|
BEYNƏLXALQ MƏHKƏMƏ
RASIM MUSABƏYOV
Mənbə:
"Məşvərət", N19-21,
1999
1945-ci ildə BMT-nin Nizamnaməsinə uyğun
olaraq yeni məhkəmə orqanı - Beynəlxalq Məhkəmə yaradıldı. BMT
Nizamnaməsinin 92-ci maddəsinə görə, Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər
Təşkilatının ali məhkəmə orqanıdır. Onun təsis edilməsi BMT
Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndinin beynəlxalq mübahisələrin
həllində sülh vasitəsi kimi məhkəmə təhqiqatının mümkünlüyünü nəzərə alan
hissəsinin həyata keçirilməsi deməkdir. Beynəlxalq Məhkəmənin statutu BMT
Nizamnaməsinin ayrılmaz
hissəsi olan XIV fəsli ilə birlikdə Vaşinqtonda Hüquqşünaslar Komitəsində
Dumbarton-Oks konfransında (1944-cü il) və 1945-ci ildə San-Fransisko
konfransında işlənib hazırlanmışdır.
Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı
olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və
müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Onlar
ya öz ölkələrində yüksək məhkəmə vəzifələrinə təyinat tələblərini ödəyən
şəxslərdir, ya da beynəlxalq hüquq sahəsində tanınmış nüfuzlu
hüquqşünaslardır (statutun 2 və 3-cü maddələri). Məhkəmə üzvlüyünə
namizədlər hər bir dövlətdə münsiflər məhkəməsinin daimi palatasının
üzvlərindən ibarət «milli qruplar» adlandırılanlar tərəfindən irəli
sürülürlər. Əgər bu və ya digər dövlət palatada iştirak etmirsə o,
Beynəlxalq Məhkəmənin üzvlüyünə namizəd irəli sürmək üçün xüsusi olaraq
milli qrup təşkil edir. Məhkəmənin üzvləri münsiflər məhkəməsinin daimi
palatasının milli qruplarının təklifi ilə siyahıya salınmış şəxslərdən Baş
Assambleya və Təhlükəsizlik Şurası tərəfindən seçilirlər.
Məhkəmə yenidən seçilmək hüququ ilə sədri və
vitse-sədri üç illiyə seçir. Seçkilər gizli səsvermə yoluyla mütləq çoxluq
prinsipi əsasında həyata keçirilir. Məhkəmə yenidən seçilmək hüququ ilə
mütləq səs çoxluğu və gizli səsvermə yoluyla yeddi il müddətinə öz katibini
seçir. Bu qayda ilə də katibin müavini seçilir.
Məhkəmə katibinin funksiyaları çox genişdir
və məhkəmənin statut və reqlamentində müfəssəl təsbit olunub. Məhkəmənin
katibliyinin fəaliyyəti dörd sahədə həyata keçirilir:
· məhkəmə işi, məsələn, müxtəlif məhkəmə və
tarixi ilk olaylara aid sənədlərin, qanunvericilik və saziş mətnlərinin və
eləcə də hüquqşünasların rəylərinin yığılması;
· diplomatik iş, o sıradan məhkəmənin
adından müxtəlif xəbərlərin hazırlanması;
· inzibati və maliyyə işi (məsələn, işçi
heyətə, otaqlara, büdcənin hazırlanmasına və s. aid məsələlər);
· dilçilik işi - müxtəlif sənədlərin
redaktəsi və tərcüməsi üzrə işlərin icrası.
Məhkəmə Haaqada yerləşir, lakin bu ona öz
vəzifələrini istənilən başqa yerdə icra etməyə mane olmur. Statutun 23-cü
maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəmə özü tərəfindən tarixi və
müddəti müəyyən edilmiş məhkəmə vakasiyaları istisna olmaqla daima
iclaslarını keçirir. Məhkəmədə iş fransız, yaxud ingilis dillərində
aparılır, halbuki hər tərəf iş zamanı nitqləri və sənədləri bu iki rəsmi
dildən birinə tərcümə edərək digər dildən istifadə edə bilər.
Hər iş, bir qayda olaraq, iki mərhələdən -
yazılı və şifahi mərhələdən keçir. Yazılı mərhələ adətən bir neçə ay davam
edir, çünki hər tərəfdən uyğun yazılı izahatların - memorandumların
təqdimatı tələb olunur. Bir qayda olaraq, iş iki dövlətin razılığının
(məhkəmədə işin araşdırılması haqqında barışığın) məhkəməyə verilməsi ilə
başlanır. Əgər dövlət məhkəmənin səlahiyyətinə tabe olacağı barədə öz
üzərinə öhdəlik götürübsə iddiaçı dövlət tərəfindən birtərəfli yazılı
müraciət ilə ona qarşı iş qaldırıla bilər.
İş məhkəmədə dinlənilməyə hazır olduqda
şifahi təhqiqat başlanılır. Bu mərhələ adətən bir neçə gün (nadir hallarda
bir neçə həftə) çəkir. Tərəflər nümayəndələri vasitəsilə çıxış edirlər və
qəyyumların və vəkillərin köməyindən istifadə edə bilərlər. Belə təhqiqatdan
sonra məhkəmənin bağlı iclası keçirilir. Açıq iclasda isə ancaq məhkəmənin
qərarı elan edilir. Qərar hakimlərin sadə səs çoxluğu ilə qəbul olunur,
səslər bərabər olarsa sədr həlledici səsə malikdir.
Dövlətlər Beynəlxalq Məhkəmənin
yurisdiksiyasını tanımaya bilərlər, amma onlar BMT Nizamnaməsinin 94-cü
maddəsinə uyğun olaraq konkret iş üzrə onu qəbul edirlərsə onda bu iş üzrə
məhkəmənin qərarını icra etməlidirlər. Məhkəmə tərəfindən qəti və sonuncu
qərar çıxarıldıqdan sonra tərəflər ancaq qərarın aydınlaşdırılması xahişi
ilə məhkəməyə müraciət edə bilərlər (qərarın özünün mənası , yaxud fəaliyyət
dairəsi barədə mübahisə qalxarsa). Ya da onlar məhkəmə qərarı çıxardığı
zaman nə məhkəməyə, nə də işə yenidən baxılmasına vəsatət qaldırmış tərəfə
əvvəlcədən məlum olmayan yenicə aşkarlanmış şərtlərin əsasında işə yenidən
baxılması xahişi ilə müraciət edə bilərlər. 94-cü maddənin 2-ci bəndində
Beynəlxalq Məhkəmənin qərarının icrasının təmin edilməsi üsulu nəzərə
alınmışdır. Belə ki, tərəflərdən hər hansı biri məhkəmə tərəfindən onun
üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmirsə digər tərəf Təhlükəsizlik
Şurasına müraciət edə bilər. TŞ lazım bilərsə qərarın icrası üçün
tədbirlərin görülməsi haqqında rəy verə,yaxud qərar qəbul edə bilər.
Beynəlxalq Məhkəmənin səlahiyyəti məhkəmənin
statutunun II fəslində (34-38-ci maddələr) və eləcə də IV fəslində (65-68-ci
maddələr) təsbit olunmuşdur. Statutun bu fəsilləri Beynəlxalq Məhkəmənin
səlahiyyətlərinin sərhədlərini müəyyən edir.
Birincisi, məhkəmənin səlahiyyətləri ancaq
dövlətlər arasındakı mübahisələrə aiddir. Məhkəmə adi şəxslərlə dövlət
arasındakı və əlbəttə, adi şəxslər arasındakı mübahisələrə baxa bilməz. Və
hətta dövlətlər arasındakı mübahisələrə də bütün tərəflərin razılığı ilə
baxıla bilər. Beləliklə, məhkəmənin səlahiyyəti dövlət üçün məcburi yox,
ancaq fakültətivdir. Məhkəməyə fakültətiv səlahiyyətin verilməsi qərarı
San-Fransiskodakı konfransın 4-cü komissiyasının birinci komitəsində məhkəmə
üçün məcburi səlahiyyətin çoxsaylı tərəfdarları ilə olduqca gərgin
mübarizədən sonra səs çoxluğu ilə (31-ə qarşı 14) qəbul edilmişdir.
Dövlətlərin mübahisələri məhkəməyə
fakültətiv xarakterli həll üçün vermələri xüsusi olaraq özünü onda biruzə
verir ki, Beynəlxalq Məhkəmənin statutunun 36-cı maddəsinin 1-ci bəndinə
müvafiq olaraq «tərəflərin məhkəməyə təqdim etdikləri bütün işlər onun
səlahiyyətinə aiddir…». Fəqət statutun üzvü olan dövlətlər işlərin müəyyən
kateqoriyaları üzrə məhkəmənin səlahiyyətini özləri üçün qəbul edə bilərlər.
Beynəlxalq Məhkəmənin statutunda onun
məcburi yurisdiksiyasının tanınması üçün bir neçə variant təsbit edilib.
Belə ki, dövlət məcburi yurisdiksiya barədə maddələr olan müvafiq bəyanatla
çıxış edə bilər, yaxud ikitərəfli beynəlxalq sazişin iştirakçısı ola bilər.
Belə sazişlərə sülhməramlı sazişlər, sülh və əməkdaşlıq haqqında, təbii
ehtiyatların müştərək istismarı haqqında, dəniz hövzələrinin bölüşdürülməsi
haqqında və digər sazişlər aiddir. Beynəlxalq Məhkəmənin məcburi
yurisdiksiyası barədə klauzula çoxtərəfli sazişlərin və ən əvvəl universal
beynəlxalq sazişlərin çoxsaylı qruplarının da tərkibində vardır. Bir çox
dövlətlər bu sazişlərin iştirakçılarıdır.
Beləliklə, Beynəlxalq Məhkəmənin məcburi
yurisdiksiyası saziş layihəsində dövlət tərəfindən ya tamamilə, ya hər hansı
bir şərtlə, ya da beynəlxalq mübahisələrin konkret kateqoriyaları üzrə qəbul
edilir. Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyasının tanınmasında
şərtlərin geniş tətbiq edilməsi onun fəaliyyət dairəsini əhəmiyyətli
dərəcədə daraldır.
Beynəlxalq Məhkəmənin məcburi yurisdiksiyası
dövlətlərin bəyanatları ilə yanaşı, beynəlxalq münasibətlərin bəzi spesifik
sahələrini tənzimləyən bir sıra beynəlxalq konvensiyalarda da nəzərdə
tutulmuşdur. Bir qayda olaraq, onlarda bu konvensiyaların şərhinə və
tətbiqinə aid olan mübahisələrin təhqiqat üçün məhkəməyə verilmə qaydları və
şərtləri çox ciddi qeyd olunur. Misal kimi 1961-ci il diplomatik əlaqələr
haqqındakı Vyana konvensiyasına mübahisələrin məcburi həlli barədəki
fakültətiv protokola müraciət etmək olar. Protokolun I maddəsində deyilir:
«Konvensiyanın şərhi və ya tətbiqi üzrə mübahisələr Beynəlxalq Məhkəmənin
məcburi yurisdiksiyasına aiddir və bu protokolun iştirakçısı olan hər bir
dövlətin mübahisəyə aid ərizəsi üzrə müvafiq olaraq bu məhkəməyə təqdim
oluna bilərlər».
Beləliklə, BMT-nin Beynəlxalq Məhkəməsinin
məcburi yurisdiksiyasının tanınmasının aşağı səviyyədə olmasına baxmayaraq
bir sıra hallarda ona kifayət qədər geniş səlahiyyətlər verilir ki, bu da
məhkəmənin dövlətlərarası mübahisələrin həllində böyük potensial imkanlara
malik olduğuna dəlalət edir.
Ümumən, qəbul edilmiş bir qaydaya müvafiq
olaraq iddiaçı dövlət təqdim olunmuş mübahisənin mahiyyəti üzrə baxılması
üçün məhkəmənin səlahiyyətini əsaslandırmalıdır. Bundan əlavə, mübahisənin
mövcudluğu faktının və onun hüquqi təbiətinin sübuta yetirilməsi öhdəliyi də
elə bu dövlətin üzərinə qoyulur. Bu maddənin pozulması iddianı
mənasızlaşdırır və beləliklə də, BMT-nin Beynəlxalq Məhkəməsinin
yurisdiksiyasının tətbiqini mümkünsüz edir.
Məhkəmə özünün məhkəmə funksiyalarından
əlavə ixtiyari təşkilatın (belə sorğuları etmək üçün BMT-nin Nizamnaməsi ilə
və ya ona müvafiq olaraq müvəkkil təyin olunmuş) sorğusu üzrə ixtiyari
hüquqi məsələ üzrə məsləhət arayışı vermək hüququndadır. Beynəlxalq
Məhkəmənin məsləhət arayışı ancaq beynəlxalq hakimlərin beynəlxalq hüququn
bu və yaxud digər məsələsi üzrə rəylərinin ifadəsidir. Bu məcburi xarakter
daşımır və Beynalxalq Məhkəməyə məsləhət arayışı üçün müraciət etmiş orqanı
heç cürə məhdudlaşdırmır.
Çoxlu sayda konvensiya və sazişlər mövcuddur
ki, onlara müvafiq olaraq dövlətlər gələcəkdə məhkəmənin yurisdiksiyasını
tanıyacaqlarını öhdələrinə götürürlər. Bunlara aiddir: iki dövlət arasında
yaranacaq mübahisələrin hamısına və ya bəzi kateqoriyalarına aid olan
ikitərəfli sazişlər, mübahisələrin bir və ya daha çox kateqoriyalarına aid
olan çoxtərəfli konvensiyalar və sair (statutun 36-cı maddəsinin 1-ci bəndi
və 37-ci maddəsi). Beynəlxalq Məhkəmə bəzi məhdudiyyətlərlə eləcə də
beynəlxalq təşkilatların qərarlarının qanuniliyi üzərində dolayısı nəzarəti
həyata keçirə bilər, apelyasiya instansiyası rolunda çıxış edə bilər və
beynəlxalq inzibati tribunalların qərarlarının yenidən baxılması üzrə arayış
çıxara bilər.
Statutun 38-ci maddəsinə müvafiq olaraq
Beynəlxalq Məhkəmə öz qərarlarında aşağıdakılara əsaslanır:
a) beynəlxalq konvensiyalar və
sazişlərə;
b) beynəlxalq ənənəyə;
v) hüququn mədəni millətlər
tərəfindən qəbul edilmiş ümumi prinsiplərinə;
q) hüquq normalarını
müəyyənləşdirmək üçün yardımçı vəsait kimi məhkəmə qərarları və ən görkəmli
mütəxəssislərin doktrinalarına.
Bundan əlavə tərəflərin razılığı olarsa məhkəmə işi
formal qanun üzrə yox, ədalətlilik prinsiplərinə uyğun (yəni ex aequo et
bono) həll edə bilər. |