top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

RUMINİYADA İSLAHATLAR

HACI HACILI

Mənbə: "Məşvərət", N15, 1999


Sosialist düşərgəsi artıq ikinci onillikdir ki, dağılıb. Tarix üçün əhəmiyyətli zaman məsafəsi sayılmayan bu müddət ərzində “düşərgə”yə daxil olan ölkələrin çox mühüm hissəsini təşkil edən Şərqi Avropa ölkələrində mövcud kommunist rejimləri öz ömürlərini başa vurub. Həmin ölkələrin bir qrupunda isə hakimiyyət orqanları demokratik seçim yolu ilə yenidən formalaşdırılıb.

Bəs postsosialist məkanında mühüm siyasi dəyişikliklər hansı iqtisadi inkişaf təmayülləri ilə müşayiət olunur? Siyasi dəyişikliklərin nəticəsi kimi həmin ölkələrdə iqtisadi uğurlar əldə edilibmi? Qabaqcıl qərb dəyərləri bu məkana daxil olan ölkələrə necə nüfuz edir? Ölkələrin hamısımı demokratik təsisatlar və bazar iqtisadiyyatının inkişafı üçün mühüm addımlar atıb? Əgər konkret addımlar atılıbsa real nəticələr varmı?

Sadalanan suallara cavab vermək üçün həmin ölkələrin inkişaf yollarının strateji aspektləri barədə deyil (çünki artıq diqqətli oxuculara problem az-çox tanışdır), ayrıca götürülmüş bir ölkənin, tutaq ki, Rumıniyanın keçdiyi inkişaf yolu haqında danışmaq istərdik.

Rumıniya Avropanın cənub-şərqində yerləşir. Sahəsi 237,5 min. Kv. km, əhalisi təxminən 24 mln. nəfərə yaxındır. Ərazisi dörd tərəfdən keçmiş sosialist düşərgəsi ölkələri ilə həmsərhəddir. Avropanın ən böyük çayı olan Dunay, demək olar ki, bütün cənub sərhədi boyunca axır.

Rumıniya nəinki təkcə Şərqi Avropada, eləcə də bütün Avropada ən böyük təbii yanacaq ehtiyatlarına (neft, qaz, daş kömür və s.) malik ölkədir.

Hələ ikinci dünya müharibəsinin sonuna qədər Rumıniyada monarxiya rejimi hökm sürürdü. Bu tipik aqrar ölkəsində torpaqların çox böyük bir hissəsi iri torpaq mülkiyyətçilərinin əlində cəmləşmişdi. Avropanın digər ölkələri ilə müqayisədə olduqca zəif bazaya malik sənayenin bir sıra emal sahələri mövcud idi ki, bu da ölkənin ümumi inkişafına heç nə vermirdi. Ölkədə sənayenin daxili infrastrukturu 30-cu illərdən başlayaraq formalaşdırılırdı. 30-cu illərin sonu və 40-cı illərin əvvəllərində ölkədə hakim olan faşist rejimi olan-qalan potensialı hərbi istiqamətə yönəltmişdi.

1944-cü ildən Sovet qoşunlarının Rumıniyaya daxil olması ilə burada sürətlə “kommunizm quruculuğu” dövrü başlandı. 1987-ci ilə qədər davam edən bu dövr Rumıniya üçün elə bir önəmli hadisə ilə əlamətdar olmayıb. 1987-ci ilin noyabrında ölkəyə 30 ildən çox rəhbərlik edən N.Çauşeskunun kommunist diktaturasının devrilməsi ilə Rumıniyada iqtisadi inkişafın Qərb modelinə üstünlük verilməsi mərhələsi başlanır.

Rumın iqtisadiyyatının “sosializm” dövrü ilə bağlı son 40 illik dövrünün təhlili bazar iqtisadiyyatına keçidi və yeni iqtisadi münasibətlərin formalaşdırılmasını şərtləndirən bəzi məqamları aşkarlayır:

Əvvəla, təməli hələ 20-ci illərin sonunda SSRİ-də qoyulmuş “ölkənin bütövlükdə sənayeləşdirilməsi” prinsipinin tələm-tələsik Rumıniyada da tətbiqi bu ölkədə xalq təsərrüfatının ayrı-ayrı sahələri arasında tarazlığın pozulmasına gətirib çıxardı. Nəzərə almaq lazımdır ki, əgər müharibəyə qədər ölkə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə bağlı idisə, 1985-ci ildə əmək qabiliyyətli əhalinin 70 faizə qədəri sənaye sahələrində çalışırdı. Sənayenin quruluşunda dəyişikliklər aparılmış, müvafiq infrastruktur yaradılmadan energetika, maşınqayırma, metallurgiya, neft-kimya sənayelərinin nəhəng obyektləri yaradılmışdı.

1987-ci il hüdudunda Rumıniyanın sosialist kənd təsərrüfatında 419 dövlət kənd təsərrüfatı müəssisəsi (onların payına dövlət kənd təsərrüfatı təyinatlı torpaqların 14 faizi düşürdü), 4356 kənd təsərrüfatı məhsulları istehsalı kooperativi (ümumi sahənin 60 faizi) cəmlənmişdi. Fərdi təsərrüfatların xüsusi çəkisinin digər postsosialist ölkələrlə müqayisədə nisbətən böyük olmasına baxmayaraq, onlar əldən - ayaqdan uzaq dağ yerlərində qalmışdı və üstəlik texniki təminatları dövlət tərəfindən deyildi. Belə bir fon gec-tez yeni sistemə keçidi zəruri edirdi.

İkincisi, iqtisadiyyat sahələrinin qeyri-bərabər inkişafı özəlləşdirmə yolu ilə qərb dəyərlərinə qayıdışı imkansız edirdi. O vaxtkı rumın iqtisadiyyatının orbitində olan sənaye və kənd təsərrüfatı obyektlərinin təsnifatı da bunu sübut edir. Ölkədə kommunist rejiminin mövcudluğu ərzində yaradılmış sənaye və kənd təsərrüfatı müəssisələrini 3 qrupa ayırsaq, onların müxtəlif “özəlləşmə” potensialına malik olmaları aydınlaşar: a) qeyri-səmərəli fəaliyyət göstərən, həddindən çox istehsal məsrəfləri tələb edən kiçik və orta həcmli obyektlər. Həmin obyektlər çox tezliklə özəlləşdirilməli idi. Buna hazırda qismən nail olunub; v) parametrləri beynəlxalq standartlara az-çox uyğun gələn, istehsal xərcləri ilə iqtisadi səmərəlilik göstəricisi arasında əlverişli nisbət olan orta və kiçik həcmli obyektlər. Bu obyektlərin özəlləşdirmə layihələrinə daxil edilib-edilməməsi məsələsi yetişəndə ortaya belə bir sual çıxırdı. Əgər müəssisə xeyirlə işləyirsə, onda ənənəvi münasibətlər sisteminin pozulub yenisi ilə əvəzlənməsinə nə lüzum? Hazırda Rumıniyada bu problem də əmək kollektivlərin sərbəst rəylərinə əsasən həllə edilmək üzrədir; v) həddindən çox böyük istehsal xərci tələb edən, dünya qiymətləri ilə rəqabət aparmaq qabiliyyəti olmayan qeyri-effektiv iri sənaye obyektləri. İlkin mərhələdə sual olunurdu: ölkənin mövcud sosial, iqtisadi və siyasi vəziyyətində iri sənaye müəssisələrini bağlamaq nə dərəcədə məqsədəuyğundur? Axı bu, birdən-birə 2-3 min fəhlənin bayıra atılması deməkdir. Nisbətən əlverişli inkişaf imkanlarına malik olan Rumıniya kimi bir ölkədə bu sualın da cavabı artıq tapılmaq üzrədir.

Üçüncüsü, əsasını ənənəvi işküzarlıq təşkil edən və özünü daha çox torpaq münasibətlərində büruzə verən “kommunizm quruculuğu” dövründə çox cüzi dəyişikliyə məruz qalan mentalitet və kommunizm quruculuğu prosesinin nisbətən daha az zaman kəsiyini əhatə etməsi Rumıniyada normal bazar əlaqələrinin bərpasının daha ağrısız olmasını şərtləndirir. Lakin digər postsosialist ölkələrində olduğu kimi Rumıniyada da xüsusi mülkiyyətin formalaşdırılmasının qohumluq və qrup mənafeyinə söykənməsi təhlükəsi vardır. Son günlər ölkədə şaxtaçıların kütləvi iğtişaşı bunun simptomları ola bilər. Bu hisslər fonunda ziddiyyətlər sosialist idarəçiliyi dövründə süni surətdə boğulurdu. Ona görə də özəlləşdirmənin ilkin mərhələsində onun sərt dövlət nəzarəti altında həyata keçirilməsini vacib sayırdılar.

Hazırda Rumın iqtisadiyyatı keçid dövrünün ağrılı-acılı mərhələsini ötmək üzrədir. Sənaye müəssisələrinin 30-35 faizi artıq özəlləşdirilib. Orta və iri həcmli müəssisələrin səhmdar cəmiyyətlər və digər formalarda yenidən qurulması prosesi davam edir. Neftin hasilatı, ilkin emalı sahəsində yeni texnologiyaların cəlb edilməsi mərhələsi başlanıb. 1992-ci ildə torpaqlardan istifadənin yeni qaydalarının hüquqi əsaslarına dair bir neçə qanun qəbul edildi və bunun nəticəsi olaraq indi torpaqların 80 faizindən çoxu mülkiyyətçilərin əlində cəmlənib. Kənd təsərrüfatı obyektlərinin cəmi 18 faizi dövlətin əlindədir. Özəlləşdirilmiş obyektlərin və emal müəssisələrinin 37 faizi səhmdar cəmiyyətlər formasındadır. Özəlləşdirmənin gedişində müəyyən edilib ki, mülkiyyətçilər öz torpaq sahələrindən istifadə etməkdə çətinlik çəkir. Xırda kəndli təsərrüfatları texnikanı saxlaya bilmir. Bu çətinlikləri aradan qaldırmaq üçün həmin qurumlara əvəzsiz pul yardımları və güzəştli kreditlər buraxılır.

Dövlət yeni aqrar texnologiyanın yaradılmasına və onun xüsusi təsərrüfatlarda istifadəsinə kömək göstərir. Kənd təsərrüfatında qiymət stimulu yüksək rol oynadığından, Rumıniyada bu amilə xüsusi diqqət yetirilir. Hazırda kənd təsərrüfatı məhsullarının satış qiymətləri tamamilə sərbəstləşdiyi halda, kənd təsərrüfatı texnikasına hökumət xüsusi güzəştli qiymətlər tətbiq edir.

Rumıniyada vergi sisteminin təkmilləşməsi vasitəsilə büdcə gəlirlərinin aradan qaldırılması, yeni infrastrukturların yaradılması üçün əhəmiyyətli maliyyə yönəldilməsi, savadlı investisiya siyasəti yolunda mühüm addılar atılır, dövlət aparatında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır.

Ardıcıl maliyyə siyasəti sosial təminatlar üçün xərclərin ayrılmasını da imkanlı edir. Hazırda ölkədə inkişafa zamin olan orta təbəqənin formalaşması prosesi gedir.

Beləliklə, ümumi “kommunizm qazanında qaynamış” bu bəladan sovuşmaq üçün cidd-cəhdlə yollar axtarır. Buna nail oluna biləcəkmi? Onu zaman göstərəcək.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft