|
HAQQ
VƏ
HÜQUQ
(Problemin terminoloji və nəzəri tərəfləri bir yerdə)
NİYAZİ MEHDİ
Mənbə:
"Məşvərət", N22, 1999
Öncə İnsan haqlarından, eləcə də
“haqq” və “hüquq” terminlərinin bəzi fərq çalarlarından danışaq.
Əslində “hüquq” kəlməsi “haqq” sözünün cəmidir, ikisi də ərəb sözüdür,
“doğru”nu bildirir. Bu mənada “doğru davranmaq” qanuna uyğun davranmaqdır,
yəni “doğru” tuş gəlməyi də, qanunu konkret davranışda doğrultmağı, təsdiq
etməyi də bildirir. Bir az da aydın olsun deyə “doğru” sözünün “istiqamət”,
“tuş olmaq” anlamlarının üstündə dayanaq. Bizlərdə deyirlər: “filan kəndə
doğru yollandı”. Burada “doğru” tuş getməyi bildirir. İndi baxaq qanuna
uyğun şəkildə davranmaq, qanuna əməl etmək ideyasına. Qanuna uyğun şəkildə
davranmaq odur ki, sənin hərəkətlərin qanunun cızdıqlarına tuş olur.
Ərəblərdə hüququn “haqq” (“doğru”) kəlməsindən doğması da, ingilislərdə
hüququn “right”, yəni “düz”, “doğru” mənasını verən sözdən olması da bununla
bağlıdır.
İndisə baxaq görək nəyə görə biz “haqq” və “hüquq” sözlərini ayrı-ayrı
anlamlarda işlədirik. Dildə belə şeylər olur. Məsələn, ruslarda “tyurok” və
“turok” sözü var, ayrı deyilişdə olsalar da eyni sözlərdir. Ancaq bu deyiliş
fərqindən istifadə edib birini bütün türklərlə bağlı, o birini isə Anadolu
türkləri ilə bağlı işlədirlər.
Oxşar olaraq biz də belə bir dil fəndinə əl ata bilərik.
Nə üçün “insan haqqı” deyirik? Çünki Allaha inanan demokratlar üçün bu
haqlar elədir ki, onlar kimlərinsə istəyi, iradəsi ilə insana verilmiş
sayılmamalıdır. Sayılmalıdır ki, onları insana Allah-taala əzəldən verib,
tarix boyu isə ağır siyasi rejimlər onları pozub. İnsan haqqının beləcə
Tanrı ilə bağladılmasını o da təbii edir ki, biz Allaha olduğu kimi yüksək
Doğrulara da haqq deyirik. Biz Allaha haqq deyəndə onun ən yüksək Həqiqət,
Gerçək, Doğru olmasını göz qabağına alırıq. “İnsan haqları” deyəndə isə
inanclı demokrat bu haqların İlahi Doğrunun qaynağından doğmasını nəzərdə
tutur.
Ateist demokratlar isə insana verilmiş haqqı Allahla bağlamasalar da belə
hesab edirlər ki, həmin haqlar İnsan ideyası ilə əzəldən bağlıdır, necə ki,
dirilik də insan anlayışının ayrılmaz əlamətidir və biz şərti olaraq cəsədə
“insan” deyirik. Deməli, belə sayılır ki, “insan” ideyasında insanı insan
edən əlamətlər “yazılıb”, toplanıb. Bu əlamətlər “insan kimdir?” sualı
qarşısında verilən həqiqətlər, doğrulardır. İnsan haqları həmin doğrular
sırasında durur. Məsələn, “insan kimdir?” sualının cavabında deməlisən:
“insan azadlığı olan canlıdır”, “insan ədalətə gərəyi olan canlıdır” və s.
İndisə baxaq “hüquq” ideyasına. Hüquq konvensionaldır, yəni şərtidir.
Parlamentdə, ya hər hansı başqa razıllaşmalarda, məsələn, bu gün vergi
haqqında bir qanun çıxarılır, sabah isə iqtisadi gəlişməyə həmin qanun əngəl
olanda başqası çıxarılır. İnsan haqlarını belə pozmaq, dəyiş- düyüşə
uğratmaq, şərtləşib bu gün belə, ertəsi elə etmək olmaz. İnsan hüquqları isə
zaman içində dəyişir, dövlətlər, cəmiyyətlər insana yeni hüquqlar verib,
hansı öncəki hüququ isə alırlar və bu zaman diskussiyalar gedirsə, onun
üstündə gedir ki, nə dərəcədə bu yeni hüquq gərəklidir, toplumun yaxşı
vəziyyətdə olması üçün lazımlıdır.
“Haqq” və “hüquq” kəlmələrini beləcə ayırandan sonra onların yaxınlaşma
məqamlarını da bilməliyik. Sosialist toplumlarında insan haqlarının bəziləri
hüquqlaşdırılmamışdı, yəni hüququn qanun dilində nə doğruldulmuşdu (təsdiq
edilmişdi), nə də bildirilmişdi. Məsələn, söz, düşüncə, informasiya əldə
etmək, yaymaq azadlıqlarını hüquq xeyli dar cızığa salmışdı. Eləcə də indiki
Şərq rejimlərinin çoxunda insan haqları hüquqlaşmayıb, vətəndaşın hüquqları
sisteminə keçməyib.
İnsan haqlarının hüquqlaşdırılması demokratiyada da bitkin deyil. Məsələn,
Amerikada insanın bilmək haqqına çoxdan “düzdür” deyirdilər, ancaq yalnız
uzun sürən kampaniyadan sonra 1967-ci ildə Konqres bu haqqı hüquqa çevirdi,
yəni informasiya azadlığı haqqında qanun çıxardı. Hazırda insan haqlarından
olaraq doğulmaq haqqından danışılır və bu haqqı hüquqa çevirmək üçün aborta
qarşı kampaniya aparılır. Əgər bu kampaniyanın sonucunda abort yasaq edilsə,
deməli, doğulmaq haqqı hüquqla qorunacaq.
Bütünlükdə demokratik toplumlarda insan haqı ilə hüquq arasında bəlli bir
gərginlik qalsa da durum, hər halda, haqların xeyrinədir. Burada nəinki
insan haqları yüksək dərəcədə hüquqlaşıb, burada insan haqları həm də yeni
qanunlar yaradılanda onları dəyərləndirmək üçün ölçülərə çevrilib. İnsan
haqlarına uyğun gəlməyən, onları pozmaq potensialı daşıyan qanunlar güclü
tənqidə hədəf olur və çox keçmədən aradan götürülür.
Azərbaycanda nə vətəndaşlar, nə də hüquq-mühafizə orqanlarının işçilərinin
çoxu çağdaş dünyada insan haqlarının hüquq üzərində bu nüfuzunu yaxşı
bilirlər. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci
maddəsində göstərilir ki, ölkənin qanunvericilik aktları ilə respublikanın
tərəfdar çıxdığı beynəlxalq hüquq sənədləri bir-birinə zidd gələndə ikinciyə
üstünlük verilir.
Azərbaycan dövləti, onun prezidentləri, dövlətimizi təmsil edən xüsusi
səlahiyyətli şəxslər insan haqları, hüquqları ilə bağlı bir çox başlıca
sənədlərin hamısına qol çəkiblər, deməli, öz şərəfləri, nüfuzları ilə onlara
Azərbaycanda əməl olunacağına söz veriblər. Bunu ölkə prezidentinin vəzifə
borcları ilə bağlı Azərbaycanın Anayasasında yazılanlardan açıq görmək olar.
Bütün bunlara görə də hüquq-mühafizə orqanlarının nümayəndələri insan
haqları, hüquqları ilə bağlı beynəlxalq müqavilələri “uzaq dünyanın” kağızı
sayıb əllərini yellədəndə haqqı pozulmuş Azərbaycan vətəndaşı hiddətlə bir
tezisi ona deməyi bacarmalıdır: Siz bu hərəkətinizlə dövlətin, dövlət
başçısının öz qolu, öz şərəfi ilə verdiyi sözü pozursunuz, deməli, onların
şərəfinə ləkə vurursunuz. Siz qanunu pozursunuz, deməli, cinayət edirsiniz.
Cinayət etmiş adamın isə kiminsə cinayətkar olub-olmaması məsələsi ilə
məşğul olmağa ixtiyarı yoxdur.
İnsan haqları ilə bağlı başqa bir özəlliyi də biz yaxşıca yadda
saxlamalıyıq. Hakimiyyətdə olanlar əllərindəki imkanlardan “başlarını
itirib” (Azərbaycan üçün səciyyəvi hal) korlananda, özbaşınalıq edəndə
demokratiyanın bir prinsipi odur ki, insanın azadlığını qorumaq, fərdə bəlli
bir muxtarlıq, asılıqsızlıq vermək üçün dayaqlar düzmək gərəkdir. Bu,
anarxiya deyil. Demokratiyanın həmin prinsipinin öz hikməti var.
Vətəndaşlarda bəlli bir asılıqsızlıq, muxtarlıq olanda onlar dövlətin
vintciyi olmurlar, onlar iradə göstərib seçkilərdə “yuxarıları
dəyişdirirlər, xoşlamadıqları prezidentləri, hökumət başçılarını, millət
vəkillərini başqaları ilə əvəz edirlər. “Yuxarıda olanlar” isə vətəndaşların
bu iradəsini bildikləri üçün də yenə seçilmək üçün onların xoşuna gəlməyə
çalışırlar.
Demokratiyada İnsan haqları vətəndaşı hakimiyyətdən, hakimiyyət adamlarının,
orqanlarının özbaşınalığından qoruyan dayaqlardan ən başlıcasıdır
(maraqlıdır ki, ABŞ-də və bəzi başqa ölkələrdə Anayasa, yəni Konstitutsiya
məhz dövlətin imkanlarına, iradəsinə cızıq qoymaq, onun insan üzərində tam
xaqanlıq etməsinə yol verməmək üçün yazılmışdı. |