|
QƏBULLAR
FİKRƏT SADIQOV
«Qərb» Universitetinin professoru
Mənbə:
"Məşvərət", N1-2, 1997
Bülletenin ötən nömrəsində
F.Sadıqovun "Diplomatik təcrübə və beynəlxalq protokol"
kitabından bir bölümü dərc etmişdik; orada vizit kartından danışılırdı.
Bu sayımızda hzmin kitabdan götürülmüş qəbullar
haqqında parçanı oxuculara təqdim edirik.
Hər bir qəbul
mühüm siyasi tədbirdir. Qəbullar adətən ölkənin milli bayramı, yüksək
nümayəndə heyətinin gəlişi və ya dövlətlərarası münasibətdə mühüm hadisələr
zamanı təşkil edilir. Qəbullara "yeyib-içmək" üçün gəlməyi düşünənlər çox
böyük səhv edirlər. Qəbul şptirakçıları mühüm beynəlxalq problemlər haqqında
fikir və informasiya mübadiləsi imkanından istifadə edirlər. İşgüzar aləm
üçün də qəbullar birmənalı iş deyildir. Beynəlxalq protokol təcrübəsində, o
cümlədən bizdə də qəbullar ifrata varmadan mümkün qədər sadə keçirilir.
Qəbullarda "şərabın çay kimi axdığı, qonşunun qonşunu itirdiyi" vaxtlar
çoxdan geridə qalıb. Diplomatik qəbulları təşkil edənlər ümumqəbul
formalardan başqa, qəbula həmçinin milli kolorit də əlavə etməyə çalışırlar.
Belə çəhətləri
ilə Çin, Yaponiya, Cənubi və Cənub-Şərqi Asiya ölkələri xüsusilə fərqlənir.
50-ci illərin
ortalarında Çinə səfər etmiş yazıçı Vanda Vasilevskaya qeyd edirdi: "Çində
təyyarədən başqa bütün uçanları, tankdan başqa bütün sürünənləri və sualtı
qayıqdan başqa bütün üzənləri yeyirlər". Öz milli ənənələrini belə qayğı ilə
qorumuş, müasirləşdirəndə isə onu milli xüsusiyyətlərə zərər vurmadan etmiş
xalqa yalnız hərmətlə yanaşmaq olar.
Özünü masa arxasında aparmaq mədəniyyəti etiketin mühüm tərkib hissəsidir.
Bununla yanaşı, bəzi ölkələrdə spesifik xüsusiyyətlər qorunub saxlanır ki,
bunu da nəzərə almamaq olmaz. Buna görə də ümumi "qızıl qayda" belədir:
qonşuna fikir ver, onun kimi hərəkət et, onda, çox güman ki, səhv etməzsən.
Bəzən elə olur ki, kimsə namünasib hərəkəti ilə qanqaralığı yaradır: çay
(qəhvə) içərkən ağzını yandırır, fincanı aşırır, çayı masa qonşusunun üstünə
dağıdır, bıçaq və çəngəli qaydasız götürür, kəsilməli olmayan ərzağı
doğramağa çalışır.
Bununla bağlı
bir neçə məsləhət. Masa arxasında elə oturmaq lazımdır ki, həm yemək, həm də
ünsiyyət üçün rahat olsun. Bunun üçün nə çox aralı, nə də yaxın əyləşmək
lazımdır. Dəsmalı dizin üstünə qoymaq, yeməkdən sonra isə dəsmalı bükmədən
və düzəltmədən boşqabın sol tərəfinə qoymaq məsləhət görülür. Çində və bir
sıra başqa isti ölkələrdə qəbulun sonunda ofisiant xüsusi isti dəsmallar
təklif edir. Əgər otaq isti olarsa bu dəsmalla üzü silmək qəbahət sayılmır.
Səhər, nahar və
şam yeməyi vaxtı menyüdə göstərilmiş xərəklərin sayına uyğun olaraq boşqabın
sağ tərəfinə bıçaqlar, sol tərəfinə isə çəngəllər qoyulur. İlk olaraq sağ və
soldakı kənar çəngəl və bıçaqlardan istifadə olunur. Balıq xörəyi üçün
xüsusi bıçaq nəzərdə tutulur. Əlavə yeməyə ehtiyac olmadığını bildirmək üçün
bıçaq və çəngəl boşqabın sağ tərəfinə qoyulur. Masa arxasında səhbət
edərkən, fikirlərini "məhkəmlətmək" üçün bıçaq və çəngəli yellətmək qəti
yolverilməzdir - onlardan öz təyinatlarına uyğun istifadə olunmalıdır.
İlk əvvəl isti
yemək verilərkən xüsusi ehtiyatlılıq göstərmək lazımdır. Tələsmədən xərəyin
soyumasını gözləyin, yaxud qaşığa xörəyi az götürün. Yemək bəzən tək, bəzən
cüt qulplu qablarda verilir. Tək qulplu qabdakı yeməyi çay kimi içmək, cüt
qulplu qabdakı yeməyi isə qaşıqla yemək məqsədəuyğundur. Çörəyi əllə götürüb
kiçik hissələrlə qoparmaq məsləhət görülür.
İkinci - ət
xərəyindən lazımi miqdarda kiçik hissəciklər kəsilir. Bəzən balıq və ət
xörəklərindən sonra müxtəlif növ pendirlər paylanır. Əgər kimsə bir yox, iki
növdən dadmaq istəsə qəbahət hesab olunmur. Yeməkpaylayan qonaqlar üçün
vazada meyvə paylayarkən, sizə yaxın tərəfdən götürmək məsləhətdir.
Qəbullar, iştirakçıların zövqünə uyğun olaraq, qəhvə yaxud çay dəsgahı ilə
yekunlaşır. Mərasimdə mürəbbə, qənd və limon mütləq ayrılıqda paylanılır.
Bəzən etiket
qaydaları "qanına, iliyinə" hopmamış şəxslərin hərəkətlərində müəyyən
"büdrəmələr" hiss olunur. Əgər sizinlə yanaşı xanım əyləşirsə, stulu masadan
aralayıb onun oturmasına kömək etməyi əziyyət hesab etməyin. Sahibə və eləcə
də digər xanımlar öz yerlərini tutmamış oturmaq məsləhət deyil.
Bütün mərasim
boyu yanınızdakı xanıma qarşı diqqətli olmaq sizin borcunuzdur. Masa
arxasında səhbət adətən iştirakçıların hamısı üçün maraqlı ola biləcək -
kino, teatr, kitablar, vernisaj, xarici artistlərin qastrolları və sair kimi
mövzular əsasında qurulur.
Ağıllı və müdrik
o kəslərdir ki, onlar stolu və qəbul mərasimlərini ayıq başla və qarınlarını
doyurmadan tərk edirlər. Bir sıra ölkələrdə spirtli içkilərdən istifadə
milli ənənə formasını almışdır. İçmək, içməmək, yaxud necə içmək haqqında
çox yazılıb. Bu məqamda isə kimin düz, kimin səhv olmasından yox, spirtli
içkilər də təklif olunan mərasimlərdə davranış etiketlərindən səhbət
aparılır.
Qəbullarda
davranış etiketlərini gözləməkdə naşılıq tez-tez müşahidə olunur. Nümunə.
Milli bayram münasibətilə səfirlikdə qəbul təşkil olunmuşdur. Sahibə və
sahib qonaqları qarşılayır. Dəvətlilərin toplandığı zalda içki və çərəzlərlə
bəzədilmiş stol açılmışdır. Sanki elementar qaydada, tələsmədən boşqab
götürüb içərisinə yemək qoymaq, badəyə içki süzmək olar. Sahiblər isə bir
neçə dəqiqəliyə gecikən "xüsusi qonağı" gözləyirlər. Fəxri qonaq kəlir, hamı
stola dəvət olunur, hər şey gözəl, rəvan, sahiblərə hərmət məcrasında davam
edir.
Çox təəssüf ki,
bəzən başqa hallarla da rastlaşmaq olur. Sahibləri salamladıqdan sonra kimsə
stola yaxınlaşır və yeyib-içməyə başlayır, sanki qatara gecikir, bu zaman
sahiblər fəxri qonaqları ilə birgə zala daxil olur və onların qarşısında
xoşagəlmöz mənzərə acılır.
Qəbullarda az-az
da olsa, hər halda, bəzən bir neçə kəlməlik "çıxış" mübadiləsinə də yer
verilir. Etiket qaydaları tələb edir ki, yeməyi, içməyi, danışmağı kəsərək
çıxış edən səmtə dönərək çıxışa qulaq asmaq lazımdır. Doğrudur, birinci
çıxışa qulaq asmağa hövsələ çatsa da, cavab çıxışlarına qulaq asmağa heç də
hamının səbri çatmır.
Danışıqlar,
səs-küy, qədəhlərin, çəngəl-bıçaqların cingiltisi - belə darıxdırıcı mühitin
əhatəsində cavab "sağlıqları" məcburiyyəti yaranır.
"Kokteyl",
"furşet" tipli qəbullarda qonaqlar əsasən özləri özlərinə xidmət göstərir.
Yaddan çıxarmaq olmaz ki, sizdən başqa da stola yaxınlaşmaq istəyən var. Ona
görə də boşqaba yemək qoyduqdan sonra stoldan kənarlaşmaq və digər qonaqlar
üçün də şərait yaratmaq lazımdır.
Etiket qaydaları
tələb edir ki, dəvət olunan yerlərə vaxtıpda gəlmək və gecikmədən getmək
lazımdır.
Xoşagəlmöz
vəziyyətə düşməmək üçün harasa dəvət olunduqda öz-özünüzə altı sual verin və
onların cavabını özünüz üçün hazırlayın: kim dəvət edir, nəyə görə, nə vaxt,
hara (ünvan), geyim forması, cavablandırmaq lazımdırmı? Təəssüf ki, bəzən
elə olur ki, kimsə qəbulda iştirak etmək üçün səfirliyə gəlir, halbuki
qəbul, hər qonaq üçün xüsusi ayrılmış yerləri olan restoranda təşkil olunub
və məlum olur ki, masa arxasında onun üçün yer yoxdur. Bunun səbəbi isə
həmin şəxsin dəvəti qəbul etmək haqtında vaxtında məlumat verməməsi olub.
Deyirlər ki,
İngiltərə krallarından hansısa etiket qaydalarına çox ciddi münasibət
göstərirmiş. Bir dəfə ovda olarkən təyin olunmuş vaxtda qəbul mərasiminə
çata bilməyəcəyini bilən kral qasidlə belə bir sifariş göndərir: "Siz, mənim
rəiyyətim kralı gözləməyə borclusunuz, ancaq bifşteks gözləməli deyil.
Mənsiz başlaya bilərsiniz".
"Geyimə görə
qarşılayıb, ağıla görə yola salırlar". Kimsə düşünə bilər ki, bu məsəl dünya
kimi qocalıb. Buna baxmayaraq, qarşıda müsbət nəticələrində maraqlı
olduğunuz görüş durursa geyiminizə fikir verin və güzgüdə özünüzə diqqətlə
baxın ki, hər şey qarşıdakı görüşün mahiyyətinə uyğun olsun.
Bəzən elə olur
ki, yayın istisində qara kostyumda və yaxalığı məhkəm nişastalanmış
ağ köynəkdə görüşə gəlirlər. Və ya tərsinə, onun əynində sürtülmüş cins,
çoxdan təmizlənməmiş çəkmələr, əzilmiş və rəngi bilinməyən köynək olur.
Bəzən bizim
həmvətənlərimiz ilk dəfə xarici ölkədə olarkən ən adi şeylərə heyrətlərini
gizlədə bilmirlər. Məsələn, bizdə restoran və kafelərin qapısı ağzında
dayanan qulluqçular adətən ora adam buraxmamaq üçün dayanırlar. Xaricdə isə
bunun əksinə olaraq, yaraşıqlı geyinmiş şveytsar itaətkarcasına maşınınızın
qapısını açır və sizi restorana ötürür. Restoranda isə sizi qüsursuz
geyimli, daha qayğıkeş metrodel qarşılayır. Bunlar hamısı nəzakətlə, dəqiq
və xüsusən də şəxsi ləyaqət hissilə edilir.
Rəsmi tədbirlərdə - diplomatik qəbullarda, konqreslərdə, simpoziumlarda və
başqalarında geyim qaydalarına qayıdaq. Yeri gəlmişkən qeyd edək ki,
televiziya belə tədbirləri geniş işıqlandırır, arzulayanların bu haqda
faydalı informasiyalar alması üçün həmişə imkanları olur. Günün birinci
yarısında keçirilən belə tədbirlərdə ilin fəslini və havanı nəzərə almaqla
açıq rəngli paltarlara, günün ikinci yarısında isə bir qədər tünd rəngli
paltarlara üstünlük verilir. Qeyd edək ki, matəm əlaməti sayıldığı üçün qara
rəngli paltar geymək məqsədəuyğun deyil. Geyimin bütün komponentləri təmiz,
ütülənmiş və gözəl olmalıdır. Bundan əlavə, geyim üçün seçilmiş köynək,
qalstuk, çəkmələr, qadın bəzəkləri uyğun olaraq bir-birini tamamlamalıdır.
Ətir və odekolondan qədərincə istifadə etmək lazımdır. Təmizlik,
xoşagəlimlik ən vacib şərtdir.
Yadda saxlamaq lazımdır ki, dəb, yəni sizin geyiminiz ancaq öz zövqünüzdən
asılıdır. Qadınlar üçün teatra gedərkən bər-bəzəkli, işgüzar gərüşlərdə
mütləq biçimli kostyum, yaxud don geymək lazımdır. Gəzintiyə çıxarkən, yaxud
əcnəbi məclislərinə baş çəkərkən geyim elə olmalıdır ki, həm sizin üçün
rahat, həm də sadə olsun. Kosmetika, doğrudan da, möcüzələr yaradır. Lakin
bir şərtlə ki, ondan ağıllı və qədərində istifadə edilsin. Ola bilər ki,
bahalı paltara baxmayaraq xoşagəlməz, amma sadə paltarla daha qəşənk
görünmək olar. Əsas odur ki, hər kəs öz üslubunu tapsın.
Gözəl seçilmiş kostyum, don, palto, rahat və uyğun ayaqtabı hər bir qadını
və ya kişini şax yeriməyə, düz oturmağa, əllərinin sərbəstliyinə, əyilməməyə
məcbur edir. Son olaraq onu da qeyd edək ki, yeriyərkən nə başı çox aşağı
salıb ətrafdakılara altdan-altdan baxmaq, nə də çox yuxarı tutub
ətrafdakılara "yuxarıdan aşağı boylanmaq yaxşı hal hesab olunmur. |