top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 05 - Dödlətçilik təcrübəsi (dt)

TARİXDƏ İLK QANUNİ VƏ DİNC HAKİMİYYƏT DƏİŞİKLİYİ

hİKMƏT HACIZADƏ
FAR CENTRE,
Vitse-prezidenti

Mənbə: "Məşvərət", N13, 1998


Məşhur Amerika politoloqu Samuel Hantiqtonun fikrinə görə, ölkədə demokratik sistemin bərqərar olduğunu birinci demokratik seçkilərdən sonra deyil, hakimiyyətin dinc və qanuni yolla rəqabət aparan bir siyasi qüvvədən digərinə keçməsini təmin etmiş növbəti seçkilərdən sonra söyləmək olar. Belə dinc və qanuni hakimiyyət dəyişikliyi ilk dəfə ABŞ-da 1800-cü il prezident seçkilərində baş vermişdir.

Bu seçkilərdə hakim Federalistlər Partiyasından Birləşmiş Ştatlarının ikinci prezidenti Con Adams və görkəmli siyasi xadim, ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin müəllifi respublikaçı Tomas Cefferson mübarizə aparırdılar. Qeyd edək ki, Adams prezident postunu 1797-ci ildə, heç bir problem olmadan, elə həmin Federalistlər Partiyasının banisi Corc Vaşinqtondan qəbul etmişdi.

1800-cü il seçkiləri olduqca gərgin şəraitdə keçdi və seçicilərin böyük əksəriyyəti öz səslərini respublikaçı Tomas Ceffersona verdilər. Lakin seçicilərin səslərinin hesablanmasına dair Konstitusiyada göstərilən üsulun mükəmməl olmaması ucbatından seçkilər ABŞ Konqresi Nümayəndələr Palatasında keçirildi.

Konqresdə uduzan federalistlər seçkilərin nəticələrini ləğv etməyə və öz namizədlərini Konqresdə səsvermə ilə seçməyə cəhd etdilər. Lakin gərgin mübahisələrdən sonra Nümayəndələr Palatası hər halda xalqın səs verdiyi namizədi - Tomas Ceffersonu prezident kimi tanıdı. Konstitusiyaya sonrakı düzəlişlə bu problem aradan qaldırıldı, lakin presedent yaranmış oldu: müxalif partiyanın nümayəndəsi əksəriyyətin iradəsi ilə ölkənin Prezidenti oldu, hakimiyyətdə olan partiya isə sakitcə müxalifətə keçib növbəti seçkiləri gözləməyə başladı.

Tomas Ceffersonun seçilməsindən onun Nümayəndələr Palatası tərəfindən qəti təsdiq olunmasına qədərki dövr ərzində bir çox Avropa müşahidəçiləri gözləyirdilər ki, ABŞ tezliklə vətəndaş müharibəsi girdabına düşəcəkdir, çünki tarix hələ bir fraksiyanın öz səlahiyyətlərini sakitliklə digərinə təhvil verməsi nümunəsini görməmişdi. Buna baxmayaraq, hakimiyyət dəyişikliyi baş verdi və o, sakit keçdi.

Bəziləri gözləyirdilər ki, Tomas Cefferson özünün inaqurasiya nitqində federalistlərə hücum edəcək və onların siyasətini tənqid edəcəkdir. Lakin bunun əvəzində o, demokratiyanın müdafiəsinə parlaq nitq söylədi və ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa çağırdı. Beləliklə, daha bir demokratik ənənə yaradıldı: seçkilərin nə qədər gərgin keçməsindən asılı olmayaraq, ondan sonra bütün siyasi qüvvələr millətin mənafeyi naminə əməkdaşlıq etməlidirlər.

TOMAS CEFFERSON
İnaqurasiya nitqi (1801)

Mən... həmişə sizin qərarınıza uyğun olaraq istefaya getməyə hazıram - sizin bunu etməyə haqqınız var.

Dostlar və həmvətənlər!

Mən sizin tərəfinizdən ölkənin ali icraedici vəzifələrini yerinə yetirmək üçün seçilmiş adam kimi həmvətənlərimin bir hissəsinin burada olmasından istifadə edərək, mənə göstərilmiş etimada görə təşəkkürümü bildirirəm. Mən səmimi şəkildə anlayıram ki, bu vəzifə mənim qabiliyyətimdən yuxarıda dayanır və mən bunu üzərimə qoyulan vəzifələrin böyüklüyü və gücümün zəifliyindən irəli gələn qayğılı və həyəcanlı hisslərlə dərk edirəm...

Arxada qalmış mübahisələrin gedişində canlı diskussiya və gərginliklər özünün bəzi cəhətləri ilə azad düşünməyə, düşündüklərini deməyə və yazmağa adət etməmiş kənar adamlara pis təsir edə bilərdi; lakin indi - bütün bunların xalqın səsi ilə həll olunduğu və Konstitusiyaya uyğun elan edildiyi zaman - əlbəttə, bütün iradələr qanunun iradəsinə tabe ediləcək və ümumi mənafe naminə birgə səylərdə cəmləşdiriləcəkdir. Hamı həmçinin o müqəddəs prinsipə riayət edəcəkdir ki, əksəriyyətin iradəsinin bütün hallarda hökmran olmalı olmasına baxmayaraq, ədalətli olması üçün o, ağlabatan olmalıdır; həmçinin azlıq bərabər hüquqlara malikdir, bu hüquqları bərabər qanunlar müdafiə etməlidirlər və onların pozulması sıxışdırılma demək olardı. Həmvətənlər, onda gəlin, ürəyimiz və ağlımızla birləşək. Gəlin, ictimai münasibətlərdə harmoniya və məhəbbəti bərpa edək, onlarsız azadlıq da, hətta həyatın özü də sönük bir şeyə çevrilərdi. Və gəlin, bir düşünək ki, bəşəriyyətin uzun müddət nəticələrindən əzab çəkdiyi və qanlar tökdüyü dini dözümsüzlüyü torpağımızdan uzaqlaşdırıb despotik, mənəviyyatsız, qəddar və qanlı təqiblərə qabil olan siyasi dözümsüzlüyə imkan veririksə, deməli, hələ çox şeyə nail ola bilməmişik... Axı hər fikir ayrılığı prinsip ayrılığı demək deyildir. Biz eyni prinsipə müxtəlif adlar qoyduq. Biz hamımız respublikaçıyıq və biz hamımız federalistik. Və əgər aramızda bu İttifaqı pozmaq, yaxud onun respublika formasını dəyişmək istəyən adamlar varsa, qoy onlar, ağlın fikir yanlışlıqları ilə mübarizə etməyə azad olan yerdə yaranan təhlükəsizliyə qoyulmuş abidlər kimi, farağat dayansınlar.

Mən həqiqətən bilirəm ki, bəzi ləyaqətli insanlar qorxurlar ki, respublika quruluşu möhkəm ola bilməz, bu dövlət kifayət qədər möhkəm deyildir. Lakin ləyaqətli bir vətənpərvər uğurlu təcrübənin gedişində bizi hələlik azad və mətin şəkildə qoruyub saxlayan hökumətdən imtina edəcəkdirmi; o, nəzəri və güman edilən təhlükələrə görə bütün dünyanın böyük ümidi olan bu dövlətin özünü qoruyub saxlamağa gücünün olduğuna şübhə edəcəkdirmi? İnanıram ki, yox! Mən, əksinə, inanıram ki, bu, dünyada ən güclü dövlət quruluşudur. Mən inanıram ki, bu, yeganə dövlətdir ki, burada hər bir insan qanunun tələbi ilə dərhal ona tabe olacaqdır; və hər bir insan burada ictimai asayişin pozulmasını özünün şəxsi problemi kimi qəbul edəcəkdir. Bəzən deyirlər ki, insana özünə özünü idarə etməyi etibar etmək olmaz. Onda o, başqalarının onu idarə etməsinə etibar edə bilərmi? Yoxsa biz kralların simasında məlakələr tapmışıq ki, onu idarə etsin? Qoy bu suala tarix cavab versin...

Yer kürəsinin dörddə birinin məhvedici hərc-mərcliyindən təbiət və geniş okeanın iltifatla ayırdığı; başqalarının pozğunluğuna dözə bilməmək qədər yüksək əxlaqlı; minlərlə nəsillərimizə bəs edəcək qədər geniş ərazili ölkəyə malik olaraq; qabiliyyətimizdən istifadə olunması üçün bərabər hüquqlarımızdan həzz alaraq...; bütün bu nemətlərlə bizi xoşbəxt və firavan etmək üçün daha nə çatışmır? Həmvətənlər, yalnız bir şey, müdrik və yığımcıl hökumət çatışmır. Bu hökumət adamların bir-birinə ziyan vurmasının qarşısını almalıdır, onları öz işləri ilə məşğul olmaq və öz həyatlarını yaxşılaşdırmaq üçün sakit buraxmalıdır, fəhlənin qazandığı çörəyi onun ağzından dartıb almamalıdır. Bu, elə yaxşı hökumət deməkdir, bu, elə tam xoşbəxtliyimiz üçün lazım olandır.

Həmvətənlər, sizin üçün əziz və dəyərli olan şeylərin hamısını özündə ehtiva edən vəzifələrin yerinə yetirilməsinə başdamazdan əvvəl mənim dövlət quruluşumuzun başlıca prinsipləri, buradan da, hökumətimizin siyasətini formalaşdırmalı olan prinsiplər kimi nəyi gördüyümü bilməlisiniz.

Mən onlar haqqında yalnız ümumi prinsipləri qeyd etməklə, lakin məhdudiyyətlərin heç də hamısını göstərməməklə qısa danışacağam: bu, dini, yaxud siyasi əqidəsindən asılı olmayaraq bütün adamlar üçün bərabər və dəqiq qanunçuluqdur; dövlətlərdən heç biri ilə dolaşıq ittifaqa girmədən bütün dövlətlərlə sülh, ticarət və təmiz dostluqdur; ştatların hökumətlərinin, daxili işlərimizdə daha səriştəli orqanlar və antirespublika meyllərinə qarşı daha ciddi sədlər kimi müdafiə edilməsidir; ölkədə daxili dünyamızın, xaricdə təhlükəsizliyin əsası kimi ümumi hökumətin bütün konstitusiya gücü ilə birlikdə qorunub saxlanılmasıdır; insanların seçki hüquqları, sui-istifadələrə qarşı bu mülayim və təhlükəsiz (əks halda sui-istifadələr inqlabın qılıncı ilə kəsilib atılır) mübarizə üsuluna münasibətdə ən incə qayğıdır; mülki hakimiyyətin hərbi həkimiyyətşşindən üstünlüyüdür; məlumatın (azad) yayılması və sui-istifadələrə görə cəmiyyət qarşısında məsuliyyətdir; vicdan azadlığıdır; mətbuat azadlığıdır; habeas corpus1 müdafiəsi altında insan azadlığıdır; ədalətlə seçilmiş andlılar məhkəməsidir - bu prinsiplər qarşımızdan keçən, bizi inqilab2 və reformasiya əsrindən keçirib aparan parlaq ulduzlar bürcünü formalaşdırır. Müəllimlərimizin müdrikliyi və qəhrəmanlarımızın qanı bu prinsiplərin əldə olunmasına həsr edilmişdir. Onlar siyasi baxışlarımızın dini təliminə, vətəndaş kodeksinin mətninə, məsləkimizə xidmətimizin standartına çevrilməlidir. Və əgər səhvlər, yaxud həyəcanlar anında bu prinsiplərdən geri çəkilsək, onda gərək tez də addımlarımızı düzəldək və sülhə, azadlığa, təhlükəsizliyə doğru aparan bu yeganə yolu bərpa edək...

Mən indi sizin xoş niyyətinizə söykənməyə ümid edərək acizanə surətdə işə başlayıram və həmişə sizin qərarınıza uyğun olaraq istefaya getməyə hazıram - sizin bunu etməyə haqqınız var. Və qoy kainatın taleyini idarə edən sonsuz hakimiyyət dövlət şuralarımızı uğura doğru aparsın və onlara əminamanlığınız və çiçəklənməyiniz üçün xoş nəticələr qismət etsin.

____________________________________________________________________________

1. habeas corpus - (lat.) şəxsiyyətin toxunulmazlığı haqqında akt

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft