|
AZƏRBAYCANDA MÜHAFİZƏKARLIQ LAZIMDIRMI ?
RASİM MUSABƏYOV
Mənbə:
"Məşvərət", N18,
1999
Kommunist totalitarizmi illərində
mühafizəkarlığı liberalizm və ya millətçiliklə eyni dərəcədə əhalinin geniş
kütlələrinin və hətta elmi və siyasi elitanın şüuruna tənəzzüldə olan burjua
cəmiyyətinə xas sırf mənfi anlayışlar kimi yeridirdilər, çünki “sağ” və
nəticədə kommunist ideoloqlarının nöqteyi-nəzərincə, mürtəce və pis sayılan
siyasi cərəyanlar belə adlanırdı, halbuki sosialist cəmiyyətində yaxşı və
mütərəqqi ancaq “sol”lar ola bilərdi. Sonra isə “yenidənqurma”
zamanı hər şey bir-birinə qarışdı. Siyasi həyatda çoxlu adamlar meydana
gəldi, bir qismi özlərini liberal, digərləri isə millətçi elan etdi. Mətbuat
səhifələrinə çıxmış uzun-uzadı müzakirələr zamanı millətçilik və liberalizm,
onların Azərbaycan üçün mümkün olan formaları və nisbətləri haqqında müasir
təsəvvürlər dəqiqləşdirilmiş və ictimaiyyətə çatdırılmışdı. Bu anlayışların
qəbulolunmazlığı çox hallarda ortadan çıxmışdı, lakin mühafizəkarlığa qarşı
kifayət qədər çox mənfi münasibət qalmışdı. Ortodoksal kommunistləri və
sovet nomenklaturasının nümayəndələrini nə üçünsə mühafizəkarlar və
“sağçılar” elan etdilər, halbuki dünyada qəbul olunmuş təsnifata görə,
onlar tipik “solçular” idi. Belə terminoloji qatmaqarışıqlıq yəqin
ki, əslində sovet sisteminə qarşı sağ islahatçılar və ya sağ radikallar
mövqeyindən çıxış edən adamların sözlərindən və hərəkətlərindən doğan həmin
təhrif olunmuş stereotiplərin nəticəsi idi.
Sovet ictimai şüurunda yayılmış təsəvvürlərin əksinə olaraq, mühafizəkarlar
siyasi çıxdaşlar və ya autsayderlər deyil, dünyanın bir çox ölkələrində ən
mötəbər və nüfuzlu ictimai qüvvədir. Fəqət risk edib deyə bilərəm ki,
mühafizəkarlıq ideoloji cəhətdən liberalizm , sosializm və ya faşizmdən daha
az universallığa malikdir. Bu təbiidir, belə ki, konservatizm hər bir
ölkənin tarixi, etnik və dini xüsusiyyətləri ilə sıx bağlıdır və
düzləndirici unifikasiyanı qəbul etmir. Bu mənada Qərb ölkələrində üstünlük
təşkil edən mühafizəkar liberallar, İran və ya Pakistandakı islam
mühafizəkarları və hətta Çin misalında kommunist mühafizəkarlar haqqında
danışmaq doğru olardı. Eyni zamanda adi mühafizəkarlıqla, tradisionalizm və
siyasi konservatizmi fərqləndirmək lazımdır. Bu axırıncı əvvəlinci iki
elementi çox hallarda özündə birləşdirir, lakin ancaq onlardan ibarət olmur.
Bu gün kommunizmin süqutundan və sovet imperiyası dağıldıqdan sonra yeni
müstəqil dövlətlərin bir çoxu dünyanın sivil məkanına reinteqrasiyanı
strateji kurs elan etmişdir. Bu dövlətlərdə müasir iqtisadi, hüquqi və
siyasi qurumların təsdiqi prosesi getdiyi bir şəraitdə anlayışların ümumi
qəbul olunmuş mənalarının və ümumistifadə qaydalarının özlərinə qaytarılması
vacibdir. Bununla yanaşı, Azərbaycanda gedən bu və ya digər siyasi proseslər
üçün bu anlayışların hansı dərəcədə tətbiq edilməsini həm elmi, həm də
siyasi nöqteyi-nəzərdən müəyyənləşdirmək vacibdir. Yetmiş illik kommunist
hökmranlığından sonra transformasiya mərhələsində olan, özünün tarixi
müsəlman ənənələri şəraitində olan ölkəmizdə mühafizəkarlığın hansı formalar
və konkret mahiyyətlər daşıyacağını müəyyən etmək lazımdır.
Azərbaycanda milli həyatın ənənəvi formaları o qədər dağıdılmış və
deformasiyaya uğramışdır ki, indiki zamanda onların konservasiyası və
qorunub saxlanması yox, bərpası və intibahı aktual məsələdir. Eyni zamanda
ölkə və cəmiyyətin kardinal islahatların və modernləşdirmənin keçirilməsinə
ehtiyacı var. Beləliklə, əgər konservatizm Qərbi Avropa mənasında üzvdirsə,
yəni liberal və sosialist islahatlara qarşı təbii ictimai reaksiya kimi
yaranmışdırsa Azərbaycanda isə bu yönlü mühafizəkarlıq ancaq milli
ənənələrin bərpası üzrə məqsədyönlü, ardıcıl və ən əsası, səmərəli
fəaliyyətin iqtisadi və siyasi sahələrdəki radikal islahatlarla əlaqəli
nəticəsi kimi formalaşa bilər.
Ümumiyyətlə, məlumdur ki, mühafizəkarlıq mövcud olan münasibətlərin
qırılmasına yox, kök salmış ənənələrin qorunub saxlanılmasına və
təkrarlanmasına istiqamətlənmişdir. Siyasi-ideoloji mənada bu, ictimai
tənzimləyicidir. Mühafizəkarlıq hüquq və ənənə ilə icazə verilən
bərabərsizliyə yol verir və onu nəzərdə tutur və mütləq öhdəlik və
məsuliyyətin mənəvi ruhu ilə doludur. Mühafizəkarlıq cəmiyyətdə hər bir
fərdin hansısa bir ali qaydaya tabe olduğu və zəmanətçiləri dövlət və mənəvi
institutlar (bunlardan ən əsası dindir) olan birliyi təmin etməyə can atır.
Nüfuza, intizama, qənaətcilliyə və vicdanlı əməyə hörmət, öhdəlik və
hüquqların tarazlığı, ailənin qorunması və sairə də eləcə mühafizəkarlığın
fundamental dəyərləri kimi tanınır. Qarşımızda sadalananlardan çoxunu və ilk
növbədə xüsusi mülkiyyət institutunu və ona hörməti Azərbaycanda bərpa etmək
durur.
Qərbdə mühafizəkarlığın əsas rəqibi sosial-islahatçılıqdır. Azərbaycana
gəldikdə isə müasir liberal konservatizmin təsdiqi kommunokonservatizmin qət
edilməsindən keçir. Çünki bu gün bizdə adi mühafizəkarlıq əsasən kommunist
totalitarizmi illərində fərdi təşəbbüs və məsuliyyət göstərməkdən yadırğamış
əhalinin xeyli hissəsindəki xiffət hisslərdən ibarətdir. Həmin əhali üçün
yoxsulluq içində bərabərlik və dövlət tərəfindən zəmanət verilən minimum,
risk və cəmiyyətin qütbləşməsi ilə əlaqədar olan uğur və tərəqqidən
üstündür. Əhalinin kifayət qədər geniş təbəqələrinin və ilk növbədə böyük
yaşlı qrupların şüurunda ənənə sovet quruluşu ilə çulğaşır və bu mənada
onlar müasir anlamda yeni liberal mühafizəkarlıq üçün sosial baza ola
bilməz. Qərbdə mühafizəkarlıq kök salmış ictimai dəyər və əsasları qoruyan,
nəzərdə tutulan yeniliklərə şübhəli münasibət bəsləyən və müxtəlif
islahatlar ərzində buraxılmış səhvləri düzəldən siyasi qüvvə kimi özünü
göstərir. Bizdə - Azərbaycanda isə müasir qərb mühafizəkarlarına yaxın olan
siyasi qüvvələr 70 illik kommunist eksperimenti irsini tezliklə aradan
qaldırmaq və ölkəni dünya sivilizasiyası axarına qaytarmaq üçün radikal
islahat mövqeyindən çıxış etməyə məcburdurlar. Ancaq bu proses başa
çatdıqdan sonra yeni mühafizəkar ənənə üçün dayanıqlı sosial baza
formalaşacaqdır.
Azərbaycanın açıq şəkildə özünü mühafizəkar adlandırmış və xaricdə müvafiq
tərəf-müqabillik əlaqələri yaratmış nüfuzlu siyasi qüvvələrindən ancaq Milli
İstiqlal Partiyasını qeyd etmək olar. Lakin fərz etmək olar ki, Müsavat,
AXCP kimi sağ mərkəzçi partiyalar da bu istiqamətdə təkamüldədir. Bir neçə
mühafizəkar partiyanın yaranması da istisna edilmir (hətta onlar özlərini bu
cür elan etməsələr də). Onlar Türkiyədə də mövcuddur. Orada iki əsas sağ
partiya: Doğru Yol və Ana Vətən partiyaları mühafizəkardılar və
tradisionalizm təzahürlərinin müxtəlif nisbəti və ölkənin
modernləşdirilməsinə müxtəlif münasibətləri ilə fərqlənirlər. Bir çox
parametrlərinə görə Türkiyənin Rifah Partiyası da mühafizəkardır, halbuki o,
Qərbin müvafiq sağ liberal partiyalarına bənzəmir. AFR-də bir qədər fərqli
hal müşahidə olunur, burada mühafizəkar XDS və XSS partiyaları artıq bir
neçə onillik ərzində sabit və öz aralarında rəqabət aparmayan
tərəf-müqabillər və müttəfiqlər kimi fəaliyyətdədir.
Azərbaycanın və həm də digər postsovet respublikalarının qarşısında müasir
mühafizəkar proqramın hazırlanması, müvafiq siyasi, iqtisadi və mənəvi dünya
baxışları üzrə prioritetlərin müəyyənləşdirilməsi, eləcə də alternativ
siyasi-ideoloji cərəyanlar arasında sərhədlərin ayırd edilməsi durur.
Bununla yanaşı, nəinki konservatizm və demokratiyanın, həm də mühafizəkarlıq
və dinin, mühafizəkarlıq və millətçiliyin və sairin nisbətinin müasir
təhlili edilməlidir. Axırıncısı yaxın zamanlarda dövlət müstəqilliyi uğrunda
aparılan mübarizənin bütün əsas siyasi qüvvələri millətçiliyə tərəf sürüdüyü
ölkələr üçün olduqca aktualdır.
Bu ölkələrdəki milli hərəkatların aparıcı rolu onunla bağlıdır ki, kommunist
sistemi özünə yad olan sinifləri, zümrələri və siyasi-iqtisadi qurumları
dağıdaraq millətləri və etnik qrupları heç cürə “həzm” edə
bilməmişdi. Ona görə də demokratik təcrübə və ənənələrdən məhrum olan bu
cəmiyyətlərdə kommunist totalitarizminə qarşı müqavimət ancaq milli xətt
üzrə üzə çıxmışdır. Heç də təsadüfi deyil ki, hər yerdə bu mübarizəyə
siyasətçilər və dövlət xadimləri yox, hətta totalitarizm dövründə də milli
ruhlarını və müstəqil şüur və fəaliyyət rüşeymlərini qoruyub saxlamış
yaradıcı ziyalıların nümayəndələri rəhbərlik etmişlər. Pribaltikada,
Zaqafqaziyada və demək olar ki, hər yerdə belə olmuşdur. Aydındır ki,
millətçiliyin ideyaları, müxtəlif modifikasiya və formaları yeni yaranmış
müstəqil dövlətlərin siyasi həyatında və ictimai şüurunda geniş yer
tapmışdır. Totalitar kommunist sisteminin dağılmasında və müstəqilliyin əldə
olunmasında milli hərəkatların rolunu qiymətləndirməklə yanaşı,
aydınlaşdırmaq lazımdır ki, milli impuls yeni mərhələdə inkişaf amilin
təyinedicisi olmaq üçün kifayət qədər daxili potensialı saxlaya bilibmi.
Müasir dünyada millətçilik millətin dövlətləşdirilmiş etnos olduğu bir çox
ölkələrin siyasətinin əsas prinsipidir. Bu millətçilik özünü həm sağ, həm
sol modifikasiyalarda göstərir (məsələn, Rusiya, Serbiya və başqalarında
əyani olaraq görünür). Millətçilik təcrübi cəhətdən külli miqdarda siyasi
proqramlarda reallaşır – bu sahələrdəki ifrat iqtisadi və mədəni
ekspansionizmdən dövlət qəyyumlunuğacan və hətta izolyasionizməcən. Bununla
yanaşı, millətçilik anlayışı nəinki kommunist ölkələri və hətta dünyanın
bütün mədəni ictimaiyyətinin də siyasi leksikasında mənfi çalar almışdır və
bir qayda olaraq, onun ən ifrat və pozucu formalardakı təzahürlərini
adlandırmaq üçün istifadə olunur. Norma üzrə isə dövlət siyasətində
millətçilik elə fərdlərin münasibətindəki eqoizm kimi bir təzahürdür və
ancaq konkret şəraitdə əndazənin hüdudlarından kənara çıxdığı halda diqqət
və ittiham obyektinə çevrilir. Mötəbər cəmiyyətdə fərdi eqoizmi
qabartmadıqları kimi, eləcə də dövlətlərə və xalqlara münasibətdə
millətçilik açıq bəyan edilmir.
Bir çox ölkələrdə sosialist və liberal partiyalara nisbətən mühafizəkarları
milli özünüeyniləşdirmə məsələlərindəki həssaslıq və milli mənafelərin
açıq-aşkar və qəti müdafiəsi fərqləndirir. Bu, bir qayda olaraq, elə siyasi
qüvvələrdir ki, universalist iddialara və kosmopolit, beynəlmiləl
təzahürlərə (özü də istənilən qəbildən olan: həm sağ, faşist və həm də sol,
kommunist) münasibətdə öz skeptik hisslərini gizlətmirlər. Mühafizəkarlar –
vətənpərvərdirlər və bunu aşkar nümayiş etdirməkdən çəkinmirlər. Hesab
edirəm ki, Azərbaycan üçün seçicilərin millətçilik ruhunda olan hissəsini
radikal etnopopulistlərdən özünə çəkmək bacarığında olan məsuliyyətli
partiyanın siyasi səhnədə olması olduqca zəruridir. Aydındır ki,
vətənpərvərliyi və hətta pozitiv millətçiliyi etnik zorakılıq və
diskriminasiyanın istənilən təzahürlərinin qəti ittihamı ilə əlaqələndirmək
zəruridir. Müasir dünyada qlobal inteqrasiya prosesləri getməkdədir və təkcə
iqtisadiyyatların, həm də dillərin və mədəniyyətlərin sıx qarşılıqlı əlaqəsi
baş verməkdədir. Əyalət qapalılığı, özünəaludəlik və özünəarxayınlıq
yolverilməzdir və məhvedicidir. İndi bu artıq elə aksiomdur ki, onu
mühafizəkarlar qəbul edərək bəyan edirlər ki, dünya mədəniyyətinə və
sivilizasiyasına qatılmağı özünün tarixinə, dilinə və milli mədəniyyətinə
bağlılığı aşılamaqdan başlamaq zəruridir. Bu cür qoyuluşda inteqrasiya
proseslərinə ehtiyatlı mühafizəkar baxış geniş sosial bazaya malikdir və
mütərəqqi ənənələrə mane olmur, onları tarazlaşdırır. |