top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

DÖVLƏT APARATININ ƏSAS MODELLƏRİ

ABİL BAYRAMOV
Xəzər Universitetinin müəllimi

Mənbə: "Məşvərət", N24, 1999


Ayrı-ayrı ölkələrdə dövlət orqanlarının sistemləri eyni deyil. Onlar əhalinin milli tərkibindən, dövlətin federativ və ya unitar strukturundan, siyasi rejimdən, coğrafi və başqa amillərdən asılıdır. İdarəçilik sükanı arxasında dayanan şəxslərin rəhbər tutduğu ölkədəki hakim ideologiya, siyasi doktrina və konstitusiya-hüquqi konsepsiya da mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən dövlət aparatı sistemlərinin üç əsas müasir modelini fərqləndirmək olar: mərkəzləşmiş seqmentar, monosefal ("sefale" qədim yunan dilində "baş"deməkdir) və monoteokratik.

Mərkəzləşmiş-seqmentar sistem hakimiyyətlər bölgüsü konsepsiyası və bütün ölkə miqyasında fəaliyyət göstərən yalnız əsas mərkəzi orqanları, həmçinin onların yerlərdəki nümayəndələrini dövlət hakimiyyəti orqanları hesab edən postulatla sıx bağlıdır. Yerlərdəki seçkili orqanlar isə yalnız yerli özünüidarə orqanları kimi nəzərdən keçirilir. Bu sistemin "siması"na başqa amillər də təsir göstərir: çoxluğun idarəçiliyi və azlığın hüquqlarının müdafiəsi, hüquqi dövlət və s. prinsiplər.

Mərkəzləşmiş-seqmentar sistem fərqli üsullarla formalaşdırılan, müəyyən səlahiyyətlərə və fəaliyyət xüsusiyyətlərinə malik olan müxtəlif orqanların bir neçə növündən təşəkkül tapır. Hakimiyyətlər bölgüsü ideyasına köklənən bu fərqlər, xüsusiləşmələr sistemin seqmentar tərəfini müəyyənləşdirir. Eyni zamanda bu heç də elementlərin pərakəndə yığımı deyil. Dövlət orqanları cəmiyyəti idarəetmənin vahid prinsiplərə əsaslanan ümumi vəzifə, məqsəd və metodları ilə birləşir, bütün bunlar yalnız birlikdə götürüldükdə tam sistemi təşkil edir. Bu, sistemin mərkəzçi tərəfini şərtləndirir.

Haqqında danışdığımız sistemdə çoxsaylı müxtəlif orqanlar mövcuddur. Onları dörd növ üzrə təsnifləşdirmək olar. Həmin dörd növün hər biri də öz növbəsində müəyyən yarımsistemdir. Birincisi, bu, qanunvericilik hakimiyyəti orqanlarıdır. Qanun bütün ölkə əhalisinə şamil edildiyindən və yalnız qanunverici orqanın dövlət büdcəsini qəbul etmək hüququ olduğundan, həmin orqan seçkilər vasitəsilə formalaşdırılır.

Mərkəzləşmiş-seqmentar sistem şəraitində ikinci - daha çoxsaylı orqanlar qrupu icra hakimiyyəti orqanlarıdır. Bura dövlət başçısı, hökumət, nazirlik və idarələrin rəhbərləri, dövlət başçısının, hökumətin yerlərdəki səlahiyyətli nümayəndələri, polis, vergi aparatı və s. aiddir. İcra hakimiyyəti orqanları formalaşdırılarkən müxtəlif qaydalar tətbiq olunur: seçkilər, təyinat və konkurs qaydası.

Üçüncü qrupa məhkəmə hakimiyyəti orqanları daxildir. Məhkəmələr də həm seçki yolu ilə, həm də təyinatla formalaşdırılır. Ümumi qəbul edilmiş prinsipə əsasən ədalət mühakiməsini həyata keçirərkən məhkəmə müstəqildir və yalnız qanuna tabedir.

Dördüncü qrupa nəzarət hakimiyyəti orqanları aiddir. Bu qrup hakmmiyyətlər bölgüsünün ənənəvi üçlüyünə daxil deyil, lakin təcrübədə və konstitusiya hüququnda onun xüsusiləşməsi daha çox müşahidə edilməkdədir. Bu orqanlar normayaratma, icra, sərəncam və ya məhkəmə (konstitusiya məhkəmələri xüsusi vəzifə yerinə yetirirlər) funksiyalarına malik deyil. Onların fəaliyyəti dövlət, təsərrüfat orqanlarının, vəzifəli şəxslərin akt və hərəkətlərinin qanunçuluq, bir sıra hallarda isə məqsədəuyğunluq nöqteyi-nəzərindən yoxlamaqdan ibarətdir. Aşkar olunmuş pozuntular uyğun orqanlara (parlamentə, hökumətə və s.) məruzə edilir, bəzən isə nəzarət orqanları özləri pozuntunu aradan qaldırmaq haqtında göstəriş vermək və təqsiri olanları maddi məsuliyyətə cəlb etmək hüququna malikdir.

Mərkəzləşmiş - seqmentar sistem yalnız vətəndaş cəmiyyətində mövcud ola bilər. O, xüsusilə inkişaf etmiş ölkələrdə siyasi sabitlik, məhkəm siyasi plüralizm, siyasi mədəniyyətin yüksək səviyyəsi şəraitində səmərəlidir. Bu sistemin inkişaf etməkdə olan ölkələrdə tətbiq olunması cəhdləri uğursuzluqla nəticələnmişdir.

Dövlət orqanlarının monosefal sistemi əks prinsiplərə əsaslanır. Bu halda hakimiyyətlər bölgüsü prinsipi rədd edilir (lakin bəzi konstitusiyalarda, məsələn, İndoneziya konstitusiyasında hakimiyyətlər bölgüsünün elementləri var.), başlanğıc əsas kimi dövlət hakimiyyətinin yuxarıdan aşağıya kimi vahidliyi prinsipi, təkhakimiyyətlilik çıxış edir. Bu sistemin başında bütün hakimiyyət səlahiyyətləri verilmiş bir orqan (vəzifəli şəxs) durur. Bu orqan (vəzifəli şəxs) digər orqanları səlahiyyətləndirir. Orqanların şaquli tabeçiliyi həmin sistemin səciyyəvi cəhətidir. Monosefal sistem bir qayda olaraq, birpartiyalılıqla, məhdud çoxpartiyalılıqla və partiyasızlıqla, siyasi plüralizmdən imtina ilə, dövlətin rlolunun həddindən artıq şişirdilməsi ilə, "çoxluğ"un hipertrofik rolu ilə (azlığın hüquqlarının qorunması haqqında məsələ qoyulmur), dövlət

orqanları formalaşdırılarkən təyinatın üstünlük təşkil etməsi ilə səciyyələnir.

Bu sistemdə, bir qayda olaraq, parlament də mövcud olur. Lakin o öz rolunu yerinə yetirmir, əksər hallarda dekorativ səciyyə daşıyır. Keçmiş sosialist ölkələrində ildə iki dəfə çağırılan sessiyalar 2-3 gün davam edirdi və nomenklatura rəhbərliyinin artıq qəbul etdiyi qərarların formal təsdiqinə həsr edilirdi.

Monosefal sistemin müxtəlif variantları var. Sosialist ölkələrində o, sovetlər kimi nümayəndəli orqanların tamhakimiyyətliliyi ideyası ilə sıx bağlı idi. Qalan digər dövlət orqanları öz səlahiyyətlərini birbaşa və ya dolayısı ilə onlardan alırdı. Orqanların təsnifatı hakimiyyətlər bölküsü prinsipində olduğundan fərqli idi: dövlət hakimiyyəti, dövlət idarəçiliyi, məhkəmə, prokurorluq orqanları, bəzən də digər orqanlar (məsələn, xalq nəzarəti orqanları sistemi).

Monosefal sistem faşizm və hərbi rejimlər şəraitində daha çox mərkəzləşməyə malikdir. Birinci hadda fürer korporativ nümayəndəlik əsasında formalaşdırılan parlamentin mövcud olmasına baxmayaraq, rəsmən bütün hakimiyyətin daşıyıcısı elan edilir. Hərbi rejimdə ümumdövlət nümayəndəli orqanı ləğv edildir (buraxılır), hakimiyyət isə hərbi (inqilabi) şuranın, xuntanın əlində cəmləşir.

Monosefal sistem, bir qayda olaraq, siyasi sabitsizlik şəraitində, inqilabdan sonrakı dövrlərdə, hərbi çevriliş nəticəsində, siyasi rejimdə zorakılıq ön plana çıxarıldıqda təşəkkül tapır. Kütləvi zorakılığın həyata keçirilməsi üçün o, daha rahatdır. Lakin bu sistem heç də yalnız mənfiliklərdən ibarət deyil. O, cəmiyyətdə müəyyən sabitlik təmin edə (demokratiyanın əzilməsi və zorakılığın tətbiqi hesabına), cəmiyyətin ehtiyatlarını cəmləyə və mərkəzləşdirə və qısa müddətə də olsa iqtisadi inkişafın yüksək tempinə kömək edə bilər. Tayvanda, Cənubi Koreyada, Braziliyada, Çilidə və s. belə olub. Cəmiyyəti idarəetmənin monosefal sistemi SSRİ-yə bütün ehtiyatları səfərbər etmək və qüvvələrin inanılmaz gərginliyi hesabına (öz iqtisadi potensialının NATO ilə müqayisədə çox zəif olmasına baxmayaraq) Qərblə raket-nüvə paritetini təmin etməyə imkan verdi.

Dövlət orqanlarının monoteokratik sistemi dinin rəsmi ideologiya elan edildiyi dövlətlərdə (məsələn, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Nepal, Butan və s.) mövcuddur. Bu sistem özündə iki elementi birləşdirir: hər şeydən əvvəl dini ehkamlara əsaslanan təkhakimiyyətlilik və şəklini dəyişmiş icma qaydalarının saxlanması.

Nəzərdən keçirdiyimiz dövlət orqanları sisteminin üç əsas modeli digər növləri istisna etmir. Hər üç sistemin elementləri öz şəklini dəyişə və ya digər sitem elementləri ilə çulğaşa bilər. Bununla əlaqədar olaraq qarışıq, keçid, hibrid sistemləri yaranır. Müasir dövrün əsas tendensiyası ondan ibarətdir ki, dövlət orqanları sistemi bir-birinə qarşılıqlı təsir göstərir, bir sistem digər sistemin institutlarını qəbul etməklə zənginləşir və təkmilləşir.

Bütövlükdə dövlət orqanları sisteminə nəzər saldıqdan sonra mərkəzi və yerli dövlət orqanları sisteminin modellərini nəzərdən keçirək. Mərkəzi və yerli orqanların strukturuna idarəçilik forması və dövlət quruluşu forması əhəmiyyətli təsir göstərir.

Mərkəzi orqanlar səlahiyyət və fəaliyyətinin bütün ölkə ərazisinə şamil edildiyi dövlət orqanlarıdır. Dövlət hakimiyyəti prinsipial fərqlənən konsepsiyaları rəhbər tutsa belə, formal baxımdan mərkəzi orqanların strukturu oxşar da ola bilər. Adi şəraitdə parlament (bu terminin qəbul edilib-edilməməsindən asılı olmayaraq), dövlət başçısı (kollegial və ya təkbaşına), hökumət, ali məhkəmə və s. həm hakimiyyətlər bölgüsü nəzəriyyəsinin hakim olduğu yerdə, həm də hakimiyyətin vahidliyi konsepsiyasının qəbul edildiyi yerdə mövcuddur. Lakin bunun arxasında elə fərqlər dayanır ki, onlar zahiri oxşarlıq fonunu dağıdır. Birinci halda elə mərkəzi orqanlar fəaliyyət göstərir ki, onlar ikincidə yoxdur (məsələn iqtisadi və sosial şuralar - hökumətin, əməyin və kapitalın üçtərəfli əməkdaşlıq institutları), ikincidə isə birincidə olmayan prokuror nəzarəti adlanan institutdan istifadə edilir.

Mərkəzi dövlət orqanları hakimiyyətlər bölgüsü sistemində üç amildən asılı olaraq fərqli düzümə malik ola bilər: parlamentin səlahiyyətlərindən, dövlət başçısı və konstitusiya nəzarətinin rollarından. Parlament mütləq qeyri-məhdud səlahiyyətlərə malik ola bilər (məsələn, Böyük Britaniyada, Hindistanda, Misirdə, Braziliyada, Avstraliyada) və ya onun səlahiyyətləri reqlamentli hakimiyyət tərəfindən məhdudlaşdırıla bilər: o, yalnız konstitusiyada göstərilmiş məsələlər üzrə qanunlar verir və prinsiplər müəyyənləşdirir, qalan məsələlər üzrə ümumi səciyyəli normaları icra hakimiyyəti - prezident, hökumət, nazirlər (Fransada, Seneqalda və s.) qəbul edir. Prezidentin konstitusiya səlahiyyətləri onun özü tərəfindən həyata keçirilə bilər, o zaman dövlətin başında "küclü" prezident dayanacaq (ABŞ) və ya prezident səlahiyyətlərini yalnız hökumətin məsləhəti ilə həyata keçirə bilər, bu halda prezident "zəif" olacaq. Hökumət ona tabe deyil, o yalnız parlament qarşısında məsuliyyət daşıyır (İtaliya). Ölkədə xüsusi konstitusiya nəzarəti orqanı mövcud ola bilər (AFR), belə bir orqan yaradılmaya da bilər, lakin konstitusiya nəzarətini ümumi məhkəmələr həyata keçirə bilər (ABŞ), digər halda isə nəzarət həyata keçirilməyə də bilər (Böyük Britaniya).

Bu variantların hər birinin öz üstünlükləri və çatışmazlıqları var. Parlamentin mütləq qeyri-məhdud səlahiyyətləri bəzən "parlament diktaturası"na gətirib çıxara bilər. Digər tərəfdən, parlamentin səlahiyyətlərinin məhdudlaşdırılması dövlətçiliyin əsas prinsipini - xalq suverenliyini pozur.

"Küclü" prezident öz hakimiyyətini kenişləndirmək, diktator vərdişləri nümayiş etdirmək meylləri ilə müşahidə edilə bilər. "Zəif" prezident isə hökumətin əliidə yalnız alətə çevrilə bilər. Əgər o, dövlət əhəmiyyətli məsələlərin həlli zamanı müstəqillik nümayiş etdirməyə cəhd göstərirsə onunla hökumət arasında tez-tez ziddiyyətlər yaranır. Prezident və hökumət çoxluğu ayrı-ayrı partiyaları təmsil etdikdə də ziddiyyətlər davamlı mübarizəyə qədər yüksələ bilər.

Konstitusiya nəzarətinin müxtəlif sistemlərinin də öz üstünlükləri və çatışmazlıqları var. Ümumi məhkəmələr sistemi nəzarət orqanları kimi konstitusiyaya uyğunluq məsələlərini yalnız konkret məhkəmə prosesi ilə əlaqədar həll edir. Əgər bu məsələyə cinayət işinə, mülki, əmək və s. mübahisələrə baxılan zaman toxunulmayıbsa konstitusiyaya zidd akt fəaliyyət göstərə bilər. Nəzarət orqanları kimi Konstitusiya məhkəməsi və ya konstitusiya şurası konstitusiyaya zidd aktların mübahisəsi üçün daha yaxşı imkanlar verir. Lakin burada da nəzarətin həyata keçirilmə formalarından çox şey asılıdır. Ən düzgün yol isə, fikrimizcə, müxtəlif modellərin müsbət tərəflərini birləşdirməyə cəhd göstərməkdir.

hakimiyyətin vahidliyi sistemində də müxtəlif variantlar mümgündür. Birincisi, bəzi ölkələrdə parlamentüstü orqanlar mövcuddur (məsələn, İndoneziyada yarısı parlament üzvlərindən ibarət olan, yarısı isə prezident tərəfindən təyin edilən Xalq məsləhət konqresi). Elə ölkələr də var ki, orada parlament yoxdur və "ümumxalq konqresi" adlanan qurum çağırılır (məsələn, Liviya). İkincisi, dövlət başçısı kollegial (məsələn, 1990-cı ilə qadər SSRİ-də, 1989-cu ilə qədər Polşada) və ya təkbaşına (parlament tərəfindən seçilən) olur. Parlament və ya xalq tərəfindən seçilməyən prezidentlər də olur, lakin bu daha çox hərbi rejimlər uçün səciyyəvidir. Üçüncüsü, bu sistemdə fəaliyyətdə olan konstitusiya nəzarəti yoxdur. Onun funksiyaları bəzən qanunları qəbul sdən orqana, parlamentə tabe olan kollegial orqana, xüsusi komissiyaya tapşırılır. Belə orqanlar dar fəaliyyət sahəsinə malikdir və az səmərəlidir.

Monoteokratik sistemdə parlament həm mövcud ola (İran), həm də olmaya bilər (Səudiyyə Ərəbistanı). Lakin hər bir halda o, məsləhətverici səciyyə daşıyır. Formalaşdırılmasının üsullarından asılı olmayaraq dövlət başçısı bütün hakimiyyəti əlində cəmləşdirir. Konstitusiya nəzarəti yoxdur (bir sıra ölkələrdə konstitusiyalar yoxdur) və ya xüsusi yarımdai m orqan tərəfindən həyata keçirilir.

Yerli hakimiyyət orqanları da həmçinin müxtəlif modellər üzrə qurulur. Onlardan birincisi anqlosakson modelidir (Böyük Britaniyada, ABŞ-da, Avstraliyada və s.). Bu model yerlərdə inzibati ərazi vahidlərində yalnız seçkili şuraların yaradılmasını nəzərdə tutur, yerlərdə mərkəzi hökumətin hər hansı səlahiyyətli nümayəndəsi təyin olunmur. Şuralar yerli məcburi aktlar qəbul etmək hüququna malikdir, bəzi ölkələrdə onlar "yerli qanunlar" adlanır. Bəzən həmin sistemdə şuralarla bərabər bütün vətəndaşlar tərəfindən prefekt seçilir (Yaponiyada icra hakimiyyətini həyata keçirən qubernator).

İkinci modeli şərti olaraq kontinental model (Fransa, İtaliya, Belçika, Afrikanın fransızdilli bir çox ölkəsi, Latın Amerikası dövlətləri) adlandırmaq olar. Bu modeldə də həmçinin nümayəndəli orqanlar yaradılır. Lakin bu orqanlar inzibati ərazi bölgüsünün heç də bütün həlqələrində yaradılmır (daha çox orta, rayon həlqəsində belə orqanlar yaradılmır, ora, bir qayda olaraq, yuxarı nnzibati ərazi vahidi şurası tərəfindən yalnız səlahiyyətli nümayəndələr təyin edilir). İkincisi, seçilən şuralarla yanaşı inzibati ərazi vahidlərinə mərkəzi orqanların nümayəndələri təyin edilir. Onlar şuraların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.

Üçüncü sistem şərti olaraq iberiya modeli adlandırıla bilər. O, Latın Amerikasının bir sıra ölkəsində İspaniya və Portuqaliyanın təsiri altında təşəkkül tapıb. Onun elementləri bəzi başqa ölkələrdə də (məsələn, Misirdə) mövcuddur. Həmin sistemdə inzibati ərazi bölküsünün bütün həlqələrində yerli nümayəndəli orqanlar seçipir. Yerli şura öz sədrini seçir və o, eyni zamanda şuranın icraedici orqanı olur. O, dövlət hakimiyyəti orqanları tərəfindən həmin inzibati ərazi vahidində dövlətin nümayəndəsi kimi təsdiq olunur.

Dördüncüsü, yerlərdə dövlət hakimiyyətinin vahid orqanları kimi sovetlər sistemidir. O, keçmişdə və hazırkı dövrdə totalitar sosializm ölkələri üçün xasdır. Fikrimizcə, bu sistem haqqında ətraflı danışmağa ehtiyac yoxdur. Biz onu yaşamışıq artıq.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft