|
POLŞANIN İDARƏETMƏ SİSTEMİNDƏ İSLAHATLAR
Hacı Hacılı,
“FAR
CENTRE”,
departament rəhbəri.
Mənbə:
"Məşvərət", N25,
2000
Müəllif1999-cu ilin noyabr-dekabr, 2000-ci ilin fevral aylarında Şərqi
Avropa Demokratiya İnstitutunun dəvəti ilə Polşa Respublikasında olmuşdur.
Təqdim olunan məqalə bu səfərin özünəməxsus yekunudur.
Elmi məcmuə, xüsusi ədəbiyyat, qəzet və jurnal səhifələrində tez-tez
inkişafın ayrı-ayrı modellərinə, sosial həyatdakı nailiyyətlərə, iqtisadi və
siyasi islahatların beynəlxalq təcrübəsinə dair materiallar dərc edilir.
Həmin materialların mütləq əksəriyyəti, bir qayda olaraq, Skandinaviya
ölkələri və İsraildə tətbiq olunan təcrübəyə aiddir. Bəs dünənə qədər
bizimlə oxşar taleyi bölüşmüş, bu gün isə müxtəlif müstəvilərdə böyük
uğurlar qazanmış keçmiş sosialist düşərgəsi ölkələrinin təcrübəsindən
yararlanmaq mümkün deyilmi? Həmin ölkələrdə həyata keçirilən islahatların
mexanizmini öyrənmək olarmı? Zənnimcə, buna cəhd etmək pis olmazdı və bunu
biz Polşa Respublikasının timsalında sınaqdan keçirməyə çalışacağıq. Ən azı
ona görə ki, arada coğrafi uzaqlıq olsa da bu ölkəni Azərbaycanla
birləşdirən mənəvi tellər kifayət qədər möhkəmdir.
Polşa Respublikası (Reç Pospolitiya) Avropanın tən ortasında yerləşir. Ərazi
və əhalisinin sayına görə Şərqi Avropanın keçmiş sosialist ölkələri
içərisində ən böyüyüdür. Onun sahəsi 312,7 min kv. km., əhalisinin sayı
təqribən 40 milyona yaxındır. Paytaxtı əhalisinin sayı 2 milyona yaxın olan
Varşava şəhəridir.
İslahatların səciyyəsi baxımından Polşa Respublikası Şərqi Avropanın
postsosialist ölkələri içərisində başqalarından müəyyən dərəcədə fərqlənən
özünəməxsus yer tutur. Digər sosialist ölkələri ilə müqayisədə 70-ci illərin
sonları - 80-ci illərin əvvələrində kommunist rejiminə qarşı mübarizənin
daha açıq müstəvidə aparılması, görünür, bu fərqi şərtləndirən əsas
amillərdən biridir. İqtisadi terminologiyaya “şok terapiyası” adı ilə daxil
olan dəyişmə mexanizmi postsosialist ölkələri içərisində ilk dəfə burada
sınaqdan çıxarılıb və bunu da çox ciddi fərqləndirici cəhət kimi göstərmək
olar. Nəhayət, Polşada kommunistlərə qarşı onların özlərinin əsas silahı
olan “proletariat sinfi”nin kütləvi çıxışlarından istifadə olunması da
özünəməxsusluğun tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Hegemon kommunist ideologiyalı keçmişdən insan haqları, vətənpərvərlik,
bazar münasibətləri ilə səciyyələnən açıq cəmiyyətə keçid bu ölkədə o qədər
də yüngül olmayıb və həmin proses bu gün də davam etməkdədir. Ardıcıl həyata
keçirilən islahatlar Polşada son nəticədə səmərə versə də həyata keçirildiyi
anda bir çox məsələlərin həllinə münasibətdə ənənəvi yanaşma tərzinin
kökündən fərqlənməsini əhali çox ağrılı qarşılayır. 1990-cı illərin
əvvəllərində parlamentə, daha sonra - 1993-cü ildə prezident hakimiyyətinə
seçkilər zamanı əsasən sollardan ibarət əski kommunistlərin qələbəsi ölkədə
islahatların sürətini bir qədər ləngitmişdir. 1997-ci ildə parlamentə
keçirilən seçkilərdə sağ və sağ mərkəzçi qüvvələrin yenidən qələbə çalması
prosesin yenidən sürətlənməsinə zəmin yaratdı. Məhz buna görə də Polşa
Respublikasının az qala Avropa Birliyinə daxil olan ölkələrlə müqayisə
olunacaq bir səviyyəyə çatmasına baxmayaraq ölkədə hələ də həllini gözləyən
problemlər çoxdur.
Polşada islahatlardan danışarkən onu şərti olaraq üç tərkib hissəyə ayırmaq
olar.
-
Siyasi və ictimai münasibətlər sisteminin islahatı. Bu
istiqamətdə görülən işlər əsasən çoxpartiyalı sistemin formalaşması,
hakimiyyət qanadlarının müstəqilliyinin konstitusion yolla təminatı,
hakimiyyət qollarının azad, demokratik və ədalətli seçki yolu ilə
formalaşdırılmasının hüquqi əsaslarının yaradılması çərçivəsində aparılır.
-
Sosial və iqtisadi sistemin islahatı. Tənzimlənən bazar
münasibətləri, əhalinin gəlirlərinin bioloji və sosial minimumlarla
uzlaşdırılması, investisiyaların geniş tətbiqinə əsaslanan sosial-iqtisadi
siyasət bu istiqamətdə aparılan dəyişikliklərin tərkib hissələridir.
-
İdarəetmə sisteminin islahatı. Bu islahatlar müxtəlif
səviyyələrdə qanunverici və icra hakimiyyətinin bir-birini tamamlayan
fəaliyyətlərinin reqlamentləşdirilməsi ilə əlamətdardır.
Şübhəsiz, idarəetmə sisteminin islahatı siyasi və iqtisadi sistemin islahatı
ilə bilavasitə bağlıdır. Polşanın idarəetmə sistemində aparılan islahatların
maraqlı cəhətləri olduqca çoxdur və güman edirik ki, onun üzərində xüsusi
dayanmağa ehtiyac vardır. İdarəetmə sistemi islahatlarının məqsədi nə idi?
Bu islahatlar hansı səviyyələri əhatə edir? İdarəetmə islahatları təkcə
struktur dəyişikliklərinimi nəzərdə tutur? İdarəetmə orqanları və
inzibati-ərazi strukturları münasibətləri ölkədə necə qurulur? Bu və ya
digər suallara aşağıda cavab verməyə çalışacağıq.
Polşada idarəetmə sisteminin islahatlarına başlanılarkən qarşıya bir neçə
məqsəd qoyulmuşdu. Onlardan ən əsası ölkə vətəndaşlarının idarəetmədə fəal
iştirakının və hakimiyyət orqanlarına təsir etmək imkanlarının təmin
olunması idi. Bu təminat isə idarəetmə orqanlarının seçki yolu ilə
formalaşdırılması yolu ilə verilə bilərdi. Hadisələrin sonrakı gedişi
göstərdi ki, bu məqsədə qismən də olsa nail olunub.
Demokratik cəmiyyətə keçidin tərkib hissəsi kimi Polşa islahatları
hakimiyyət bölgüsünün həyata keçirilməsi ilə başlandı. Bu gün hakimiyyət
qanunverici, icra və məhkəmə qollarına bölünür. Polşanın idarəetmə
sistemində aparılan islahatlar müəyyən zaman araları ilə (bu ara bir qayda
olaraq 6-7 illik dövrü əhatə etmişdir) ardıcıl olaraq ali, aşağı və orta
səviyyələr üzrə aparılır. Sonuncu mərhələ - orta səviyyələrdə seçkili
orqanlar və icra qurumlarının formalaşdırılmasının startı ötən il - 1999-cu
ilin yanvarında verilib.
İdarəetmə sistemi islahatının ilkin mərhələsi ali qanunvericilik və ali icra
hakimiyyətinin formalaşdırılması, onların qarşılıqlı münasibət reqlamentinin
müəyyənləşdirilməsi ilə bağlıdır. Bu mərhələ artıq 80-ci illərin ikinci
yarısından başlanmışdı.
Polşada ali qanunverici hakimiyyət Seym və Senatın əlində cəmləşmişdir. Seym
Nazirlər Şurasının fəaliyyətinə nəzarəti həyata keçirir, qanunlar qəbul
edir, Polşa Respublikası adından müharibə və sülh haqqında qərar qəbul edir.
Polşa Seyminin 460, Senatın 100 nəfərdən ibarət deputatı vardır. Seym və
Senat birbaşa, ümummilli seçki yolu ilə 4 il müddətinə seçilir. Seym və
Senat öz tərkiblərindən Seym və Senatın marşalını və vitse-marşalını seçir.
Seym qanunları iştirakçıların sadə səs çoxluğu ilə qəbul edir və onu
prezidentin təsdiqinə verir. Hər iki palataya seçkilərin keçirilməsi
haqqında qərarı Seymin səlahiyyətinin bitməsinə 90 gün qalana qədər
prezident verir.
Konstitusiyaya görə (126-cı maddənin 1-ci bəndi) Polşa Respublikasının ali
nümayəndəsi və dövlət hakimiyyəti varisliyinin təminatçısı prezidentdir.
Prezident gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir və təkrarən yalnız
bir dəfə seçilə bilər. Prezident Polşa Respublikası Silahlı Qüvvələrinin baş
komandanıdır. Prezidentin özünün xüsusi dəftərxanası vardır ki, o, icra
işləri ilə bağlı məsələləri bu qurum vasitəsilə həyata keçirir. Ümumiyyətlə
götürdükdə Polşa Respublikası prezidentinin səlahiyyətləri kifayət qədər
geniş olsa da onun siyasi proseslərə birbaşa müdaxiləsi xeyli
məhdudlaşdırılıb. Belə bir vəziyyət Seym və Senatın imkanlarının
genişlənməsi və hakimiyyətin bu iki budağı arasında tarazlığın
formalaşmasına gətirib çıxarır.
Polşa Respublikasının daxili və xarici siyasətini Nazirlər Şurası həyata
keçirir. Konstitusiya və qanunlara uyğun olaraq Nazirlər Şurası qanunların
icrasını, hökumət qurumlarının işinin aparılmasını, dövlət büdcəsinə
nəzarəti, dövlətin daxili və xarici təhlükəsizliyinin qorunmasını həyata
keçirir, beynəlxalq müqavilələr bağlayır, ölkənin müdafiə qabiliyyətinin
artırılmasına ümumi rəhbərlik edir. Nazirlər Şurasının işinə rəhbərliyi
Nazirlər Şurasının sədri həyata keçirir. Bütün nazirlər Nazirlər Şurasının
üzvləridir. Nazirlər Şurasının sədri və nazirlər prezident tərəfindən təyin
olunur və Seymin təsdiqinə verilirlər. Seym 14 gündə Nazirlər Şurasını
təsdiq etməlidir. Əks təqdirdə Prezident Seymin səlahiyyət müddətinin
məhdudlaşdırılması haqqında sərəncam verə bilər.
Bütün səviyyələrdə Polşanın məhkəmə hakimiyyətini Ali Məhkəmə, ümumi
məhkəmələr, inzibati məhkəmələr və tribunallar həyata keçirir. Biz bunun
üzərində xüsusi dayanmırıq.
İslahatların ikinci mərhələsi 1990-cı ildən başlanmış və 3 ildə sona
çatmışdır. Bu mərhələ inzibati baxımdan ən aşağı vahidləri əhatə etməklə
yerli özünüidarəetmə qurumlarını özündə birləşdirirdi. Polşada yerli
özünüidaretmənin əsas vahidi qmina adlanır. Qmina birbaşa, azad və gizli
səsvermə yolu ilə seçilmiş Qmina Radası tərəfindən idarə olunur. Qmina
Radası öz tərkibindən və həmçinin qmina ərazisində yaşayan vətəndaşlardan
ibarət icra qurumu yarada bilər. Qmina icra qurumunun rəhbəri şəhərdə
burmisç, kənddə voyt adlanır. Böyük şəhər qminasının rəhbəri prezidentdir.
Qmina qanunvericiliyə uyğun olaraq yerli vergilərin ölçülərini müəyyən edir,
yerli əhəmiyyətli sosial, iqtisadi və təhsil proqramlarını həyata keçirir,
büdcəni müəyyənləşdirir və həyata keçirir. Nisbətən yüksək səviyyəli
idarəetmə orqanları ilə qminalar arasında səlahiyyət bölgüləri mövcuddur.
Məsələn, qmina təhsil sistemi üzrə ancaq ibtidai məktəblərə (gimnaziya) və
uşaq bağçalarına cavabdehdir. Bundan yuxarı səviyyələr - litsey, yaxud
texnikumlar artıq yuxarı qurumların təsir dairəsindədir.
Polşanın bir çox bölgələrində yerli özünüidarəetmə orqanları qeyri-hökumət
təşkilatları, fondlar, həmçinin Avropa Şurasının yerli özünüidarəetmə ilə
bağlı qurumları ilə sıx əlaqədə işləyir. Belə yanaşma əksər hallarda
səmərəli nəticələrə gətirib çıxarır. Məsələn, Qdansk (Sahil) Voyevodluğu
ərazisindəki Cezqon qminası ərazisində yerləşən “Sahibkarlıq yoldaşlığı”
fondu kiçik bizneslə məşğul olan hüquqi və fiziki şəxslərə illik faizi
nisbətən aşağı (6,2%) olmaqla 100.000 - 200.000 zlotı (təqribən
25.000-50.000 ABŞ dolları) kredit ayıra bilir. Kreditin ödənmə müddəti 3-5
ildir. Kreditin ödənməsinə təminat kimi əksər bankların tələb etdiyi girov
mexanizmi bu təşkilat tərəfindən də həyata keçirilir. Bu zaman belə bir sual
ortaya çıxır: təzəcə sahibkarlığa başlayan, əmlakının qiyməti kredit
götürməyə imkan verməyən, yaxud öz əmlakları ilə risqə getmək istəməyənlər
(belələri isə mütləq əksəriyyətdir) nə etsinlər? Belə bir vaxtda - 1994-cü
ildə Cezqon şəhərində bir qrup vətəndaş kreditlərə təminat vermək istəyən
xüsusi fond yaradaraq Avropa Şurasına onlara bu işdə yardımçı olmaq üçün
müraciət etdi. Hazırda “Kiçik Sahibkarlığa Yardım Fondu” adı ilə tanınan bu
təşkilat həmin il Avropa Şurasından 2 milyon ABŞ dolları həcmində maliyyə
aldı ki, bu da kreditlərə təminat vermək üçün tamamilə kifayət edirdi.
Fondun fəaliyyət mexanizmi isə olduqca sadədir. Kredit almaq istəyən hüquqi,
yaxud fiziki şəxs əvvəlcə təminat almaq üçün onlara müraciət edir. Fondun
işçiləri şəxsi ətraflı öyrənib tam əmin olduqdan sonra onlara kreditin 60%-i
məbləğində təminat məktubu verir. İşin həyata keçirildiyi müddətdə alınan
kreditin 1%-i fondun hesabına köçürülür. Nəticədə hər üç təşkilat səmərəli
fəaliyyət göstərir. Bütün ölkə üzrə onlarca belə misal gətirmək mümkündür.
Avropa Şurasının ekspertləri və Polşanın özündəki mütəxəssislər bəzi xırda
çatışmazlıqlar nəzərə alınmaqla yerli idarəetmə sistemində aparılan
islahatları uğurlu hesab edirlər. Yerli özünüidaretmə qurumlarının
fəaliyyəti nəticəsində nəinki ölkənin kənd təsərrüfatı məhsulları ilə
təminatı həll olunub, həm də indi burada kənd təsərrüfatı məhsullarının
artıqlığı hiss edilir. Ölkədə yerli əhəmiyyətli, kiçik həcmli geniş xidmət,
emal və istehsal şəbəkəsi formalaşır. Vətəndaşlar getdikcə “özünözünə kömək
et” prinsipinə üstünlük verir, problemlərin “yuxarılar”sız həllinə
çalışırlar.
İdarəetmə orqanlarında islahatların üçüncü və hələlik sonuncu mərhələsi
orta, yəni regional səviyyələri əhatə edir. Bu mərhələ əvvəlcə ölkənin
inzibati-ərazi bölgüsündə dəyişiklikləri nəzərdə tuturdu. Belə ki, 1998-ci
ilin sonunadək Polşa Respublikasında 42 voyevodluq mövcud idi. Ərazi
islahatlarından sonra onların əksəriyyəti birləşdirildi və voyevodluqların
sayı 16-ya endirildi. İnzibati bölgüdə aparılan bu islahat iki məqsəd
daşıyırdı: həddindən artıq çox olan bölgə qurumlarının məhdudlaşdırılması və
şaquli münasibətlərin sadələşdirilməsi.
1997-ci il Konstitusiyasının müddəalarına uyğun olaraq, voyevodluq
səviyyəsini əhatə edən qanunverici və icra orqanlarının fəaliyyətinə ehtiyac
hiss olunurdu. Konstitusiyanın qəbulundan az sonra Seym bölgə qurumlarının
islahatı ilə bağlı qanun qəbul etdi. Bu qanuna görə, ümumi voyevodluq
ərazisi üzrə Nazirlər Soveti sədrinin rəsmi nümayəndəsi voyevodadır .
Voyevoda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət etməklə
dövlət idarəetmə qurumuna aiddir.
Voyevodluq ərazisi üzrə ümumi seçkili orqan voyevodluq seymidir. Voyevodluq
Seymi həm də icra orqanını formalaşdırıb onun fəaliyyətinə rəhbərlik edir.
Seymin tərkibindən marşalek və vitse-marşalek seçilir. Marşalek eyni zamanda
icra hakimiyyətinin başçısı funksiyasını yerinə yetirir. Voyevodluq seyminin
reqlamenti Polşa Seyminin reqlamentinə uyğun qurulub.
Bölgə qurumuna aid islahatların ən başlıca cəhəti voyevodluq səviyyəsi ilə
qmina səviyyəsi arasında yer tutan və təxminən bizim inzibati rayon
statusuna malik yeni səviyyənin tətbiqidir. Bu səviyyəyə keçid 1999-cu ilin
yanvarından başlanmışdır. Onun rəhbər orqanı poviat adlanan seçkili
qurumdur. Poviatın formalaşdırılma prinsipləri, icra aparatının yaradılması
mexanizmi qmina ilə oxşardır. Lakin bu qurumun fəaliyyət dairəsi daha
genişdir. Məsələn, əgər qmina ibtidai məktəblərə nəzarəti həyata keçirirsə
poviat orta məktəblərə cavabdehdir. Poviatın seçkili orqanı poviat radası
adlanır. Poviat radası sayca genişdir, səlahiyyətləri daha əhatəlidir. Bu
seçkili orqanın qmina radasından əsas fərqi ondadır ki, onun deputatları
konkret siyasi təşkilatları təmsil edirlər. Məsələn, Lüblin poviatı
radasının 55 deputatı vardır. Onlardan 20 nəfəri “Həmrəylik”dəndir, 16
nəfəri sollardır, yerdə qalanları isə Aqrar Partiyanın, Azadlıq İttifaqının
və digər təşkilatların üzvləridir. Poviat ərazisində konkret icra ilə bağlı
işlərə starosta rəhbərlik edir. Starosta icra fəaliyyətinə aid hesabatı
yalnız poviat radası qarşısında verə bilər.
Ümumiyyətlə götürdükdə, poviat sisteminin uğuru, yaxud uğursuzluğu barədə
bir söz demək çox çətindir. Belə ki, bu proses hələ başa çatmayıb, onun
təcrübədən çıxmış nəticələri yoxdur. Lakin islahata cavabdeh olan şəxslər və
ekspertlər bu məsələyə də nikbincəsinə yanaşırlar.
Göründüyü kimi, Polşa Respublikasında idarəetmə orqanlarının islahatı
istiqamətində xeyli uğurlu işlər görülüb. Ölkədə olarkən apardığım
müşahidələr nəticəsində bu uğurların çoxsaylı nümunələri içərisində bəzi
çatışmazlıqları da müşahidə edə bildim. İlk baxışdan elə gəlir ki, qminanın
inzibati statusu qeyri-müəyyəndir və onu bir çox hallarda poviatlardan
fərqləndirmək mümkün olmur. Vergi subyektlərinin vergi ödəmək gücündə
olmamaları bəzən qminanı yuxarı qurumlardan asılı vəziyyətə salır. Bu,
ölkənin cənub-şərq bölgələrində daha çox müşahidə edilir.
Mühüm problemlərdən biri poviatların həddindən artıq böyük şəhərləri əhatə
etməsidir. Məsələn, Varşava şəhərində cəmi 1 poviat mövcuddur. Şəhərin
builki büdcəsinin gəlir hissəsi 2 mlrd. zlotı (500 mln. ABŞ dolları), çıxar
hissəsi 2,03 mlrd. zlotı proqnozlaşdırılır. Müqayisə üçün qeyd etmək yerinə
düşərdi ki, əhalisinin sayı təxminən uyğun gələn Bakı şəhərinin
proqnozlaşdırılan büdcəsi 380 mlrd. manata, yaxud təqribən 82 mln. ABŞ
dollarına bərabərdir. Polşa Respublikasında “bir şəhər-bir poviat” prinsipi
ilə fəaliyyət göstərən, əhalisinin sayı 500 min nəfəri ötən iri mərkəzlərin
sayı onlarcadır.
İdarətemədə aparılan radikal islahatlar Polşanın sosial, iqtisadi və mədəni
inkişafına çox güclü təkanlar verib. Bu islahatların nəticəsində əhalinin
maddi güzəran səviyyəsi getdikcə qalxmağa başlayır. Bir neçə faktı misal
göstərə bilərik. Ölkə üzrə pensiyaların minimum və orta səviyyələri bioloji
və sosial minimuma uyğunlaşdırılaraq 500 və 700 zlotıya (müvafiq olaraq 125
və 175 ABŞ dolları) çatdırılıb. Ölkənin idarəetmə qurumları qarşısında duran
əsas vəzifə vətəndaşlar üçün iş yerlərinin yaradılması, əhalinin sosial
rifahının yüksəldilməsi və insanların təhsil və istirahətinin təşkilindən
ibarətdir.
Zənnimizcə, idarəetmə qurumlarında aparılan islahatlar səmərəli nəticələr
verir. |