top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

MALİYYƏ SİYASƏTİMİZ: SUALLAR, SUALLAR, SUALLAR...

AZƏR HÜSEYNOV
İqtisadçı

Mənbə: "Məşvərət", N23, 1999


Ölkədə düzgün iqtisadi kurs axtarışı vurnuxmalarında başqa dövlətlərdən fərqli olaraq formalaşmış xətlərin sistemli mübarizəsi getməsə də az-çox mübahisə doğuran təkliflər gündəliyə çıxarılır. Son illər yürüdülən maliyyə siyasətinin tənqidçiləri də hərdənbir belə mübahisəli təkliflərlə çıxış edirlər və artıq bəzi dövlət məmurları, müstəqil ekspertlər, hətta publisistlər də “Marksdan Fridmenə” gedən yoldan bir qədər geriyə - keynsçiliyə dönməyin zərurətini ciddi-cəhdlə müdafiəyə başlayıblar. Monetarizmin Azərbaycan şəraitində yararsızlığını iddia edənlərin arqumentləri ilk baxışda çox əsaslı görünür və ümumiyyətlə, bu iddiaları çox əsassız da saymaq olmaz. Həqiqətən də, uzunmüddətli mərkəzləşmiş idarəetmədən liberalizmə sıçrayışlı keçid mümkün deyil. Doğrudan da, ölkə bank-maliyyə sisteminin son illər öyünə biləcəyi yeganə fakt manatın nisbi sabitliyidir. “Bahalı pul” siyasətinin - yüksək faizlərin kreditlərdən istifadəni müşkül bir məsələyə çevirməsi də mübahisəsiz bir faktdır.

Bu ilin 6 ayının göstəriciləri də neçə illik təmayülün davam etdiyini təsdiq edir. 6 ay ərzində iqtisadiyyata cəmi 1,6 trilyon manat kredit qoyuluşu yönəldilmiş və bu məbləğin 97,3 faizi qısamüddətli kreditlərin payına düşür. Lakin bütün bu arqumentlər, bütün bu göstəricilər liberal bazara gedən yolun ilk mərhələsində dayanmaq, Keynsçi kurslara qayıtmaq zərurətini təsdiq etmir.

Hər halda, get-gedə inteqrasiya olunan, qloballaşan dünyanın sonuncu iri maliyyə tektonikası - Cənub-Şərqi Asiya maliyyə böhranı başqa cəhətləri aşkara çıxardı. Tərəddüd amplitudası 105 milyard dollara çatan - 1996-cı ildə bank-maliyyə sahəsinə cəlb edilən 12 milyard dollar məbləğin 1997-ci ildə 93 milyard dollar kapital axını əvəzlənməsinə gətirən “maliyyə zəlzələsi”nin əsas səbəblərindən birini beynəlxalq ekspertlər bu ölkələrin maliyyə sektorunun kifayət qədər liberallaşmamasında gördülər. Bundan başqa, özünəməxsus postsovet - liberalizm xaosunun zirvəsini yaşayan Rusiyanın sonradan keynsçiliyə qısamüddətli ekskursu da yüksək nəticələrə gətirmədi .”Rus keynsçiliyi”-primakovçuluq praktik nailiyyətlərə səbəb olmadı. BVF-nun ilk qiymətləndirmələrinə görə, 1998-ci ildə Rusiya iqtisadiyyatı ilkin postsosializmdən sonrakı dövrün ən böhranlı mərhələsini yaşadı. ÜDM 4,6 faiz, ixrac 15 milyard dollara yaxın - 89 milyard dollardan 74,8 milyard dollara qədər azaldı. 1999-cu il də nikbin heç nə vəd etmir. ÜDM 2%, ixracın 2 milyard dollara qədər azalması gözlənilir və bu hal inflyasion ixrac stimullaşdırma təkliflərini də təkzib edir. Çünki Rusiya, Azərbaycan kimi ölkələrdə hələ ixracı və bütövlükdə iqtisadiyyatı yüksəltmək üçün başlıca məsələlərdən biri - rəqabətədavamlı məhsul istehsalı məsələsi həll edilməyib.

Son illərin belə təcrübələri bir daha təsdiq edir ki, 70-ci illərin sonundan öz tarixi missiyasını başa vuran, tarixin tozlu arxivlərinə təhvil verilən, yalnız nəzəri tədqiqatların, nəzəri mübahisələrin mövzusuna çevrilən keynsçiliyin hətta “ayrılıqda götürülmüş bir ölkədə” də tətbiqi perspektivi yoxdur. Çünki məsələ təkcə belə təcrübələrin səmərəsiz sonluğundan ibarət deyil və keyns kursu bəzi ekspertlərin təklif etdiyi ucuz kreditlərlə başa çatmır. Belə bir kursda qiymətlərin tənzimlənməsi, xarici ticarətdə himayədarlıq və dövlət inhisarı, dövlət mülkiyyətinin tətbiqi sahələrinin genişlənməsi, əmək haqlarının tənzimlənməsi və s. zəruri edir. Şəffaflaşan, postsənaye erasını yaşayan bir mühitdə isə bu tədbirlərin həyata keçirilmə imkanları çox şübhəli görünür.

Ancaq indiki dövr üçün keynsçiliyin özünün yararsızlığı məsələnin yalnız bir tərəfidir. Məsələnin ikinci - daha çətin tərəfi də var. Bəlkə doğrudan da birdən-birə reallaşması, bərqərarlaşması çətin olan monetarizm, yaxud başqa bir liberal xətt Azərbaycan üçün yararsızdır? Əgər ölkədə iqtisadi liberallaşmaya doğru sistemli istiqamət götürülsəydi və bu kursun nəticələri indiki nəticələrə uyğun olsaydı sürətli liberallaşmanın başqa bir kursla əvəzlənməsi təklifi ağlabatan görünərdi. Lakin müasir Azərbaycanda bütöv, sistemli həyata keçirilən monetarizmdən danışmağına dəyməz və keynsçilik-monetarizm fərqini təkcə “ucuz-bahalı” pul siyasətinə bərabərləşdirmək cəhdi məsələyə bəsit baxışlardan yaranır. Çünki bu fərqlərdə “həqiqi problem iqtisadi sistemin bazis təsvirilə əlaqədardır”. monetarizmin təsviri “bazar qüvvələri xaricdən müdaxilə olmadıqda tələb və təklifin təbii tarazlığını təmin edir”. fikrinə söykənir. Monetarizmdə keynsçilikdən fərqli olaraq “iqtisadi artım hədləri tələblə deyil, istehsal imkanları ilə müəyyənləşir; kapitalist bazar mexanizmi bu imkanlardan tam istifadəni təmin edir”. Yəni monetarizm “HEYTRAL pul” siyasəti ilə başa çatmır.

Monetarizm “İQTİSADİ bölgünün səmərəlilik və bərabərliyini, siyasi azadlıqlara çatmağın yolunu” yalnız azad sahibkarlıqda görür. Bu baxımdan iri müəssisələrin 80 faizini özəlləşdirməyən, ÜDM-də özəl bölmənin payı güc-bəla 50 faizi aşan, bank-maliyyə sektorunda ümumiyyətlə liberallaşma aparmayan, özəl bölmənin çoxlu qanunverici və icra maneələri ilə üz-üzə qoyan ölkənin iqtisadiyyatında monetarist kursun həyata keçirildiyini iddia etmək reallıqdan bir qədər uzaqlaşmağa bərabərdir.

Ölkədə həyata keçirilən və bəzi elementlərinə görə monetarizmi xatırladan iqtisadi kursun opponentlərinin xüsusən tez-tez yada saldığı, daha ciddi arqument kimi irəli sürdükləri faktlardan biri maliyyə bölməsində “pul aclığı” keçirməsidir. Bu cəhəti qabardanlar ölkədə iqtisadi tərəqqinin mühüm tormozlarından birini “ucuz kredit”dən imtinada görürlər və təəssüf ki, köhnəlmiş nəzəriyyələrin kəsif metodlarını təklif edənlər haqsızdırlar. Əlbəttə, iri müəssisələrin böyük rəhbərləri “ucuz kreditlər” olacağı halda möcüzələr yaradacaqlarını bəyan edə bilərlər, lakin yaxın tariximizin hələ unudulmayan səhifələri bu bəyanatların əsasında heç nəyin dayanmadığını sübüt edir. “Ucuz kreditlər”in çox zəngin vaxtında - 1994-cü ildə ölkə iqtisadiyyatına yönələn və əvvəlki illə (1993) nisbətdə 8 dəfə çox, yaxud 698 milyon manatlıq kreditin səmərəsi ÜDM-in 19,7 faiz, sənayenin 22,7 faiz azalması ilə tamamlandı. “Ucuz kredit”in başqa səmərəsi isə ildə 1663 faizə çatan inflyasiya oldu. Görünür, bütün dünyanın imtina etdiyi və yaxın iqtisadi tariximizdə rast gəlinən ağır səhifələri hətta “idarəolunan” çərçivələrdə təkrar etməyinə dəyməz. Ancaq hökuməti “pul yaratmağa” təhrik edənlər sanki çox ciddi arqument - Qərbdə məcmu pul kütləsinin ÜDM_in 60-80 faizi həddində olduğunu irəli sürürlər və Azərbaycanda bu 10-11 faiz arasında dəyişən bu göstəricinin çox kiçikliyini qeyd edirlər. Hətta iqtisadi sistemin normal fəaliyyəti üçün lazım olan pul kütləsinin miqdarının müəyyənləşməsi kimi mürəkkəb məsələni kənara qoysaq belə, müqayisələrdə ciddi səhvə yol verilir.

Birincisi, bəzi öncül postsosialist ölkələri ilə müqayisələr dövriyyədəki pul kütləsinin həcminin çox ciddi maneə olmadığından xəbər verir. Polşada məcmu pul kütləsi - M1 aqreqatı ÜDM-in 10-12 faizi həcmində dəyişir. Sloveniyada bu göstərici 7,1-8,4, Macarıstanda 14,9-15,3 faizə bərabərdir. Lakin bu ölkələrdə hiss edilən “pul aclığı”, ÜDM-ə bərabər olan qarşılıqlı borclar problemi yoxdur. Doğrudur, bu ölkələrdə geniş pul bazası göstəricisi xeyli geniş imkanlara malikdir və Polşada geniş pul bazası ÜDM-in 33-41, Macarıstanda 35-41, Sloveniyada 33-43 faizinədək dəyişir. Lakin bu, bir başqa problemdir. Bu ölkələrdə əhali “Vahidbank”, sovet “Əmanətbank” qurumlarına oxşar idarələrin zərbələrini dadmayıb və buna görə də bank sisteminə olan inam tam itməyib. Təkcə keçmiş əmanət banklarında 6 milyard dollara yaxın vəsait itirən azərbaycanlılarınsa milli və xarici valyuta ilə depozitə qoyduğu vəsaitlər Şərqi Avropadakı kimi ÜDM-in 20-25 faizinə bərabər deyil. Cəmisi 204,5 milyard manata və yaxud ötənilki ÜDM-in 1,5 faizinə bərabərdir. Milli Bankın qiymətləndirmələrinə görə, pul əllərdədir. Təkcə əldə olan xarici valyutanın 500 milyon dollara, yaxud ÜDM-in 10 faizinə bərabər olduğu güman edilir.

Müqayisə aparanların ikinci və daha ciddi səhvləri müasir Qərb maliyyə sistemi ilə hələ feodal - sələmçi dövrünü yaşayan postsosializm maliyyəsinin bəzi köklü fərqlərini nəzərdən qaçırmalarıdır. Qərbdə məcmu pul kütləsinin M3, M4 aqreqatları ilə hesablandığı bu müqayisələrdə sanki unudulur. Halbuki ABŞ-da M1 aqreqatı (1990-cı il göstəricisi) 805 milyard dollara - ÜDM-in 14 faizinə bərabərdir. M4 aqreqatı isə 4895 milyard dollara və ya ÜDM-in 80 faizindən yuxarı səviyyədə olsa da bu həcmin böyük əksəriyyəti hələlik bizim maliyyə sisteminə yad olan elementlərdən -veksellər, dövlət xəzinə istiqrazları, əmanət istiqrazları, qiymətli kağızların sutkadan sonra alınması ilə əlaqəli bağlaşmalar və.s-dən ibarətdir. Bu baxımdan Azərbaycan və Qərbdə pul kütləsi həcminin müqayisəsi məntiqli bir addım deyil və görünür, ən mühüm məsələ pul kütləsi həcmini artırmağın belə “qərbli “ yollarını aramaqdadır.

Bundan başqa, ölkədə məcmu pul kütləsini artırmağın sırf iqtisadi mahiyyət daşımayan bir istiqaməti barədə də ciddi düşünməyinə dəyər. Hə qədər qəribə görünsə də ölkə müəssisələrinin dövriyyə vəsaitlərinin çatışmamasında, büdcənin kasıb vəziyyəti və bununla əlaqədar səmərəli tələbin tam hərəkətsiz olmasında tam gücü ilə işləyən, məhsul istehsal edən, satan neft enerji kompleksinin mühüm rolu var. Hüquq mühafizə orqanlarının, müxtəlif ekspertlərin rəyləri isə bu sahədən xaricə təkcə neft deyil, həm də gizli kapital axınından xəbər verir. Müxtəlif maliyyə fırıldaqlarında itən gəlir 300-500 milyon dollar həcmində qiymətləndirilir. Yəni bu oyunlar ÜDM-in 10-15 faizi həcmində vəsaiti ölkə maliyyə sferasından uzaqlaşdırıb. Görünür, “ucuz kredit”dən başqa korrupsiyanı dayandırmağın və itən vəsaitlərin tapılmasının çətin yolları barədə də düşünməyə dəyər.

İqtisadi kurs və oğurlanan milyonlar barədə mübahisələr fonunda mübahisəsiz bir məqam da var və doğrudan, ölkə bank-maliyyə sistemi hələlik yarımiflic vəziyyətindədir. Hələlik köhnəlmiş dövlət bank monstrları - Əmanətbank, Aqrarbank və yeni monstr - Beynəlxalq bank özəlləşməyib. Hələlik qiymətli kağızlar bazarı barədə söz-söhbətlər var. Lakin Azərbaycan nümunəsində məsələ beynəlxalq maliyyə təşkilatlarının da çoxdan bəri tələb etdiyi belə bir addımla bitməyəcək. Batan sosializmin və ilkin postsosializmin məhv etdiyi psixoloji mühitin yeni mühitlə əvəzlənməsi baş vermədən ciblərdə gizlənən sərbəst vəsaitləri ölkə maliyyə sferasına yonəltmək çətin baş tutacaq. Şübhəsiz ki, qırılmış inamın bərpasına yolu əhalinin vaxtilə pul dəyişmələrində, dövlət dəyişmələrində, maliyyə piramidalarında itirdiklərinin nisbi kompensasiyasından keçir. Çünki bu gün büdcədaxili imkanlar hesabına, özəlləşmədən daxil olan vəsaitlərdən istifadə ilə və sair yollarla çoxillik qənaətlərindən məhrum olanlara 100-150 milyon dollar qaytarılsa və bu proses davamlı xarakter alsa sabah ölkə maliyyə bölməsi yenidən milyardlarla dollar vəsait əldə edə bilər. Bu baxımdan söhbət təkcə dövlətin hüquqi öhdəliklərini yerinə yetirməsindən getmir. Məsələ iqtisadi səmərəliliyə bağlanır və süni pullara - “ucuz kredit”ə, “çap maşını”na ehtiyac qalmır. Bu halda keynisçiliyə qayıdış təkliflərinə də ehtiyac aradan qalxır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft