|
İSVEÇ MODELİ
RASİM MUSABƏYOV,
fəlsəfə elmləri namizədi
Mənbə:
"Məşvərət", N13,
1998
Azərbaycan hələ də dövlət və ictimai quruluşun optimal modelinin gərgin
axtarışı və transformasiyası mərhələsindədir. Aydındır ki, bu halda bizə
yaxın və doğma olan Türkiyənin təcrübəsi fəal şəkildə tətbiq edilir. Bununla
yanaşı, digər qabaqcıl və səmərəli sosial-iqtisadi sistemlərə qoşulma da
bizim üçün böyük əhəmiyyət kəsb edə bilər. Ölkəmizin uzun sürən sosialist
keçmişini, eləcə də əhalinin geniş təbəqələri arasında mövcud olan ictimai
həyat və sosial müdafiənin kollektivçilik formalarına bağlılığı nəzər alsaq
Skandinaviya dövlətlərinin, xüsusilə İsveçin təcrübəsi ilə tanışlığın
Azərbaycan siyasətçiləri, iqtisadçıları və geniş ictimaiyyat üçün böyük
maraq doğurduğunu demək olar.
“İsveç modeli” termini İsveçin sosial-iqtisadi
cəhətdən ən inkişaf etmiş ölkə kimi özünü təsdiqləməsi ilə əlaqədar
yaranmışdır. O, 60-cı illərin sonunda, İsveçdə cəmiyyətin nisbi sosial
münaqişəsizlik şəraitində sür`ətli iqtisadi yüksəlişin geniş islahatlar
siyasətilə müvəffəqiyyətlə uyğunlaşdırılmasının xarici müşahidəçilər
tərəfindən qeyd edildiyi dövrdə meydana gəldi. İsveçin bu müvəffəqiyyətli və
sakit obrazı o zaman dünyada sosial və siyasi münaqişələrin artması ilə
xüsusilə güclü təzad təşkil edirdi. İndi bu termin müxtəlif mə`nalarda
işlənir və nə ifadə etməsindən asılı olaraq müxtəlif mə`na daşıyır. Bə`zi
mütəxəssislər bazar münasibətləri və dövlət tənzimləməsini, istehsal
sahəsində üstünlük təşkil edən şəxsi mülkiyyət və istehlakın
ümumiləşdirilməsini özündə birləşdirən İsveç iqtisadiyyatının qarışıq -
müxtəlif ünsürlərdən ibarət olmasını qeyd edirlər. Müharibədən sonrakı
İsveçin digər səciyyəvi xüsusiyyəti əmək bazarında əməklə kapital arasında
olan münasibətlərin özünəməxsusluğundan ibarətdir. Uzun on illiklər ərzində
İsveç gerçəkliyinin vacib elementi əsas tərəf kimi güclü həmkarlar
təşkilatları və sahibkarların iştirakı ilə əmək haqqı sahəsində kollektiv
müqavilələrin bağlanması haqqında mərkəzləşdirilmiş danışıqlar sistemindən
ibarət olmuşdur. Bununla belə həmkarlar təşkilatının həyata keçirdiyi
siyasət zəhmətkeşlərin müxtəlif qrupları arasında həmrə`ylik prinsiplərinə
əsaslanırdı. İsveç modelinin müəyyənləşdirilməsinin daha bir üsulu da ondan
ibarətdir ki, İsveç siyasətində üstünlük təşkil edən iki məqsəd seçilir:
tam məşğulluq və gəlirlərin bərabərləşdirilməsi, bu da iqtisadi
siyasətin metodlarını müəyyənləşdirir. Yüksək inkişaf etmiş əmək bazarında
aparılan fəal siyasət və dövlət bölməsinin son dərəcə genişliyi (bu halda
dövlət mülkiyyəti deyil, hər şeydən əvvəl yenidən bölüşdürmə sahəsi nəzərdə
tutulur) bu siyasətin nəticəsi kimi qiymətləndirilir.
Bu sistemin formalaşması yarım əsrdən çox -
1932-ci ildən başlayaraq (1976 - 1982-ci illəri çıxmaq şərtilə) hakimiyyətdə
olan İsveç Sosial - Demokratik Fəhlə Partiyasının (İSDFP) rəhbərliyi altında
baş vermişdir. On illiklər ərzində İSDFP ilə İsveç həmkarlar təşkilatının
Mərkəzi Birliyi sıx əməkdaşlıq edir, bu da ölkədə reformist fəhlə hərəkatını
gücləndirir. Məhz İsveç üçün səciyyəvi olan amillər sırasına aşağıdakıları
aid etmək olar: xarici siyasət sahəsində 1814-cü ildən başlayaraq ölkənin
dəyişməz neytral mövqe tutması, hər iki dünya müharibəsində iştirak
etməməsi, yeni formasiyalara, xüsusilə feodalizmdən kapitalizmə dinc keçid
üsullarının tarixi ənənələri, iqtisadiyyatın inkişafının uzunmüddətli
əlverişli və sabit şəraiti, reformizm meyllərinin fəhlə hərəkatında üstünlük
təşkil etməsi (hərəkat kapitalla münasibətlərində bu prinsipləri təsdiq
etmişdir. Bu münasibətlərin simvolu olaraq 1938-ci ildə Saltşebadendə
həmkarların rəhbərliyi ilə sahibkarlar arasında müqavilələr bağlandı),
müxtəlif tərəflərin maraqlarını nəzərə alaraq siyasətçilərin kompromis
axtarmağa istiqamətləndirilməsi.
70-ci illərin ortalarından başlayaraq xarici
bazarlarda rəqabətin şiddətlənməsi və dərin iqtisadi böhranla əlaqədar
olaraq ölkənin vəziyyəti nəzərə çarpacaq dərəcədə mürəkkəbləşdi və İsveç
modeli müvəffəqiyyətsizliyə uğramağa başladı. Xüsusilə sənayenin dərin
struktur böhranına düşmüş bəzi sahələri dövlətdən çox böyük məbləğdə yardım
almağa başladı. Lakin bir çox iqtisadçıların ürəksıxıcı proqnozlarına
baxmayaraq İsveç böhrandan çıxa bildi. 1983-cü ildən davam edən fasiləsiz
iqtisadi yüksəliş göstərdi ki, İsveç modeli dəyişmiş şəraitə uyğunlaşa bildi
və bir daha öz yaşamaq qabiliyyətini göstərdi.
İsveç modeli ondan irəli gəlir ki, istehsalın mərkəzləşdirilməmiş bazar
sistemi səmərəlidir, dövlət müəssisənin istehsal fəaliyyətinə qarışmır, əmək
bazarında aparılan fəal siyasət isə bazar iqtisadiyyatının sosial
çatışmamazlıqlarını minimuma endirməlidir. Onun mənası özəl bölmədə
istehsalın maksimal yüksəlişi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi
üçün mənfəətin bir hissəsinin vergi sistemi və dövlət bölməsi vasitəsilə
(istehsalın əsaslarına toxunmadan) dövlət tərəfindən daha çox
bölüşdürülməsindən ibarətdir. Bu halda infrastruktur elementləri və
kollektiv pul fondları dayaq rolunu oynayır. Bu, İsveçdə milli gəlirin
vergilər və rekord səviyyəsinə çatmış dövlət xərcləri vasitəsilə
bölüşdürülməsi, istehlakı və yenidən bölüşdürülməsində dövlətin çox böyük
rol oynamasına gətirib çıxardı. Reformist ideologiyasında belə fəaliyyət “funksional
sosializm”
adını aldı.
İsveçdə mövcud olan iqtisadi sistem adətən
qarışıq
iqtisadiyyat (çox ünsürlü) kimi səciyyələndirilir. Onun
əsasını dövlət tənzimləməsindən fəal surətdə istifadə edən rəqabətə söykənən
bazar münasibətləri təşkil edir, bu da İsveç modelinin iqtisadi bazisini
təşkil edir. Qarışıq iqtisadiyyat dedikdə İsveçin kapitalist bazar
təsərrüfatının əsas mülkiyyət formalarının - özəl, dövlət və kooperativ
formalarının uyğunlaşdırılması, nisbəti və qarşılıqlı təsiri nəzərdə
tutulur. Bu formalardan hər biri öz yerini tutaraq iqtisadi və sosial
qarşılıqlı əlaqələrin ümumi sistemində öz funksiyasını yerinə yetirir. 50
nəfərdən çox işçisi olan bütün İsveç kampaniyalarının əksər çoxluğu (85
faizə yaxın) özəl kapitala məxsusdur. İstehsal sahəsində məşğul olanların 75
faizi özəl müəssisələrin payına düşür, onların 8 faizi xarici kapitala
məxsus firmalarda işləyir. Qalan hissə hər birinə 11-13 faiz düşmək şərtilə
dövlət və kooperativlərin payına düşür. Dövlət bölməsi həmişə genişlənib,
lakin kooperativ bölməsinin xüsusi çəkisi 1965-ci ildən başlayaraq, demək
olar ki, heç dəyişməmişdir. Bu üç mülkiyyət formalarından başqa qarışıq
mülkiyyəti olan çoxlu digər kampaniyalar da mövcuddur. Bunlardan həmkarlar
təşkilatlarına, əmanət banklarına məxsus firmaları misal çəkmək olar. Lakin
onların payı çox kiçikdir.
İsveçdə
əmtəə və xidmət istehsalında başlıca rolu özəl bölmə oynayır. Onun
fəaliyyəti çərçivəsində ixracat ixtisaslaşmasını müəyyənləşdirən cahələrdə,
hər şeydən əvvəl emal sənayesində üstünlük təşkil edən iri kapitalı
göstərmək olar. Özəl bölmənin qalan hissəsi kiçik və orta firmalardan
ibarətdir. İsveç iqtisadiyyatı aparıcı sahələrdə istehsalın, kapitalın və
inhisarlaşmanın təmərküzləşməsi ilə səciyyələnir. İri (500 nəfərdən artıq
işçisi olan) müəssisələrdə sənayedə məşğul olanların 40 faizi, kiçik
(50-yədək işçisi olan) müəssisələrdə isə 17 faizi çalışır. Bu halda
təmərküzləşmənin artması ən əvvəl iri firmalar səviyyəsində özünü biruzə
verir. Sənayedə çalışan işçi qüvvəsinin 40 faizindən çoxu 20 iri
kampaniyadan birində işləyir. 200 ən iri kampaniyanın payına sənaye
həcminin, məşğul olanların, kapital qoyuluşunun və İsveç ixracatının 75
faizi düşür.
İsveçdə
dövlət bölməsinin ən vacib vəzifəsi sosial və iqtisadi məqsədlər üçün küllü
pul vəsaitini toplanması və yenidən bölüşdürülməsidir. Dövlət bölməsində iki
səviyyədə mülkiyyətçi var: mərkəzi hökumət və yerli (kommunal) hakimiyyət
orqanları. Aşağı səviyyə bəzən kommunal mülkiyyət formasında fəaliyyət
göstərir. Bu iki səviyyə mülkiyyət formasına görə birlikdə bir tam təşkil
edərək həm iqtisadiyyatda tutduğu yerə, həm də fəaliyyət miqyasına görə
fərqlənir.
Dövlət
bölməsi və dövlət mülkiyyəti - müxtəlif anlayışlardır. Dövlət mülkiyyəti
dedikdə, tam və ya qismən (qarışıq mülkiyyət) dövlətə məxsus müəssisələr
nəzərdə tutulur. İsveçdə dövlət mülkiyyətinin xüsusi çəkisi çox aşağıdır.
Bunun əksinə olaraq dövlət bölməsinin ölçüsünə görə (bunu isə dövlətin
iqtisadi həyata qarışmasının həcmi kimi səciyyələndirmək olar) inkişaf etmiş
ölkələr arasında İsveç birinci yer tutur.
Dövlət
bölməsinin ölçüsü dövlət xərclərinin, istehlakın, ÜDM-dəki vergilərin,
dövlət bölməsində məşğul olan əhalinin xüsusi çəkisi kimi göstəricilərlə
ölçülə bilər. 1988-ci ildə burada iş qabiliyyəti olan əhalinin 31 faizi
işləyirdi, dövlət istehlakı ÜDM-inin 30 faizini, dövlət kapital qoyuluşu 3
faizini təşkil edirdi. 1989-cu ildə istehlak, investisiya və transfert
ödəmələr daxil olan dövlət xərcləri ÜDM-in 61 faizini təşkil edirdi. Bu
rəqəm 1960-cı ildə 33 faizdən 1970-ci ildə 45 faizədək, 1975-ci ildə 50
faizədək və 1982-ci ildə 67 faizədək (kapitalist dünyasının rekordu) artdı.
Sonra o, bir qədər azaldı.
Milliləşdirilmiş müəssisələr, əsasən, xammal sahələrində - dağ-mədən, qara
metallurgiya, eləcə də gəmiqayırmada, kommunal xidmətlərdə və nəqliyyatda
cəmləşmişdir. Bu bölmələrdə milliləşdirilmiş və ya dövlətə məxsus olan
müəssisələrin payına bütün əmtəə və xidmətlərin yarısından çoxu düşür.
Dövlət mülkiyyəti əmlakı ya səhmdar kampaniya, ya da dövlət müəssisəsi
formasını alır. Sonuncular maliyyə və kadr məsələlərində kifayət qədər
fəaliyyət azadlığına malikdir. Qiymətlər sahəsində qərarların qəbul
edilməsində də onlar müstəqildir. Onlar xərcləri ödəməli və qoyulmuş
kapitalın üzərinə gəlir gətirməlidir.
Mərkəzi
hökumət ölkə iqtisadiyyatına müxtəlif iqtisadi alətlər vasitəsilə həlledici
təsir göstərir. Onlardan ən əsası dövlət büdcəsidir. İsveçdə dövlət
xərclərinin 50 faizdən çoxunu transfert ödəmələr, yəni mənfəətin özəl
bölməyə (ev təsərrüfatlarına və müəssisələrə) köçürülməsi, eləcə də
pensiyalar, yaşayış üçün maddi yardım, uşaqlar üçün müavinatlar, xalq
təsərrüfatı və sənayeyə edilən maliyyə yardımı təşkil edir. Bura həm də
dövlət borcu üzrə faizlərin ödənilməsi aiddir.
Ümumi
dövlət xərclərindən transfert ödəmələri çıxdıqdan sonra qalan vəsait dövlət
istehlakı və investisiyalarını təşkil edir. Qalan məbləğin təxminən 90 faizi
dövlət istehlakının payına düşür, o cümlədən 2/3 hissə səhiyyəyə, təhsilə,
dövlət inzibati orqanlarına və s. xərclənir. Dövlət istehlakının əsas
hissəsi dövlət qulluqçularının - səhiyyə işçilərinin, müəllimlərin və s.
əmək haqqından ibarətdir. Kommunal xərclərin əsas hissəsi səhiyyə və sosial
xidmətlər, ətraf mühitin qorunmasının (təxminən 30 faiz), təhsilin (təxminən
21 faiz), elektrik və su təminatının (12 faiz), asudə vaxt və mədəniyyətin
(5 faiz), nəqliyyat və rabitənin (5 faiz) payına düşür.
İsveç
iqtisadiyyatının xüsusiyyəti ölkədə kooperativ hərəkatının rolu və
əhəmiyyətindən ibarətdir. O bütün ölkəyə yayılmış və çox güclü mövqeyə
malikdir. Kooperativlər İsveçin aqrar ölkədən sənayesi inkişaf etmiş
çiçəklənən ölkəyə çevrilməsinə şərait yaratdı. Qarışıq iqtisadiyyatda
kooperativ hərəkat demokratik prinsiplərə əsaslanaraq və xalq tərəfindən
geniş dəstəklənərək özəl və dövlət mülkiyyətinin “üçüncü qüvvəsi” və ya
“üçüncü alternativi” kimi fəaliyyət göstərir. Bəzi sahələrdə - xüsusilə
istehlak kooperativləri arasında - kooperasiya bazarda sadə adamların
maraqları nöqteyi-nəzərindən, məsələn qiymətqoyma məsələlərində
bərabərləşdirici qüvvəyə çevrilmişdir. Keçmişdə istehlak kooperativləri
dəfələrlə şəxsi kartellərin müqavimətilə üzləşmişlər. Nisbətən az dramatik
formalarda olsa da bu rolu onlar indi də oynayırlar. İsveçdə ev
təsərrüfatının 2/3 hissəsi bu və ya digər şəkildə kooperativlərlə
əlaqədardır. Gündəlik tələbat malları satışının 20%-i istehlak
kooperativlərinin payına düşür. İsveçdə istehlak olunan ərzaq məhsullarının
1/2 - 2/3 hissəsi kooperativlərə daxil olan fermerlər tərəfindən istehsal
edilir, süd və ət məhsullarına görə bu rəqəm müvafiq olaraq 99 faiz və 80
faiz təşkil edir. 1989-cu ildən başlayaraq ölkədə 2 mln. üzvü olan
Kooperativ İttifaqı (Kİ) fəaliyyət göstərir. Kİ ticarət, istehsalat, bank,
nəşr, turizm və maarifçilik fəaliyyəti ilə məşğul olur. Kİ-nin 80-dən çox
ticarət bölmələri var (o cümlədən, xaricdə): ərzaq məhsulları istehsal edən
zavodlar, xüsusilə un zavodları, çörəkxanalar, ətin qablaşdırılması ilə
məşğul olan zavodlar, pivə və konserv zavodları, eləcə də bir neçə sənaye
müəssisəsi.
Hər bir sosial-iqtisadi model müəyyən məqsədlər üçün yaradılır. İsveç
modelində birinci dərəcəli rolu sosial siyasət oynayır ki, o da işçi
qüvvəsiinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal
şəraitin yaradılmasını təmin etməklə sosial gərginliyin azaldılması, sinfi
antoqonizm və münaqişələrin neytrallaşdırılması aləti rolunu oynayır.
İsveçin inkişafının özünəməxsusluğunu və beynəlxalq əmək bölgüsündə yerini
nəzər alsaq bu məsələnin İsveç üçün son dərəcə vacib olduğunu görərik.
Sosial siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda
dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, sinfi bərabərsizliyin
aradan qaldırılmasına və son nəticədə rifah dövləti əsasında yeni demokratik
sosializm cəmiyyətinin qurulmasına kömək edir. İsveç həyat səviyyəsinə görə
dünyada ən yüksək yerlərdən birini, Avropada isə birinci yeri tutur. Həyat
səviyyəsi müxtəlif göstəricilər kompleksi ilə müəyyən edilir. ÜDM və
adambaşına düşən istehlaka görə İsveç Avropada və dünyada ilk yerlərdən
birini tutur. Gəlirlərin bərabərləşdirilməsinə görə İsveç dünyanın bütün
yerdə qalan ölkələrindən irəlidə gedir. İsveçdə qadın və kişilərin əmək
haqqlarının nisbəti dünyada ən yüksəkdir. Burada uzunömürlülərin sayını
göstərən rəqəm ən yüksək göstəricilərdən biridir.
İsveç
modelinin əldə etdiyi təcrübə və nailiyyətlərdən biz hansı nəticələri çıxara
bilərik?
Birincisi,
cəmiyyətin müxtəlif təbəqələri və qüvələri arasında əldə edilən konsensus
şəraitindəki inkişaf uzun müddətlidir və siyasi kompromis və razılıq əldə
etmək üçün bizim də İsveç təcrübəsinin dərindən öyrənilməsi və tətbiqinə
ehtiyacımız var;
İkincisi,
İsveç dövlətinin əhalinin əmək qabiliyyəti olan hissəsinin tam məşğulluğunu
təmin etməsi siyasəti böyük maraq doğurur;
Üçüncüsü,
İsveç təcrübəsi çox nadirdir, çünki o, dövlətin mülkiyyət və istehsal
prosesi münasibətlərinə bilavasitə nüfuz etmədən iqtisadi həyatda böyük
rolunu və bu halda hakimiyyət orqanlarının rüşvətxorluğuna yol verilməməsini
özündə cəmləşdirir;
Dördüncüsü, iqtisadiyyatın kooperativ bölməsi səmərəli təşkil edilmişdir və
həm özəl, həm də dövlət bölməsində müəssisələrin fəaliyyətində yüksək
nəticələr əldə edilməsində zəhmətkeşlərin şəxsi maraqlarının
həvəsləndirilməsi mexanizmləri tətbiq edilir.
Material
hazırlanarkən “Britanika” ensiklopediyası və A.M.Volkovun “İsveç:
sosial-iqtisadi model”
(M., “Mısl”, 1991) kitabından istifadə edilmişdir. |