|
ÇİN XALQ
RESPUBLİKASININ İSLAHATLAR TƏCRÜBƏSİ
HACI HACILI
Mənbə:
"Məşvərət", N16,
1999
Siyasi yönəmindən
asılı olmayaraq dünya ölkələrinin əksəriyyətində təsərrüfat sistemi,
idarəetmə, sosial sektor və digər sahələrdə islahatlar həmişə aparılıb. Özü
də hər bir ölkə öz daxilindəki yeniləşməni hansısa təcrübəyə söykənməklə
həyata keçirib. İslahatların elə nümunələri mövcuddur ki, iqtisadiyyatı,
təsərrüfat strukturu, əhalinin mentaliteti, siyasi sistemi ilə müəyyən
müqayisələr aparmaqla hər hansı bir ölkədə onları uğurla tətbiq etmək olar.
Bəzi, məsələn, münasibətlərin açıq olmadığı və sonrakı mərhələdə açıq
cəmiyyətə keçidin zəif müşahidə edildiyi ölkələrdə də əhalinin məşğuliyyəti
və sosial vəziyyətinə müsbət təsir göstərən islahatlar təcrübəsi mövcuddur.
Güman edirəm ki, onların da təcrübəsi yol ayrıcında olan, tutaq ki,
Azərbaycan kimi ölkələrdə öyrənilməyə layiqdir. Bu baxımdan son 30 il
ərzində Çin Xalq Respublikasında aparılan islahatlar diqqəti xüsusi cəlb
edir.
Çin ərazisinin
sahəsinə və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən biridir.
Hazırda burada 1,3 milyard əhali yaşayır.
Böyük
yanacaq-enerji ehtiyatlarına malik olması Çinin inkişaf perspektivini
şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirilə bələr. Burada daş
kömürün ümumi ehtiyatı 1,5 trilyon ton, təbii qazın ehtiyatı 10 trilyon kub
metr, ümumi hidropotensial Su Elektrik Stansiyalarının mümkün potensialı
üzrə 680 mln. KVt.saat, elektrik enerjisinin mümkün hasilatı üzrə isə 5,9
trln. KVt.saat qiymətləndirilir. Ölkədə digər yanacaq-enerji ehtiyatları da
vardır ki, bunlardan nefti xüsusi qeyd etmək olar.
Son 20-30 il
ərzində metallurgiyanın ümumi bazası da Çində olduqca yüksək sürətlə inkişaf
edib. 1949-cu ildə, ümumiyyətlə, qara metallurgiya sənayesinə malik olmayan
Çin artıq 1993-cü ildən ərinmiş polad istehsalına görə (88 mln. ton)
Yaponiyadan sonra dünyada ikinci, dəmir filizi hasilatına görə isə birinci
yerə çıxıb.
Ölkədə toxuculuq,
yüngül və yeyinti sənayesi, habelə turizm və xidmət sahəsi son illər güclü
inkişaf mərhələsinə qədəm qoyub və ölkə iqtisadiyyatında əhəmiyyətli rol
oynamağa başlayıb. Halbuki cəmi 20-25 il öncə bu sahələr çox zəif texnoloji
potensiala malik idi.
Çin dünyanın əsas
kənd təsərrüfatı istehsalı ölkələrindən biridir. O, hazırda taxıl (450 mln
ton), pambıq, tərəvəz, bostan bitkiləri, həmçinin tütün, araxis, raps, toyuq
məhsulları istehsalına, donuzun baş sayına görə dünyada birinci yeri tutur.
Con 40 il ərzində
ölkənin sosial mənzərəsinin dəyişməsində urbanizasiya amili mühüm rol
oynayır. Əgər 1970-ci ildə ölkə əhalisinin yalnız 17,4 faizi şəhərlərdə
yaşayırdısa hazırda bu rəqəm 54 faizə bərabərdir. Hazırda əhalinin böyük
qismi iri sahil şəhərlərində və aqlomerasiyalarda yaşayır.
Çində əhalinin
maddi-rifah halı 1970-ci illə müqayisədə 12,4 dəfə yüksəlib. Çin kimi
demoqrafik problemlərə malik olub ağır keçmişin mirasını daşıyan bir ölkə
üçün bu, böyük irəliləyişdir.
Göründüyü kimi,
ölkənin uğurları böyükdür. Bəs bu uğurların açarı nədədir? Uzun müddət
yoxsulluq zolağından çıxa bilməyən Çin iqtisadi dirçəliş üçün hansı
rıçaqlardan istifadə etmişdir? Ölkə iqtisadiyyatının artan xətlə inkişaf
etməsində hansı amillərin rolu önə çəkilir? Bu və ya digər suallara aydınlıq
gətirməyə cəhd edək.
Hər şeydən öncə,
onu qeyd etmək yerinə düşərdi ki, Çin Xalq Respublikasında iqtisadi və
sosial uğurlar uzun müddət həyata keçirilən, «inqilabi» deyil, daha çox
«xırda addımlar» taktikasına söykənən ardıcıl islahatların məhsuludur. Məhz
buna görə də uğurların əldə edilməsinin «iz»ini axtararkən ilk növbədə bu
faktın özündən çıxış edilməlidir.
Çin əhəmiyyətli
iqtisadi uğurlarla müşayiət olunan islahatlar fazasına 1970-ci illərin
sonlarında qədəm qoyub və bu mərhələ indiyədək davam edir.
Başlanğıc
mərhələdə islahatlar «sosialist iqtisadiyyatının modernləşdirilməsi» adı
altında həyata keçirilirdi. Nəzərə almaq lazımdır ki, o vaxtlar islahatlar
tarixi zərurətdən irəli gəlirdisə digər tərəfdən də siyasi iradə tələb edən
bir iş idi. Təsadüfi deyildir ki, bəzi ekspertlər Çin islahatlarının əsas
uğurunu «islahatların arxitektoru», ÇXR Dövlət Şurasının ovaxtkı sədri Den
Syaopinin adı ilə bağlayırlar. Bu fikirlə müəyyən qədər razılaşmaq olar.
Çin islahatlarının
həyata keçirilməsi xüsusiyyətlərini araşdırarkən uğurları müşayiət edən
aşağıdakı dörd məqam diqqəti özünə cəlb edir:
1. Ölkədə həyata
keçirilən islahatlar «aşağılar»ın tələbi ilə deyil (totalitar rejim
çərçivəsində bu, mümkün olmayan bir işdir), «yuxarılar»ın, daha konkret Çin
Kommunist Partiyası rəhbərliyinin təşəbbüsü ilə başlanıb. 1978-ci ildə
ÇKP-nin 3-cü plenumunda iqtisadiyyatın modernləşdi- rilməsi haqqında qərar
qəbul edilib və 1987-ci ildə ÇKP-nin 13-cü qurultayı həmin qərarı bir daha
təsdiqləyib.
2. İslahatların
çox mühüm əsasını «qanunçuluğa və intizama riayət» edilməsi şüarı təşkil
edir. Uzun müddət diktatura anarxiyasının hökm sürdüyü bir ölkə üçün,
zənnimizcə, bu, çox mühüm bir addım idi və islahatların həyata keçirilməsi
zamanı ölkədə başa verə biləcək sosial gərginliklərin aradan qaldırılması
üçün, bir növ, «amortizasiya« rolunu oynayırdı. Sonrakı mərhələlərdə qəbul
edilən qərarlar, təsdiq edilən hüquqi aktlar islahatlara əhəmiyyətli təsir
göstərirdi.
3. Qanunvericilik
səviyyəsində qəbul edilən hüquqi sənədlərin mütləq əksəriyyəti, yəni 70
faizi təsərrüfat sistemi və iqtisadi münasibətlərin digər sahələrini əhatə
etməklə bilavasitə iqtisadiyyatla bağlı idi. Həm də burada diqqəti çəkən
əsas cəhət o idi ki, qəbul edilən qərar və qanunlar heç də iqtisadi
münasibətlər sisteminin radikal dəyişdirilməsini tələb etmirdi. Bu, eyni
zamanda, ölkə daxilində siyasi sabitliyin qorunması üçün vacib sayılırdı.
4. İslahatlar
«plan-bazar» sxemi üzrə aparılırdı. Belə bir addım, bir tərəfdən, ictimai
mülkiyyətə əsaslanan sosialist qurumlarının getdikcə daha sərbəst təsərrüfat
fəaliyyətini şərtləndirirsə digər tərəfdən də, xüsusi bölmənin inkişafı üçün
əsas yaradırdı. Məsələyə sistemli baxış isə bazara nəzərən istehsalın
təşkili üzərində köklənirdi. Burada bir detala diqqət yetirmək yerinə
düşərdi. Sənayedə islahatların hüquqi təminatının gücləndirilməsi inzibati
və mülki hüquq arasında sərhədin müəyyənləşdirilməsini tələb edirdi. Belə
ki, inzibati hüquq planlı iqtisadiyyat, mülki hüquq isə daha çox sərbəst
fəaliyyət göstərən təsərrüfatların fəaliyyətlərini reqlamentləşdirir. 80-ci
illərin ortalarında qəbul edilmiş Mülki Kodeksin mühüm tərkib hissəsini
«siyasətdənkənar açıq münasibətlər» təşkil edirdi.
Çində iqtisadi
islahatlara mühüm təsir edən amillərdən biri kimi ölkə rəhbərliyinin 80-ci
illərin əvvəllərindən elan etdikləri «açıq qapı» siyasətini göstərmək olar.
Bu siyasət ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıb və bilavasitə
Sinqapur, Honkonq, Makao, Tayvan, Malayziya kimi ölkə və ərazilərin (onların
əhalisinin çoxunu etnik çinlilər təşkil edir və bunun da əhəmiyyəti nəzərə
alınırdı) təcrübəsinə söykənib. Bu təcrübə isə göstərirdi ki, qapalı
inkişafdan «açıq» inkişaf modelinə keçidin vaxtı gəlib çatmışdır. Belə bir
şəraitdə sərbəst iqtisadi zonaların (SİZ) yaradılması ideyası ortalığa
atıldı və tezliklə onlar yaradılmağa başlandı. SİZ-in yaradılması Çin üçün
bir neçə cəhətdən perspektivlər vəd edirdi:
-
xarici
kapitalın, qabaqcıl texnologiya və texnikanın cəlb edilməsi, beynəlxalq
iqtisadi əlaqələrin inkişaf etdirilməsi;
-
sonradan
ölkənin digər bölgələrində tətbiq etmək üçün SİZ təcrübəsindən istifadə
edilməsi;
-
SİZ daxilində
inkişafın səviyyəsinin sadalanan ölkə və ərazilərin səviyyəsinə
qaldırılması.
Ölkədə sərbəst
iqtisadi zonaların perspektivinə inam yaradan əsas amillərdən biri də ucuz
işçi qüvvəsinin mövcudluğu idi.
Elan olunan
kursdan 20 ilədək vaxt keçir və xüsusi islahat zonalarının yaradılmasının
əhəmiyyəti Çin səviyyəsində artıq sübuta yetirilib. Hazırda ölkədə 14 «açıq
liman» və 4 SİZ fəaliyyət göstərir. SİZ və «açıq liman»ların uğurlu
fəaliyyətinə misal olaraq Şençjen SİZ-i göstərmək olar. Burada 1980-90-cı
illər ərzində sənaye istehsalı 200 dəfədən çox artmış, məcmu sənaye məhsulu
16 mlrd. yuana çatmışdır. 2000-ci ildə həmin rəqəmin 50 mlrd. yuan olacağı
gözlənilir.
Çin Xalq
Respublikasında demoqrafik problem həmişə öz kəskinliyi ilə fərqlənib.
1949-cu ildən 1993-cü ilədək ölkədə əhalinin sayı iki dəfə artıb. Lakin
dövlət tərəfindən demoqrafik siyasət aparılmasaydı artım sürəti daha da
yüksək ola bilərdi. Hələ 60-cı illərin sonlarından həyata keçirilən və
müəyyən diskriminasiya elementləri (məsələn, «bir ailə-bir uşaq») olan
demoqrafik siyasət ümumilikdə götürdükdə müəyyən səmərə verdi və əhalinin
məşğuliyyəti baxımından xeyli irəliləyiş əldə olundu.
İstehsal və
xidmət sahələrində fərdi təsərrüfatların geniş şəbəkəsinin formalaşdırılması
Çin islahatlarının tərkib hissələrindən biri hesab edilə bilər. 1970-ci
illərin əvvəllərində fərdi təsərrüfatlar faktik olaraq yox idisə 1987-ci
ildə onların sayı 12,3 milyona çatırdı və həmin təsərrüfatlarda 18,8 milyon
əhali çalışırdı. Hazırda fərdi təsərrüfatların sayı 15 milyona yaxındır və
orada 25 milyon əhali işləyir. «İkinci iqtisadiyyat» adlanan və dövlət
planından asılı olmayan bu sahə sərbəst bazarla tənzimlənir və bölmənnin
müəssisələri dövlət bölməsi müəssisələrindən fərqli olaraq daha səmərəli
işləyir.
Dövlət sənaye
müəssisələri xüsusi müəssisələrdən az səmərəli işləsə də onların payına
sənaye məhsulları istehsalının 60%-i düşür. Keçmiş sosialist təcrübəsindən
bizə məlumdur ki, mərkəzləşmiş qaydada idarə edilən və dövlət mülkiyyətində
olan sənaye obyektləri onların işçilərinin maraqları ilə bilavasitə asılı
olmadığından hər hansı bir səmərə əldə etmək xeyli çətinləşir. Çin
islahatçıları bu amili də nəzərə alıblar. Hazırda ölkədə iri sənaye
müəssisələrində «rəhbərliyin məsuliyyəti sistemi» forması mövcuddur ki, bu
da fərdi məsuliyyəti daim önə çəkir.
İslahatların
mühüm mərhələlərindən biri kimi dövlət idarəetmə orqanlarında aparılan
yenidənqurma, aparatın yığcamlığı və rasional fəaliyyət istiqamətində
dəyişdiril- məsini da göstərmək olar. Hələ 1982-ci ildə Den Syaopin struktur
islahatlarını «müəyyən mənada inqilab» adlandı- rırdı.
Çin
islahatlarının maraqlı məqamlarından biri də kənd təsərrüfatıdır. Aqrar
bölmədəki yeniliklər bir qayda olaraq xalq kommunalarının daha sərbəst,
rəhbərlərin kor-koranə idarəçiliyinə etiraz edə bilən formalarla əvəz
edilməsindən başlayır. Mərhələlərlə həyata keçirilən dəyişikliklərin ikinci
fazası kimi kollektiv təsərrüfat daxilində ikiqat və üçqat icarə sisteminin
tətbiqi 80-ci illərin ortalarından kənd təsərrüfatı istehsalının xeyli
artımına şərait yaradıb. Belə bir addım təsərrüfat subyektlərinin sərbəst
olarsa daha səmərəli işləməsini sübut etdiyindən hazırda növbəti - dördüncü
fazada dövlət tərəfindən istehsalçılarla dövlətin birbaşa müqaviləsi
əsasında torpaq, istehsal vasitələri və kənd təsərrüfatı istehsalı
obyektlərinin uzunmüddətli istifadəyə verilməsi siyasəti həyata keçirilir.
Bu cür təsərrüfat formaları «kəndli həyətləri» adlandı- rılır.
Beləliklə,
aparılan islahatların Çin Xalq Respublikasının inkişafına necə təkan verməsi
göz qabağındadır. Bu gün ABŞ-da Çin etiketi daşıyan istehlak mallarının
bolluğu buraya gələn hər kəsi təəccübləndirir. Çində istehsal olunan
trikotaj malları bütün dünyada satış bazarına malikdir. Çin radiotexnika
avadanlıqları Mərkəzi Asiya ölkələri bazarın- da özünə möhkəm yer tutub.
Azərbaycanda da hər addımbaşı Çində istehsal olunan mallarla rastlaşırsan.
Son vaxtlar Çin işgüzarlığı, Çin təsərrüfatçılığı daimi diskussiyalar
mövzusuna çevrilib. Bütün bunlar təsadüfi deyil və ölkədə aparılan iqtisadi
siyasətlə birbaşa bağlıdır. Bu siyasətin əsasını isə zəif də olsa açıq
cəmiyyətə keçid təşkil edir. |