top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 06 - Demokratiya (dm)

AMERİKADA ÖZÜNÜİFADƏ AZADLIĞI

HİKMƏT HACIZADƏ
FAR CENTRE, Vitse-prezidenti

Mənbə: "Məşvərət", N15, 1999


Britaniyanın vahid dövlət kilsəsi və azadlığın məhdudlaşdırılması təcrübəsi, əlbəttə, Böyük Britaniyanın Amerika müstəmləkələrinə də keçmişdi. Lakin Amerika müstəmləkəçilərinin içərisində çoxsaylı müxtəlif dini təriqətlərin nümayəndələrinin olması ona gətirib çıxardı ki, burada başqalarının fikrinə və dini etiqadına daha demokratik yanaşma formalaşa bildi.

1734-cü ildə Nyu-York naşirlərindən biri Con Peter Zenger ingilis qubernatorunun fəaliyyətini tənqid etdiyinə görə həbs edilmişdi. Maraqlıdır ki, ovaxtkı Britaniya Ümumi Hüququna görə, şəxsiyyətə böhtan atılması, onun təhqir edilməsi, yaxud hökumət məmurunun tənqid edilməsi yazılanın düzgünlüyündən asılı olmayaraq “Qiyamçı iftiralar” haqqında qanunla cəzalandırılırdı. Zengerin vəkili ilk dəfə bu cür işə andlılar məhkəməsində baxılmasına nail oldu, andlı iclasçıları inandıra bildi ki, hər hansı adamın dediyi faktlarla sübut olunursa, onu böhtançılıqda ittiham etmək olmaz və o, prosesi uddu. Bu nümunədən sonra, özünü təhqir olunmuş hesab edən şəxs yalnız ona qarşı yazılanların böhtan olduğunu məhkəmədə sübut etdikdən sonra işi uda bilərdi. Andlılar məhkəməsi bundan sonra böhtançının zərərçəkənə ödəməli olduğu maddi zərərin həcmini də müəyyənləşdirirdi.

Müstəqillik uğrunda mübarizə vaxtlarından söz, dini və dinc yığıncaqlar azadlığının daxil olduğu özünüifadə azadlığını Amerika inqilabı liderləri yeni dövlət quruculuğunun ideoloji əsası hesab edirdilər. Tomas Cefferson deyirdi ki, “əgər qəzetlərsiz hökumət, yaxud hökumətsiz qəzetlər seçimi qarşısında qalsam, bir saniyə də tərəddüd etmədən ikinciyə üstünlük verərdim”.

ABŞ Konstitusiyasına 1791-ci ildə daxil edilmiş birinci düzəliş Konqresə ÖZÜNÜİFADƏ azadlığını məhdudlaşdıran qanunların qəbul olunmasını qadağan edirdi, lakin Amerika məhkəmələri XX əsrə qədər söz azadlığını müdafiə etmək üçün Konstitusiyaya müraciət etmək istəmir, adətən, Britaniya ənənələrinə söykənən və ayrı-ayrı ştatların fərqlənən qanunlarını əsas götürürdülər.

1789-cu ildə - ABŞ-ın Fransa ilə müharibəsi ərəfəsində Konqres xaricilər və qiyamçı aksiyalar Haqqında qanunlar qəbul edir. Sonuncu qanun hakimlər tərəfindən tez-tez “hakimiyyətin nüfuzuna xələl gətirən”, yaxud ictimai iğtişaşlara səbəb ola biləcək tənqidlərə qarşı tətbiq olunurdu. Bu qanunlarla yalnız bir il ərzində onlarca naşir cərimələnmişdi, lakin 1800-cü ildə prezident seçilmiş Tomas Cefferson mühakimə edilmiş bütün jurnalistləri və naşirləri əfv etdi, ödənilmiş cərimələrin geri qaytarılması üçün göstəriş verdi.

Birinci dünya müharibəsinin son illərində Konqres “Casusluq haqqında” (1917) və “Qiyamçı aksiyalar haqqında” (1918) qanunlar qəbul edir. Bu qanunlar fikirləri “dövlətin dayaqlarını sarsıdan” “alman” “kommunist” meylli ünsürlərə qarşı tətbiq olunurdu. Taleyin kinayəsidir ki, ABŞ-ın, elan edildiyi kimi, “dünyada demokratiyanın bərqərar olması uğrunda” Avropada apardığı müharibə öz ölkəsində vətəndaş azadlıqlarının kütləvi surətdə pozulması ilə müşayət olunurdu. Məsələn, adamlar müharibəyə qarşı təbliğat apardıqlarına, yaxud Konstitusiyanı tənqid etdiklərinə görə məhkəmələrə çəkilirdilər. Cəmi iki il ərzində bu qanunlarla 1956 halla bağlı 877 adam haqqında hökm çıxarılmışdı.

ABŞ Ali Məhkəməsi ilk dəfə 1919-cu ildə böhtan və qiyamçı aksiyalar haqqında qanunla işə baxmışdır. Bu, tanınmış sosialist Şenkin “hərbi xidmətdən imtinaya çağırışda” ittiham edilməsi ilə bağlı olmuşdur. Baş hakim Oliver Vendell Holmsun təklifi ilə Ali Məhkəmə ittiham hökmünü qüvvədə saxladı. Holms bildirmişdi ki, “biz özünüifadə azadlığını hətta ən ciddi şəkildə müdafiə etdikdə belə, onu ağzınacan dolu teatrda “yanğın” qışqırıb təlaş və çaxnaşma salan adama tətbiq edə bilmərik”. Ali Məhkəmə bu halda Holmsun müəyyənləşdirdiyi belə bir yanaşma meyarını tətbiq etmişdir: “Konkret olaraq söylənilən fikir, deyildiyi şəraiti və onun xarakterini nəzərə almaqla, elə zərərli nəticələrin alınması üçün aydın və birbaşa təhlükə (clea and present danger) yarada bilərdimi ki, onların qarşısını almağa Konqresin hüququ olsun? Bu, hadisənin yaxınlığı və təhlükənin dərəcəsi haqqında məsələdir”.

Şenklə bağlı hadisə Holms üçün adi və aydın idi. Lakin o, ABŞ-ın akademik dairələ­rində liberal hüquqşünasların, fikirlərinə hörmət etdiyi və hesablaşdığı adamların tənqidləri ilə qarşılaşdıqda çox təəccübləndi. Çikaqo Universitetinin professoru Ernest Freynd bildirirdi ki, “əks fikrə dözümlülük nəciblik məsələsi deyil, siyasi müdriklik məsələsidir”. “Söz azadlığı mühüm milli məqsədlərə xidmət edir, — deyə harvardlı professor Çaffi Holmsu inandırmağa çalışırdı, — ölkə daha çox qeyri-populyar doktrinalardan irəli gələn şübhəli və müəmmalı təhlükələrdən deyil, söz azadlığının məhdudlaşdırılmasından ziyan çəkəcəkdir”. Hakim Holmsun sonrakı addımları göstərir ki, alimlər Ali Məhkəmənin üzvünü inandıra biliblər.

Elə həmin ildə ABŞ Ali Məhkəməsi rus mühaciri Yakov Abramsın və onun üç yoldaşının işinə baxırdı. Onlar bolşevik Rusiyasına qoşun göndərmiş prezident Vilsonun siyasətini tənqid edən iki vərəqəni yaydıqlarına görə ittiham olunurdular. Vərəqələrdə aşağıdakı ifadələrdən ibarət məqalələr verilirdi:

“Alman militarizmi Rusiyada inqilabı boğmaq üçün özünə yaxın kapitalizmlə birləşmi­şdir”. “Prezident o qədər qorxaqdır ki, deyə bilmir: “Biz - kapitalist dövlətləri Rusiyada proletar respublikasının mövcud olmasına imkan verə bilmərik”. “Dünya fəhlə sinfinin yalnız bir düşməni vardır — kapitalizm!”. “Fəhlələr! Siz yalnız Almaniyaya qarşı deyil, həmçinin Rusiya fəhlə Sovetlərinə qarşı işlədilən güllələrin istehsalına görə pul alırsınız”. “Fəhlələr! Vəhşi müdaxiləyə biz ümumi tətillə cavab verməliyik”. “Rusiyada bizim qaydaları bərqərar etmək məqsədi ilə ona qarşı silah işlədilərsə, biz də silaha əl atacağıq”.

Aşağı pillə məhkəməsi bu çağırışları ABŞ-ın Almaniyaya qarşı hərbi əməliyyatlarına mane olmaq cəhdləri, açıq silahlı qiyam hədələri kimi qiymətləndirmişdi. Abrams və onun yoldaşları 3 ildən 20 ilə qədər həbs cəzasına məhkum edilmişdilər.

Ali Məhkəmə üzvlərinin əksəriyyəti Holmsun “aydın və birbaşa təhlükə” formuluna əsaslanaraq hökmü dəyişmədən saxladılar. Lakin Holms və onu qoşulmuş hakim Luis Brandeys məhkəmədə xüsusi rəylə çıxış edirlər. Bu mövqe ilk dəfə olaraq söz azadlığına ənənəvi Britaniya baxışından fərqlənirdi. Mövqe problemə xüsusi Amerika baxışının başlanğıcını qoydu. Bu baxışa görə, hər kəs öz fikrini azad və əngəlsiz, hökumətə, yaxud daha kiməsə nə dərəcədə təhqiramiz görünməsindən asılı olmayaraq ifadə etməlidir və heç bir ideya və fikir dövlət tərəfindən təqib oluna bilməz.

Hakim Holmsun mövqeyi “azad ideya bazarı” nəzəriyyəsi adını aldı. Bu nəzəriyyəyə görə, zərərli fikirlərə qarşı ən yaxşı vasitə başqa fikirlərin, ən düzgün fikrin qalib gələcəyinə qədər, irəli sürülməsindən ibarətdir. Lakin əgər müvafiq reaksiyanın ortaya gəlməsi üçün vaxt kifayət etmirsə (teatrın ağzınacan dolu tamaşaçı zalı haqqında gətirdiyimiz nümunədə olduğu kimi) bu nəzəriyyənin tətbiq edilməsi mümkün olmur, belə ki, hadisə sonrakı diskussiyadan əvvəl baş verə bilər.

“Azad ideya bazarı” nəzəriyyəsi Ali Məhkəmə tərəfindən 1969-cu ildə - Ohayo ştatında Ku-Kluks-Klanın siyasi dəyişikliklərə nail olmaq məqsədilə zorakılığa çağırmış liderinə qarşı hökmə baxılarkən təqdir edilmişdir. Ali Məhkəmə, birbaşa qeyri-qanuni hərəkət­lərə təhriketmə halları, yaxud bu təhlükənin real olduğu hallar istisna olmaqla özünüifadə azadlığının müdafiə olunmasını zəruri sayaraq bu hökmü ləğv etdi.

Amerika məhkəmələrində konstitusiya təminatları uğrunda mübarizə özünüifadənin digər sahələrini də əhatə edirdi. 1943-cü ildə ştat məhkəməsində “Qərbi Virciniya Təhsil Komitəsi Barnettə qarşı” işinə baxılırdı. Bu iş Yeqova şahidləri məzhəbinin üzvü olan məktəblilərin valideynləri tərəfindən qaldırılmışdı. Onlar dini təsəvvürlərinə uyğun olaraq ştat hakimiyyətinin tələb etdiyi kimi milli bayrağı salamlamaqdan və ona and içməkdən imtina edirdi. Məhkəmə məktəblilərin əqidə və etiqad azadlığını pozduğuna görə bayrağa məcburi andiçmə mərasimini ləğv etdi və göstərdi ki, əqidə və etiqad azadlığı dövlətin təzyiqindən kənar olmalıdır. Məhkəmənin qərarında göstərilirdi: “İqtidara sədaqət andı Birləşmiş Ştatlarda həmişə ikrah hissi doğurur. Məcburiyyət altında deyilmiş söz yalnız şəxsi marağa sədəqəti sübut edir. Şəxsiyyətin əqidə azadlığına riayət olunmasını iqtidarın məcbur etdiyi konformizmdən üstün tutmaq lazımdır. Tarixin öyrətdiyi kimi, belə konforizmi acı və faciəli sonluq gözləyir”.

1962-ci ildə Nyu-York ştatının Təhsil Şurası gündəlik məktəb dualarının ənənəvi formasını dəyişmək qərarına gəlir və elə bir dua mətni tərtib edir ki, bütün dinlərin tərəfdarları tərəfindən qəbul oluna bilsin. Bir qrup məktəblinin valideynləri tətbiq olunan duaların “məktəblilərin və onların valideynlərinin əqidəsinə, dininə və dini təcrübəsinə zidd olduğu” qənaətinə gələrək, öz narazılıqlarını bildirdilər. Nyu-York ştatının məhkəməsi valideynlərin tələblərini rədd edərək göstərdi ki, məktəblilərin dua mərasimində iştirakı könüllüdür və heç kəs öz vicdanının əksinə olaraq bu mərasimdə iştirak etməyə məcbur olunmur. Lakin ABŞ Ali Məhkəməsi məktəblərdə gündəlik duaları dövlətin dini işlərə müdaxiləsini konstitusyon qadağasına zidd hal kimi ləğv etdi. Məhkəmə həmçinin məktəblilərin dua mərasimlərində iştirakının könüllü olacağına verilən bəyanata inanmadığını bildirdi, belə ki, müəllimin aparmağa başladığı gündəlik dua mərasimlərindən hansısa məktəblinin imtina etməsi çətin olacaqdır; yəni o, birbaşa, yaxud dolayısı ilə vicdan azadlığı məsələlərində təzyiqə məruz qalacaqdır, bu isə Konstitusiyaya birinci düzəlişə ziddir.

Ali Məhkəmənin Montqomeri şəhərinin polis rəisi Sallivanın “Nyu-York tayms” qəzetinə qarşı qaldırdığı iş üzrə 1964-cü il qərarı söz azadlığının müdafiə olunması sahəsində mühüm addımlardan biri olmuşdur. Sallivan dörd zənci keşişi və onların məktubunu dərc etmiş “Nyu-York tayms” qəzetinin redaksiyasına qarşı iddia ilə çıxış etdi. Keşişlərin məktubunda, doğrudan da, Montqomeri polisini qəddarlıqda ittiham edən bəzi əsassız itti­hamlar var idi. Aşağı dərəcəli məhkəmə Sallivanın şikayətini təmin etmişdi, lakin ABŞ Ali Məhkəməsi dövlət məmurlarının və ictimai xadimlərin tənqidinin xüsusi kon­stitusiya müdafiəsinə ehtiyacı olduğu qərarına gələrək, bu hökmü ləğv etdi. Ali Məh­kəmə hesab etdi ki, “azad mübahisələrdə səhv fikirlər labüddür... və əgər fikir azadlı­ğının qorunub saxlanılması üçün zəruri olan “oksigen yastığı”nı almasını istəyiriksə onlar da müdafiə olunmalıdır”. Ali Məhkəmə səhv fikirləri bilərəkdən deyilən yalanlardan ayırdı və bundan sonra bütün dövlət qulluqçuları (polismendən prezidentə qədər) və cəmiyyətdə yüksək mövqeyə malik olan hər hansı şəxs məhkəmədə böhtan haqqında işləri yalnız o vaxt uda bilərdilər ki, jurnalistin yanlış informasiyanı bəd niyyətlə dərc etdiyini, yəni “(verilən informasiyanın) yalan olduğunu başa düşdüyünü”, yaxud onun “düzgün, yaxud səhv olduğunu lazımi dərəcədə yoxlamadan” çap edildiyini sübuta yetirsin.

1971-ci ildə “Nyu-York tayms” qəzeti ABŞ-ın Vyetnamda müharibəyə başlamasının səbəbləri haqqında Pentaqonun məxfi məruzəsini dərc etməyə başladı. ABŞ Ədliyyə Nazirliyi nəşrin davam etdirilməsinə qadağa qoydu, onda materialların nəşr olunmasını “Vaşinqton post” qəzeti, hökumətin onu məhkəməyə verməsindən sonra isə “Boston qlob” qəzeti öz üzərinə götürdü. Pentaqonun məxfi məruzəsini dərc etməyə başlayandan on yeddi gün sonra Ali Məhkəmə “Nyu-York tayms” ABŞ hökumətinə qarşı” işə baxaraq məruzənin nəşrinə qoyulmuş qadağanı ləğv etdi və hökumətin bu cür nəşrlərə gələcəkdə qadağa qoyulması tələbini rədd etdi. Ali Məhkəmə qərara aldı ki, bu məruzənin nəşri ölkənin milli təhlükəsizliyinə zərər gətirmir və Birləşmiş Ştatlarda yaşayan xalq hökumətin nə ilə məşğul oluğunu bilmək hüququna malikdir. Ali Məhkəmənin qərarında deyilirdi ki, “mətbuat idarə edənlərə deyil, idarə olunanlara xidmət etməlidir. Hakimiyyətin mətbuat üzərində senzura hüququ Konstitusiya ilə həmişəlik ləğv olunmuşdur ki, mətbuat azad olsun və hakimiyyətə nəzarət edə bilsin. Mətbuata Konstitusiyada müdafiə verilib ki, hakimiyyətin sirlərini üzə çıxara və bu haqda əhaliyə məlumat çatdıra bilsin... Azad mətbuatın başlıca vəzifəsi hakimiyyətin xalqı aldatmasının qarşısını almaqdan ibarətdir... Hakimiyyətin Vyetnamda müharibəyə gətirib çıxarmış fırıldaqlarını ifşa etməklə qəzetlər Yaradıcı Ataların onlardan gözlədikləri ləyaqətli hərəkətləri yerinə yetirmişdir”...

1989-cu ildə ABŞ Ali Məhkəməsi prezident Reyqanın siyasətinə etiraz əlaməti olaraq 1984-cü ildə Amerika bayrağını yandırdığına görə bir illik həbs və 2000 dollar cərimə ilə cəzalandırılmış Consonun işi üzrə hökmü ləğv etdi. Ali Məhkəmə ittihamçıların belə bir fikrini rədd etdi ki, milli birliyin simvolu olan bayrağın təhqir olunması ətrafdakıların qəzəbinə və iğtşaşlarına səbəb ola bilər. Məhkəmə belə nəticəyə gəldi ki, “əgər Konstitusiyaya Birinci Düzəlişin söykəndiyi hər hansı əzəl prinsip varsa, o da ondan ibarətdir ki, hakimiyyət hər hansı baxışın bildirilməsini yalnız cəmiyyətin onu təhqiramiz və zərərli hesab etməsinə görə qadağan edə bilməz”.

ABŞ-da bu gün də özünüifadə azadlığını müdafiə konsepsiyasının axtarışları davam edir. Səs-küy salmış “Xalq Larri Flintə qarşı” Amerika filmi (filmi məşhur Miloş Forman olmuş hadisələr əsasında çəkmişdir) bu azadlığın genişləndiril­məsi yolunda ABŞ Ali Məhkəməsinin hər bir növbəti addımının nə qədər gərgin və vacib olduğunu yaxşı nümayiş etdirir. İctimai baxışlarda daim baş verən dəyişik­liklər, dini və mənəvi problemlərin həllində dövlətin iştirakının forma və dərəcəsinə dair fikir toqquşmaları, hər şeyi bilməyə can atan mətbuatla şəxsi həyatın toxunulmazlığı, yaxud dövlət sirri arasında əbədi ziddiyyətlər səksən ildir ki, ABŞ Konstitusiyasına birinci düzəlişin mənası və hüdudları haqqında baş hakim Oliver Vendell Holmsun başladığı qızğın mübahisələrə son qoyulmasına imkan vermir.

OLİVER VENDELL HOLMS

Abrams Birləşmiş Ştatlara qarşı (1919)

...Biz nifrət etdiyimiz və təhlükəli
saydığımız fikirlərin azadlığının
 məhdudlaşdırılması cəhdlərinə qarşı
daimi sayıqlığımızı qoruyub saxlamalıyıq.

Ali Məhkəmənin üzvü O.V.Holmsun xüsusi rəyi

... Mən az da olsa şübhə etmirəm ki, Birləşmiş Ştatlar Konstitusiyaya əsaslanaraq öldürməyə, qəsdə bəraət qazandırmalı olduğu səbəbin özünə görə, aydın və qaçılmaz təhlükə törədən, yaxud törətməyə hazırlaşan, təcili və ciddi yamana səbəb olan və Birləşmiş Ştatların Konstitusiya əsasında qarşısını almalı olduğu nitqi də cəzalandıra bilər. Bu səlahiyyətlər, şübhəsiz, sülh dövrünə nisbətən müharibə vaxtı daha çox genişlənir, belə ki, müharibə başqa dövrlərdə mövcud olmayan təhlükələri ortaya gətirir.

Lakin söz azadlığı prinsipi nə müharibəyə xas olan hallarda, nə də digər hallarda pozulmalıdır. Qaçılmaz yamanın real təhlükəsi, yaxud onun hətta yerinə yetirilməsi niyyətinə görə Konqres özünüifadə azadlığına məhdudiyyət qoymaq səlahiyyətinə malikdir, lakin bu, şəxsi hüquqlara toxunmamalıdır. Konqres, şübhəsiz, xalqın rəyini dəyişdirmək cəhdlərinin hamısını qadağan edə bilməz. Axı heç kəs belə hesab etməyəcəkdir ki, naməlum bir şəxs tərəfindən axmaq bir vərəqənin gizli şəkildə nəşr olunması aydın və qaçılmaz təhlükə təşkil edə bilər; yaxud bu vərəqədə verilən fikirlər dövlət qurumlarına mane ola, ya da bunu etməyə real imkanı ola bilər.

Bu çağırışların sabotaj məqsədilə çap olunması böyük təhlükədən xəbər verə, yaxud hər halda cəhd kimi nəzərdən keçirilə bilərdi. Beləliklə, mən mümkün hesab edirəm ki, ikinci vərəqə, ittihamın dördüncü maddəsində göstərilən məqsədlər üçün (qiyama çağırış) çap olunmuşdusa cəzalandırmaq üçün əsas ola bilər. Lakin mənə tam aydındır ki, axırıncı dediyimdən başqa heç nə bu vərəqələri qanunun təsiri altına sala bilməz.

Cəhd tərkibinə malik olmaq üçün həqiqi niyyətin olması (artıq dediyim mənada) zəruridir, bu halda da real cinayətin ortaya çıxması üçün həmin şəxsin sonrakı hərəkətləri tələb olunur...

Bu, cəhdin uğurunun başqalarından asılı olduğu hallarda zəruridir, belə ki, əgər belə bir niyyət yoxdursa, fəaliyyətinə baxılan şəxsin məqsədi qarşısı alınmalı olan yamanları həyata keçirmədən əldə oluna bilər. Və Rusiya inqilabına qarşı müdaxiləyə yol verməmək niyyəti apardığımız müharibəyə heç bir maneə törətmədən təmin oluna bilər...; tamamilə aydındır ki, vərəqələrin yeganə məqsədi Birləşmiş Ştatların apardığı müharibədə ona mane olmaqdan deyil, Rusiyaya kömək etməkdən və xalq hakimiyyətinə qarşı Amerikanın müdaxiləsinə son qoymaqdan ibarətdir...

Bu məhkəmə prosesində iki vərəqənin nəşr olunmasına görə iyirmi illik həbs cəzası kəsilmişdir, mən isə əminəm ki, bu vərəqələrin çap olunması üçün cavabdehlər hökumətin Birləşmiş Ştatların Konstitusiyasını çap etmək üçün malik olduğu hüquqlar qədər hüquqa malikdir. Bu, həmin Konstitusiyadır ki müttəhimlər indi ona əbəs yerə istinad etməyə çalışırlar... Müttəhimlər ittihamnamədə göstərilənlərə görə yox, müdafiə etdikləri əqidələrinə görə cəzaya məruz qalacaqlar. Bu cahil və kal əqidələrin məhkəmə işinin obyektinə çevrilməsinə baxmayaraq, heç kəsin ittiham irəli sürülərkən onları hətta nəzərə çatdırmağa hüququ yoxdur.

Özünü ifadə etməyin təqib olunması məntiqli görünə bilər. Özünün haqlı olduğuna və gücünə tam əmin olan və can-başla müəyyən nəticəni əldə etmək istəyən şəxs öz istəklə­rinə hüquqi görünüş verir və hər hansı müxalifəti boğur. Əks fikrə dözümlülüyünüz elə təsir bağışlaya bilər ki, siz nitqləri ümumən o qədər də təsirli saymırsınız...; yaxud nəticə əldə etmək üçün can-başla çalışmırsınız, yaxud öz qabiliyyətinizə və verilmiş prinsip­lərə tam əmin deyilsiniz. Lakin insanlar hadisələrin gedişi ilə artıq çox mənəmlik edən etiqadların məhv edildiyini başa düşəndə belə bir nəticəyə gələ bilərlər ki,... ən yüksək fayda ideyaların azad mübadiləsi yolu ilə daha asan əldə olunur, həqiqət üçün ən yaxşı sınaq onun bazar rəqabəti şəraitində qəbul oluna bilmək qabiliyyətindən ibarətdir, həmçinin həqiqət üzərimizdə öz ümidlərimizi gerçəkləşdirə biləcəyimiz yeganə təməldir. Hər halda, bizim Konstitusiyanın nəzəriyyəsi belədir. Bu, eksperimentdir, onun kimi bizim bütün həyatımız da eksperimentdir. Hər il, bəlkə də hər gün biz qeyri-mükəmməl biliklərə əsaslanan hansısa peyğəmbərliyə ümid edərək xilasımızı risk altına qoymalı oluruq.

Nə qədər ki bu eksperiment sistemimizin bir hissəsini təşkil edir, biz nifrət etdiyimiz və təhlükəli saydığımız fikirlərin azadlığının məhdudlaşdırılması cəhdlərinə qarşı daimi sayıqlığımızı qoruyub saxlamalıyıq. Əgər bu baxışlar... əsaslandırılmış real məqsədlə­rə müdaxilə təhlükəsi yaratmırsa və bu fikirlərin ifadə olunmasına dərhal son qoyulması ölkənin xilası üçün zəruri deyilsə məhz yuxarıda deyilən kimi hərəkət etməliyik.

Mən hökumətin belə bir mövqeyi ilə razı deyiləm ki, guya (Konstitusiyamıza) birinci düzəliş (Britaniya) ümumi hüququnun “Qiyamçı iftira haqqında” müddəasını qüvvədə saxlayır. Tarix bunun əksini sübut edir. Birləşmiş Ştatların bir çox illərdən sonra “Qiyamçı aksiyalar” haqqında 1798-ci il qanunu ilə çıxarılmış hökmlərə görə günahla­rını etiraf etməsi və tutulmuş cərimələri geri qaytarması məndə bu əminliyi yaradır.

Yalnız zərərli çağırışlara dözümlülüyü dərhal təhlükəli edən fövqəladə şərait “Konqres söz azadlığını məhdudlaşdıran... qanunlar qəbul etməməlidir” prinsipindən kənara çəkilməyə imkan verir. Əlbəttə, mən hamısı bu cümlədə nəzərdə tutulan özünüifadə və çağırışlar azadlığı haqqında danışıram. Və çox təəssüf ki, cavabdehlərin bu hökmlə Birləşmiş Ştatların Konstitusiyası tərəfindən verilmiş hüquqlarından məhrum edilməsinə tam inamımı daha təsirli sözlərlə ifadə edə bilmirəm.

Cənab hakim Brandeys bu rəylə razı olduğunu bildirir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft