top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 03 - Qanunvericilik (aq)

NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ AZƏRBAYCAN QANUNVERİCİLİYİ

RƏHİMOV RAHİM HACI OĞLU
Azərbaycan Respublikası Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini

Mənbə: "Məşvərət", N18, 1999


İKİNCİ HİSSƏ

Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı ilə əlaqədar törədilən cinayətlər sırasında ən təhlükəlilərdən biri narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik və cəlbetmədir. Narkotiklərin istehlakçılarının cinayət məsuliyyətinə cəlb edilməsini tələb və hətta təklif etməyən konvensiyalarda, onlara rəsmi izahlarda, habelə BMT-nin tərtib etdiyi müvafiq tövsifedici aktlarda belə istehlaka hər hansı üsulla cəlb edilməsinə və ya onun təhrikinə görə ən ciddi cəzaların müəyyən edilməsinin zəruriliyi birmənalı şəkildə göstərilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 11 iyul 1997-ci il tarixli qərarına görə, “narkotik vasitələrin istehlakına təhriketmə dedikdə həmin vasitələrdən istifadə həvəsini yaratmağa yönəlmiş hər hansı qəsdən edilmiş hərəkətlər başa düşülməlidir (dilətutma, təklifetmə, məsləhət vermə və s.)”. Göstərilmiş müddəaya əsasən, təhriketmənin bir neçə məqamı nəzərə alınmalıdır. İlk növbədə şəxsin narkotik vasitələrin istehlakına təhrik edilməsi onun tərəfindən narkotik vasitələrin istehlakına dair qərarın könüllü olaraq qəbul edilməsini irəli sürür. Dilətutmanın, təklifetmənin və ya məsləhət vermənin məntiqi nəticəsi yalnız müəyyən psixi təsirlə istiqamətlənən, insanın iradəsinin göstəricisi olan narkotik vasitələrin istehlakıdır və həmin şəxs barəsində zor işlədilməsini istisna edir. Digər tərəfdən, bu tezis “təhrik” sözünün mənası, əməlin məhz narkotik vasitələrin istehlakına həvəs yaratmağa yönəldilməsi ilə təsdiqlənir.

Məzmunu və məntiqi nöqteyi-nəzərindən xeyli oxşarlığına baxmayaraq son zamanlar ümumdünya təcrübəsində təhriketmə ilə cəlbetmə kimi əməllər bir sıra məqamlarına görə fərqləndirilir.Kriminal xronika ilə tanış olanlara məlumdur ki, insan oğurluğu ilə məşğul olan cinayətkarlar tərəfindən girov saxlanılan şəxsi zərərsizləşdirmək məqsədilə bir çox hallarda həmin şəxsin iradəsinə zidd olaraq onun orqanizminə narkotik vasitələr yeridilir. Sözsüz ki, girov saxlanılan və ya əvəzində pul tələb etmək üçün oğurlanmış şəxsin orqanizminə müəyyən müddət ərzində narkotiklərin yeridilməsi müvafiq asılılıqla nəticələnə bilər. Bundan başqa, qadını fahişəliklə məşğul olmağa məcbur etmək məqsədilə şəxsin narkotik vasitələrin istehlakına zor işlətməklə cəlb edilməsi dünya kriminal tarixinə çoxdan tanış olan əməllərdən biridir.

Son zamanlar bir sıra dövlətlərin qanunvericilik təcrübəsində təhrik və ya cəlbetmə ilə əlaqədar yeniliklərin tətbiq edilməsi müşahidə olunur. Belə təcrübənin tətbiqi sözügedən cinayətlərin törədilməsi zamanı kütləvi informasiya vasitələrindən, kompüterləşdirilmiş sistemlərdən geniş istifadə olunması və ya narkotik vasitələrin açıq şəkildə, camaat qarşısında istehlakı ilə bağlıdır.

Qeyd edilənləri nəzərə alaraq cinayət qanunvericiliyində narkotik vasitələrin istehlakına təhriketmə və belə istehlaka cəlbetmə hallarını ayırmaqla onların mahiyyətini və təsir dairəsini genişləndirmək olar (narkotik vasitənin qidaya əlavə edilməsinə və ya insanın orqanizminə qanunsuz olaraq yeridilməsinə görə məsuliyyətə cəlbetmə zamanı yaranan müvafiq çətinliklər bu cür fərqlənmənin zəruriliyinin sübutudur). Bu zaman istehlakçı tərəfindən narkotik vasitələrin könüllü və ya onun iradəsinə zidd olaraq istehlakı həlledici əhəmiyyətə malik olmalıdır.

Belə ki, narkotik vasitələrin istehlakına təhriketmə dedikdə müvafiq psixi təsir nəticəsində narkotik vasitələrin könüllü istehlakına həvəs yaratmağa, meyilləndirməyə yönəlmiş bütün əməllər nəzərdə tutulmalıdır. Bu əməlləri dilətutma, təklifetmə, məsləhət vermə, narkotik vasitəni bağışlama (əvəzsiz vermə), onun xüsusiyyətlərini və ya təsirini tərifləmə, narkotik vasitələrin istehlakına bədii, audio, video əsərlərin və sair məhsulların, o cümlədən kompüterləşdirilmiş informasiya sistemlərinin vasitəsi ilə birbaşa və ya dolayı yolla törədilən təhriketmə kimi qiymətləndirimək olar. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin əməllər şəxsin özündə narkotik vasitələrin istehlakına dair mövcud olan, lakin müəyyən səbəblərdən (təkbaşına istehlakın qorxusu və ya narkotiklər barəsində mənfi ictimai fikrin nəticəsində onun bu hərəkətdən yayınması) reallaşdırılmayan meylin oyanmasına və ya güclənməsinə də yönəldilə bilər.

Narkotik vasitələrin istehlakına cəlbetmə (təhriketmədən fərqli olaraq) şəxsin iradəsinə zidd olaraq və ya onun xəbəri olmadan törədilən əməlləri əhatə edir. Bu əməllərin sırasına narkotik vasitələrin qəsdən şəxsin iradəsinə zidd olaraq onun orqanizminə yeridilməsi, istehlakçının xəbəri olmadan ərzaq məhsullarına, içkilərə və ya qidaya əlavə edilməsi daxil edilə bilər. Bu zaman həmin əməlin istehlakçının iradəsinə zidd olaraq və ya onun xəbəri olmadan törədilməsi cinayətin obyektiv cəhətinin həlledici amili kimi çıxış edir.

Bundan əlavə, bir sıra ölkələrdə (ABŞ, İngiltərə və narkotik vasitələrin istehlakının xüsusi cinayət tərkibi yaratmayan Avropa ölkələrində) narkotik vasitələrin insanların kütləvi olduqları, xüsusən gənclərin toplaşdığı yerlərdə (kinoteatrlarda, parklarda, restoranlarda, diskotekalarda, hətta tədris ocaqlarının yaxınlığında) açıq şəkilə, camaat qarşısında istehlakı, eləcə də narkotik vasitənin əvəzsiz olaraq verilməsi də təhriketmə kimi qiymətləndirilə bilər. Lakin, təhriketmə və cəlbetmə ilə əlaqədar cinayətlərin fərqləndirilməsində könüllü və ya şəxsin iradəsinə zidd olan istehlak əsas amil kimi çıxış edirsə bu cür əməllər yalnız təhriketmə kimi müəyyən edilməlidir. Təbiidir ki, həm narkotik vasitənin əvəzsiz verilməsi nəticəsində, həm də onun açıq istehlakının şahidi olan və bu zaman həmin istehlaka həvəslənən şəxsin seçmək imkanı məhdudlaşdırılmır və burada onun iradəsinə zidd əməl müşahidə olunmur.

Narkotik vasitələrin istehlakına təhrik və ya cəlbetməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi ilə əlaqədar həmin istehlaka yol verilməsi, habelə birbaşa köməklik edilməsi məsələləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər hansı şəxs, xüsusən idarəsində insanların kütləvi olduqları və ya ictimai istifadə üçün nəzərdə tutulmuş yerlərin rəhbərləri tərəfindən qəsdən narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxslər tərəfindən qanunsuz istehlakı üçün vəsait, avadanlıq, yer verilməsi, habelə belə istehlaka bilavasitə yardım göstərilməsi müvafiq məsuliyyətə səbəb olmalıdır. Narkotik vasitələrin istehlakına görə cinayət məsuliyyəti ləğv edildikdə (bu zaman, sözsüz ki, belə cinayətdə iştirakçılıq da ləğv olunur) bu əmələ görə məsuliyyətin cinayət qanunvericiliyində xüsusi maddə ilə müəyyən edilməsinin məqsədəuyğunluğu inkaredilməzdir.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində gəlir əldə etmək məqsədilə iştirak edən şəxslərin aydın fərqləndirilməsi və bu fərqləndirilməyə müvafiq hüquqi təsir tədbirlərin müəyyənləşdirilməsi narkotiklərin qanunsuz dövriyyəsi ilə uğurlu mübarizənin əsasıdır. Bununla əlaqədar narkotik vasitələrin və psixotrop maddələrin satılması ilə bağlı əməllər narkobizneslə məşğul olan şəxslərin ifşa və məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.

Bəzi ölkələrdə (əsasən keçmiş SSRİ-yə daxil olan ölkələrdə) “narkotik vasitələrin və psixotrop maddələrin satılması” anlayışı “narkotik vasitələrin və psixotrop maddələrin yayılması” anlayışı ilə əvəz edilir. Belə halda konkret tək əməli nəzərdə tutan “narkotik vasitələrin və psixotrop maddələrin satılması” anlayışından fərqli olaraq “narkotik vasitələrin və psixotrop maddələrin yayılması” anlayışı bir neçə əməlin (eyni zamanda narkotik vasitələrin satılmasını da əhatə edərək) məcmusu kimi çıxış edir. Bundan başqa, “narkotik vasitələrin və psixotrop maddələrin satılması” anlayışı tətbiq ediləndə ən böyük ictimai təhlükəliliyə malik narkotik vasitələrin və psixotrop maddələrin satılması (yəni faktiki olaraq narkobiznes) bəzi hallarda narkotik vasitələrin və psixotrop maddələrin yalnız epizodik istehlakı ilə əlaqədar ehtiyacların ödənilməsinə yönəldilmiş əməllərlə (satış məqsədi olmadan, yəni şəxsi istehlak üçün narkotik vasitələrin və psixotrop maddələrin daşınması və s.) qarışır, dolayı yolla onlara bərabər tutulur, anlayışın izahında uyğunsuzluqlar yaranır və nəhayət, sanksiyaların müəyyən edilməsi zamanı müxtəlif təhlükəlilik dərəcəsində olan əməllərin törədilməsinə görə eyni səviyyədə cəzalandırılmasına gətirib çıxarır. Bütün əsas beynəlxalq konvensiyalarda mübarizənin məhz narkobizneslə aparılmasının zəruriliyi vurğulanan dövrdə bu cür anlayışın tətbiq edilməsi yolverilməzdir.

Bütün inkişaf etmiş ölkələrin qanunvericiliyində narkotik vasitələrin və psixotrop maddələrin satılması xüsusi cinayət tərkibi kimi müəyyən edilir. Lakin hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (keçmiş SSRİ respublikalarının əksəriyyətində olduğu kimi) həmin əməl xüsusi tərkib olmayaraq digər cinayətlərlə birlikdə göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 11 iyul 1997-ci il tarixli qərarına görə, narkotik vasitələrin satılması dedikdə narkotik vasitələrin “hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bağışlama, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurma və s.)”. Gətirilmiş izahda müəyyən ziddiyyət müşahidə olunur.

Hamıya bəllidir ki, “satma” sözünün işlədilməsi narkotik vasitənin verilməsini və onun əvəzində nəyinsə alınmasını tələb edir. Bəxşiş veriləninsə əvəzində nəyinsə alınması ehtimalı, ümumiyyətlə, məntiqsizdir. Bununla yanaşı, həmin qərarın 11-ci bəndində narkotik vasitənin təklif edilməsi narkotik vasitələrin istehlakına təhriketmə kimi göstərilir. Belə halda, “istəyirsən sənə narkotik vasitə bağışlayım?” kimi sözlər narkotik vasitənin satılmasına cəhd və ya onların istehlakına təhrik kimi qiymətləndirilməlidir?

Digər tərəfdən narkotik vasitəni borc verən şəxsə onun müəyyən vaxtdan sonra qaytarılması yenə də həmin vasitənin satılmasını istisna edir. Sözügedən izahda başqasına iynə vuran şəxsin əməlləri də satma kimi qiymətləndirilir. Lakin bəllidir ki, müəyyən səbəblərdən (məsələn, abstinent sindrom nəticəsində, sadəcə olaraq, damarını tapmaq imkanında olmayanda) narkotik vasitələrin istehlakçıları arasında belə hərəkətlər o qədər də nadir hal deyil. Eyni zamanda narkotik vasitənin istehlakçısının orqanizminə onun özünün əldə etdiyi narkotik vasitənin onun xahişinə əsasən vurulmasına görə digər şəxsin narkotiklərin satılması üstündə cəzalandırılmasının məqsədəuyğunluğu böyük şübhə altındadır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ziddiyyətli məsələlərdən biri də narkotik vasitələrlə bağlı cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsidir.

Hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin (satış olmadan qanunsuz olaraq narkotik vasitələr hazırlama, əldəetmə, saxlama, daşıma və ya göndərmə) qeydinin birinci hissəsinə əsasən, “narkotik vasitələri könüllü surətdə təhvil verən şəxs verilmiş narkotik vasitələrin əldə edilməsinə, habelə onların saxlanmasına, daşınmasına və göndərilməsinə görə cinayət məsuliyyətindən azad edilir”. Həmin qeydin ikinci hissəsinə əsasən isə, “qeyri tibbi məqsədlərlə narkotik vasitələr istehlakı ilə əlaqədar olaraq tibbi yardım göstərilməsi üçün tibb idarələrinə könüllü müraciət etmiş şəxs həkimin təyinatı olmadan narkotik vasitələr istehlakına, habelə qanunsuz olaraq narkotik vasitələr əldə edilməsinə, saxlanmasına, daşınmasına və göndərilməsinə görə cinayət məsuliyyətindən azad edilir”. Göstərilmiş müddəanın bir sıra məqamlarının təhlili aşağıdakı fikirləri yaradır.

Özündə olan narkotik vasitələri kiməsə göndərmiş, yəni kiminsə vasitəsilə kiminsə ixtiyarına vermiş şəxs onları “könüllü surətdə təhvil vermək” imkanında ola bilməz. Məlumdur ki, narkotik vasitələri göndərən şəxs adətən cinayətin təşkilatçısı kimi çıxış edir və bu cür təhlükəli şəxsin cinayət məsuliyyətindən azad edilməsinin məqsədəuyğunluğu böyük şübhə yaradır.

Bununla yanaşı, nə 226-1-ci maddədə, nə də plenumun qərarında təhvil verilmiş narkotik maddələrin nə yuxarı, nə də aşağı həddinin müəyyən edilməməsi şəxsi istehlak miqdarından yuxarı miqdarda (bəlkə də satış məqsədilə) heroini göndərmiş və ya saxlayan şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün geniş imkan yaradır.

Narkotik vasitələrin təhvil verilməsinə dair tələbin hüdudları mütləq müəyyən edilməlidir. Qeydin və ya qərarın mətnində belə hüdudların müəyyən edilməməsi nəticəsində narkotik vasitələri dəfələrlə əldə edən, daşıyan və s. şəxsin həmin vasitələri dəfələrlə təhvil verdiyi halda məsuliyyətdən azad edilməməsi üçün heç bir dəlil gətirmək mümkün deyil.

Eyni qaydada qeyri-tibbi istehlakla əlaqədar tibbi yardımın göstərilməsi üçün tibb idarələrinə müraciət etmiş şəxsin məsuliyyətdən azad edilməsinə dair müvafiq məhdudiyyətlər müəyyən edilməlidir.

Nəhayət, cinayət məsuliyyətindən azadetmə şərtlərinin bu cür göstərilməsi həmin müddəaların Ali Məhkəmənin plenumunun qərarı vasitəsilə əlavə şərh edilməsi zərurətini açıqlayır. Həmin şərhlər isə bilavasitə məhkəmələrə aid edilmiş sənədlərdir. Bildiyimiz kimi, cinayət-prosessual qanunvericiliyə əsasən, sadalanmış cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb olunmuş şəxs bu məhkəmədən başqa, ibtidai istintaq orqanı tərəfindən məsuliyyətdən azad edilə bilər. Məhkəmə sisteminə daxil olmayan orqanın öz fəaliyyətində məhkəmə tərəfindən qəbul edilmiş, yalnız məhkəmələrə şamil edilən və tövsifedici xarakter daşıyan akta istinad etməsi isə anlaşılmazdır.

Nəzarət edilən maddələrə dair mövcud olan hüquq normalarının pozulmasına görə cəzadan yayınmaq və eyni zamanda eyferogen halını yaradan maddələrə tələbatı ödəmək üçün gizli laboratoriyalarda vaxtaşırı olaraq qanunvericiliklə nəzarət edilməyən, lakin öz kimyəvi quruluşuna görə nəzarətdə olan hər hansı narkotik vasitə və psixotrop maddə ilə xeyli dərəcədə oxşar olan, analoji psixoaktiv təsir göstərən və dünya təcrübəsində “narkotik-analoq” kimi tanınan maddələr hazırlanır. Bildiyimiz kimi, cinayət hüququna müvafiq olaraq, əməl yalnız o halda cazalanmalıdır ki, onun cəzalanmalı olması həmin əməlin törədilməsinə qədər qüvvədə olan qanunla müəyyən edilmiş olsun. Həmin prinsip nəzarət edilməyən maddələrə dair işlər üzrə cinayəti törədən şəxslərin cinayət məsuliyyətindən azad olunması məqsədilə səmərəli istifadə edilir. Belə ki, həmin laboratoriyalar və ya həmin maddələrin yayılması ilə məşğul olan şəxslər yaxalandıqda onlar tərəfindən qüvvədə olan qanunvericiliklə nəzarət edilməyən, hətta rəsmi təsnifatlarda adı çəkilməyən maddələrlə müxtəlif əməliyyatların aparılması həmin şəxslərin cəzadan azad edilməsi üçün əsas kimi göstərilir. Buna görə də “analoq” anlayışının olmaması daimi qanunvericilikdə boşluq kimi qəbul olunurdu.

 Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, hal-hazırda bu məsələ “güclü təsir edən maddələr” anlayışı vasitəsilə tənzimlənir.

Cinayət Məcəlləsinin bugünkü vəziyyəti, orada təsbit edilmiş müddəalar hüquq-mühafizə orqanlarının işini yüngülləşdirir və məcəllədə mövcud olan qeyri-obyektivlik cinayətkar ünsürlərin asanlıqla məsuliyyətdən kənarda qlmasına geniş imkan yaradır. Bu vəziyyətin Azərbaycanda aparılan hüquq islahatları zamanı aradan qaldırılması böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft