikasında bu sahəni tənzimləyən xüsusi akt yoxdur (tərtib edilmiş müvafiq qanun layihəsi qanunverici orqan tərəfindən bu yaxınlarda müzakirə ediləcək) və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ayrı-ayrı qanunvericilik aktları əsasında həyata keçirilir. Mövcud qanunvericilikdə isə (xüsusən cinayət və inzibati hüquqpozmalar haqqında qanunvericilikdə) müəyyən boşluqların əmələ gəlməsi və onun bir sıra müddəalarının zamanın tələbləri ilə uyğunlaşmaması müşahidə olunur. Narkotiklərin geniş yayılması, onlarla bağlı törədilən cinayətlərin sayının artması və narkobiznesin mütəşəkkilliyi şəraitində narkotik vasitə- lərin qanunsuz dövriyyəsi ilə mübarizənin aparılmasında cinayət qanunvericiliyinin müddəaları xüsusi əhəmiyyət kəsb edir və mövcud qanunvericiliyin bu sahədə vəziyyətinə marağımız məhz bununla əlaqədardır.

1960-cı ildə qəbul edilmiş Azərbaycanın Cinayət Məcəlləsi narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində artıq həmin dövrün tələblərinə cavab verməyən ortodoksal bir sənəd kimi yaradılmışdır. Buna əmin olmaq üçün narkotik vasitələrin qanunsuz dövriyyəsinin tarixinə nəzər yetirmək kifayətdir.Təxminən 60-cı illərə qədər dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsi əsasən kannabis, tiryək (ümumiyyətlə, opiatlar kateqoriyasına aid edilən vasitələr) kimi təbii narkotik vasitələrin, nadir hallarda isə meskalin kimi psixotrop maddələrin dövriyyəsindən ibarət idi. Məhz buna görə narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş üç əsas sənədin (1961-ci il tarixli «Narkotik vasitələr haqqında Vahid Konvensiya», 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiya və 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiya) birincisi - 1961-ci il tarixli Konvensiya - əsasən tiryəkin və digər təbii narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hazırlanmışdır. Nəzarət edilən narkotiklərin qanunsuz dövriyyəsinə görə məsuliyyətdən qaçmaq üçün kriminal qurumlar intensiv olaraq yeni (əsasən sintetik) narkotiklərin hazırlanmasına, nəzarət edilməyən (o cümlədən təcrübi dərman vasitələri kimi hazırlanmış) vasitələrin və psixotrop maddələrin geniş istifadəsinə başlayırlar. Təqribən 1960-cı illərdən başlayaraq bir sıra sintetik narkotiklərin və psixotrop maddələrin dövriyyəsi hər yerdə özünü biruzə verir, dövri mətbuatda mütəmadi olaraq hallandırılır, cəmiyyətdə müvafiq təşviş yaradır və 1971-ci ildə BMT tərəfindən ikinci Konvensiya qəbul olunur. Beləliklə, sonrakı iyirmi beş il ərzində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ayrılıqda narkotiklərin və psixotrop maddələrin dövriyyəsini tənzimləyən iki sənəd əsasında həyata keçirilir və nəhayət 1988-ci ildə narkotik vasitələrin və pixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair vahid sənəd qəbul olunur. Narkotik vasitələrin dövriyyəsinə dair beynəlxalq sənədlərin mənşəyinin və tədrici inkişafının səthi təhlili həmin sənədlərin hər bir məhəlli problemin kütləviliyi müəyyən edildikdə ardıcıllıqla və hərtərəfli tərtib edilməsinə dəlalət edir. Göstərilmiş sənədlərdən yalnız biri (1961-ci il tarixli Vahid Konvensiya) keçmiş SSRİ tərəfindən ratifikasiya edilmişdir və buna görə digər beynəlxalq sənədlərdə göstərilmiş müddəaların SSRİ qanunvericiliyində olmaması və ya onların təhrif edilməsi müşahidə edilir. Eyni səbəblərdən qanunvericiliyimizin müddəaları birtərəfli, narkotik vasitələrin ayrı-ayrı növlərinə dair formalaşdırılmışdır. Təsadüfi deyil ki, «psixotrop maddələr» anlayışı təhrif edilərək «güclü təsir edən maddələr» anlayışı ilə əvəz olunur, «prekursor» anlayışı isə ümumiyyətlə yoxdur. Bununla yanaşı, bir çox sosial və digər problemlərə (məhkumların hüquqsuzluğuna, fəhlə qadınların əməyinin ağırlığına, korrupsiyaya və s.) göz yuman, onlara etinasızlıq göstərən siyasi sistem öz ərazisində narkomanlığın mövcudluğunu inkar edərək narkotik vasitələrin qanunsuz dövriyyəsini qəbul edə bilməzdi. Eyni zamanda, hazırlandığı dövrün ictimai-siyasi quruluşunu, qanunçuluğun təmin edilməsi xüsusiyyətlərini və ümumiyyətlə, dövlətin hüquqa münasibətini nəzərə alaraq qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində təsbit edilmiş normaların yarıtmazlığı dövlət tərəfindən tətbiq edilən repressiv üsullarla ört-basdır olunurdu.

Göstərilmiş qüsurlara və Azərbaycan Respublikasının 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının «Narko- tik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə- sinə qarşı mübarizə haqqında» 1988-ci il tarixli Konvensi- yasına qoşulmasına baxmayaraq cinayət qanunvericiliyinin bu sahədə təkmilləşdirilməsinə dair heç bir iş görülmə- mişdir. Azərbaycanın cinayət qanunvericiliyinin müddəaları SSRİ dövründə sovet hüquq məktəbinin ənənələrinə və postulatlarına uyğun olaraq hazırlanmışdır. Həmin dövrdə işlənilmiş narkotik vasitələrlə əlaqədar törədilən cinayət əməllərinin qanunvericilikdə təsnifinin xarakteri və cinayət-hüquq normalarını ifadə etməsi üsulları, demək olar ki, dəyişilməz qalmış və buna görə beynəlxalq sənədlərdə öz əksini tapmış cinayətlərin təsnifi xarakteri və cinayət-hüquq normalarının ifadəetmə üsulları ilə müvafiq uyğunsuzluğa gətirmişdir. Ənənəvi olaraq həmin cinayətlərin törədilməsinə görə müəyyən olunmuş sanksiyaların məntiqsizliyi də dəyişməmişdir.

1998-ci ildən etibarən Azərbaycan Respublikasının BMT-nın narkotik vasitələrə, psixotrop maddələrə və onların qanunsuz dövriyyəsinə dair üç sənədə qoşulması ölkəmizdə hüquqi islahatların aparılması və yeni Cinayət Məcəlləsinin hazırlanması dövründə bu çatışmazlıqların aradan qaldırılması üçün zəruri şərait yaradır.

Cinayət-hüquq münasibətləri digər hüquqi münasibətlərlə müqayisədə insanın hüquqi statusunu, onun taleyini mühüm dərəcədə dəyişdirən qüvvəyə malikdir və bu xüsusiyyət cinayət qanunvericiliyinin formalaşdırılması zamanı əsas kimi götürülməlidir. Hətta ilk baxışdan cüzi əhəmiyyət kəsb edən ifadənin, əməlin bu və ya digər fəsildə verilməsinin gələcəkdə böyük ziddiyyətlərlə nəticələnməsi dəfələrlə sübuta yetirilib. Belə ki, cinayət qanunvericliyində mülkiyyət əleyhinə törədilən cinayətlərin Konstitusiyada göstərilmiş mülkiyyət növləri ilə uyğunlaşmaması həmin normaların tətbiq edilməsi zamanı müvafiq mübahisələrə səbəb olmuşdur. Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələrlə bağlı Cinayətlər, nədənsə, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər sırasına daxil edilmişdir. Həmin cinyətlərin yalnız bir hissəsi belə cinayətlər kimi qiymətləndirilə bilər. Təbiidir ki, narkotik vasitələri hazırlama, əldəetmə, saxlama, daşıma, göndərmə, satma onların istehlakına cəlbetmə və s. cinayətlərin həmin fəslə aid edilməsi məntiqsizlikdir. Hüquqi dövlət olduğunu bəyan etmiş ölkə insan hüquqlarının üstünlüyünü, onların dövlətin mənafeyi və ya ictimai maraqlarla bərabərliyini qanunvericilikdə aydın göstərmə- lidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən əməllərin məntiqi və son məqsədi narkotik vasitələrə olan tələbatın ödənilməsidir. Bu cinayətlər ilk növbədə insanların sağlamlığına qəsd edir və bununla əlaqədar onların birbaşa obyekti insanın sağlamlığı, ictimai təhlükəsizlikdir, qayda isə fakultativ obyekt kimi çıxış edir. Narkotik vasitələr və psixotrop maddələrlə bağlı olan hər bir məsələnin araşdırılması zamanı dövlətin və cəmiyyətin narkomanlıq xəstəliyinə düçar olan şəxslərə münasibəti həlledici xarakter daşıyır. Hüquqi mədəniyyəti aşağı olan, yaranmış hər hansı problemi zorakı üsullarla həll etməyə vərdiş edən ölkələr narkomanlığı xəstəlik kimi qəbul edərək, eyni zamanda, bu xəstəliklə mübarizəni əsasən narkomanların cəmiyyətdən mümkün qədər uzun müddətə təcrid edilməsində görürlər. Narkomanlıqdan vahiməyə düşən, ona qarşı dəhşətli qorxu keçirən cəmiyyətdə, bir qayda olaraq, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsulları xüsusi ixtiraçılıq qabiliyyəti ilə seçilmir. Bu cür yanaşmanın qeyri-səmərəliliyi, zorakı üsulların mənasızlığı daha humanist və praqmatik üsullardan istifadə edən inkişaf etmiş dövlətlərin təcrübəsi ilə təsdiqlənib.

Sözsüz ki, hər bir narkoman ilk növbədə ağır xəstəliyə düçar olmuş şəxsdir, lakin bu hamıya məlum olan fikrin qəbul edilməsinə baxmayaraq bizim qanunvericiliyimiz ənənəvi olaraq narkotik vasitələri istehlak edən şəxsi əsasən islah-əmək müəssisələrində müalicə etməyə («ağrıyan başı kəsməyə») cəhdlər göstərir. Narkomanlığı xəstəlik kimi qəbul edən cəmiyyət onu digər ağır xəstəliklərlə bərabər tutmalı, hər bir şəxs isə özünün sağlamlığından istədiyi kimi istifadə etmək hüququna malik olmalıdır. Narkotik vasitələrin ziyanı barədə kifayət qədər məlumatı olan, lakin buna baxmayaraq bilərəkdən onları istehlak edən və bununla özünü narkomanlığa düçar edən hər hansı şəxsin bu hərəkəti onun öz sağlamlığı üzərində sərəncam vermək hüququnun ifadəsidir. Bəlkə siqaret çəkən, alkoqollu içki içən, özünü hər hansı xəstəliyə yoluxdurmuş, özünü ş?alandırmış və ya özünü şikəst etmiş şəxsləri də həbsxana ilə müalicə edirlər? Həqiqətən, narkomanın ictimai təhlükəsizlik və ictimai qayda üçün təhlükəsi əsasən onun xəstəliyindən irəli gəlir. Lakin unutmaq lazım deyil ki, əgər hər hansı şəxs cinayətlərin törədilməsinə meyillidirsə onun belə xəstəliyə düçar olması həmin cinayətin törədilməsi üçün mütləq şərt deyil.

Qeyd etdiyimiz kimi, narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərlə mübarizə həmin cinayətlərin latent xarakteri ilə çətinləşir, məsuliyyətə cəlb olunanların əksəriyyəti isə narkotik vasitələrin istehlak edənlərdir. Bəllidir ki, məlum qanunsuzluqlara və qeyri-insani rəftara məruz qalanlar ilk növbədə məhz narkotiklərin istehlakçılarıdır (əksər hallarda narkomanlar). Digər tərəfdən, qüvvədə olan məcəllənin 226-6-cı maddəsinə əsasən, iki ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxsin islah-əmək müəssisəsində həmin müddət ərzində saxlanılmasına sərf olunan xərclərin (nəzərə almaq lazımdır ki, hazırda iqtisadiyyatda olan çətinliklər həmin müəssisələrin fəaliyyətinə və orada saxlanılan şəxslərin şəraitinə də müvafiq təsir göstərir) digər məqsədlərə yönəldilməsində ehtiyacı, bu şəxsin cinayətkarlar aləminə cəlb olunması, islah-əmək müəssisəsində olduğu dövr ərzində onda sabit kriminal düşüncənin əmələ gəlməsi ehtimalı və s. Tutarqalar narkotik vasitələri istehlak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi zərurətini açıqlayır. Bu fikrin əleyhdarları narkotik vasitələri istehlak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi nəticəsində müvafiq cinayətlərin artması ehtimalını vurğulayırlar. Yəqin ki, ölüm cəzasını ləğv etmək cəsarətinə və cinayətlərin artmasının çoxsaylı və daha humanist üsullarla qarşısını almaq imkanına malik olan bir ölkənin vətəndaşı tərəfindən bu cür ortodoksal düşüncənin bəyan edilməsi, ən azı, qeyri-səmimilik və səriştəsizlikdir.

Qeyd etmək lazımdır ki, narkotik vasitələri istehlak edən şəxslərin cinayət məsuliyyətinin ləğv edilməsi bəzi şəxslər tərəfindən narkotik vasitələrin leqallaşdı- rılması kimi qəbul olunur. Lakin bəllidir ki, narkotik vasitələrin leqallaşdırılması ictimaiyyətin diqqətinin, ictimai rəyin bilavasitə narkotik vasitələrə cəlb edilməsinin nəticəsidir, cinayət məsuliyyətinin aradan qaldırılması isə həmin diqqətin onların istehlakçılarına, yəni ayrı-ayrı insanlara yönəldilməsinin və ya belə şəxslərin ictimaiyyət tərəfindən ağır xəstə kimi qəbul edilməsinin göstəricisidir. Narkotik vasitələri leqallaşdıran cəmiyyətdə məhz narkotik vasitələrə, onların qismən dövriyyəsinə və istehlakına amnistiya verilir. Narkotik vasitələrin istehlakına və onunla bağlı əməllərə görə cinayət məsuliyyətinin aradan qaldırılması isə narkotik vasitələrin istehlakının qanunsuzluğunu saxlayaraq, sadəcə olaraq, cinayət məsuliyyətini yaratmayan (həmin əməl təhriketmə əlamətlərini daşımamaq şərtilə törədildikdə) və yalnız inzibati məsuliyyətə səbəb olan əmələ çevirir. Belə halda, cinayət və inzibati təsir tədbirlərini tarazlaşdırılmaqla daha səmərəli və humanist mexanizm tətbiq etmək mümkündür.

Buna görə də narkotik vasitələrin istehlakı cinayət məsuliyyətini yaradan əməl kimi deyil, yalnız cinayət məsuliyyətini ağırlaşdıran hal kimi (sözsüz ki, həmin cinayət narkotik sərxoşluq vəziyyətində törədilərsə) müəyyən olunmalıdır.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft