top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

ETNOQRAFİK MİLLƏT VƏ SİYASİ MİLLƏT

HİKMƏT HACIZADƏ
“FAR CENTRE”, vitse-prezident

Mənbə: "Məşvərət", N26, 2000


Səksəninci illərin sonlarında “soyuq müharibə”nin bitməsi ilə keçmiş “kommunist düşərgəsi”nin ərazisini millətlərarası münaqişələr bürüdü. Balkanlarda, Cənubi və Şimali Qafqazda, Moldovada baş vermiş qanlı hadisələr bütün dünyada narahatlıq və təşviş doğuraraq alimləri, siyasətçiləri və ictimaiyyəti bu problemi ciddidən də ciddi öyrənməyə, araşdırmağa vadar etdi. Bunun üçün ilk növbədə millətçiliyin mənşə və mənasından baş çıxarmaq lazım idi.

Əksər tədqiqatçıların fikrincə, millətçiliyin “doğum” tarixi 17-ci əsrdən - istehsalın kəskin artımı ilə əlaqədar Avropada yeni növ dövlət quruluşunun yarandığı dövrdən gəlir. 18-ci yüzilliyin Amerika, ələlxüsus Fransa inqilabının irəli sürdüyü tələb - dövlətin idarə olunmasında vətəndaşların da iştirak etməsi tələbi həm bir ölkənin vətəndaşları arasında, həm də əhali və dövlət arasındakı əlaqələrin yeni xarakter almasına gətirib çıxardı. Fransa inqilabının gedişində irəli sürülmüş şüar - “millətlərin öz müqəddəratını təyinetmə hüququ” şüarı Avropanın siyasi xəritəsini dəyişdirərək yeni millət-dövlətlərin yaranmasına və bu cür dövlətlərin daxilində millətlərarası problemlərin meydana çıxmasına təkan verdi.

SSRİ-nin mövcudluğunun son illərində milli problemlərlə birincilər sırasında Azərbaycan toqquşmalı oldu. Burada azərbaycanlıların müstəqil dövlət yaratmağa yönəldilmiş millətçiliyi Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkatı ilə yanaşı inkişaf edirdi.

Bundan əlavə, bugünəcən ölkədə müxtəlif etnik qruplar arasında çox vaxt qarşılıqlı inamsızlıq və şübhələrlə səciyyələnən münasibətlərdə də müəyyən problemlər duyulur.

Azərbaycanda mövcud olan millətlərarası problemlər artıq on ildir ki, ölkənin ictimai həyatında qızğın mübahisə və müzakirələr doğurur. Bu müzakirələrin gedişində həll edilməli olan başlıca məsələ “mənsubiyyət məsələsi”dir. Bu ölkənin tamhüquqlu sahibi kimdir: əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri, yoxsa Azərbaycanın bütün əhalisi, bütün vətəndaşları? Hər hansı bir etnik qrupun nümayəndəsinin öz uşaqlarını ana dilində oxutmağa haqqı varmı, yoxsa onlar böyük əksəriyyətin mədəniyyət və dilini mənimsəməyə “borcludurlar”? Azərbaycanda qeyri-türk millətin nümayəndəsi təkcə Konstitusiyaya görə deyil, reallıqda da ölkə prezidenti ola bilərmi? Və s.

Problemin müzakirəsi zamanı milli məsələnin bizə SSRİ-dən miras qalmış dolaşıq terminologiyası məsələni bir az da qəlizləşdirir. Yeri gəlmişkən, bu terminologiyanın yozumu müxtəlif ölkələrdə və elmi məktəblərdə müxtəlifdir. Azərbaycanlılar, Azərbaycan xalqı; Azərbaycan milləti; Azərbaycan türkləri - bütün bu terminlər bəzən eyni bir mənanı daşıyır, bəzən isə respublika vətəndaşlarının tamamilə müxtəlif qruplarını əhatə edir.

Məsələn, Fransada, Böyük Britaniyada və ABŞ-da “millət” bu ölkələrin bütün vətəndaşlarını əhatə edən termindir. Britaniyada pasportun “millət” (Nation) qrafasında “ingilis”, yaxud “irland” yazılmır, “Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı” yazılır.

Bizdə “milli adətlər” dedikdə bir qayda olaraq məhz Azərbaycan türklərinin adətləri nəzərdə tutulur, “futbol üzrə milli yığma komanda” söylədikdə isə göz qabağına istənilən etnik mənşəli Azərbaycan vətəndaşlarından təşkil olunmuş komanda gəlir. Və nəhayət, Birləşmiş Millətlər Təşkilatında hansı millət təmsil olunub? Əgər orada təmsil olunan Azərbaycan millətidirsə onda bu termin nəyi bildirir?

Ümumiyyətlə, etnoqrafik millət (yə’ni vahid genotipi olan toplum) mövcuddurmu, yoxsa bütün dünya ölkələrinin əhalisi bir-birinə elə qaynayıb-qarışıb ki, etnik millətdən söhbət belə gedə bilməz? Məsələn, orta əsrlərdə Prussiya “Slavyan krallığı” adlanırdı, lakin artıq yüz il sonra prussiyalılar özlərini xalis alman sayır və başqaları tərəfindən də o cür qəbul olunurdular.

Məlumdur ki, keçmişlərdə imperiyalar dağılanda da bu cür millətlərarası münaqişələr dalğası qopurdu. Bu mə’nada biz rus etnoqrafı V. Vodovozovun 1910-cu ildə Sankt-Peterburqda dərc olunmuş və Avstriya-Macarıstan və Rusiya imperiyalarının çökməsi ərəfəsində Avropada mövcud olan millətçilik probleminə, həmçinin demokratik dövlətin milli məsələdə yürütdüyü siyasətə həsr olunmuş məqaləsini təqdim edirik1 .

V. VODOVOZOV
Milliyyət və dövlət (1910)

Antropologiya indiyə qədər milliyyətin nə olduğunu ay dınlaşdıra bilməmişdir; bundan savayı, belə bir məsələ də tam həll olunmuş hesab edilə bilməz ki, o, real antropoloji təzahür kimi mövcuddur, yaxud milli tip haqqında təsəvvür insanın xülyasından başqa bir şey deyildir... Milli məsələnin antropoloji tərəfini tamamilə kənara qoyaraq onu dövlət-hüquqi baxımdan nəzərdən keçirməyə cəhd edək və ona görə də məsələni belə qoyaq: dövlət onun ərazisində yaşayan müxtəlif milliyyətlər arasında münasibətləri necə nizamlamalıdır ki, etnoqrafik baxımdan əhalisi rəngarəng olan bütün dövlətlərdə milliyyətlərin apardıqları gərgin, ağır və bəzən qanlı çəkişmələrdən özünü xilas etsin...

Biz, hər halda, terminlərlə bağlı əvvəlcədən şərtləşməliyik. Termin kimi işlədilməsinə baxmayaraq, “xalq”, “millət”, “milliyyət” hələ də dürüst və hamının qəbul etdiyi məna daşımır.

“Xalq” sözü ilə adətən latıncadan populus, fransızcadan peuple, almancadan Volk, ingiliscədən people sözlərini tərcümə etdikləri halda, “millət” latın sözü (natio) olmaqla alman, fransız, ingilis dillərində tamamilə eyni cür (Nation) yazılır.

Almanca “xalq” (Volk) sözü ilə adətən bir dövlətin vətəndaşlarının toplumu bildirilir, belə ki, “alman xalqı” ifadəsi Almaniya imperiyasının vətəndaşları olan almanları, danimarkalıları, polyakları əhatə edir, lakin Avstriya, yaxud İsveçrə almanlarına aid edilmir.

“Millət” termini ilə isə adətən bir dövlətdə birləşməsə də, dil, mədəniyyət, tarix, yaxud heç olmazsa, milli şüur birliyi ilə bağlanan insan toplumu bildirilir. Beləliklə, “polyak milləti” dedikdə Almaniya, Avstriya, Rusiya imperiyalarının, yaxud hətta Atlantikanın o tayındakı respublikanın2 vətəndaşı olmasından asılı olmayaraq polyak dilində danışan və özünü polyak kimi hiss edən polyaklar nəzərdə tutulur.

Başqa cür desək, burada “xalq” dövlət hüququna aid termindir, “millət” isə etnoqrafik termindir, lakin dövlət hüququ onunla hesablaşmalı olur. “Milliyyət” bu sözişlətmə baxımından “millət” sözündən törəmə termindir və hər hansı ayrıca bir şəxsin, yaxud bütöv millətin psixoloji3 mənsubluğunu bildirən anlayışdır...

Fransızca və ingiliscə “millət” və “xalq” terminləri adətən əks mənalarda işlədilir: “fransız milləti” ifadəsi Fransada adətən ümumi fransız milli şüuru ilə birləşən insanların toplumunu deyil, Fransa Respublikası vətəndaşlarının toplumunu bildirir; fransızca “millətlər” arasında müqavilə, saziş və müharibələrdən danışılır, alman dilində isə bu hallarda “xalqlar” haqqında danışmağa üstünlük verilir; beynəlxalq hüququn (Volkerrecht) beynəlmiləl hüquqla (droit international) adlandırılmasının özündə “millət” (Nation) termininin məhz belə işlədilməsinin izləri görünür.

Terminlərin alman dilində işlədilməsi latın sözlərinin ilkin mənasına, şübhəsiz, daha yaxındır, ona görə filoloji baxımdan daha düzgündür; pis olan odur ki, bu xətt heç də ardıcıl aparılmır. Məsələn, 1868-ci il macar qanununun alman mətnində milliyyətlər haqqında deyilir:

“Macarıstanın bütün vətəndaşları Konstitusiyanın əsas prinsiplərinə görə bölünməz, vahid macar millətini (Nation) təşkil edir, vətənin hər bir vətəndaşı milliyyətindən (Nationalitet) asılı olmayaraq onun üzvüdür”.

Burada “millət” termini adətən fransız dilində işlədilən kimi işlədilmişdir (yəni siyasi anlamda), etnoqrafik “millət” termininin əvəzinə isə mücərrəd “milliyyət” (Nationalitet) termini işlədilmişdir, bu termin alman dilində adətən bir qədər başqa məna, yaxud, hər halda, onun başqa çalarını verir.

Sözün rus dilində işlənməsi daha az ardıcıllığı və qeyri-dəqiqliyi ilə seçilir. Ümumiyyətlə, o, alman dilinin vəziyyətinə yaxındır. Biz də “xalq” haqqında etnoqrafik mənadan daha çox dövlət mənasında həvəslə danışırıq; bizim üçün “rus xalqı” anlayışına polyak da, yəhudi də, ukraynalı da daxil ola bilər, lakin bu mə’nada “rus milləti” haqqında danışmağa biz qətiyyən hazır deyilik. Biz deyirik ki, rus xalqı yaponlarla müharibə aparırdı və bu vaxt heç də çəkinmirik ki, rus qoşunlarının sıralarında polyaklar da, yəhudilər də var idi; bununla yanaşı, həm də deyə bilərik ki, Rusiyada müxtəlif xalqlar yaşayır: ruslar, polyaklar və s., lakin bu halda “milliyyətlər” ifadəsini daha həvəslə işlədirik ...

İndiyə qədər biz bir tərəfdən milliyyət və dil haqqında, digər tərəfdən isə milli özünüdərk haqqında üst-üstə düşən hadisələr kimi danışırdıq. Əslində, bu heç də tam belə deyildir. Milliyyət bir sıra əlamətlərlə yaradılır. Buraya ümumi mənşə, ümumi mədəniyyət, ümumi tarix, yaranan tarixi ənənələr, vahid ərazi və bəzən dövlət təşkilatı daxildir; buraya sonra din, dil daxildir; lakin bu amillərdən heç biri (hətta milliyyətin yalnız nadir hallarda üst-üstə düşdüyü dövlət təşkilatı da) milliyyətin yaranması üçün mütləq vacib şərt deyildir.

Milliyyəti müəyyən etmək üçün çox vaxt obyektiv əlamətlər, ümumiyyətlə, olmur, onda bunun üçün sırf subyektiv əlamətlərlə kifayətlənmək lazım gəlir. Əgər bir adam özünü polyak hesab edirsə, deməli o, polyakdır, baxmayaraq ki, o, heç vaxt katolik olmayıb, Polşa ərazisindən kənarda yaşayıb və hətta öz dilini unudubdur (bu axırıncı halda, yəqin ki, özünü polyak saymaq ehtimalı azdır). Əgər polyak valideynlərdən törəmiş bir adam polyak adından imtina edirsə, katolik olsa da, Polşada yaşasa da onu polyak saymağa lüzum yoxdur. Yeganə rasional prinsip budur, hər hansı dövlətin milli tərkibinin statistik hesablamalarını apararkən də, ayrı-ayrı [etnoqrafik] millətlər üçün müxtəlif mədəni təsisatlar (məktəb, akademiya və s.) yaradarkən də bu prinsipi rəhbər tutmaq lazımdır...

Məhz milli şüur, məhz tarixən bir çox ünsürlərin əsasında yaranan, lakin hər konkret anda onların hər hansı biri ilə mütləq ayrıca bağlı olmayan milli şüur [etnoqrafik] millətlər tərəfindən dövlət qarşısında irəli sürülən bütün milli iddiaların əsasını təşkil edir...

Dövləti olmayan [etnoqrafik] millətlərin əksəriyyətinin milli şüuru belə dövlətin, suveren, yaxud asılı dövlətin, heç olmazsa muxtar vilayətin yaradılmasına yönəlmiş sə’ylərinin əsasını təşkil edir. Dövləti olmayan millətin milli şüuru öz millətini xalqa çevirməyə, yəni onu dövlət formasına salmağa çalışaraq nəzəri cəhətdən adətən başqa millətlərin də bu səylərini tanıyır və milli dövlət nəzəriyyəsinə əsaslanır.

Bu nəzəriyyənin tərəfdarı A.Qradovski deyir ki, “müasir tələblər şəraitində siyasi hakimiyyət təmsil etdiyi xalqla (burada, görünür, “xalq” sözü “millət”, yaxud “milliyyət” sözünün əvəzinə işlədilmişdir - V.V.) üzvi əlaqədə olmalıdır və ya əksinə, müstəqil tarixi həyata qabil olan hər bir milli cəmiyyət səy və tələbatına uyğun olaraq özünün siyasi formasını yaratmaq hüququna malikdir. Başqa sözlə, bundan sonra milli prinsip belə ifadə edilir:

“Hər bir xalq, yəni mənşə, dil, sivilizasiya və tarixi keçmiş ümumiliyi ilə bir-birinə bağlı olan insan toplumu özünün xüsusi siyasi vahidini, yəni xüsusi dövlətini yaratmaq hüququna malikdir...”.

“Sözün müasir mənasında milli məsələnin siyasi əsası belədir. Yeni prinsip, əlbəttə, köhnə vaxtlarda yaranmış və Vyana konqresi, yə’ni 1815-ci il müqavilələri ilə ortaya gətirilmiş süni dövlətlər sisteminə zidd idi...”.

“Zorakılıqla yaradılmış bu dövlətlər özlərinin bütün imkanlarını süni birliyin saxlanılmasına və qorunmasına yönəltməlidir. Onlar, məlum şeylərə görə, həyat və hətta fikrin hər hansı azad ifadəsini dərhal boğmağa məcburdurlar. Azadlığın inkişaf etdirilməsi onlara ona görə təhlükəli görünür ki, o, zorla bir yerə cəmləşdirilmiş xalqların yadına onların hüquqlarını sala bilər. Hətta inzibati özünüidarə hüququnun tanınması da qeyri-mümkün hesab olunur, çünki onun ardınca siyasi müstəqillik tələbi gələ bilər...”.

Beləliklə, Qradovskiyə görə, [etnoqrafik] millət xalqla üst-üstə düşməlidir, dövləti olmayan hər hansı millət dövləti olan millət olmağa, özü üçün dövlət forması yaratmağa çalışır; bu istəkdə sağlam hiss özünü göstərir; eyni zamanda, hər bir dövlət milli olmağa çalışmalıdır, hər hansı qeyri-milli dövlət isə, ümumi qaydaya görə, öz təbii təyinatına uyğun gəlməyən, zorakılıq üzərində dayanan və buna görə də zəif, gücsüz olan süni dövlətdir. Millətçi dövlət hüququ nəzəriyyəsi öz açıq və aydın formasında belədir.

Əməli olaraq həyata keçirilməsi yolunda [etnoqrafik] millətçi nəzəriyyəsi keçilməz maneələrə rast gəlirdi. Dövlət ərazi birliyi ilə sıx bağlıdır... Əksinə, çox az müasir [etnoqrafik] millətlər müəyyən bütöv ərazi ilə bağlıdır. Buna görə də çox vaxt öz dövlətinə malik olmaq istiqamətində milli səylər onun öz tərəfdarları tərəfindən rəsmi şəkildə təbliğ olunan milli dövlət nəzəriyyəsi ilə aydın və kəskin ziddiyyətə girir; çox vaxt o, özündə milli şovinizm ünsürlərini, yad millətləri tabe etmək, əzmək cəhdlərini əks etdirir və qaçılmaz şərtlərə görə onlarsız keçinə bilmir.

Dövləti olan millətlərin [etnoqrafik] millətçiliyi, demək olar ki, həmişə belədir. Rusiyada rus, yaxud daha dəqiqi - böyükrus, Almaniya və Avstriyada alman, Macarıstanda macar millətlərinin millətçiliyi belədir. Bu [etnoqrafik] millətçilik belə bir əminlikdən irəli gəlir ki, hakim millət hakimiyyət hüququna malikdir (bu, öz əksini konkret olaraq dövlət və ictimai xidmət sahələrində yerlərin əsasən öz milliyyətindən olan adamlara verilməsində tapır), onun dili dövlət dilinin bütün üstünlüklərindən istifadə etməli və məhkəmə, məktəb, ictimai təsisatlar, ordu və s. sahələrin dilinə çevrilməlidir, yerdə qalan bütün millətlər isə Rusiyada məcburi ruslaşdırmaya, Almaniya və Avstriyada almanlaşdırmaya, Macarıstanda macarlaşdırmaya və s. məruz qalmalıdır...

İndi milli məsələnin mövcud olan bütün millətlərdən dövlətlər yaratmaq yolu ilə həllinin tam qeyri-mümkünlüyü... milli məsələni həll etməyin başqa yollarını axtarmağa məcbur etdi və tamamilə başqa cür qoyulmasına səbəb oldu.

Əksər hallarda məsələ belə qoyulur.

Bir dövlətdə yaşayan müxtəlif millətlərin qarşılıqlı münasibətlərini nizamlamaq üçün bir üsul varmı və əgər varsa, o, nədən ibarətdir?

Buradan da əsas vəzifə ümumi ərazidə qarışıq yaşayan millətlərin dinc yanaşı yaşaması üçün şərtlər tapılmasından ibarətdir...

Müasir demokratiyanın digər prinsipləri ilə yanaşı siyasi ideya kimi millətlərin hüquq bərabərliyi ideyası da mövcuddur. Bu ideya Prussiya Konstitusiyasının 4-cü maddəsində əks olunmuşdur:

“Bütün prussiyalılar qanun qarşısında bərabərdir. Zümrə imtiyazları ləğv olunur. İctimai vəzifələr qanunla qoyulmuş şərtlərə əməl etməklə onları yerinə yetirməyə qabiliyyəti olanların hamısı üçün açıqdır”.

Burada “prussiyalılar” sözü etnoqrafik deyil, dövlət mənasında işləndiyindən və həmin ifadə altında polyakları da, danimarkalıları da başa düşməli olduğumuzdan aydındır ki, Konstitusiyanın hərfi mənasına görə hansısa milli zülmdən söhbət gedə bilməz. Lakin Konstitusiyanın bu maddəsinin olmasına baxmayaraq, praktikada almanların məskunlaşmasını gücləndirmək üçün polyak torpaq sahiblərindən məcburi qaydada torpaqların alınması haqqında qanun layihəsinin Landtaqa təqdim olunmasına imkan verilir. 1908-ci ilin fevralında layihə Landtaqın hər iki palatası tərəfindən qəbul olunaraq qanuna çevrildi...

Beləliklə, bu qanuna görə, Poznanda özünə torpaq almış polyakın əlindən bu torpağı yalnız ona görə alırlar ki, o, prussiyalı alman deyil, prussiyalı polyakdır. 1886-cı il məktəb qanunu da bu xarakterdədir, onun əsaslandırıcı mətnlərində açıq-aşkar deyilirdi ki, polyak icmalarına “aydın alman düşüncə və hiss tərzli” müəllimlər təyin etmək lazımdır.

Özünə tabe olan millətlə heç nəyi bölmək istəməyən hakim millətin millətçi hisslərini aydın əks etdirən qanun nümunəsi kimi Rus Məhkəmə İdarəsinin (1864-cü il məhkəmə nizamnamələri) 464-cü maddəsi göstərilə bilər.

“464: Varşava Məhkəmə Dairəsinin məhkəmə idarələrində məhkəmə işi rus dilində aparılır.

Qeyd. Aşağı məhkəmələrdə, tərəflər və işdə iştirak edənlər rus dilini bilmirlərsə yerli əhalinin danışdığı dilin də işlədilməsinə icazə verilə bilər. Lakin bu halda da hökm, qərar, ümumiyyətlə, məhkəmənin çıxardığı bütün aktlar rus dilində verilməlidir”:

deməli, bu işlər tərəflərin bilmədikləri və çox vaxt hakimlərin də yaxşı bilmədikləri bir dildə görülməlidir.

Bu, əlbəttə, milli məsələnin həlli və hətta milli ədavətin yumşaldılması yolu deyildir, əksinə, onun kəskinləşdirilməsi yoludur.

Dillər haqqında məsələyə tamamilə başqa bir mövqeni Belçikada müşahidə edirik.

Konstitusiyanın 23-cü maddəsində deyilir:

“Belçikada işlədilən dillərdən istifadə olunması qeyri-məcburidir: bu istifadə yalnız hökumət aktları və ancaq məhkəmə işləri üçün nizamlana bilər”.

Biz artıq gördük ki, Konstitusiyanın belə bir maddəsi ən həyasız, ən aşkar insansevməzlik praktikası ilə necə gözəl uzlaşır, ona görə yalnız maddənin özü ilə kifayətlənə bilmərik. Lakin İsveçrə kimi, məhz Belçikada da heç bir çətinlik çəkmədən sübutlar əldə edə bilərik ki, bu maddə Avstriya, yaxud Prussiyada olduğu tək heç də boş şey deyildir.

Konstitusiyanın burada nümunə göstərdiyimiz 23-cü maddəsi ilə nəzərdə tutulan qanunlardan biri, 17 avqust 1873-cü il qanunu ilə məhkəmədə dillərin işlədilməsi qaydası müəyyən edilmişdi.

Bu qanuna görə, flamand əhalisinin çoxluq təşkil etdiyi yerlərdə məhkəmə dili kimi flamand dili tanınır; lakin əgər müttəhim (cinayət işlərində), yaxud cavabdeh (mülki işlərdə) fransız dilini tələb edirsə, onda istintaq və çıxışlar fransızca aparılır, hökm də fransız dilində oxunur. Ancaq işdə iştirak edən hər bir şəxs (şahid, iddia-çı, ekspert və s.) istədiyi dildə danışa bilər. Protokol hər iki dildə aparılır...

Daha sonra İsveçrədə üç dilin hüquq bərabərliyi prinsipi həyata keçirilmişdir. İsveçrə Konstitusiyasının 116-cı maddəsində deyilir ki, “İsveçrənin üç əsas dili İttifaqın milli5 dilləridir”. Bütün qanunlar, hakimiyyətin vətəndaşlara, demək olar ki, bütün müraciətləri üç dildə çap olunur və hər üç mətn eyni dərəcədə rəsmi hesab olunur... Federal Məclisdə natiqlər istədikləri dildə danışırlar, üç dildən hansında deyilməsindən asılı olmayaraq bütün nitqlər stenoqrafiya edilir və rəsmən çap olunur. Federal hakimiyyət orqanları, kanton və icma təsisatları fərdi şəxslərlə onların öz dilində təmasa girir. Bu vəzifənin yerinə yetirilməsi üçün hər bir hökumət idarəsində hər üç milli dilin təmsil olunmasına nəzarət edilir. Məhkəmələr üçün bu, Konstitusiya ilə (107-ci maddə), digər idarələr üçün isə ya ayrı-ayrı qanunlar, ya da həyatın özünün tələbləri və milli məsələnin yaradılmasından çəkinmək meyli ilə təmin edilir.

Dil məsələsində daha azad və mütərəqqi olan dövlətlərdə problem bu yolla həll olunur. Onun bu dövlətlərdə həlli nisbətən asandır, belə ki, milli məsələ özünün bütün nəhəng vücudu ilə onunla yanaşı dayanmır.

Burada başlıca vəzifə müxtəlif millətlərin əks iddialarının ödənilməsi, zidd maraqlarının barışdırılmasından ibarət deyil, yalnız müxtəlif dillərdə danışan ayrı-ayrı adamların maraqlarının barışdırılmasından ibarətdir. [Etnoqrafik] millət (milli özünüdərk ümumiliyi ilə birləşən və özü üçün məhz ayrıca millət hüququ tələb edən insanların toplumu olaraq) mövcud olduğu yerdə artıq məhkəməyə öz dilində ərizə vermək kimi adi bir sədəqə ilə kifayətlənə bilməz. O, labüd olaraq, dövlət hakimiyyətində iştirakını tələb edəcəkdir, həmçinin məktəblərin yaradılması və onlarda təhsilin xarakterinə öz milli xüsusiyyətlərinə uyğun tə’sir etmək və s. imkanları tələb edəcəkdir...

[Etnoqrafik] millətçi partiyaların əksəriyyəti öz millətlərinin maraqlarını önə keçirir, özü də onları ərazi muxtariyyəti ilə, başqa sözlə, öz millətinə dövlət xarakteri verilməsinə çalışmaqla həll etmək istəyir. [Etnoqrafik] millətin ərazi ilə tam üst-üstə düşdüyü çox nadir hallarda məsələ onun üçün bununla da həll olunur; lakin bu məsələ həm elə həmin ərazidə yaşayan digər milli azlıq üçün, həm də eksterritorial hissələri olan elə həmin millət üçün qətiyyən həll olunmur.

Bu, onlar üçün yalnız daha radikal yolla: hər bir [etnoqrafik] millətin öz milli işlərini aparmaq hüququ və qabiliyyətinin tanınması yolu ilə, deməli, milli özünüidarə və millətlərin federasiyası yolu ilə həll olunur.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft