|
AVROPA BİRLİYİNİN İNSTİTUTLARI
ELXAN MEHDİYEV
Mənbə:
"Məşvərət", N13,
1998
Avropa parlamentinin birgə qərarlar qəbul edilməsi istiqamətində müəyyən
səlahiyyəti vardır. Bu, əsasən, daxili bazar, Avropa Birliyi büdcəsi, yeni
üzvlərin qəbulu və assosiativ üzvlük müqavilələri və sair məsələləri əhatə
edir. Bu səlahiyyət Maastrixt müqaviləsindən sonra daha da artmış və Avropa
Parlamenti indi daxili bazar qanunvericiliyi ilə bağlı məsələlərdə də veto
hüququ əldə etmişdir. Hazırda Avropa Parlamenti Avropa Komissiyasına
etimadsızlıq göstərmək hüququna malikdir. Avropa Komissiyasının üzvləri
Avropa Parlamentində bəyənildikdən sonra öz vəzifələrini tuta bilər. Bu
hüququ da ona Maastrixt müqaviləsi vermişdir.
Avropa parlamentinin üzvləri hər beş ildən bir
üzv dövlətlərin nümayəndələrindən birbaşa seçimlə seçilir. Üzvlərin sayı
əhalinin sayına görə müəyyən edilir. Məsələn, Belçikanın 24, Hollandiyanın
25 üzvü olduğu halda, İspaniyanın 60, Almaniya, Fransa və İngiltərənin 81
üzvü vardır.
1979-cu ilə kimi milli parlamentlər öz
nümayəndələrinə Avropa Parlamentində iştirak etmək üçün səlahiyyət
verirdilər. Parlamentin katibliyi Lüksemburqda yerləşir. Komitə görüşləri
Brüsseldə, sessiyalar isə, bir qayda olaraq, Strasburqda keçirilir.
Avropa Şurası
Avropa Şurası üzv dövlətlərin dövlət və hökumət başçılarını bir araya
gətirir. Şura Birliklə bağlı spesefik məsələləri və Birliyin xarici siyasət
məsələlərini müzakirə edir. Şura yaranandan sonra Avropa Parlamentinə
birbaşa seçkilər, iqtisadi və pul birliyi, ümumi kənd təsərrüfatı siyasəti,
maliyyə islahatları ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Avropa Şurası
üzvləri ən azı 2 ildə iki dəfə görüşürlər. Onların iclasında Avropa
Komissiyasının sədri də iştirak edir.
Şura
Şura (Nazirlər Şurası da adlanır) ümumiyyətlə, Birliyin qərar verən
orqanıdır. Burada, əsasən, müzakirə olunan məsələ ilə bağlı sahənin naziri (
üzv ölkələrin hökumətlərinin nümayəndələri, məsələn, xarici işlər və ya kənd
təsərrüfatı naziri) iştirak edir.
Şuranın Prezidentlik strukturu 6 aydan bir dəyişir. Şura iclasları qapalı
olur. Nazirlər Şurası və Avropa Şurası Birliyin ümumi xarici və
təhlükəsizlik siyasətini ifadə edən strukturlardır.
Şuranın qərarları çoxluğun səsi ilə qəbul edilir, bir çox hallarda çoxluğun
sadə üstünlüyü kifayət edir. Elə hallar var ki, orada tam vahid mövqe tələb
olunur.
Avropa Birliyi müqaviləsinə görə Şura ilə Parlament arasında aşağıdakı
məsələlərlə bağlı əməkdaşlıq proseduru yaradılmışdır: diskriminasiyanın ləğv
edilməsi, fəhlələrin azad hərəkəti, qanun və direktivlərin vahid bazara
uyğunlaşdırılması, fəhlələrin təhlükəsizliyi və səhhəti ilə bağlı tədqiqat
və inkişaf proqramlarını detallarla uzlaşdırılması.
Şura Birliyin illik büdcəsini bəyənir və Avropa Parlamentinə təqdim edir .
Parlament istəsə, istənilən yerə düzəliş edə bilər. Üzv ölkələrin daimi
nümayəndələrindən təşkil edilən Komitə Şuranın işini hazırlayır. Bu komitə
Şura ilə Komissiya arasında körpü rolunu oynayır.
Avropa Komissiyası
Komissiya Birliyin icraedici orqanıdır. O, Birliyin siyasətini irəli sürür
və Birliyin əsas maraqları çərçivəsində hərəkət edir. Müqavilələrin
qoruyucusu kimi, o, Birliyin qanunlarının yerinə yetirilməsini müşahidə
edir. Komissiya 17 nəfərdən ibarət olur və 5 illiyə təyin olunur. Prezident
və vitse-prezident bu üzvlər arasından 2 illiyə seçilir və yenidən
seçilir.Komissiyanın hər bir üzvünün müəyyən sahə üzrə məsuliyyəti vardır.
Komissiya öz qərarlarını sadə çoxluq əsasında qəbul edir. Komissiya üzvləri
tam müstəqil olub, heç bir başqa hökumətin və ya təşkilatın göstərişi ilə
hərəkət etmir.
Ədalət Məhkəməsi
Ədalət Məhkəməsi Birliyin məhkəmə hakimiyyəti orqanıdır. Bu orqan 13
hakimdən ibarətdir. Onlar üzv ölkələr arasında razılaşmaya əsasən 6 illiyə
təyin olunurlar. Məhkəmənin işi, Birliyin qanunlarının tətbiq edilməsində və
təfsirində təhriflərə yol verməmək, Şuranın və Komissiyanın qəbul etdiyi
qanunların qanuniliyini müəyyən etmək, milli məhkəmələrin ona həvalə etdiyi
(Birliyin qanunları ilə bağlı) məsələlərə baxmaqdan ibarətdir. İstənilən üzv
ölkə, əgər hesab etsə ki, digər ölkə Birliyin qanunlarına riayət etmir, onda
həmin ölkə qanunu pozan ölkəni məhkəmə qarşısına gətirə bilər.
Auditor Məhkəməsi
Auditor Məhkəməsi Birliyin hesabatını, onun gəliri və xərclərini , eləcə də,
hesabatda göstərilməyən xərcləri yoxlayır. Auditor yoxlaması hesabat
statistikası üzərində, lazım olduqda isə xərclər olduğu yerdə aparılır . Üzv
ölkələrdə də bilavasitə Birliklə birgə yoxlamalar ola bilər. Auditor
Məhkəməsi öz hesabatını dərc edir.
Şura, Avropa Parlamenti ilə məsləhətləşmə əsasında Auditor Məhkəməsinin 12
üzvünü müəyyənləşdirir. Onlar öz işlərində tam müstəqildirlər.
Avropa İnvestisiya Bankı
Avropa İnvestisiya Bankı ayrıca hüquqi şəxs olaraq Birliyin bank işləri üzrə
qolunu təşkil edir. Onun üzvləri Birliyin üzvləridir. Öz fondları hesabına
Bank Birliyin az inkişaf etmiş regionlarının dirçəlməsinə, şirkətlərin
inkişafına, yeni iş yerlərinin açılması və üzv ölkələrin xeyrinə layihələrin
işlənməsinə yardım edir. Bank assosiativ üzvlərə də maliyyə-kredit
məsələləri ilə bağlı yardımlar edir. |