top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 15 - İnsan haqlari (ih)

ABŞ-IN XARİCİ YARDIMI VƏ İNSAN HÜQUQLARI

HİKMƏT HACIZADƏ

Mənbə: "Məşvərət", N19-21, 1999


İqtisadi qüdrəti artdıqca iyirminci yüzilliyin ortalarında ABŞ beynəlxalq siyasətə daha çox cəlb olunur və digər sahələr kimi hökumətin fəaliyyətinin bu istiqaməti də sıravi amerikalıların ciddi nəzarəti altına düşür. Amerikalıları öz ölkələrində insan hüquqları uğrunda mübarizə aparmağa təhrik edən yüksək mənəvi dəyərlər onları həmçinin öz dövlətlərinə demokratik xarici siyasət yeritməsi, dünya meydanında qarşılıq-lı əlaqədə olduğu ölkələrdə insan hüquqlarını müdafiə etməsi üçün təsir göstərməyə məcbur edir. 1941-ci ildə prezident Ruzvelt ABŞ-ın İkinci dünya müharibəsinə girməsi-nin başlıca səbəbi kimi dünyada insan hüquqlarının müdafiəsini göstərmişdir. İnsan hüquqları ABŞ və Böyük Britaniya tərəfindən BMT-nin Xartiyasına daxil edildi və müharibədən sonrakı dünya nizamının əsas prinsiplərinə çevrildi.

Lakin Qərbin demokratik ölkələri ilə SSRİ-nin başçılıq etdiyi kommunist bloku arasında böyük strateji qarşıdurma və həmçinin ölkənin iqtisadi maraqları ABŞ-a dünyada insan hüquqlarının müdafiəsi siyasətinə ardıcıl əməl etməyə imkan vermirdi. Bunun aydın nümunələri kimi Hind-Çində müharibəni, Latın Amerikasında və ərəb ölkələrində diktator rejimlərinin müdafiə olunmasını göstərmək olar. Ancaq bu hallarda hökumət və xüsusilə də Konqres Vətəndaş Hüquqları Uğrunda Ümummilli Hərəkat, Human Rights Watch, Amnesty International, Trans-Africa kimi beynəlxalq hüquq müdafiəsi təşkilatları, həmkarlar ittifa-qları, müxtəlif kilsə şuraları, intellektuallar və adi seçicilər tərəfindən ardıcıl və kütləvi təzyiqə məruz qalırdılar. Amerikalıların əksəriyyəti hesab edirdi ki, ölkə eyni vaxtda öz daxilində demokratik siyasət yeridə, xaricdə isə diktaturanı müdafiə edə bilməz. Onların vicdanı hökumətlərinin öz vətəndaşlarının hüquqlarını pozan müttəfiq rejimlərə yardım etməsinə sakit baxmağa imkan verirdi.

1976-cı ildə Konqres ictimai rəyi nəzərə alaraq prezident Cerald Fordun vetosunu dəf etdi və “Beynəlxalq Təhlükəsizlik və Silah İxracı Üzərində Nəzarət Haqqında” qanuna insan hüquqlarının müdafiə olunması haqqında müddəanı daxil etdi. “Xarici Yardım və İnsan Hüquqları” adını almış bu müddəa öz vətəndaşlarının hüquqlarını kütləvi surətdə pozan ən yaxın dost rejimlərə də yardım göstərilməsini hökumətə dövlət quruculuğu tarixində ilk dəfə qadağan edirdi.

Bununla yanaşı, Konqres ölkənin strateji maraqlarını da nəzərə alırdı. Belə ki, hökumətə müstəsna hallarda hər hansı xarici dövlətə təcili yardım göstərilməsinin milli maraqlar baxımından son dərəcə zəruri olduğuna Konqresi inandırdıqdan sonra bu qadağadan yan keçməyə icazə verilirdi.

Lakin ABŞ-ın dünyada artan strateji və iqtisadi maraqlarına baxmayaraq, Konqres, hər halda, Çili, Argentina, Cənubi Koreya, Uqanda, Mərkəzi Amerika ölkələri, Cənubi Afrika Respublikası və bu kimi Amerikaya dost rejimlərə müxtəlif cür yardımların göstərilməsinə, onlarla əməkdaşlıq və ticarət əlaqələrinə qadağa qoydu.

“BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK VƏ SİLAH İXRACI ÜZƏRİNDƏ NƏZARƏT HAQQINDA” QANUN (1976)

III fəsil. Ümumi məhdudiyyətlər

İNSAN HÜQUQLARI

1961-ci il tarixli “Xarici Yardım Haqqında Qanun”un 301-ci bölməsinin 502V yarımbölməsinə aşağıdakı düzəlişlər edilir:

502V yarımbölməsi. İnsan hüquqları. - (a)(1) BMT Xartiyasında əks olunmuş beynəlxalq öhdəliklərinə, Konstitusiya irsinə və ənənələrinə uyğun olaraq Birləşmiş Ştatların siyasəti irqindən, dilindən, yaxud dinindən asılı olmayaraq insanın hüquqlarına və başlıca azadlıqlarına daha çox hörmətlə yanaşılmasına yardım və onu təqdir etməkdən ibarətdir. Buna görə də Birləşmiş Ştatların xarici siyasətinin başlıca məqsədi bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına daha çox riayət etməsinə yardımçı olmaq-dan ibarətdir.

(2) Beləliklə, Birləşmiş Ştatların siyasəti (bu bölmədə müəyyən olunmuş hallardan başqa) elə olmalıdır ki, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını ardıcıl olaraq pozan hər hansı ölkəyə təhlükəsizlik baxımından heç bir yardım göstərilməsin.

(3) Bu siyasəti aparmaq üçün prezident Birləşmiş Ştatların Beynəlxalq Təhlükəsizlik Yardımına elə bir proqram formalaşdırmalı və həyata keçirməlidir ki, o, insan hüquq-larını müdafiə və inkişaf etdirsin və bu yardım proqramları ilə öz adamlarının beynəlxalq səviyyədə tanınmış hüquqlarını və köklü azadlıqlarını pozan hökumətlərlə... Bir-ləşmiş Ştatların (ictimai rəy tərəfindən) eyniləşdirilməsinə imkan verməsin.

b) (Xarici işlər üzrə) dövlət katibi hər bir maliyyə ili üçün təklif olunan və Təhlükəsizlik Yardımı Proqramı üçün təqdim edilən materialların bir hissəsi kimi təhlükəsizlik yardımı almaq üçün nəzərdə tutulan hər bir ölkədə beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına riayət olunması və onların bu hüquqlara münasibəti haqqında insan hüquqları və (Dövlət Departamentinin) humanitar məsələlər üzrə əlaqəçisinin köməyi ilə hazırlanmış tam və bitkin hesabatı Konqresə təqdim etməlidir. Belə hökumətin (a)(3) yarımbölməsinin şərtlərinə uyğunluğunu müəyyən edərkən və bu bölmənin tələblərinə uyğun hər hansı hesabatı, yaxud bəyanatı hazırlayarkən aşağıdakılar nəzərə alınmalıdır:

1) qeyri-hökumət təşkilatları da (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi) daxil olmaqla müvafiq beynəlxalq təşkilatların uyğun məlumatları;

2) istənilən bu cür təşkilat tərəfindən beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının güman edilən pozuntularının maneəsiz tədqiq edilməsinə icazə verilməsi istiqamətində bu cür hökumətlə əməkdaşlığın səviyyəsi.

(s)(1) Dövlət katibi Senatın, yaxud Nümayəndələr Palatasının qətnamələr vasitəsi ilə ifadə olunan sorğularına, yaxud Senatın Xarici Əlaqələr Üzrə Komitəsinin, ya da Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Üzrə Komitəsinin sorğusuna cavab olaraq..., belə sorğuda göstərilən ölkəyə aid insan hüquqları və humanitar məsələlər üzrə əlaqəçisinin köməyi ilə hazırlanmış məlumatı 30 gün ərzində bu komitələrə təqdim etməli və aşağıdakıları əhatə etməlidir:

(A) bu ölkədə insan hüquqlarına və başlıca azadlıqlara riayət və hörmət edilməsi haqqında bütün mümkün məlumat və yardım edilməli olan hökumətin bu məsələ ilə bağlı fəaliyyətinin ətraflı təsvir edilməsi;

(V) Birləşmiş Ştatların -

(i) bu ölkədə insan hüquqlarına hörmət və əməl edilməsinə yardım göstərməsi və beynəlxalq səviyyədə tanınmış insan hüquqlarına zidd olan istənilən fəaliyyətin qarşısını almaq və

(ii) açıq, yaxud fərdi qaydada diqqəti ona cəlb etmək ki, Birləşmiş Ştatlar və bu cür ölkə üçün nəzərdə tutulan istənilən təhlükəsizlik yardımı bu (zərərli) fəaliyyətdən ayrıdır.

s) əgər dövlət katibinin fikrinə görə, bu fəaliyyətin əksinə olaraq -

i) bu ölkəyə təhlükəsizlik yardımının verilməsinin davam etdirilməsini tələb edən fövqəladə hallar mövcuddursa bu halların təsviri və yardımın davam etdirilməsi həddi göstərilərək əlavə olunmalıdır... və

(ii) bu yardımın göstərilməsinin Birləşmiş Ştatların milli maraqlarına cavab verdiyini sübut edən faktlar əks olunmalıdır; və

(D) bu Komitənin, yaxud Konqresin Palatasının tələb etdiyi digər ətraflı məlumatın təqdim olunması...

(3) Əgər bu yarımbölmənin (1) paraqrafı ilə tələb olunan ölkə haqqında məlumat (Konqresə) 30 gün ərzində təqdim olunmasa... onda bu ölkəyə, bu yardımın qanunla müəyyən edildiyi hallar istisna olmaqla, bu ölkə haqqında müvafiq məlumat verilməyincə heç bir təhlükəsizlik yardımı göstərilməməlidir.

(4)(A) Əgər belə məlumat təqdim olunubsa Konqres bundan sonra da istənilən vaxt bu ölkə üçün təhlükəsizlik yardımının kəsilməsi, məhdudlaşdırılması, yaxud davam etdirilməsi haqqında birgə qətnamə qəbul edə bilər. Əgər belə birgə qətnamə qəbul olunubsa şəraitin tələblərinə uyğun olaraq bu yardım kəsilməli, məhdudlaşdırılmalı, yaxud davam etdirilməlidir...

(d) Bu bölmədə -

(1) beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının “kütləvi surətdə pozulması” ifadəsi işgəncələr, yaxud qəddar, qeyri-insani, alçaldıcı münasibət, yaxud cəzaları, ittiham və məhkəmə hökmünü təqdim etmədən uzunmüddətli həbsləri və insanın yaşamaq, azadlıq və təhlükəsizlik hüquqlarının inkar olunmasını əks etdirir...

(e) 1961-ci il tarixli xarici yardım haqqında qanunun 624-cü bölməsinə aşağıdakı yarımbölməni əlavə etməklə düzəliş daxil edilir:

(7)(1) (Xarici işlər üzrə) Dövlət Departamentində insan hüquqları və humanitar məsələlər üzrə əlaqəçi vəzifəsi təsis edilir. Əlaqəçi Senatın məsləhəti və razılığı ilə prezident tərəfindən təyin olunur...

(2) Bu əlaqəçi xarici siyasətin yerinə yetirilməsi zamanı insan hüquqlarına və humanitar məsələlərə aid olan bütün materialları (qaçqınlara, hərbi əsirlərə və Birləşmiş Ştatların hərbi qüvvələrinin itkin düşmüş qulluqçularına dair materiallar da daxil olmaqla) daim müşahidə etməli və cəmləşdirməlidir...

(A) bu qanunun 116 və 502 V bölməsinin tələblərinə uyğun olan hər bir ölkədə insan hüquqları və humanitar məsələlər haqqında ətraflı məlumat yığmalıdır;

(B) bu qanunun 502V bölməsində göstərilən bəyanat və hesabatları Konqresə təqdim etmək üçün hazırlamalıdır;

(C) bu qanunun 116 və 502V bölməsinə uyğun olaraq dövlət katibi və Beynəlxalq İnkişaf Üzrə Agentliyin rəhbəri üçün tövsiyələr hazırlamalıdır...

1961-ci il tarixli xarici yardım haqqında qanunun 302 bölməsinin 505(a) yarımbölməsinə nəticədə aşağıdakı yarımseksiyanı əlavə etməklə düzəliş daxil edilir:

(g)(1) Birləşmiş Ştatların siyasəti ondan ibarətdir ki, bu fəsildə nəzərdə tutulan yardım qanunları, normaları, rəsmi siyasəti, yaxud hökumətinin fəaliyyəti irqinə, dininə, etnik mənşəyinə, yaxud cinsinə görə ABŞ-ın hər hansı vətəndaşının hərbi hazırlıq, yaxud müdafiə xidmətində iştirakına əngəl törədən xarici dövlətə verilməməlidir.

(2) (A) Bu fəsildə nəzərdə tutulan funksiyaları yerinə yetirən ölkənin heç bir agentliyi Birləşmiş Ştatlarda, yaxud xaricdə olmasından asılı olmayaraq işə adam götürərkən, yaxud istənilən belə funksiyanın yerinə yetirilməsində iştirak üçün heyət təyin edərkən ayrı-seçkilik siyasətini, yaxud irqi, dini, etnik, yaxud cinsi fərqlərə əsaslanan istənilən xarici hökumətin təcrübəsini əsas götürməməlidir...

(B) Belə agentlik tərəfindən bağlanılan hər hansı müqaviləyə belə bir müddəa daxil edilməlidir ki, bu müqavilə ilə iş görən heç bir şəxs, kollektiv, korporasiya, yaxud digər təşkilat həm Birləşmiş Ştatlarda, həm də xaricdə işə adam götürərkən, yaxud işə heyət təyin edərkən, ayrı-seçkilik siyasətinə, yaxud dini, etnik, yaxud cinsi fərqlərə əsaslanan hər hansı xarici hökumətin praktikasını əsas götürməməlidir...

(3) Prezident ABŞ-ın hər hansı vətəndaşının irqi, dini, yaxud cinsi fərqlərə görə hər hansı xarici dövlətə... (bu fəsillə nəzərdə tutulan) yardımın təmin edilməsi, yaxud (5-ci fəslə aid) təhsil və hazırlığa dair proqramlarda iştirakına xarici dövlət tərəfindən əngəl törədildiyi istənilən layihəyə dair məlumatı dərhal Nümayəndələr Palatasının spikerinə və Senatın Xarici Əlaqələr Üzrə Komitəsinin sədrinə çatdırmalıdır. Prezi-dentin bu məlumatları (A) istənilən belə ayrı-seçkiliyə dair fakt və təfsilatların təsviri, (B) buna qarşı yönəlmiş Birləşmiş Ştatların, ya agentliyin, ya da işverənin reaksiyası, (C) əgər varsa, bu reaksiyanın nəticələrini əhatə etməlidir.

(4)(A) Senatın Xarici Əlaqələr Üzrə Komitəsinin, yaxud Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Üzrə Komitəsinin sorğusuna uyğun olaraq Prezident 60 gün ərzində... insan hüquqları və humanitar məsələlər üzrə əlaqəçinin köməyi ilə hazırlanmış və sorğuda göstərilən ölkəyə aid olan məlumatı aşağıdakıları əhatə etməklə bu komitələrə çatdırmalıdır -

(i) bu ölkənin irqi, dini, etnik, yaxud cinsi fərqlərə əsaslanan və istənilən şəxsin (bu fəsillə nəzərdə tutulan) hər hansı yardımın və yaxud (5-ci fəslə aid) təhsilə, yaxud hazırlığa dair proqramın təmin edilməsi üzrə layihədə iştirakına əngəl törədən hökumətinin ayrı-seçkilik siyasəti və praktikası haqqında bütün mümkün məlumat;

(ii) Birləşmiş Ştatların buna reaksiyası və bu reaksiyanın nəticələri;

əgər prezidentin fikrinə görə, bütün bu siyasətə və təcrübəyə baxmayaraq, - (I) bu yardımın, yaxud təhsil və ya hazırlıq proqramlarının davam etdirilməsini tələb edən fövqəladə hallar mövcuddursa bu hallar və bu yardımın davam etməli olduğu hədd (bu bölmədə Konqres tərəfindən müəyyən edilən şərtlərə uyğun olaraq) təsvir edilməlidir və (II) bu yardımın, yaxud təhsil və ya hazırlığa dair proqramların davam etdirilməsinin Birləşmiş Ştatların milli mənafeyi üçün zəruri olduğunu göstərən faktlar təqdim olunmalıdır və

(iv) bu Komitənin tələb edə biləcəyi istənilən məlumat təqdim olunmalıdır.

(B) Əgər (bu paraqrafın (A) yarımparaqrafına uyğun tələb olunan) ölkəyə yardım, yaxud hazırlıq proqramlarının davam etdirilməsinin zəruriliyi haqqında məlumat 60 gün ərzində çatdırılmasa... onda bu məlumat alınana qədər yardım, yaxud hazırlıq proqramları müvəqqəti dayandırılmalıdır.

(C) (i) Əgər (bu paraqrafın (A) yarımparaqrafına uyğun olaraq) yardım, yaxud hazırlıq proqramları haqqında məlumat çatdırılarsa Konqres bundan sonra da istənilən vaxt bu yardımın, yaxud hazırlıq proqramlarının başa çatdırılması, yaxud məhdudlaşdırıl-ması haqqında birgə qərar qəbul edə bilər...

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft