top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

ABŞ-ın SİYASİ SİSTEMİ
Konqres, Prezident, Ali Məhkəmə

HİKMƏT HACIZADƏ

Mənbə: "Məşvərət", N5-7, 1997


"1776-cı ildə Müstəqillik bəyannaməsinin müəllifləri möhtəşəm tarixi yeniləşmənin iştirakçısı oldular: onlar fəlsəfi ideyalar əsasında ölkə yaratdılar. Ölkəmizin və hökumətimizin tarixi sübut edir ki, ideyaların da tarixdə yeri var"

Riçard Nikson , ABŞ-ın 37-ci prezidenti

Ölkənin çiçəklənməsini təmin etməli və onun daxili ziddiyyətlərini həll etməli olan çoxlu siyasi sistemlər içərisində ABŞ-da yaradılmış prezidentli respublika öz səmərəliliyinə görə qanuni maraq doğurur. ABŞ-dakı prezidentli respublika tipi bu gün prinsipial olmayan dəyişikliklərlə dünyanın 150-dən artıq dövlətində qəbul edilib. Elə buna görə də oxuculara yalnız Konqres və Senat haqqında deyil, bütövlükdə ABŞ-nın zəngin dövlət quruculuğu təcrübəsindən qısaca da olsa bəhs etməyi faydalı saydıq.

KONSTİTUSİYANIN TARİXİ KÖKLƏRİ

İnsanların yalnız könüllü razılığı ilə fəaliyyət göstərən dövlətin yaradılması ideyası Avropada orta yüzilliklərin sonunda fəal genişlənməyə başladı. Hələ "Əhdi-ətiq" Allahla israillilər arasında könüllü bağlanmış müqavilə əksini tapıb; bu müqaviləyə görə, israillilər on buyuruğu yerinə yetirməli, Allah isə israilliləri qoruyaraq ölümdən sonra onlara cənnət əta etməli vdi. Belə müddəalar Quranda da var. Burada göstərilir ki, peyğəmbər özünün istədiyi kimi idarə etməli deyil, hamının razılığına əsaslanmalıdır: "....işlərini öz aralarında məsləhət-məşvərətlə görər[lər]" (42:38); "işdə onlarla məsləhətləş" (3:159); "Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən!" (88:21,22).

Orta əsrlər Avropasında müstəbid rejimlərə və rəsmi kilsənin diktaturasına qarşı mübarizə aparanlar öz çarpışmalarında ilham qaynağı olaraq Bibliyanın yuxarıdakı demokratik müddəasına tez-tez üz tuturdular.

19 noyabr 1620-ci ildə İngiltərədən olan dini dissidentlər "Meyflauer" gəmisində Şimali Amerikaya, 13 il sonra Britaniya müstəmləkəsinə çevrilmiş Virciniyaya yetişdilər. Hələ qorxulu dənizdə ikən bu azadlıq aşiqləri öz aralarında tarixi bir müqavilə bağladılar: "...bu müqavilə ilə biz Allah və bir-birimiz qarşısında mülki orqanizm kimi birləşirik ki, aramızda qayda-qanun hökm sürsün. ...Buidan ötrü isə biz elə ədalətli və hamımız üçün bərabər olan qanunlar... və vəzifələr yaradacağıq ki, bizim icmanın rahatlığı və rifahı üçünyeri gəldikcə lazım ola bilər; buna əməl etməyə və tabe olmağa söz veririk".

Britaniya imperiyası ilə müharibədə qalib gələn amerikalılar indi öz müstəqil dövlətlərini yaratmalı idilər. Ancaq bu dövlətin quruluşu necə olmalıdır? Nə etməli ki, o, ədalətli və səmərəli olsun? İstənilən hakimiyyətdən (iqtidardan) həmişə gələ biləcək» mütləqiyyət təhlükəsinin qarşısını necə kəsməli?

Dünya siyasi fəlsəfəsi dövlət quruculuğuna dair çoxlu örnəklər verib. Əflatun və Ərəstunun bu ideyaları müzakirə olunub ki, hakimiyyəti sadə xalqa vermək olmaz - ağıllı və yüksək əxlaqlı hökmdar tapmaq gərəkdir. İngilis Qobbsun bu ideyaları müzakirə olunub ki, insan kamil deyil və avtoritar hökumət onun üzərində nəzarətçi olmalıdır. Fransız Russonun bu ideyaları müzakirə olunub ki, əgər insan qarnını doydurmağı bacarmırsa azadlığın onun üçün əhəmiyyəti yoxdur, buna görə də ədalətli hökumət onu doydurmaq qayğısına qalmalıdır.

Ancaq, hər halda, Konstitusiyanın prinsiplərinə böyük ictimai diskussiyalardan sonra böyük Avropa liberal filosofları olan ingilis Lokkun (1632-1704) və fransız Monteskyönün (1698-1755) ideyaları həlledici təsir göstərdi. Bu ideyalar şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibəti müəyyənləşdirmiş bənzərsiz Amerika fəlsəfəsinin özülünü qoydu.

Con Lokk İngiltərə inqilabının ideyalarını cəmləşdirərək demokratiyanın 4 başlıca tərkib hissəsini irəli sürdü: "Bərabərlik; İnsan-haqları; Yalnız vətəndaşların iradəsini yerinə yetirən hökumət; Dövlət hakimiyyətinin məhdudlaşdırılması". Lokkun fikrincə, "cəmiyyətdə insanın azadlığı bundan ibarətdir ki, ictimaiyyətin razılığı ilə qurulmuş hakimiyyətdən başqa heç bir qanunverici hakimiyyətə tabe olmasın." Bundan savayı, hakimiyyətə yalnız insanların qəbul etdiyi qanunda nəzərdə tutulmuş şeylərə icazə verilir, insanların isə qanunla qadağan edilməyən hər şeyi etməyə icazəsi var! Lokk göstərir ki, insanın öz müqəddəratını təyinetmə (həyat yolunu sərbəst seçmə) hüququ var və xalq ədalətsiz hakimiyyətə qarşı üsyan qaldırmaq hüququna malikdir.

Ədalətli dövlət haqqındakı əsərlərində Şarl de Monteskyö ilk dəfə hakimiyyətin diktaturaya yuvarlanmasının qarşısını ala biləcək siyasi quruluşu təklif etmişdir. O göstərirdi ki, istənilən hakimiyyət (istər kral olsun, istər hətta parlament) nəzarətsiz qaldıqda və öz maraqlarını ödəməyə cəhd etdikdə mütləq qanunları və insan haqlarını pozmağa başlayacaq - insanın qeyri-kamil təbiəti və istənilən inhisarın təbiəti belədir. Hakimiyyət inhisarını yalnız iraedici hakimiyyət, parlament və məhkəmənin bir-birindən asılı olmadığı və bir-birinə nəzarət edərək hərəkətlərini məhdudlaşdırmağı bacaran sistemdə aradan götürmək mümkündür. Bu cür sistem qarşılıqlı nəzarət və tarazlaşdırma sistemi adlandırılıb.

Bu ideyalardan Amerika Konstitusiyası doğuldu ki, orada azad insan, hakimiyyətində məhdud olan hökumət və hakimiyyətin üç qolu arasındakı qarşılıqlı nəzarət və tarazlaşdırma sistemi ideyası qeyd olunub. Burada Konqres prezidentin yerinə yetirəcəyi qanunları qəbul edir, məhkəmə isə həm prezidentin qanunları düzgün icra etməsinə, həm də Konqresin çıxardığı qanunların ölkə Konstitusiyasına uyğun olub-olmadığına nəzarət edir.

Konstitusiya eləcə də ştatların paytaxt bürokratiyasının hakimiyyəti altına düşə bilmək qorxusunu əks etdirib, ona görə də onda ştatlara böyük muxtariyyət verilib. Konstitusiyanın böyük bölməsi, Hüquqlar haqtında Bill insan haqlarının qorunmasına həsr edilib. Konstitusiyanın müəllifləri belə hesab edirdi ki, hökumətin məqsədi kamil cəmiyyət yaratmaq yox, şəxsiyyətin təbii hüquqlarını qorumaqdır.

KONSTİTUSİYA

Bu gün Birləşmiş Ştatlar kimi tanınan Şimali Amerika ingilis müstəmləkələri birliyi Britaniya idarəçiliyinə müxalifət olaraq Amerikada 18-ci yüzilin sonunda təşkil edilib. (Yeri gəlmişkən, "Ştatlar" sözü adamları tez-tez çaşdırır; türk dilindəki "Birləşmiş Dövlətlər" tərcüməsi daha düzgündür). İttifaq öncə Atlantik okean sahilində yerləşmiş 13 ştat-dövlətdən ibarətdi. Tədriclə ona başqaları da qoşuldu və bu gün həmin ittifaqda 50 ştat var.

Hər ştatın öz parlamenti - qanunverici Məclisi və öz konstitusiyası var. Ştatların qanunları bir-birindən seçilir. İcra hakimiyyətini ştatların əksərində ümumi və birbaşa seçkilərdə dörd illiyə (3 ştatda iki illiyə) seçilmiş qubernator həyata keçirir. Bəzi ştatlarda qubernator bir müddət, əksəriyyətində 2 müddətə seçilir, başqalarında isə seçmə müddətinə məhdudiyyət yoxdur.

Ştatların qanunverici Məclisi iki palatadan ibarətdir, ştatların çoxunda deputatlar dərd illiyə (bə"zilərində isə iki illiyə) seçilir. Mərkəzi hökumətin ştatlarda, məsələn, Fransada prefektlər olan kimi, daimi tə"yin edilmiş təmsilçisi yoxdur.

Avropa ölkələrinin çoxundan fərqli olaraq ABŞ Konstitusiyası tək bircə dəfə (1789-cu ildə) qəbul edilib, sonralar ona yalnız 27 düzəliş edilib.

SİYASİ PARTİYALAR

ABŞ-da qanunla çoxlu partiya və siyasi qrup prezidentliyə öz namizədini irəli sürə bilər, ancaq güclü iki siyasi partiya (Demokratlar və Respublikaçılar) var ki, onlar prezident seçkiləri ilində - iyul, yaxud avqust ayında özlərinin ənənəvi ümumamerika (milli) qurultayını - Konventi keçirirlər. Konventdə hər partiya özünün namizədini müəyyənləşdirir.

Hər iki partiyanın namizədlərinin nitqləri və onların ümumi təbliğat ritorikası çox vaxt bənzər görünsə də əslində respublikaçılarla demokratların siyasi maraqlarının dairəsi və onların siyasətdə üstün saydığı şeylər heç də eyni deyil. Belə ki, Demokratlar Partiyası ilk növbədə əhalinin daha tam məşğulluğu məsələsinə xüsusi diqqət yetirərsə respublikaçılar daha çox tam sərmayə qoyuluşuna imkanlar yaratmağı təmin etməyə çalışır, bunu istehsalın genişlənməsinin və əlavə iş yerlərinin yaradılmasının yolu sayırlar. Başqa örnək olaraq demokratların iqtisadi inkişafın ən mühüm məsələlərinin həllini dövlətə həvalə etməyə meylli olduğu halda, respublikaçıların bu halda daha çox özəl bəlməyə üstünlük verdiklərini göstərmək mümkündür. Bu deyilənin nəticəsi kimi, demokratlar daha çox hökumət xərclərini çoxaltmağa və bütövlükdə vergiləri artırmağa meyllidirlər. Bundan başqa demokratlar korporasiya və iri səhmdarlardan yüksəldilmiş vergilər tutulmasına meyl göstərir, respublikaçılar isə vergi ödənişlərinin bərabərləşdirilməsinə və orta aşağı gəlir səviyyəsi olan vergiverənlərdən daxil olan məbləğin artırılmasına üstünlük verirlər.

Partiyaların yarışması və seçkilərin sərbəstliyi Amerika demokratiyasının özül daşını təşkil edir. Seçicinin səsini qazanmaq uğrunda partiyalar arasında gedən şiddətli mübarizəyə çox böyük vəsait və siyasi fəalların qüvvəsi sərf olunur. Ancaq bu heç də boşuna xərclər deyil, çünki azad və ədalətli seçkilərdə partiyaların rəqabəti, sözsüz ki, cəmiyyətə vətəndaş müharibəsindən daha ucuz başa gəlir.

PREZİDENT VƏ VİTSE-PREZİDENT

Prezident 35 yaşdan gənc olmayan şəxs seçilə bilər. Prezidentlə birgə vitse-prezident də seçilir. O eyni zamanda Konqresin yuxarı palatasının - Senatın sədri olur. Prezident kürsüsü vaxtından qabaq boşalarsa (prezidentin xəstəliyi, ölümü, yaxud istefası nəticəsində) vitse-prezident avtomatik olaraq prezidentə çevrilir və həmin prezidentin vaxtı bitənədək bu vəzifədə qalır. Bu ardıcıllıqda növbəti şəxslər: Nümayəndələr Palatasının spikeri, Senat sədrinin müavini, dövlət katibi (xarici işlər naziri) və başqa nazirlər. ABŞ tarixində vitse-prezidentlər prezidenti 9 dəfə əvəz edib, onların dördü prezidentlər öldürüləndən sonra olub.

Vitse-prezident vəzifəsi boş qalıbsa yenisini prezident təyin edir və prezidentin seçilməsini Konqresin hər iki palatasının üzvlərinin üçdə ikisi təsdiq etməlidir.

Prezident səfirləri, nazirləri, federal idarələrin başçılarını və icra hakimiyyətinin başqa məmurlarını təyin edir. O, 9 minə yaxın vəzifəni adətən əz partiyasının üzvlərinə paylayır və bununla seçki kampaniyasında onu könüllü dəstəkləyənlərin "xəcalətindən çıxır". Prezident Ali Məhkəmə üzvlərini də təyin edir. Prezidentin bütün təyinatlarını Senat təsdiqləməlidir; o bəzən prezidentin namizədini rədd edir.

Prezident eləcə də ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır, ancaq müharibə elan etmək və sülh bağlamaq hüququ Konqresdədir.

Prezidentin təyin etdiyi Nazirlər Kabinəsi federal ofislərin təxminən 14 başçısından ibarətdir. Kabinənin başçısı prezidentin özüdür, baş nazir vəzifəsi burada yoxdur. Burada Avropa anlayışındakı daxili işlər naziri vəzifəsi də yoxdur -ABŞ-da bu nazir milli parklar və təbii ehtiyatlar məsələləri ilə məşğul olar.

Nazirlər Kabinəsi Britaniya parlamentində olduğu kimi Konqresə hesabat vermir. Burada nazirlər Konqrsin palatalarında hətta Konqresi maraqlandıran işə dair xüsusi dinləmələrdə belə suallara cavab vermirlər (bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasında da var).

Konqresin hər iki palatasının vəzifəsi budur -hökumətin fəaliyyətini qiymətləndirmək yox, prezidentin və nazirlərin icra etməli olduğu qanunvericilik aktlarını və büdcəni qəbul etmək. Onlar bu qanunvericilik aktlarını pozarlarsa onların işi ilə məhkəmə məşğul olacaq. Konqres Nazirlər Kabinəsini nə mükafatlandırır, nə də cəzalandırır. Beləcə də prezident parlamenti buraxa bilməz. ABŞ-ın icraediçi və qanunverici hakimiyyətləri bir-birinə təsir göstərir, ancaq Avropa sistemlərindən fərqli olaraq hakimiyyətlərdən heç biri başqasını devirə bilməz.

ABŞ Nümayəndələr Palatası adi səs çoxluqu ilə hesab etsə ki, prezident ciddi cinayətə yol verib, yaxud Konstitusiyanı pozub, bu halda onu vəzifəsindən kənarlaşdırmaq (inpiçment) olar. Bu zaman prezidentin işinə Senatda ABŞ Ali Hakiminin sədrliyi altında baxılır. Nümayəndələr Palatasının ittihamlarını senatorların üçdə ikisi təsdiqləsə prezident əz vəzifəsindən məhrum edilir.

19-cu yüzildə inpiçment haqqında iki yol məsələ qaldırılıb, ancaq Nümayəndələr Palatasından keçməyib, buna bənzər bir halda isə Senat prezidentin suçsuz olduğu qərarına gəlir. 1974-cü ildə prezident Riçard Nikson inpiçment qorxusu ilə üzləşdikdə istefa verdi.

KONQRES

Konqresin Nümayəndələr Palatası 1913-cü ildən üzübəri 435 üzvdən ibarətdir. Palataya seçkilər birmandatlı seçki dairəsi üzrə hər iki ildən bir keçirilir. Nümayəndələr Palatası üzvlərinin sayı hər ştatdan ştat əhalisinə mütənasibdir, ancaq palataya ən azı hər ştatdan bir üzv seçilir. Bu palatanın üzvlərinin sayı hər on ildən bir yenə hər on ildən bir keçirilən əhalinin siyahıya alınmasına uyğun olaraq qeydə götürülür.

Nümayəndələr Palatasında yetərsay palata üzvlərinin 50% -i +1-dir (218 nəfər). Müzakirələr yetərsaysız da keçə bilər, ancaq səsvermə anında spiker yetərsayın olmadığını görərsə bunu bildirir və zəng çalınaraq palata üzvlərini zala dəvət edir. Konqresmenlərin iclaslarda iştirakı məcburidir. Üzrlü səbəb yoxdursa və konqresmen yetərsayı pozmaq üçün iclasa gəlmək istəmirsə spiker bu vaxt onun dalınça polis göndərir.

Senatorlar hər ştatdan iki nəfər olmaqla altı illiyə seçilirlər; indi onlar 100 nəfərdir. Hər iki ildən bir senatorların üçdə biri yenidən seçilir. 1913-cü ilədək senatorları öz ştatlarının parlamentləri seçirdi. Ancaq o vaxtdan bəri Konstitusiyaya 17-ci düzəlişə uyğun olaraq senatorlar ştatların seçkilərinin ümumi səsverməsi ilə seçilirlər.

Vitse-prezident Senatın sədri olsa da onun yığıncaqlarında az-az hallarda iştirak edir. Onu Senatın Müvəqqəti Sədri əvəz edir. Sədr yalnız səslər tən yarı bölünəndə səs verir.

Senator 30 yaşdan gənc olmayan, Nümayəndələr Palatasının üzvü isə 25 yaşdan gənc olmayan şəxs seçilə bilər.

Ştatdan Konqres üzvü həmin ştatda yaşayan şəxs seçilə bilər. Bu prinsip konqresmenləri yerli problemlərlə bağlayır. Konqresmen öz vəzifəsinə qeyri-məhdud sayda seçilə bilər.

Məsələn, 1990-cı ildə 35 senator seçilərkən onlardan 32-si kəhnə tərkibdən olaraq yenidən seçildi, yalnız biri yenidən seçilməyi bacarmadı.

1969-1977-ci illər arasında ABŞ prezidentləri respublikaçılar olub (Nikson və Ford), 1981-1993-cü illər arasında da belə olub (Reyqan və Buş), ancaq Nümayəndələr Palatasında demokratlar 1930-cu ildən 1994-cü ilədək çoxluqda olublar. İndi ABŞ prezidenti demokratdır, ancaq Nümayəndələr Palatasında çoxluq respublikaçılardadır. Hakimiyyətin ali pillələrində üçüncü bir partiyanın nümayəndəsini, yaxud müstəqil siyasətçini tapmaq müşkül məsələdir.

Respublikaçı, yaxud demokrat prezident, göründüyü kimi, Konqresdə başqa partiyadan olan müxalifətçi çoxluqla qarşılaşır. Prezident də ölkənin idarə edilməsinə dair öz planlarının doğruluğuna bu müxalifətçi çoxluğu inandırmalıdır. Prezidentlə Konqresin əks partiyadan olan üzvləri arasında əməkdaşlıq mümkündür, çünki konqresmenlər partiya mənsubluğuna görə deyil, "vicdana görə" səs verirlər.

Adətən Amerika seçiciləri çox da fəal deyil. Prezident seçkilərində müharibədən sonrakı dönəmdə 50%-dən 60%-ədək seçici iştirak edib. Konqresə seçkilərə 37%-dən 58%-ədək seçici gəlib.

Konqresin işinin mühüm qismi komitələrdə kedir. Nümayəndələr Palatasında 22, Senatda isə 16 daimi komitə var. Bəzən "xüsusi" - müvəqqəti komitələr, eləcə də Nümayəndələr Palatası və Senatın "ortaqlı" komitələri də yaradılır. Belə komitələrdən ən qədimi 1800-cü ildə təşkil edilmiş ABŞ-ın Konqres Kitabxanası işi üzrədir.

Adətən qanun layihəsi bütün başqa komitələrdən keçdikdə çağırılan Ümumi Komitə Nümayəndələr Palatasının əzünəməxsus komitəsidir. Onun yığıncağında Palatanın bütün üzvləri iştirak etməlidir və adama elə gəlir ki, buna heç ehtiyac yoxdur, ancaq bu komitənin fəaliyyət göstərməsinin mənası budur - onun reqlamenti Nümayəndələr Palatasının reqlamentindən seçilir. Burada yetərsay 100 nəfərdir, açıq səsvermə yoxdur, Nümayəndələr Palatası (başqa prosedurla işləyən yenə həmin adamlar) Ümumi Komitənin qəbul etdiyi qanun layihəsini daha müzakirə etmir, ancaq onu yalnız qəbul, yaxud rədd edə bilər.

Zəmanəmizdə Nümayəndələr Palatası və Senat bir il müddətində 12 min (!) qanun layihəsi və qərar müzakirə edir, ancaq onlardan yalnız 10%-dən azı qanuna çevrilir.

Qanun layihəsi qəbul edilmiş düzəlişlərlə birgə uyğun xüsusi komitədə və Ümumi Komitədə qəbul olunandan sonra Konqresin eyni qanunvericilik hüquqlarına malik hər iki palatasında qəbul edilməlidir. Həmin qanun layihəsi üzrə palatalar arasında razılıq olmayanda Ortaqlı Komitə rəyləri razılaşdırmağa çalışır - yekdilliyə nail olmaqdan ötrü burada palataların ikisinin də nümayəndələri təmsil olunur. Konqres palatalarının hər ikisi qanun layihəsini qəbul etdikdə o, prezidentin imzalaması üçün göndərilir. Prezident mətni aldıqdan sonra 9 iş günü müddətində öz etirazlarını göstərərək mətni Konqresə qaytara bilər ki, bu, qanun layihəsinə veto qoymaq deməkdir. Prezident 9 günə qanun layihəsini imzalamasa və ona veto qoymasa qanun layihəsi avtomatik olaraq qanuna çevrilir. Bu qayda qanun layihəsini rədd etmədən belə prezidentin ona mənfi münasibətini bildirməsinə imkan yaradır. Prezidentin vetosu Konqresin hər iki palatasında səslərin üçdə ikisi ilə aradan götürülə bilər.

Prezidentlər öz müddətləri boyunca vetodan onlarca pdfə istifadə edirlər və Konqres prezident vetosunu götürmək üçün nadir hallarda səslərin üçdə ikisini toplaya bilir. Məsələn, Reyqan 78 qanun layihəsinə veto qoyub və onlardan yalnız 9-unu Konqres dəf edə bilib.

Qanun üzrə sonuncu hüquqi qərarı prezidentin ömürlük olaraq təyin etdiyi və Senatın təsdiqlədiyi, indi 9 hakimdən ibarət olan ABŞ Ali Məhkəməsi qəbul edir. Ali Məhkəmə ştatlar arasında, ştatla federal hakimiyyət arasında, vətəndaşla federal hakimiyyət arasında olan mübahisələri həll edir.Burada vətəndaş hakimiyyəti məhkəməyə verə bilər.

Ali Məhkəmə qanunun, yaxud icra hakimiyyətinin qərarının ABŞ Konstitusiyasına uyğun olub-olmadığını həll edir. Ali Məhkəmə eləcə dəKonstitusiya müddəalarının və başqa qanunverici aktların yozumunu vermək hüququna malikdir. Ali Məhkəmənin qərarı həmin məsələyə müraciət etmiş bütün başqa məhkəmələr və qanunverici Məclislər üçün məcburidir.

ABŞ Konstitusiyasında hakimiyyətin müxtəlif qollarının səlahiyyətləri aydın və yaxşı müəyyənləşdirilərək fərqləndirilib. Artıq deyildiyi kimi, ölkənin siyasi sistemi hakimiyyətin bir-birini tarazlaşdıran və bir-birinə nəzarət edən müxtəlif qolları arasında müvazinəti qoruyub saxlayır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft