|
SİYASİ RİSK
RASİM
MUSABƏYOV
Politoloq
Mənbə:
"Məşvərət", N22,
1999
Azərbaycanın beynəlxalq səhnədə
mövqeyinin güclənməsinin və onun dünya təsərrüfatına qovuşmasının ən mühüm
şərtlərindən biri siyasi şəraitin sabitliyidir. Xarici siyasətçilər və
biznesmenlər üçün Azərbaycan yetərincə maraqlı və perspektivli, amma hələ də
şübhəli tərəf-müqabildir. İqtisadi yüksəlişin zəruri şərti olan uzunmüddətli
investisiyaların Azərbaycan iqtisadiyyatına (yalnız neft sahəsinə yox)
yatırılması siyasi mühitin yaratdığı riskin yüksək səviyyəsinə görə hələ də
əngəllidir.
Xaricdə siyasi risk probleminə maraq 50-ci illərin axırlarında Kuba
hadisələri ilə əlaqədar meydana gəlmişdir. Hələ 70-ci illərdə iri
korporasiyalarda digər ölkələrdə şirkətlərin fəaliyyətinin məruz qaldığı
riskin səviyyəsinin qiymətləndirilməsi ilə məşğul olan xüsusi bölmələr
yaradılmışdır. Fəqət 80-ci illərin əvvəllərinə qədər problemin mürəkkəbliyi
və metodikanın yetərincə işlənməməsi səbəbindən ölkə riskinin ümumi
qiymətləndirilməsində siyasi komponentin təhlilinə ikinci dərəcəli rol
verilir. Eyni zamanda, öncəgörülməsi imkanına şübhəli münasibətin artması
ilə müşayiət olunan siyasi risk probleminə marağın çoxalması 1979-cu il İran
inqilabından sonra qeydə alınmışdır. Bu ölkədəki hadisələr, bir tərəfdən,
siyasi öncəgörmələrin həyata keçməsi ehtimalı və siyasi riskin səviyyəsinin
qiymətləndirilməsinin etibarlılığı haqqındakı çoxsaylı mübahisələrin mövzusu
olmuş, digər tərəfdən, bu sahədəki tədqiqatlar üçün bol faktik material
vermişdir. Əvvəllər əsasən xüsusi xidmətlərin və dövlətlərin xarici siyasət
idarələrinin məşğul olduğu tədqiqatların təcrübi əhəmiyyəti müxtəlif
ölkələrdə siyasi riskin qiymətləndirilməsi üzrə ixtisaslaşan xeyli sayda
şəxsi məsləhət firmalarının yaranmasına səbəb olmuşdur. Son zamanlarda
onların hesabatlarında bizim ölkənin də adı çəkilir və çox təəssüf ki, hətta
öz qrupunda da heç də yaxşı olmayan reytinqə malikdir.
Vebsterin lüğətində «risk» «ziyanın və ya itkilərin ehtimalı» kimi
müəyyənləşdirilir, yəni risk hər hansı arzuedilməz hadisənin baş verməsi
imkanına aid edilir. Riskin geniş yozumu mürəkkəb sistemin inkişafının
optimal istiqaməti və parametrlərinin dəqiq öncəgörülməsinin
qeyri-mümkünlüyü sayılan qeyri-müəyyənlik anlayışı ilə eyniləşir, bu isə
özündə təkcə mənfi nəticələri yox, eləcə də müsbət imkanları daşıyır.
Müasir şəraitdə riskin qiymətləndirilməsi siyasətdə və iqtisadiyyatda
qərarların qəbul olunması üçün nəzəri bazadır. İnvestorların xarici ölkədə
qarşılaşdıqları qeyri-müəyyənliyin aradan qaldırılması üçün ölkə riskinin
(country risk) təhlili aparılır. Ölkə riski “hər hansı ölkədəki müstəqil
dövlətin və ya müstəqil kreditorların xarici kreditorlara və yaxud
investorlara münasibətdə öz öhdəliklərini icra etmək imkanında və ya
arzusunda olmadıqlarının ehtimalını” müəyyən edir.
Ümumölkə riski çərçivəsində qeyri-kommersiya və ya siyasi və kommersiya
riskini fərqləndirirlər. Bu axırıncı da öz nüfuz səviyyəsindən asılı olaraq
aşağıdakılara bölünür: 1) dövlət səviyyəsində - “xarici hökumətlərə
istiqrazların verilməsi ilə assosiativləşən” ödəmə imkanlarının olmaması
riski (sovereign risk); 2) şirkətlər səviyyəsində - “iqtisadi siyasət
aparıldığı zaman xarici kreditor və investorların kapital göndərişlərinə,
dividendlərinə və faizlərinə ayrılıqda hansısa ölkənin məhdudiyyət qoyacağı
risk”, transfer riski (transfer risk).
Siyasi risk sözün dar mənasında investisiyaların yerləşdirildiyi ölkədə
əlverişli olmayan siyasi amillərin təsiri nəticəsində firmaların maliyyə
itkilərinin ehtimalı kimi anlaşılır. Hər hansı bir ölkədə investisiyalarını
yerləşdirmək və ya yerləşdirməmək qərarını qəbul edən investorlar üçün
investisiyaları son dərəcə sərfəsiz edən siyasi qeyri-sabitlik ehtimalı kimi
iqtisadi yüksəlişə yardım edən siyasi sabitlik perspektivi də çox
əhəmiyyətlidir.
Siyasi risklərin təsnifatı ya müəyyən dövlət siyasəti aparılan zaman hökumət
dairələrinin fəaliyyətinin doğurduğu, ya da ki, hökumətin nəzarətindən
kənarda olan qüvvələrin doğurduğu hadisələrin bölgüsü əsasında aparılır. Bu
prinsipə uyğun olaraq Ç.Kennedi siyasi riskin ekstra-leqal və leqal-hökumət
risklərinə bölünməsini təklif etmişdir. Ekstra-leqal risk mənbəyi ölkənin
mövcud qanuni qurumlarından kənarda yerləşən ixtiyari hadisə deməkdir:
terrorizm, sabotaj, hərbi çevriliş, inqilab. Leqal-hökumət riski çağdaş
siyasi prosesin bilavasitə məhsuludur. O, yeni hakimiyyətə və
qanunvericilikdə ticarətə, əməyə, müştərək müəssisələrə, pul siyasətinə aid
dəyişikliklərə gətirib çıxaran demokratik seçki kimi hadisələrdən ibarətdir.
Siyasi riskin həyata keçirilən monitorinqinin məqsədi kifayət qədər
aydındır: siyasi mühitdə yaranacağı mümkün ola bilən risklərin öncəgörülməsi
yolu ilə şirkətlərin xarici investisiyalarını qorumaq. Təhlil aparılan zaman
siyasi risk həmin ölkənin siyasətinin sabitliyindən və
istiqamətləndirilməsindən üzə çıxarılır. 70-ci illərə qədər beynəlxalq
firmaların əksəriyyəti ölkənin siyasi iqlimi üzrə «old hands» («köhnə
tanışlıqlar») və «grand tours» («böyük turlar») üsulları ilə apardıqları
təhlillərini keyfiyyət göstəriciləri ilə məhdudlaşdırırdı. Təhlil müntəzəm
aparılmırdı. Ancaq yeni investisiyalar barədə məsələ həll edilməli olan
hallarda aparılırdı. Əgər siyasi risk çox yüksək olurdusa, ya investisiyalar
qoyulmurdu, ya da itkilərin yüksək ehtimalı nəzərə alınaraq layihənin
dəyərinə «riskə görə mükafat» əlavə olunurdu. İri faciə baş verməyənəcən
ölkənin siyasi reytinqi yenidən qiymətləndirilmirdi.
Ölkə riskinin qiymətləndirilməsinə kəmiyyətcə yanaşma faktorundan müxtəlif
siyasi və sosial indikatorların vasitəsi ilə müəyyən sayda sosial-siyasi
faktorların nisbi təsirini cəmləyən risqin vahid rəqəmi istifadə edərək
müxtəlif ölkələri riskin dərəcəsi üzrə müqayisə etməyə imkan verir. Kəmiyyət
üsullarının əsas qüsuru siyasi riskin dar mənalı tərifindən istifadə
edilməsi və riskin siyasi qeyri-sabitlik, valyuta nəzarəti, ekspropriasiya
və s. kimi məhdud sayda növləri üzərində diqqətin cəmləşdirilməsidir. Xarici
investisiyalara müxtəlif dərəcəli potensial təsir göstərən ehtimal olunan
risklərin tam siyahısı daha da genişdir və bir neçə yüz siyasi, iqtisadi və
sosial-mədəni faktoru əhatə edir.
Ölkədə olan əlverişli və ya əlverişsiz təmayüllərin tez aşkar edilməsi üçün
aqreqatlaşan statistik göstəricilər üsulu tətbiq edilir.
Bunun əsasında 70-ci illərdə iki model hazırlanmışdır (PSSI, Ecological
Approach). Bunlar dəqiq səbəb əlaqələri üzrə qurub və ilk növbədə
ekonometrik və digər obyektiv məlumatlara əsaslanır. Political System
Stability Index modeli ilk dəfə D.Hendel, Q.Vest və R.Midou tərəfindən
təsvir edilmişdir. Model siyasi və sosial mühitin qeydə alınmış tərkib
hissələri toplusunu bilavasitə ölçərək, mücərrəd nəticə və təhriflərdən
asılı olmamaq iddiasındadır. Bu məqsədlə modelə hər tərkib hissə üzrə
hesablanan indekslərin əlavə məxfi qiymətləri daxil edilib.
Maliyyə yönəlişli iki reytinq sistemini: «Institutional Investors Country
Credit Rating və Euromoneys Country Risk Index”i yada salmaq lazımdır. Onlar
uyğun olaraq 109 və 116 ölkəni əhatə edir. Euromoney modelində ölkə riskinin
reytinqi indikator toplusunun (London banklararası kreditlər üzrə təkliflər
stavkası LIBOR, ilkin qiymətqoyma, banklararası kreditlər və s. tipli)
kombinasiyası yolu ilə tərtib edilir. İqtisadiyyatın əsas sahələri üzərində
milli nəzarətin dərəcəsi, siyasi qeyri-sabitlik, ölkənin beynəlxalq statusu,
hökumətin və firmaların ticarət balansında dəyişikliklər kimi ümumi iqtisadi
və siyasi təmayülləri səciyyələndirmək üçün dəyişənlərin bir sıra qrupları
tətbiq olunur. Adətən istifadə olunan indikatorların kəmiyyət parametrləri
ekspertlərin rəyləri ilə kombinasiya edilir və milli və beynəlxalq
iqtisadiyyatın inkişafını öncəgörməyə imkan verən mürəkkəb dinamik model
tərtib edilir. İndikatorların üstünlüyü onların obyektivliyində və (çox
hallarda) ölçülü olmalarındadır. Bu isə hadisələr haqqında dəqiq
hesabatların tezliklə yaradılmasına imkan verir. Fəqət indikatorların nəzəri
cəhətdən əsaslandırılması mühüm problem kimi qalmaqdadır. Digər problem isə
təyinat üzrə reytinqlərin statikliyidir: onlar bəlkə də gələcəklə heç bir
əlaqəsi olmayan keçmiş hadisə və şərtləri nəzərdən keçirir.
Siyasi riskin təhlilində şəxsiyyət faktorunun qiymətləndirilməsi üçün
M.OLiri və V.Koplin tərəfindən Prince model adlı model hazırlanmışdır.
Konkret şəxsin müsbət, bitərəf və mənfi mövqeyinin möhkəmliyini, onun
nüfuzunun dərəcəsini və baxılan məsələnin onun üçün əhəmiyyətini təhlil
etdikdə (hər bir meyar beşballı şkala üzrə qiymətləndirilir, sonra isə bütün
iştirakçılar üzrə vurulur və toplanır), model bu və ya digər qərarın hökumət
tərəfindən qəbulunun ehtimalını kəmiyyətcə (ümumi sayda müsbət balların payı
ilə) hesablamağa imkan verir.
Daxili iqtisadi faktorların təhlili ölkənin iqtisadi inkişafının ümumi
səciyyəsini müəyyənləşdirməyə və ən zəif sahələri ayırd etməyə imkan verir.
Xarici iqtisadi faktorlar daxili iqtisadi siyasətə xarici məhdudiyyətlərin
göstərdiyi təsirin dərəcəsini müəyyən edir: asılılığın yüksək dərəcəsi və
xarici borcun iri həcmi investisiya fəaliyyətinə hökumətin müdaxiləsi
riskini gücləndirir.
Daxili sosial-siyasi faktorların qiymətləndirilməsi problemində subyektivlik
əhəmiyyətli dərəcədədir. Müəyyən şərtlər daxilində xarici siyasi şərait
ölkədə siyasi qeyri-sabitliyin qızışdırıcısı rolunu oynaya bilər.
Nəticədə qeyd etmək lazımdır ki, Azərbaycanda siyasi riskin təhlilinin
müəyyən özünəməxsusluğu var. Birincisi, postkommunist siyasi ənənə,
demokratik institutların qeyri-təkmilliyi və tarixi inkişafın dönüş nöqtəsi
siyasi riskin qiymətləndirilməsində siyasi risqin qiymətləndirilməsi zamanı
əlavə diqqət yetirilməsi zəruri olan şəxsiyyət faktorunun mühüm rolunu
şərtləndirib. İkincisi, çoxlu sayda qeyri-dəqiq ideologiyalı və sosial
bazalı partiyaların mövcudluğu qeyri-müəyyənliyin əsas faktorudur. Uzadılmış
Qarabağ münaqişəsinin həll edilməməsi həm siyasi şəraitə birbaşa və həm də
iqtisadiyyatdakı duruma dolayı təsir edir, sosial gərginliyin səviyyəsində
əksini tapır və ən sonda ölkədə siyasi iqlimin və investisiya iqliminin
pisləşməsinə gətirib çıxarır. |