top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 18 - Ekologiya (ek)

ARXUS KONVENSİYASININ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNDƏ ROLU HAQQINDA

HACI HACILI

Mənbə: "Məşvərət", N23, 1999


23-25 iyun 1998-ci ildə Danimarkanın Arxus şəhərində ətraf mühitin mühafizəsi məsələləri üzrə nazirlərin 4-cü pan avropa konfransı keçirildi. Konfransın işində Avropa Şurası, Şərqi Avropa və keçmiş SSRİ-dən ayrılan yeni müstəqil dövlətlərin (YMD) ekologiya nazirləri, həmçinin həmin ölkələrdə olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi. Konfransın gedişi zamanı ətraf mühitin mühafizəsi, bioloji növmüxtəlifliyinin qorunması, enerji ehtiyatlarından səmərəli istifadə və digər problemlərə aid bir neçə məsələ müzakirə edildi. Gündəliyə qoyulan problemlərin ən əsas xüsusiyyəti ondan ibarət idi ki, həmin problemlər avropanın ümumi qəbul olunmuş klassik sərhədi çərçivəsiylə məhdudlaşmırdı.

Müəllif «Avropa üçün ətraf mühit» şüarı altında keçən Arxus konfransının işində, sonralar Azərbaycan Respublikasının Milli Məclisində Arxus Konvensiyasına aid açıq parlament görüşündə iştirak edib. Konvensiyaya qoşulmağın zəruriliyi nəzərə alınaraq məqalədə onun bir sıra məqamları öz əksini tapıb.

Konfransın geniş tərkibdə keçirilməsi əsas motivi ekoloji problemlərin təkbaşına həllinin mümkünsüzlüyündən irəli gəlirdi. Bu işi zəruri edən əlamətlərdən biri yeni istehsal münasibətlərinə keçid zamanı köhnəlmiş texnologiyalarla işləyən və ekoloji normalara cavab verməyən istehsalat sahələrində işlərin hələ də davam etməsi, sosial-iqtisadi problemlərin ekoloji problemlərə üstün gəlməsi məsələsinin müzakirəyə ehtiyacı olması idi.

Konfransda yeni düstəqil dövlətlərdə ətraf mühitin mühafizəsinin idarə olunmasına dair siyasi bəyanatın layihəsi, bioloji və landşaft növmüxtəlifliyinin qorunmasına aid tapşırıqların uçotu, bioloji və landşaft növmüxtəlifliyinə dair qətnamənin layihəsi, havanın təhlükəli kimyəvi birləşmələrlə çirklənməsi problemi və digər məsələlər müzakirə olundu.

Arxus konfransının yekun sənədi «Ətraf mühitlə bağlı informasiyanın əldə edilməsi, qərarların qəbulu və ədalət məhkəmələrinin işində ictimaiyyətin iştirakının təmin edilməsinə dair Konvensiya»dır. Sənəd yüksək vəzifəli şəxslərin xüsusi işçi qrupu tərəfindən hazırlanaraq Avropa İqtisadi Komissiyası tərəfindən müzakirəyə təqdim edildi. İki günlük müzakirədən sonra - konfransın yekununda 35 ölkənin nazirləri konvensiyaya öz imzasını atdı. İştirakçı tərəflərdən yalnız Belarus, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyası, Türkmənistan, Tacikistan və Azərbaycan sənədi imzalamadı. Makedoniyanın ekologiya naziri son anda ölkəsinin adının sənəddə düzgün əks olunmamasına istinad edərək sənədə imza atmaqdan imtina etdi. Azərbaycan tərəfi konvensiyaya imza atmamasını materialların gec göndərilməsi üzündən onunla ətraflı tanış ola bilməməklə bağladı.

Bəs konvensiyanın mahiyyəti nədən ibarətdir?

Konvensiya 22 maddə və 2 əlavədən ibarətdir.

Konvensiyanın məqsədi indi və gələcəkdə hər bir insanın sağlamlıq və rifahına əlverişli təsir göstərən mühitdə yaşaması üçün imza atan tərəflərin ətraf mühitlə bağlı informasiyanın əldə edilməsi, qərarların qəbulu və ədalət məhkəmələrinin işində ictimaiyyətin iştirakının təmin edilməsinə təminat verməkdir (1-ci maddə).

Konvensiyanın mətnində anlayışlara xüsusi yer verilir. «Ekoloji informasiya» dedikdə hava, atmosfer, su, torpaq, landşaft, təbiət obyektləri, bioloji növmüxtəlifliyi və onun tərkib hissələri, orqanizmin genetik dəyişmələri, təbii elementlərin qarşılıqlı əlaqəsi və ətraf mühitin vəziyyətinə aid yazılı, audiovizual, elektron poçt və başqa formalarda əldə edilən informasiya başa düşülür (2-ci maddə, 3-cü bənd).

Ekoloji informasiyaların əldə edilməsi işinin asanlaşdırılması məsələlərinin həlli üçün imza atan tərəflər müvafiq qanunlar, reqlamentlər və konvensiyanın müddəaları ilə uzlaşan reqlamentləşdirici qaydalar qəbul etmək üçün vacib addımlar atır (3-cü maddə, 1-ci bənd). Hər bir tərəf vəzifəli şəxslərin və dövlət orqanlarının ictimaiyyətə kömək etməsi, onların qərarların qəbulunun və ədalət məhkəmələrinin işində yaxından iştirakını yüngülləşdirməsini təmin etmək üçün çalışır, ictimaiyyətin ekoloji məlumantlandırılmasına və təhsilinə yardım göstərir (3-cü maddə, 3,4-cü bəndlər). Hər bir tərəf konvensiyanın müddəalarının beynəlxalq miqyasda tətbiqinə çalışır (3-cü maddə, 7-ci bənd).

Ətraf mühitə aid informasiyanın alınması proseduru sənəddə yetərincə dəqiq əks etdirilib. 4-cü maddənin 2-ci bəndində göstərilir ki, tərəflər ekoloji informasiyanı ən qısa müddətdə, müraciət olunduqdan bir aydan gec olmayaraq təqdim etməyi öhdələrinə götürürlər. Müraciət edənlər hər hansı gecikmə olarsa bu gecikməyə bəraət verən əsaslandırılmış cavabla məlumatlandırılmalıdır. Ekoloji informasiya ilə tanışlıq üçün edilən xahişdən aşağıdakı hallarda imtina edilə bilər (4-cü maddə, 3-cü bənd):

a) xahişlə müraciət edilən dövlət orqanında həmin informasiya olmadıqda;

b) xahiş kifayət qədər ətraflı əsaslandırılmadıqda;

v) qanunvericilikdə nəzərdə tutulubsa, materiallar hələ hazırlıq mərhələsində olduqda.

Əgər əldə edilən informasiyanın açıqlanması dövlət orqanları, kommersiya və sənaye strukturlarının milli qanunvericiliyə müvafiq olaraq məxfiliyinə, cinayət işlərinin istintaqına, intellektual mülkiyyət hüququ, şəxsi arxivlərin toxunulmazlığı, beynəlxalq münasibətlər, milli müdafiə və dövlət təhlükəsizliyinə mənfi təsir göstərərsə onda xahişdən imtina edilə bilər (3-cü maddə, 4-cü bənd). İnformasiyanın alınması üçün xahiş yazılı şəkildə edilirsə həmin xahişdən imtina edilməsi də xahiş edən tərəfə yazılı şəkildə çatdırılmalıdır (4-cü maddə-4, 7-ci bənd). Konvensiyanı imzalayan hər bir tərəf öz dövlət orqanlarına informasiya və materialların verilməsinə görə ağıllı həddi keçməmək həddində maliyə haqq-hesabı tələb etməyə icazə verə bilər (4-cü maddə, 8-ci bənd).

5-ci maddə informasiyanın toplanması və yayılmasına aiddir. Həmin maddəyə görə, imza atan tərəflər informasiyanın asan, başa düşülən tərzdə, öz milli qanunvericiliklərinin müəyyən etdiyi hüdudlar çərçivəsində icimaiyyətə çatdırılmasını təmin edirlər. Hər bir tərəf müəyyən intervallar ərzində ətraf mühitin vəziyyəti haqqında məruzə hazırlayıb yayır (5-ci maddə, 4-cü bənd). Maddənin 7-ci bəndinə görə, tərəflər faktiki informasiya və onun təhlilini, Konvensiyanın fəaliyyət dairəsinə aid materialların dərc edilməsini öz öhdələrinə götürürlər.

İctimaiyyətin ətraf mühitin mühafizəsinə dair qərarların qəbul edilməsində iştirakı sənədin mühüm tərkib hissəsidir (6-cı maddə).

Konvensiyanın digər maddələri ədalət məhkəmələrində iştirak, tərəflərin məşvərəti, səsvermə hüququ, Avropa Şurasının katibliyi, konvensiyaya əlavələr, mübahisələrin həlli, konvensiyanın ratifikasiyası və qüvvəyə minməsi, konvensiyadan çıxmaya həsr edilir. Qərarların qəbulunda iştirak etməyə maraqlı olan ictimaiyyət ətraf mühitə aid məsələlər üzrə, şəraitdən asılı olaraq elanlar, yaxud birbaşa yazılı bildirişlər yolu ilə adekvat, vaxtında və səmərəli məlumatlandırılmalıdır (maddə-6, bənd-2). Məlumatlar qərar çıxarılması nəzərdə tutulan planlaşdırılan fəaliyyət, planlaşdırılan qərar, yaxud qərar layihəsi, qərar qəbul etməyə məsul olan dövlət orqanı, qərarların qəbulu proseduru, ictimaiyyətin qərar qəbulunda iştirakının mümkünlüyü, dinləmələrin vaxtı və yeri, müvafiq informasiya qaynaqları və s. özündə cəmləşdirir. Konvensiyanın bu müddəasının bəndlərinə görə tərəflər ictimaiyyətin qərarların qəbulunda iştirakını qərarların müzakirəsinin ilkin mərhələsində təmin edir, müvafiq dövlət orqanlarından potensial iştirakçıların müxtəlif xarakterli məlumatlarla təmin edilməsini tələb edir (5,6-cı bəndlər).

7-ci maddə ətraf mühitlə bağlı plan, proqram və siyasətə aid qərarların qəbulunda ictimaiyyətin iştirakının təmin edilməsinə aiddir.

Birbaşa icra gücünə malik olan normativ əsasnamə, yaxud ümumi istifadə üçün icbari hüquqi-normativ aktların hazırlanmasında ictimaiyyətin iştirakı, ədalət məhkəməsində iştirak konvensiyanın mühüm hissəsini (8,9-cu maddələr) təşkil edir. Tərəflər öz milli qanunvericilikləri səviyyəsində ictimaiyyətin inzibati və məhkəmə araşdırmalarında iştirakını təmin edir (9-cu maddə-9, 4-cü bənd).

10-cu maddə tərəflərin məşvərətinə aiddir. Maddənin 2-ci bəndində birbaşa göstərilir ki, tərəflər konvensiyanın həyata keçirilməsinə daim nəzarət edirlər. Əgər ehtiyac duyularsa problemin siyasi, hüquqi və metodoloji aspektləri ilə bağlı Avropa İqtisadi Komissiyasının müvafiq orqanlarına müraciət edilə bilər. Tərəflərin məşvərəti əgər ehtiyac duyularsa maliyyə məsələsinə konsensus əsasında baxa bilər (10-cu maddə, 3-cü bənd).

Konvensiyanın sonrakı maddələri (11-22-ci maddələr) tərəflərin səsvermə hüququ, katiblik, əlavələr, mübahisələrin həlli, konvensiyanın imzalanması, ratifikasiyası və qüvvəyə minməsi, konvensiyadan çıxmanın hüquqi əsaslarını təmin edir.

Konvensiyaya əlavələr daha çox konvensiyanın tətbiq sahələrinə aiddir.

Beləliklə, «Ətraf mühitlə bağlı informasiyanın əldə edilməsi, qərarların qəbulu və ədalət məhkəmələrinin işində ictimaiyyətin iştirakının təmin edilməsinə aid Konvensiya» bütün avropa və MDB ölkələrini əhatə etməklə dünyanın bu hissəsində ətraf mühitin mühafizəsi ilə bağlı yeni keyfiyyət hüdudu müəyyənləşdirən bir sənəddir.

Göründüyü kimi, konvensiyanın tətbiq sahəsi yetərincə əhatəlidir. Bu məsələnin mühümlüyünü nəzərə alaraq «Tacis» təşkilatının əlaqəçiliyi ilə 9 iyun 1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisində parlament dinləmələri təşkil edildi. Dinləmələr zamanı parlamentin sədri Murtuz Ələsgərov cənabları konvensiyaya qoşulmağın vacibliyini bir daha təsdiqləyərək Azərbaycan tərəfinin tezliklə bu sənədə imza ataraq parlamentdə onu ratifikasiya edəcəyini bildirdi. Ümid etmək olar ki, yaxın zamanlarda Azərbaycan tərəfinin Orxus Konvensiyasına qoşulması məsələsinin həllində real addımlar atılacaqdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft