|
İSLAMIN DÜNYA MODELİNDƏ MƏŞVƏRƏT
FƏRİD AYDIN
Mənbə:
"Məşvərət", N14,
1999
Miladi 625-ci ildə ( Hicrətin 3-cü ili) Hz.Peyğəmbərin əsas düşmənləri olan
Məkkə idarəçiləri böyük bir ordu toplayaraq Cənabi Rəsulullahın və İslamın
ilk paytaxtı olan Mədinə civarlarına gəlib müsəlmanları təhdid eləməyə
başladılar. Məkkədən təqribən üç min nəfərlik düşmən ordusunun gəldiyini
xəbər alınca Hz. Peyğəmbər cəld hərbi şurasını topladı. Müzakirə edilən
məsələlərin ən mühümlərindən biri Mədinənin daxilindəmi, yoxsa xaricindəmi
vuruşmalı məsələsiydi. Hz. Peyğəmbər röyasında (peyğəmbərlərin röyaları hər
vaxt doğru olub, onların Allahdan xəbər alma yollarından biridir) vuruşmanın
çox şiddətli olub müsəlmanlardan və öz qohumlarından bəzi mühüm
şəxsiyyətlərin şəhid olacağını görmüşdü. Həm bu səbəbdən, həm məkkəlilərin
hücumunun gözlənilməzliyi və müsəlmanların hazırlıqsızlığı, həm də düşmənin
3000-lik atlı-dəvəli və zirehli ordusuna qarşı müsəlman ordusunun 900-1000
civarında olub əsgərlərin böyük əksəriyyətinin atsız və zirehsiz olduğu
üçün, Hz. Peyğəmbər şəhərin küçə və evlərində vuruşmağı məsləhət gördü.
Fəqət şura heyətinin gənc üzvlərininin əksəriyyəti düşmən qüvvələriylə şəhər
xaricində qarşılaşıb vuruşmaq fikrindəydi. Hz. Peyğəmbər əksəriyyətin
fikrini dinləyib qəbul etdi və vuruşmağa hazırlaşmaq üçün məclisi tərk etdi.
Bundan sonra Onun fikrini qəbul edən şura hey’ətinin üzvləri digər üzvlərini
Onun məsləhətini qəbul etmədiklərinə görə qınadılar. Peşman olan şura
üzvləri Hz. Rəsulullahdan üzr istəmək və Onun məsləhətini qəbul elədiklərini
söyləmək üçün yanına getdiklərində zirehini geyib qılıncını götürən Hz.
Peyğəmbər məclisin verdiyi qərarın dəyişdirilməsinin mümkün olmayacağına
işarə edərək dedi ki, bir peyqəmbər zirehini geydikdən sonra savaşmadan və
ya Allahdan əmr gəlmədən zirehini çıxartmaz...
İyirminci əsrin məşhur İslam alimi,
təfsirçi-ictimaiyyətçı misirli Seyyid Qütb bu hadisəni İslamın məşvərətə və
şuraya verdiyi əhəmiyyətə misal olaraq qeyd etmişdir. Hz. Peyqəmbər Məhəmməd
Əleyhissəlam peyqəmbər olub Allahdan xəbər almasına və röyada bir çox
məsələnin həllini görməsinə baxmayaraq, (haqqında Allahdan qəti əmr aldığı
məsələləri çıxxmaqla) sirdaşlarıyla məşvərət eləyib çox vaxt əksəriyyətə
tabe olardı.
Ühüd dağı vuruşmasında müsəlmanlar ciddi
müqavimət, fədakarlıq və qəhrəmanlığa baxmayaraq məğlub olub 70-90 nəfər
şəhid vermişdi. Şəhidlərin arasında Hz. Həmzə (komandan), Müsab bin Ümeyr
(İslamı bütün Mədinədə yayqınlaşdıran və vuruşma əsnasında özünü Hz.
Peyğəmbər kimi göstərib sui qəsdçiləri yayındıran cavan), Enes bin Nadr kimi
böyük şəxsiyyətlər var idi. Bu vuruşmada Hz. Peyğəmbərin özü də yaralanıb,
sui-qəsdə məruz qalmışdı. Bu dəhşətli vuruşmadan sonra Allah-Taala ayə
göndərdi: “Allahın rəhmətinin səbəbiylə Sən onlara (hey’ət üzvlərinə)
mülayim davrandın. Kobud və daşürəkli olsaydın ətrafından dağılışıb
gedərdilər. Əfv et onları, Allahın onları bağışlaması üçün dua elə, onlarla
məsləhətləş (yəni məğlubiyyətə baxmayaraq məşvərəti davam etdir). Bir qərara
gəldinmi, Allaha etimad et. Şübhəsiz ki, Allah Ona etimad edənləri sevər”.
(Ali İmran, 159-cu ayə).
İslam dini aləmşümul dindir. Yəni ki, bütün
dünyadakı millət və mədəniyyətlərin hər cür problemini həll edə bilmək üçün
kafi zənginliyə sahibdir. Eyni zamanda İslam dindir. Yəni insanların maddi
məsələlərindən çox ruhi-mənəvi məsələləriylə əlaqədardır. Bu iki səbəbdən
dolayı İslamda üsuli-idarəyə (idarə tərzi) dair təfərrüatlı bir sistem
göstərilib məcburi olmamışdı. Ancaq İslam hüququ kitablarında ümumiyyətlə
İmamət (liderlik, idarəetmə prinsipləri) qismində İslamın üsuli-idarəyə
baxışının təməlini təşkil eləyən əsaslar göstərilmişdir. Buna məşhur müasir
alimlərdən professor Vəhbə Züheylinin İslam Hüququ Ensiklopediyasında
“İslamda üsuli-İdarə” bölümünün “İmamət” qismindəki “İmamın
səlahiyyətlərinin hüdudları və İslamda idarə sisteminin qaydaları”
bəhsini misal göstərə bilərik:
1 - şura
2 - ədalət
3 - qanun qabağında bərabərlik
4 - İnsanın şərəf və heysiyyətinin qorunması
5 - hürriyyət
6 – ümmətin (bütün müsəlmanların) dövlət
mexanizmlərinin işinə nəzarət etməsi və idarəçinin məsuliyyəti.
Mövzumuz əsasən məşvərət olduğu üçün gəlin
birinci bənd olan şura məsələsinə baxaq. Onu da qeyd etməliyik ki, 1-dən
6-yadək sıralama təsadüfi deyil və bu tərtib islamın idarə fəlsəfəsinin
əxlaqi dəyərlərini əks etdirir.
Vəhbə Züheyli şuranın məşruluğuna
(qanuniliyinə) dair Qurandan iki dəlil gətirməktədir:
1 - ...iş xüsusunda onlarla (ümmətlə)
müşavirə apar...(Ali İmran, 159-cu ayə)
2 - ...onlar (müsəlmanlar) öz işlərini
müşavirə ilə həll eyləyirlər (Şura, 38.)
Sonra müəllif Hz. Peyğəmbərin buyruqlarından
misal gətirməkdədir :
1
- “İşlərinizi həll eyləyə bilmək üçün məşvərətdən istifadə edin”
2
- “Bir topluluq məşvərət eləyəndə mütləq ən doğru olana meyl edər”
3
- “Özüylə müşavirə aparılan insan özünə etimad edilən insandır” (yəni- belə
bir insan bu etimaddan sui-istifadə etməməlidir və ya etimaddan sui-istifadə
eləyən insanlarla müşavirə aparmayın)
4
- Əbu Hüreyrə isə deyir ki, “Heç kimsə Hz. Rəsulullah kimi çox müşavirə
aparmadı”.
Bu dəlillərdən sonra Vəhbə Züheyli Hz.
Rəsulullahın öz həyatından misallar verir:
1 - Bədr vuruşmasından qabaq, müsəlman ordusunun mövqeyini müəyyənləşdirmə
əsnasında Hübab bin Münzirin təklifini öz fikrindən üstünn tutması.
2 - Bədrdən sonra əsirlərin aqibəti (öldürülmə və ya sərbəst buraxılma)
mövzusunda Əbu Bəkr, Sad bin Müazz və Ömər bin Xəttab həzrətləriylə müşavirə
aparması.
3 - Ühüd vuruşması astanasındakı müşavirə.
4 - Hz. Peyğəmbərin xanımı Hz. Aişəyə iftira atılanda (iftiranın əsassız
olduğunu bilməsinə baxmayaraq)
5 - Xəndək vuruşmasında bəzi düşmən müttəfiqlərinə Mədinənin bir illik xurma
məhsulunun 1\3-ni verib cəbhədən çəkilmələrini təklif etməsi (şura üzvləri
tərəfindən qəbul edilmədi, Hz. Peyğəmbər də vaz keçdi).
Bu misallardan sonra ilk dörd xəlifənin həyatından misallar verərək müəllif
məşvərətə necə əhəmiyyət verdiklərini göstərməktədir.
Şuraya dair, ilk – qanunilik məsələsindən sonra Vəhbə Züheyli ikinci mövzu
olan “İstişarə (məşvərət) sahəsi”ni nəzərdən keçirir. O qeyd edir ki,
idarəçilərə aid olan mütləq müşavirə əmri (mütləq əmr təfərrüatla ifadə
edilməyən, ümumi xarakter daşıyan göstərişdir) istər dini, istər dünyəvi
bütün məsələləri (siyasi, ictimai, iqtisadi, mədəniyyət sahələrinin nizama
qoyulmasını) əhatə etməlidir. Yəni haqqlarında dəlillər açıq olan
(haqqlarında dəlil olması şübhəsiz olan), hüquqi xarakter daşıyan bir nassın
(Qurandakı və ya Hz. Peyğəmbərə aid qəti əmr) olmadığı bütün məsələlər
məşvərət sahəsinin daxilindədir. Lakin məşvərət yolu ilə verilən qərarın
Quran və Hz. Peyğəmbərin ənənəsinə zidd olmaması şərti vardır.
Sonra “Şura heyəti” qismində müəllif qeyd edir : “İlk dörd xəlifə
dövründə hər xəlifə öz şura heyətini özü qurarmış. Bu şura hey’əti
üzvlərinin seçilməsində əsas prinsip onların elmi, təcrübi və əxlaqi
ləyaqəti idi. Dövrümüzdə isə hey’ət üzvlərinin seçilmə, təyin,
səlahiyyətlərini hüdudlaşdırma və b. məsələlərin həlli idarəçi ilə ümmətin
böyükləri arasındakı konsensusla mümkündür”.
“Şuranın hökmü (əhəmiyyət və məcburiyyət dərəcəsi)” bölümündə isə
Vəhbə Züheyli: “Şura idarəçi üçün məcburidirmi, özü qərar verə bilərmi?
Şuradan çıxan qərarın idarəçi tərəfindən qəbul edilməsi məcburidir mi?”
məsələlərini müzakirə edir. Bir qrup hüquqçuya görə, haqqında ayə olmayan
məsələlərin həllinə dair şuranın verdiyi qərara tabe olmaq, ya da olmamakda
idarəçi sərbəstdir. Başqa bir qrup isə Quranın əmrləri ilə hərəkət etmə
məsələsində idarəçi məşvərət apardığı mütəxəssislərin əksəriyyətinin
qərarına tabe olmağa məcburdur.
Bütün idarəçilər üçün şura vacib və məcburidir (buradakı “vacib” sözü
hüquqi məfhumdur, mütləq məcburiyyətə yaxın məcburiyyət dərəcəsi və Hz.
Peyğəmbərin öz əmri deməkdir), onnlaro məşvərətin nəticələrini də qəbul
etməyə məcburdurlar. Beləliklə, işlər, idarəçilik fəaliyyəti şəxsi fikrin
istibdad (diktə) səviyyəsinə çıxmasına mane olacaq şəkildə hikmət və faydaya
müvafiq bir istiqamətə girəcək. Çünki İslam idarəsi şura əsası üzərində
yüksələr və bu onun (İslam idarəsinin) ayırdedici xüsusiyyətidir. Ancaq əgər
idarəçi şura hey’ətini öz görüşünün üstünlüyünə inandıra bilməzsə hey’ət
üzvləri o fikri qəbul edənə qədər israr edə bilər.
Hz. Rəsulullah isə Allahdan vəhiy (yəni Peyğəmbərlərə aid bir xüsusiyyət
olaraq ya mələk Cəbrail ya da bilavasitə Allah -Taaladan ayə, əmr və hər cür
bilik və xəbər almağa deyilir) aldığı üçün şuraya haqqlı olaraq ehtiyac hiss
etməzdi. Bununla bərabər, O həm sirdaşlarını məmnun etmək üçün, həm də
özündən sonra gələn nəsillərə öyrətmək məqsədi ilə öz sirdaşlarıyla məşvərət
edərdi.
Rəvayətə görə, Hz. Peyğəmbərin elm cəhəti ilə ən böyük tələbələrindən və ilk
İslam alimlərindən biri olan (Hz. Peyğəmbərin əmisi Hz. Abbasın oğlu)
Abdullah bin Abbas demişdir: “ Onu bilin ki, Allah da, Onun Peyğəmbəri də
məşvərətə möhtac deyildir. Fəqət Allah məşvərəti müsəlmanlar üçün çox
xeyirli bir müəssisə olaraq lütf etmişdir. Onlardan (müsəlmanlardan) kim
məşvərət aparsa həqiqəti tapmaqdan məhrum edilməz. Onu (məşvərəti) tərk edən
xətadan uzaq qalmaz”.
Başqa görkəmli alimlər də bu məsələyə aid oxşar fikirlər söyləmişlər.
Bunlardan İbn-Atiyyəni və İbn Əbu Hüveyziməndadı misal gətirmək olar. Beləki
İbni-Atiyyə demişdir: “Şura şəriətin təməllərindən biridir və qərarları
əzmkarlıqla yerinə yetirilməlidir. Elm və din əhli ilə müşavirə aparmayan
vəzifədən alınmalıdır. Bu məsələdə hər kəs (bütün alimlər) eyni fikirdədir”.
İbn Əbu Hüveyziməndadı isə demişdir: “İdarəçilərin bilmədikləri
mövzularda və həll edə bilmədikləri dini məsələlərdə alimlərlə
məsləhətləşmələri, savaşla əlaqəli mövzularda ordu komandanları ilə,
insanlar üçün faydalı olanı axtarıb tapmaqda insanların ağsaqqalları ilə,
ölkənin məsələləri haqqında katiblər, nazirlər və valilərlə müşavirə
aparmaları lazımdır”.
Bu, uzun və bəlkə də bir qədər yorucu misallardan gördüyümüz kimi, yuxarıda
qeyd edilən əsaslar adətən bir skelet təşkil edir, onu “dolduran”
təfərrüat isə çox vaxt zaman və məkanın şərtlərinə görə dəyşə biləcəyi üçün
tamamilə məcburi sayılmamışdır. Bu, İslamın nöqsanı deyil, əksinə, onun hər
yerdə və hər cür şəraitdə tətbiq edilə bilmə xüsusiyyətinin bir təzahürüdür.
Kollektiv şüurun İslamda dəyər və əhəmiyyətini göstərən Hz. Peyğəmbərimizə
aid sözü (hədisi) gəlin heç unutmayaq:
“...bir arşın miqdarı camaatdan ayrılan, dönənə qədər İslamdan
ayrılmışdır.” |