|
SİYASİ MƏRKƏZÇİLİK
Rasim Musabəyov,
politoloq
Mənbə:
"Məşvərət", N25,
2000
Mərkəzçilik nə deməkdir?
Qarşıya qoyulmuş sualı
cavablandırmamışdan öncə bu anlayışın meydanagəlmə tarixini yada salmaq
lazımdır. Hələ Aristotel öz “Siyasət” kitabında qeyd etmişdir:
“... Hər dövlətdə üç hissə vardır:
ifrat varlılar, ifrat yoxsullar və bunların arasında ortada yerləşən
üçüncülər. ... Ümumqəbul rəyə görə, mülayimlik və ortabablıq - yaxşıların
yaxşısıdır. Orta imkanlılıq olduqda idrakın dəlillərinə tabe olmaq hər
şeydən asandır. ... Ortabab insanlardan ibarət olan dövlət ən yaxşı dövlət
quruluşuna da malik olacaqdır. O dövlətlərin yaxşı quruluşu var ki, onların
orta təbəqəsinin nümayəndələri çoxsaylıdır və onlar ... hər iki ifrat
təbəqədən və yaxud heç olmasa ayrı-ayrılıqda hər birindən güclüdür”. Verilən
hissədən göründüyü kimi, mərkəzçiliyin bazis tərifləri bizim eradan çox-çox
əvvəl ifadə edilmişdir.
Siyasi mənada “mərkəz” anlayışı müasir dilə Böyük Fransa inqilabı zamanı
Milli Məclis deputatlarının iclas zalında tutduqları mövqeyə uyğun əyləşməsi
(solda, sonra “mərkəz”, sağda) nəticəsində daxil edilmişdir. O zaman siyasi
mərkəzin nüfuzu yoxdu və alçaldıcı olaraq “bataqlıq” adlandırılırdı. Bu heç
də təəccüblü deyildi, çünki demokratik təcrübəsi olmayan cəmiyyətdə
radikalizmə qeyri-sağlam aludəlik tez-tez təzahür edir. Elə bu da bir əsr
sonra Rusiyada baş vermişdi. Təsadüfi deyil ki, mərkəzçilik sovet siyasi
şüurunda marksizmə zidd olan və kommunizmdəki islahatçı və inqilabi
cərəyanların mübarizəsi prosesində yaranmış ideoloji-siyasi axın kimi
təsəvvür edilirdi. Lenin və Stalinin məntiqinə görə, mərkəzçilik
riyakarlığın, daimi ziyalı tərəddüdləri və qorxaqlığının, prinsipiallıq və
qətiliyin yoxluğunun sinonimidir. Bütün bunlar siyasi qüvvələrin qütbləşməsi
ilə birlikdə Fransada yakobin və daha sonra Napoleon diktaturasının və
SSRİ-də bolşevik totalitarizminin bərqərar olmasına gətirib çıxaran
amillərdən biridir.
XX əsrin sonunda nəinki dünyada, hətta bizdə - Azərbaycanda da mərkəzçiliyə
münasibət yaxşı tərəfə dəyişilmişdir. Fəqət onun anlaşılmasında hələ də
çoxlu dolaşıqlıq və bayağılıq qalmaqdadır. Geniş yayılmış təsəvvürlərin
əksinə olaraq, siyasi mərkəzçilik sağ və sol ideyaların hər hansı orta,
eklektik qarışığı deyildir. Əsla yox. Mərkəzçilik ideologiyadan daha çox
fəaliyyət üsuludur və bu mənada sosial-demokratlardan mühafizəkarlara kimi
geniş siyasi spektri əhatə edə bilər. Yalnız radikallar siyasi
yönəlişlərindən asılı olmayaraq istisnadır.
Mərkəzçi siyasətçi üçün hər bir mücərrəd ideologiya tabeli, ikinci dərəcəli
əhəmiyyət kəsb edir. Ön planda isə insanlar, onların problemləri, yəni
həyatın özüdür. Mərkəzçilik insanların məcburən islahını istisna edir, çünki
belə islahın ziyanlarının onun istənilən nailiyyətlərindən qat-qat üstün
olduğunu birmənalı şəkildə göstərmiş tarixi təcrübədən çıxış edir.
Mərkəzçilik islahatların əleyhinə deyildir, ancaq onların nəyin bahasına
varsa həyata keçirilməsinin əleyhinədir. Mərkəzçiliyin mahiyyəti barışığı
əldə etmək və həyatın ən kəskin problemləri üzrə ictimai razılığa nail olmaq
bacarığından ibarətdir.
Elmi-texniki inqilablar, ən yeni texnologiyalar və intensiv informatika
əsrində mərkəzçiliyin siyasi sahəsi genişlənib. Belə ki, bu gün bu dünyada
sosial-siyasi inkişafın köklü problemlərinin həllinin əslində yeganə məqbul
üsuludur. Demokratiyanın inkişafından söhbət düşəndə bir sıra Qərbi Avropa
ölkələrində öncə razılaşdırma və konsensus demokratiyası nəzərdə tutulur.
Bu, ən mühüm qərarların işlənib hazırlanmasında və qəbulunda müxtəlif siyasi
qüvvələrin rəyinin mümkün olduqca geniş surətdə hesaba alınmasını nəzərdə
tutur.
Mərkəzçilik dünyagörüşü və
qarşılıqlı anlaşma texnologiyası kimi
Mərkəzçilik artıq yuxarıda qeyd
edildiyi kimi, digər ideologiyalara qarşı qoyulan ideoloji cərəyan olmasa da
siyasi doktrina kimi bəzi prinsip və davranış qaydalarının gözlənilməsini
nəzərdə tutur. Onların içində ən mühümləri aşağıdakılardır:
-
realizm, mövqelərin dəqiq qiymətləndirilməsi;
-
praqmatizm - hər bir siyasi ideyanın dəyəri mümkün olan müsbət nəticələr
ilə ölçülməlidir;
-
tolerantlıq - əks rəyə, yaxud digər həyat tərzinə, dünyagörüşünə,
davranışa dözümlülük;
-
ziddiyyətlərin və fikir ayrılıqlarının həlli üsulu kimi qarşılıqlı
güzəştlər yolu ilə əldə olunmuş barışıq;
-
siyasi qüvvələrin və ictimai əhval-ruhiyyələrin yaranmış tarazlığının ayıq
hesablanması;
-
tələb və gözləmələrdə mülayimlik;
-
ictimai sabitlikdə maraqları olan siyasi qüvvələrin və xadimlərin
əməkdaşlığı;
-
sosial ədalətin bərqərar olması səyləri ilə əsas liberal dəyərlərin
uyğunluğu;
-
təkamülçülük, islahatların tədricən aparılmasına istinad, inqilabi
üsulların qəbuledilməzliyi və zorakılığın qarşısına sipər çəkilməsi;
-
siyasi plüralizmin və qarışıq iqtisadiyyatın tanınması;
-
konkret maraqların mücərrəd ideoloji fərziyyələr və şüarlar üzərində
üstünlüyü;
-
götürülmüş öhdəliklərə riayət olunması və yüksək ünsiyyət mədəniyyəti.
Göründüyü kimi, mərkəzçilik təmiz, qapalı şəkildə mövcud deyildir və bu və
ya digər ölkədə, yaxud bölgədə mövcud olan siyasi-ideoloji cərəyanların
tərkibində mülayim axın şəklində təzahür edir və əsasən də siyasi qüvvələrin
və liderlərin davranış taktikalarında gerçəkləşir. Mərkəzin özü birdəfəlik,
daimi qeyd olunmuş bir nəsnə deyildir. Bir ölkə, yaxud konkret bir dövr üçün
mərkəzçiliyin ifadəsi olan bir şey, digər ölkədə, yaxud digər dövrdə öz
mərkəzçi mahiyyətini itirə və ya dəyişə bilər. Bir sözlə, siyasi mərkəz
zamandan, məkandan, şəraitdən, cəmiyyətdə və bütün dünyada gerçəkdən mövcud
olan tarazlıqdan asılı olaraq, elə bil ki, üzərək yerini dəyişir. Beləliklə,
əgər həyat ictimai inkişafın əksəriyyət üçün məqbul olan məqsədlərinə
düzəlişlər verirsə də onların razılaşdırma və barışıqlar mexanizmləri
vasitəsilə gerçəkləşdirmək üsulları dəyişməz qalır.
Dünyanın siyasi həyatında
mərkəzçilik
İnkişaf etmiş demokratik ölkələrin
əksəriyyətində mülayimliklə, dialoq və barışığa hazır olmaqla izhar edilən
mərkəzçilik mütləq üstünlüyə malikdir. ABŞ, Yaponiya, Böyük Britaniya,
Almaniya, İspaniya və digər iri və kiçik dövlətlər buna misaldır. Sonuncu
onilliklərdə onların hökumətlərinin sükanı arxasında sağ, mühafizəkar
partiyalar və eləcə də sol, sosial-demokratlar növbə ilə durmuşlar. Ancaq
bu, nə beynəlxalq siyasət və təhlükəsizlik sahəsində, nə də iqtisadi və
sosial siyasətdə dövlət siyasətinin kəskin şəkildə dəyişilməsinə gətirib
çıxarıb. Fransa müəyyən mənada nümunəvi görsənir. Çünki bu yaxın keçmişdə
onun solçu prezidenti Mitteran bu ölkənin siyasi sisteminin xüsusiyyətlərinə
uyğun olaraq parlamentin sağçı əksəriyyətinin təmsilçisini baş nazir təyin
etdi və onunla işgüzar şəkildə əməkdaşlıq etməyə məcbur oldu. Bu gün həmin
durum əksinə təkrarlanır və indi sağ qüvvələrin lideri prezident Jak Şirak
hökumətin təşkilini seçkilərdə qələbə çalmış sosialistlərə həvalə etməyə
məcbur olub. ABŞ-da isə sonuncu onilliklərdə federal hökumətə rəhbərlik edən
partiya, demək olar ki, heç zaman Konqresdə əksəriyyətə malik olmayıb. Əgər
ştatların inzibati idarəçilikdə geniş səlahiyyətləri nəzərə alınarsa, onda
burada məhz mərkəzçilik və kompromisin nə üçün yeganə mümkün siyasət kimi
qəbul edildiyi aydın olacaqdır.
Bu baxımda bizim üçün Azərbaycanda coğrafi və tarixi-mədəni yaxınlığın
nəzərə alınması ilə Türkiyə və Rusiya böyük maraq doğurur. Bizimlə
müqayisədə bu ölkələrdə demokratiyanın daha çox inkişaf etməsinə baxmayaraq,
oradakı ictimai həyat hələ də yüksək Qərb normalarına tam cavab vermir.
Ancaq elə bu şərtlər daxilində də əsasən prezident hakimiyyəti institutunun
nüfuzu vasitəsi ilə mərkəzçilik meyllləri kifayət qədər hiss olunur və təmin
edilir. Belə ki, Türkiyədə ifrat partiyalar islamçıların və ya millətçilərin
simasında koalisyon hökumətdə nəinki iştirak və hətta ona başçılıq da
etmişdilər. Fəqət hərbçilər prezident Dəmirəllə birlikdə sağ mərkəzçi “Doğru
yol” və “Ana Vətən” partiyalarının dəstəyinə arxalanaraq ölkədə siyasi
kursun kəskin dəyişməsinə yol vermədilər.
Qonşu Rusiyada bəlkə də demokratik institutların yeniliyi və orta təbəqənin
zəifliyi səbəbindən mərkəzçi yönəlişli partiya və siyasi hərəkatlar burada
az nüfuzlu və dayanıqsızdır. Onlar iqtidaryönümlü Sağ Qüvvələr Hərəkatı,
“Yedinstvo” bloku və müxalifətdə duran “Oteçestvo” və “Yabloko” hərakatları
ilə təmsil olunur. Sağ mərkəzçi partiyalarla yanaşı, kifayət qədər nüfuzlu
sol mərkəzçi partiyaların mövcud olduğu Türkiyədən fərqli olaraq Rusiyada
mülayim sol sosialistlər həddən ziyadə zəif və dağınıqdırlar, bunun
nəticəsində kommunist müxalifəti tərəfindən siyasi revanş təhlükəsi hər
zaman mövcuddur. Eyni zamanda, Rusiya cəmiyyətində artan dözümlülüyü, siyasi
partiya və liderlərin çətin, lakin son dərəcə zəruri olan dialoq və
barışıqların əldə edilməsi məharətinə tədricən yiyələnməsini müşahidə etmək
mümkündür. Bu, yaxın zamanlarda baş tutmuş seçkilərdən sonra Dövlət
Dumasının, onun komitə və komissiyalarının rəhbərliyinin formalaşması
əsnasında özünü açıq şəkildə göstərdi.
Azərbaycan üçün mərkəzçiliyin
önəmliliyi
Bizə gəldikdə isə, Azərbaycanın
siyasi həyatında mərkəzçiliyin bərqərar olmasından danışmaq hələ tez
dir. Orta təbəqənin miskin hala salındığı bir cəmiyyətdə mərkəzçiliyin
təzahürü üçün sosial baza olduqca zəifdir. Siyasi partiyaların əksəriyyəti
təşkilatca dayanıqsız, ideoloji cəhətdənsə tamahkardır. Siyasi baxışlarda
qeyri-müəyyənlik, onları hər saat dəyişmək meylləri, siyasi tərəfdaşların
seçilməsində qarışıqlıq bizdə mərkəzçiliyin təzahürü kimi qələmə verilir,
həqiqətdə isə bu anlayışın özünü gözdən salır. Bizim bəzi partiya
liderlərinin özlərinin nə iqtidarın, nə də müxalifətin tərəfində
durmadıqları və mərkəzçi olduqları barədəki tipik ifadələri çox mənasızdır,
eyni zamanda onların siyasi düşüncələrinin səviyyəsini əyani nümayiş
etdirir. Qeyd etməliyəm ki, mərkəzçiliyi belə anladıqlarını nümayiş etdirən
partiyalar ya ADİP kimi dağılıb, ya “Ana Vətən” partiyası kimi iqtidara
qoşulub, ya da ki, Vətəndaş Həmrəyliyi Partiyasının etdiyi kimi, müxalifətin
sıralarını genişləndirib.
Bununla yanaşı, belə bir müsbət
cəhəti qeyd etməmək olmaz ki, son zamanlarda kommunist, dini və milliyyətçi
radikalları ümumi səylərlə ölkə siyasi həyatının küncünə sıxışdırmaq mümkün
olub. Müasir Azərbaycanın ictimai həyatında mərkəzçiliyin rüşeymləri sağlam
idrakın möhkəmləndirilməsində, qiymətləndirmənin reallığında, siyasətçilərin
və partiyaların məsuliyyətli davranışında özünü biruzə verir. Milli İstiqlal
Partiyası dərk edilmiş sağ mərkəzçilik mövqeyini bəyan edib və elan etdiyi
istiqamətdə hərəkət etməkdədir. Mövcud iqtidara əvvəlki kimi hələ də sərt
müxalifətdə olan Xalq Cəbhəsi və Müsavat partiyaları ideoloji mənada bir
qədər də mülayimləşib və kompromisin axtarışına və cəmiyyətdə barışığa hazır
olduqlarını nümayiş etdirirlər. Sol mərkəzçilərə gəlincəsə, bizim siyasi
spektrimizdəki bu çalar nisbətən zəifdir və sosial-demokratlarla təmsil
olunur. Yeni Azərbaycan Partiyasının bir vaxtlar güman edilən sol
mərkəzçilik təkamülü baş tutmamış qaldı.
Əsl mərkəzçilik Azərbaycanda ancaq uzunmüddətli təkamül prosesində, dolğun
təcrübə əsasında və əhalinin və siyasətçilərin yüksək siyasi mədəniyyətə
yiyələnmələrinin nəticəsində bərqərar olacaqdır. Əlamətdar haldır ki,
mülayimlik və mərkəzçilik bütün postsovet məkanında olduğu kimi Azərbaycanda
da dəbə düşüb - onu əksər, o cümlədən müxalif siyasətçilər açıqca nümayiş
etdirir. Halbuki son zamanlara qədər onların çoxu yalançı radikalizmdə
yarışırdı. Buradan nəticə çıxarmaq olar ki, mövcud çətinliklərə baxmayaraq
Azərbaycandakı proseslər lazımi istiqamətdə gedir. |