top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 14 - Dinlər haqqında (dh)

İSLAMDA HAKİMİYYƏT BÖLGÜSÜ

FƏRİD AYDIN

Mənbə: "Məşvərət", N15, 1999


Bir çox başqa dinlərdən fərqli olaraq İslamın ilk günlərdən bəri dövlət və siyasət məsələlərinə güclü təsir etməsi son bir – iki əsr ərzində də onu təmsil etdiyini iddia edən və ya təmsil etdiyi qəbul edilən şəxs və ya təşkilatların öz çirkin hərəkətlərinin İslamdan qaynaqlandığına dair fikirin yayılması nəticəsində bu dinin İslam ölkələrinin inkişafına mane olan ən böyük amillərdən biri olduğu iddia edilmişdir.
Halbuki İslamın dövlətçilik prinsiplərinin müasir demokratik dövlətlərin idarəçilik sistemlərinə çox yaxın olması açıq - aydın görünməkdədir.

Quran və digər müqəddəs kitablarda bəzi      peyğəmbərlərin dini lider olmaqla bərabər siyasi və hərbi lider olduqlarını da görməkdəyik. Hz. Musa həm dini, həm siyasi, həm də hərbi liderdi. hz. Yusif qədim Misrin ya baş naziri, ya da maliyyə naziri idi (qəti məlum deyil). Hz. Məhəmməd əleyhissəlam da hz. Musa kimi geniş səlahiyyətlərlə göndərilmişdir.

Gördüyümüz kimi, İlahi qüdrət və qüvvəyə istinad edən və onu təmsil edən hakimiyyət tək bir şəxsin hökmranlığı ilə icra edilməkdədir. Bu cür idarənin hər hansı bir nəzarətə ehtiyacı yoxdur. Çünki o həm hüquqən, həm də faktiki olaraq fəal bir İlahi nəzarət və aktiv müdaxiləyə tabedir. Bu cür idarə ancaq başda peyğəmbər olmaqla ideal ola bilər. Hz. Mehdiyə də buna yaxın bir baxış var. O da Peyğəmbərimiz kimi fövqəladə geniş səlahiyyətlər daşıyacaq.

Ancaq müstəsna insanların (Peyğəmbərimiz və ya Mehdi kimi) idarə üsulları peyğəmbərsiz cəmiyyətlərdə eyni şəkildə istifadə edilə bilməz (bu, islam hüququnda qəbul edilmiş əsaslardan biridir). Peyğəmbərimizin idari fəaliyyət əsnasında göstərilən bu üsullar (ədli, icrai, qanunvericiliyə aid) araşdırılaraq əsas fikri, fəlsəfəsi dəyişməmək şərti ilə adi insanın səviyyəsinə uyğun hala islam hüquqçuları tərəfindən gətirilməkdədir. Əsrlər boyunca davam etmiş bu araşdırmaların nəticəsində müəyyənləşdirilən qəti qaydalar (bütün şərtlərdə mütləq olanlar və şərtlərə görə qətiyyət qazananlar) islam idarəetmə hüququnun əsaslarını təşkil etmişdir. Bu əsaslar, demək olar ki, məşrutidir (konstitusionaldır) və onların arasında aşağıdakılar xüsusi əhəmiyyət daşıyır:

  • xəlifənin, səlahiyyətli və xalqın etimadını qazanan şəxslərdən ibarət bir heyət tərəfindən seçilməsi;

  • xəlifənin Allah adından deyil, xalq adından xilafətini icra etməsi;

  • xəlifəliyə namizədin müsəlman və hürr olması (kölə olmaması), kişi cinsindən olub həddi-büluğa çatması, dəli olmaması, dini elmləri (xüsusiylə hüququ müctəhidlik dərəcəsində) bilməsi, vətənpərvər, cəsur, cismən sağlam, ali təhsilli, adil (dindar və əxlaqlı) olması və siyasi, iqtisadi, ictimai və mədəniyyət məsələlərinə yiyələnməsi xəlifə seçilə bilməsi üçün mütləqdir;

  • istər icra, istər ədliyyə, istər qanunvericilik hakimiyyətlərini təmsil edən şəxslərin seçki ilə təyin edilməsi və məşvərətlə fəaliyyət göstərməsi.

Bu və bunun kimi digər şərtlər yerinə gətirilmədən nə xəlifə, nə də digər idarəçilər xalqdan itaət tələb edə bilərlər. Xalq da itaət məcburiyyətindən azad olmaqdadır.

‘ ... həqiqəti bilməyənlərin keyflərinə uyma
( Casiyə, 18)

‘ ... Qəlbini Bizi (Allahı) xatırlamaqdan qafil qoyduğumuz, həvəs və şəxsi arzularına tabe olan və işi hər vaxt həddini aşmaq olan şəxslərə itaət eyləmə (Kəhf, 28)

Əfsuslar olsun ki, hz. Əlinin qətlindən sonra islam aləmində başlayan ədalət və hüquq keçməkeşinin nəticəsində idarəyə sözlə və ya silahla müxalifətçilik edən və ya etdiyi zənn edilən və dövlət terroruna qurban gedən böyük hüquqçuların idarəçilik hüququnun mühafizə və inkişaf etdirmələrinə mane olunmuşdur. Bu sistemin yerinə isə geniş miqyasda Bizans və Sasanlı İmperiyalarının idarəçilik hüququndan və idarə üsulundan istifadə edilmişdir ki, bunun da nəticəsində islamdakı cümhuriyyət əsası yerinə indiyədək silinməyən səltənət (monarxiya) ənənəsi gətirilmiş və kök salmışdır.

  • Bütün bu faciələrə baxmayaraq, ilk dörd xəlifənin təqribən otuz illik idarəçiliyi adətən dəyişməsi (daha çox de yure) mümkün olmayan bir ənənə meydana gətirmişdir. Bu ənənə, Quranın və hz. Peyğəmbərin fikri-mənəvi mirasının mənbə kimi istifadə edilməsiylə formalaşmışdı. Bu ənənəyə görə, dövlət mexanizmləri təşrii (qanunvericilik), icrai və ədli olaraq üç qismə ayrılmaqdadır. Bunlardan:

  • təşrii orqanlar (qanunvericilik hakimiyyəti) yüksək səviyyəli hüquq mütəxəssisləri ilə təmsil edilməlidir;

  • icrai orqanlar (icra hakimiyyəti) xəlifə, vəzirlər və valilərlə təmsil edilməlidir;

  • ədli orqanlar (məhkəmə hakimiyyəti) hakimlərlə təmsil edilməlidir.

Bunların fəaliyyət sahələri bir-birindən fərqli və müstəqil olmaqla bərabər, onlar arasında tam bir təsanüd (dayanışma) və təavün (yardımlaşma) vardır. Bu orqanlar ədalət və hürriyyətə, insanın şərəf və heysiyyətinə hörmət göstərməlidir. Dövlət başçısı bu orqanların üstündə olmaqla bərabər, özbaşına qanun qoyma imkanına sahib deyildir. Lakin müctəhid olarsa dövlət başçısı kimi deyil, məhz hər hansı bir müctəhid kimi öz fikrini müzakirəyə təqdim edə bilər.

Beləliklə, müasir dövlətlərdə müşahidə edilən hakimiyyət qollarının ayrılması prinsipi islam dininin təməllərinə tamamilə uyqundur .

İslama görə, qanunvericilik hakimiyyətinin əsl sahibi Allahdır. Fəqət insanlar Allahın dünyadaki xəlifələri (vəkilləri) olduqları üçün Allahın bu sifətinin də təmsilçiləri olub qanunlarını tədbiq etmək, tətbiqatına nəzarət etmək v.s. məsələlərdə də Onun vəkilləridirlər.

‘Sizləri yer üzünün xəlifələri eyləyən Odur ...‘
(Ənam, 165)

Hüquqi olaraq bütün insanlar vəkalət haqqına sahibdirlər, lakin bu haqqı xalq adından tətbiq etmək ixtiyarı əxlaqi, dini və elmi cəhətdən xalq tərəfindən ən çox etibar və etimad göstərilən şəxslərə verilməlidir. Xüsusi olaraq qeyd edilə bilər ki, qanunu tətbiq, qoruma və s. vəzifələri daşıyan şəxslər bu vəzifələrini Allah adından deyil, məhz ümmət adından icra etməlidirlər, çünki onlara bu vəzifəni vəkalətən verən ümmətdir və Quranda bildirilməyən xüsuslarda öz anlayış, elmi səviyyə və ümumiyyətlə cəmiyyətin xeyrinə olan kimi zahiri səbəblərə və şərtlərə görə qərar verib Allahın bu məsələyə olan münasibət və qərarını ancaq təxmin edə bilərlər.

İslam dininə görə, qanunvericilik fəaliyyətini icra edən müəssisə müşavirə heyəti şəklində olmalıdır. İslamda açıq söylənən qəti hökm barədə qanunvericilik orqanı ancaq şərh və təfsir səlahiyyətinə malik ola bilər. Bu prinsiplərin tətbiqinə dair nizamnamələr və qanunlar çıxarıla bilər.

Haqqında qanun olmayan məsələlərdə, islama görə, çoxluğun mənfəətini nəzərə almaqla, əlbəttə ki, müəyyən qanunlar və qaydalar çıxarıla bilər. Mühüm olan odur ki, çıxarılan heç bir qanun dinin ruhuna zidd olmasın. Müşavirə heyətinin üzvləri (qanunvericilik hakimiyyətini təmsil edən) eyni xüsusda fərqli fikirlər bəyan etdikdə təkliflər Quran və hz. Peyğəmbər ənənəsinə görə dəyərləndirilir və heç birisinin zidd olmadığı halda, ümumi mənafeə (siyasi - ictimai) ən uyqun olanı seçilir. Təkliflərin seçilməsi mövzusunda isə Peyğəmbərimizin ‘ən böyük əksəriyyətə tabe olun‘ sözü əsas alınaraq, bu təklifləri səsə qoymaq da mühüm qaydalardan biridir.

Müşavirə heyəti üzvlərinin kimdən ibarət ola bilməsi xüsusunda isə əsas və ən uyğun fikir Hüccətül-islam İmam Qəzalinin (miladi 1058-1111 arasında yaşamış və Bağdad Universitetinin rektoru olmuşdur) fikridir ki, bu heyətin daxilində hüquqçularla bərabər cəmiyyətin bütün təbəqələri təmsil edilməlidir.

İcra orqanlarının səlahiyyətlərinin hamısı da zəruri olaraq Allahın təyin etdiyi hüdudlar (prinsiplər) daxilindədir. Bu orqanlar xəlifə, vəzirlər və valilərlə təmsil edilməkdədir. İcra orqanı da mütləq müşavirə və seçki nəticəsində iş başına gəlməlidir. Bu cür seçilən icra hakimiyyəti təmsilçisi fəaliyyətini yenə müşavirə yolu ilə icra etməlidir. Onu da qeyd etmək lazımdır ki, bu seçkilərlə müşavirənin nə şəkildə icra ediləcəyinə dair Qurani-kərimdə xüsusi bir usul tövsiyə edilməmişdir. Bəllidir ki, bu kimi işlər zəmin və zamanın şərtlərinə görə təsbit edilməklə insanın zəka və iradəsinə buraxılmışdır. Bununla bərabər, xəlifənin məşru (qanuni) seçiminə dair bəzi misallar verə bilərik.

1. Hz. Əbubəkrin seçilməsi. Hz. Məhəmməd əleyhissəlam vəfatından öncəki son ağır xəstəliyində hz. Əbubəkri bir çox işdə özünə vəkil buraxmışdır. Hz. Peyğəmbər aləmini dəyişdirdiyində Mədinənin kənarında toplanan qurultayda xəlifəliyə bir neçə namizəd və o cümlədən hz. Ömər və hz. Əbubəkr olmuşdur. Və hz. Məhəmmədin rəyi nəzərə alınaraq məhz hz. Əbubəkir xəlifə seçilmişdi.

2. Hz. Ömərin seçilməsi. hz. Əbubəkr öz ölümü ərəfəsində ümmətin böyükləri ilə müşavirə apararaq və onların razılığı ilə hz. Ömərin xilafətə namizədliyini təklif etmişdi. Ümmətlə məsləhətləşmək və olanların razılığını almaq üçün vəzifələndirilən hz. Osman, hz. Ömər və hz. Üseyd bin Sad əl-Kurazi ilə bərabər xalq arasında gəzib insanların da razılığını aldıqdan sonra hələ hz. Əbubəkrin sağlığında hz. Ömərin xəlifəliyi elan edildi.

3. Hz. Osmanın seçilməsi. Hz. Ömər öz ölümündən qabaq xilafət məsələsinin həllinə dair əvvələn xilafətin təvarüs (atadan oğula miras) edilməsini qadağan eyləyən bir fərman çıxarmışdır. Sonra xalq nəzdində ən çox etibara və xəlifəliyə layiq görülən

1. Əli bin Əbu Talibi

2. Osman bin Əffanı

3. Zübeyr bin Avvamı

4. Talxa bin Übeydullahı

5. Əbdürrəhman bin Əfvi

6. Sad bin Əbu Vəqqası

toplayıb növbəti xəlifəni seçmək üçün şura təşkil etmişdi. Xəlifə bu altı nəfərdən seçiləcəkdi. Eyni vaxtda Əbdürrəhman bin Əfv xalq arasında gəzib onun fikrini araşdırmalıydı (bu hüququn ona verilməsinin əsasında onun xəlifəliyə öz namizədliyindən imtina etməsi olmuşdu). Şura üzvlərinin rəyləri bərabər olduğunda Abdullah bin Ömər (böyük hüquqçu və şuranın qanunauyqun surətdə fəaliyyət göstərməsinə nəzarət edən şəxs) öz rəyini bildirməliydi. Onun rəyi şura tərəfindən qəbul edilmədiyi halda Əbdürrəhman bin Əfvə müraciət edilməliydi və o da öyrəndiyi xalqın rəyini bildirməliydi. Şuranın rahat işləyə bilməsi üçün əlli nəfərlik bir əsgər bölümü təyin edilmişdir. Heyət ən gec üç günə fəaliyyətini bitirməliydi. Beləliklə, Osman bin Əffan seçilmiş oldu.

4. Hz. Əlinin seçilməsi. Hz. Osmanın qətlindən sonra xilafətə hz. Əli seçilmişdi. Xəlifəlik vəzifəsi təklif edildiyində (seçkilərdən əvvəl) onun söylədikləri bu oldu:

‘ ... bu iş müsəlmanların razılığıyla olmalıdır.

‘ ... Xəlifənin seçimi şura əhlinə və Bədr vuruşması (ilk vuruşma, iştirak edən müsəlmanların bütün günahları bağışlandı) iştirakçılarına aiddir.

Xülasə, xəlifənin seçilməsi müsəlmanların əksəriyyətinin ümumi razılığı ilə mümkündür. Bu isə seçki heyətinin namizəd göstərməsindən sonra gerçəkləşməkdədir. Xəlifə də ancaq özündən sonrakı xəlifəliyə namizəd göstərə bilər. Son söz isə ümmətə aiddir.

İcra hakimiyyətinin digər təmsilçiləri vəzirlər və valilərdir. Daha əvvəl qeyd etdiyimiz kimi, İslam aləmində bir çox idarəçilik üsulları tarixən meydana gəlib müəyyən siyasi - ictimai hadisələr nəticəsində formalaşmışdır.

Abbasilər dövründə (miladi 750-1258) bir müddət dövlətdə kadı əl-kudad (baş prokuror və ədliyyə naziri) vəzifələri daşıyan və eyni zamanda islam idarə nəzəriyyəçisi olan Mavərdiyə görə, vəzirlik iki növdür: təfviz vəzirliyitənfiz vəzirliyi.

1. Təfviz vəziri indiki baş nazir kimidir. Xəlifənin mütləq vəkili olaraq xəlifə tərəfindən təyin edilirdi. Aşağıdakı üç məsələdən başqa xəlifə ilə eyni səlahiyyətlər daşımışdı:

  • Baş vəzir öz vəzifəsinə başqasını təyin edə bilməz;

  • Baş vəzir öz vəzifəsini şəxsi istəyi ilə tərk edə bilməz;

  • Baş vəzir xəlifənin təyin etdiyi bir şəxsi öz istəyi ilə vəzifədən çıxara bilməz.

Müctəhidlik təfviz vəzir üçün də məcburiydi. Eyni zamanda o, iqtisadi və hərbi məsələlərə də bələd olmalıdır. Xalifə ilə vəzir arasındaki münasibətlər nizama salınmışdır. Məsələn:

  • xəlifə vəzirə hər xüsusda nəzarət edə bilər;

  • bəzi maliyyə məsələlərində, istisna olaraq, vəzirin verdiyi və icraya qoyduğu qərar xəlifə tərəfindən dəyişdirilə bilməz.

2. Tənfiz vəziri isə baş vəzirdən fərqli olaraq xəlifənin əmrində işləyən yüksək rütbəli bir dövlət məmuru kimidir. Hər hansı bir işdə əmr etmək ixtiyarına sahib olmamışdır. Vəzifələri isə iki məsələ ilə hüdudlandırılırdı:

  • şəxsinə yetişən məsələləri xəlifəyə bildirmək;

  • xəlifənin əmrini əlaqədar şəxslərə çatdırmaq.

Xəlifə və baş vəzir olmaq üçün şərt qoyulan hürriyyət və islama mənsubiyyət tələbləri tənfiz vəziri üçün şərt deyildir (yəni kölə də ola bilər, başqa dinin mənsubu da).Tənfiz vəziri bir və ya bir neçə nəfər ola bilər.

Valilər isə iki cür idi: ümumi və xüsusi.

Ümumilər də iki cür olubmuş: istikfa əmirləri; istila əmirləri.

İstikfa əmiri xəlifə tərəfindən təyin edilir. İstikfa əmirinin vəzifələri aşağıdakılardan ibarət olmuşdu:

  • xəlifənin əmri daxilində hərəkət etmək məcburiyyəti ilə bərabər, ordu təşkil etmək, hərbi məsələləri həll etmək, əsgərlərin maaşlarını müəyyənləşdirmək;

  • ədli fəaliyyət, hakim təyin etmək;

  • vergilərin toplanması və yerlərinə göndərilməsi;

  • dinin və insan şərəfinin qorunması;

  • dini cəzaların və insan haqları ilə əlaqədar cəzaların tətbiq edilməsi;

  • ümumi ibadətləri (xüsusiylə cümə namazı və xütbəsi) şəxsən və ya vəkillə yönləndirmək;

  • hər il həcc (ibadət məqsədi ilə Məkkə ziyarəti) fəaliyyətini asanlaşdırmaq;

  • düşmən ölkələrinə qonşu olan bölgələrin valiləri üçün cihada çıxmaq və qəniməti paylaşdırmaq vəzifəsi.

İstikfa əmirinin fəaliyyətinə baş vəzir nəzarət edə bilər. İstikfa əmiri öz əmirliyində müəyyən bir şəxsi öz bölgəsi üzrə tənfiz vəzirliyinə təyin edə bilər.

İstila əmiri: Abbasilər dövründə dövlətin genişlənməsilə (İspaniyadan Çin səddinə, Volqadan Mərkəzi Afrikaya qədər) əlaqədar onun idarə edilməsi xeyli çətinləşmiş, mərkəzdən uzaq və ya müxalif əmirlər öz xanədanlarını qurub əmirliklərini ələ keçirmişdi. Bunları özünə tam tabe etdirə bilməyən mərkəz, dövlətin parçalanmasına yol verməmək məqsədi ilə bu cür əmirlərə xüsusi status tanımışdır. Xəlifə öz icra və ədli səlahiyyətini onlara vermiş, ancaq dinin qoruyucusu sifətini özündə saxlamış və beləliklə, dövlətin birliyini qorumuşdur (dövlətin birliyi müsəlmanların birliyidir). Geniş muxtariyyət hüququ qazanan əmirliklərin bununla bərabər aşağıdakı öhdəlikləri üzərlərinə götürməli olurdurlar:

  • hüququn qorunması;

  • ədli fəaliyyətin lazım olduğu kimi davam etdirilməsi;

  • əmirlik daxilindəki müsəlmanların vəhdəti;

  • əmirin dindar olması.

Xüsusi valilik. Valinin vəzifəsi ancaq vilayətdə daxili intizamın qorunması və xalqın xarici təhlükələrdən mühafizə edilməsindən ibarətdi.

İslamda ədli fəaliyyət. Müsəlman ümmətinin daxilində kimlərsə mütləq ədli fəaliyyətlə məşqul olmalıdır. Əks halda bütün ümmət günahkar sayılır. Hz. Peyğəmbərin tələbələrindən məşhur hüquqçu Abdullah bin Məsud demişdir: “İki insan arasında hakim olaraq oturmaq mənim üçün yetmiş il ibadət etməkdən daha cazibəlidir”. Yəni islamda ədli fəaliyyət ibadət sayılmışdır. İslamda ilk hakim hz. Peyğəmbər əleyhissəlamdır. Onun hər hansı bir məhkəmədə qərar verməsi ilahi bir göstərişlə deyil, ictihad (araşdırma) iləydi. Yəni Qurandakı mövcud prinsiplərlə bərabər dəlillərin, şahid sözlərinin, andların və başqalarının dəyərləndirilməsi ilə. Onun “Biz zahirə görə qərar veririk” (yəni daxili subyektiv hissiyyətə deyil, faktlara əsasən) sözü həmin prinsipləri ifadə edir və islam hüququnda mühüm bir qayda olaraq qəbul edilir.

Dövlətin genişlənməsi ilə hz. Peyğəmbər bəzi tələbələrinə də hakimlik vəzifəsini verməyə başlamışdır (məsələn, hz. Əlini - Yəmənə, Attab bin Əsidi - Məkkəyə). Hz. Ömər dövründə onun verdiyi qərarla ədli fəaliyyət icra fəaliyyətindən ayrılmışdı. Hz. Osman dövründə isə ədliyyə üçün xüsusi binalar verilmişdi. Hakimlər də dövlətdən maaş almaqdaydı. Sonrakı dövrlərdə məhkəmə hökmləri yazılmağa başladı. Abbasilər dövründə kadı əl-kudad vəzifəsi təsis edilmişdir ki, bu vəzifənin sahibi həm başprokuror, həm də ədliyyə naziri idi. Hər bölgənin də məzhəbə görə hökm verən hakimləri var idi. Hakimin qərarından məmnun olmayan şəxs təhkimə (arbitraja) müraciət edə bilərdi. İctimai təhlükəsizlik və əhalinin mənafeyinin qorunmasına yönəlmiş hisbə təşkilatı təsis edilmişdir. Yüksək rütbəli dövlət məmurlarının və digər nüfuzlu şəxsiyyətlərin törətdikləri cinayətlərə və xalqın şikayətlərinə baxan məzalim məhkəmələri fəaliyyətə başlamışdır. Müsəlman olmayanların isə öz məhkəmələri olub. Xristianlar xristian hakimlərə, yəhudilər yəhudi hakimlərinə müraciət edirdilər.

Ədliyyə hər cür müdaxilədən və təzyiqdən azad olmalıdır. Müraciət edilən təşkilatlar və qanun qarşısında hər kəs və hər cür təşkilat müsavi olmalıdır (yəni bərabər hüquqlara malikdir).

“...Biz sizlərdən hər kəs üçün bir qanun və bir yol göstərdik.” (Maidə, 48)

“Heç şübhəsiz, ... insanlar arasında hakimlik edərkən ədalətli olmanızı Allah sizə əmr edir.” (Nisa, 58)

“Ey möminlər! Allah üçün haqqı yaşadan, ədalətlə şahidlik edənlərdən olun. Bir topluluğa qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sürükləməsin. Adil olun, çünki ədalət Allah qorxusuna daha yaxındır”. (Maidə, 8)

Qaynaqlar:

1 -‘The Cambridge History of Islam türkcə tərc.
(‘İslam Tarihi, Kültür və Mədəniyyəti) cc. 1 və 2

2 - ‘Əl – Fikx – ul – İslamiyyü va Ədillətühü‘ 
Vəhbə əz – Züheyli, türkcə tərc. (“İslam Fıkhı Ansiklopedisi”) c. 8

3 – ‘Xilafət və səltənət
Əbül – Əla əl – Məvdudi, türkcə tərc.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft