|
AMERİKA HÖKUMƏTİ VƏ ÖZƏL BİZNES: TƏRƏFDAŞLIQ
YOLUNDA
Fikrət Sadıqov,
politoloq
Mənbə:
"Məşvərət", N25,
2000
ABŞ-da daxili iqtisadiyyata
münasibətdə “sənaye siyasəti” anlamı əslində istifadə edilmir. İşdə isə
aşkar görünür ki, dövlət iqtisadi artımın təmini, yeni iş yerlərinin
yaradılması, həyat və təhsil səviyyəsinin yüksəldilməsi, elmi-texniki
potensialın, milli təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də dünya
iqtisadiyyatında birinciliyin qorunub saxlanılması kimi üstün sahələri əldə
rəhbər tutaraq Amerika sənayesinin inkişafına fəal yardım göstərir.
ABŞ hökuməti texnologiyaların inkişaf etdirilməsi, iqtisadi tənəzzülə
uğramış rayonlara yardımın edilməsi və biznesə onun xarici iqtisadi
fəaliyyətində köməyin göstərilməsi kimi sahələrdə fəal siyasəti həyata
keçirir.
Prinsipial qərarların qəbul edilməsi, texnoloji siyasətin və daha da geniş
olaraq iqtisadiyyat və xarici ticarət sahəsində siyasətin həyata keçirilməsi
üzrə işin əlaqələndirilməsi ABŞ prezidenti səviyyəsində həyata keçirilir. Bu
prosesdə prezidentin köməkçiləri və Ağ evdə yaradılmış elm və texnologiyalar
üzrə milli şura, iqtisadi məsləhətçilər şurası, ABŞ ticarət nümayəndəsinin
aparatı, milli iqtisadi şura və dayanıqlı inkişaf üzrə şura (axırıncı iki
şura B.Klintonun təşəbbüsü ilə yaradılıb) bilavasitə iştirak edirlər.
Dövlət departamenti, maliyyə, energetika, əmək və müdafiə nazirlikləri,
Kiçik Biznes İşləri üzrə İdarə, Ətraf Mühitin Qorunması üzrə Agentlik,
İxrac-İdxal Bankı, Ticarət və İnkişaf üzrə Agentlik, Xarici Özəl
İnvestisiyalar Korporasiyası kimi hökumət qurumları iqtisadi inkişafın və
sənayeyə yardımın müxtəlif aspektləri ilə məşğul olur.
Müəyyən dərəcədə mərkəzsizləşdirmənin mövcudluğuna baxmayaraq, icra
hakimiyyətinin texnoloji inkişaf, iqtisadi tənəzzülə uğramış rayonlara
yardım və xarici iqtisadi əlaqələr sahələrindəki əməli fəaliyyətində aparıcı
rolu ABŞ-ın Ticarət Nazirliyi oynayır.
O
həm də dövlətin iqtisadi siyasətinə və özəl sahibkarlığa məlumat-təhlil üzrə
yardımı təmin edən milli statistika xidmətinin funksiyalarını icra edir.
Ticarət Nazirliyinin əsas vəzifəsi ABŞ-da iqtisadi yüksəliş və yeni iş
yerlərinin yaradılması məqsədi ilə bizneslə qarşılıqlı fəaliyyətdir. Bu
vəzifənin funksiyaları nazirliyin daşıdığı addan daha genişdir.
Artıq iki yüz ildən çoxdur ki, Amerika hökuməti ölkənin elmi və texnoloji
infrastrukturunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bu zaman
texnoloji siyasətin təkamülü aşağıdakı mərhələləri keçib:
-
1787-1941-ci illər - ABŞ Konstitusiyasının elə özündə hökumətin texnoloji
siyasətinin ilkin əsaslarının təsbit edilməsi, kənd təsərrüfatı,
infrastruktur, təhsil, eləcə də patentlər və standartlar sahəsində
tərəqqi;
-
- 1941-1945-ci illər - elm, texnologiya və istehsalatın inkişafında əsas
diqqətin hərbi sahənin üstünlüyünün təmin etdirilməsinə yönəldilməsi. Atom
silahının yaradılmasının Manhetten layihəsi və milli laboratoriyaların
bənzərsiz sisteminin formalaşmasının başlanğıcı bu mərhələnin rəmzləri
oldu;
-
1945-1980-ci illər - ABŞ-ın rəqabətdə olan fövqəldövlətlərdən birinə
çevrilməsi şəraitində elm və texnologiya sahəsində dövlətin rolunun
qətiyyətlə artırılması. Texnoloji siyasətin iki istiqamətdə aparılması
mərhələnin başlıca xüsusiyyəti oldu: fundamental tədqiqatların
dəstəklənməsi və ayrı-ayrı federal idarələrin fəaliyyətləri çərçivəsində
tətbiqi elmi-texnoloji proqramların həyata keçirilməsi. Bu zaman
hərbi-sənaye kompleksi, kosmos, energetika, ətraf mühitin qorunması və
səhiyyə ən aktual sahələrdi. 1960-cı ildən mülki təyinatlı
texnologiyaların inkişafına olan xərclər kəskin surətdə artmışdır;
-
1980-1988-ci illər - Amerika sənayesinin rəqabət qabiliyyətinə artan
tələblər iqtisadi yüksəlişə və məşğulluğun artırılmasına yardım məqsədi
ilə federal və yerli hökumətlər ilə özəl bölmə arasındakı tərəfdaşlığı
möhkəmləndirib. Texnoloji siyasətin yeni erası onun kommersiya
potensialının daha geniş açılmasına yönəlmiş qanunvericiliyin Konqresdə
qəbulu ilə əlamətdar olub. Xüsusən də Beyx-Doul qanunu federal işləmələrə
aid patentlərin istifadəsi və kommersiyalaşdırılması üzrə eksklüziv
hüquqların şirkətlərə və universitetlərə verilməsinə icazə verdi.
Stivenson-Uaydler qanunu innovasiyaların inkişafında hökumətin rolunun
artırılmasını və texnoloji işləmələrin nəticələrinin federal
laboratoriyalardan sənayeyə məqsədəyönlü şəkildə ötürülməsinin
başlanğıcını öncədən nəzərdə tutmuşdu. Bu zaman texnologiya və
innovasiyaların inkişafında iri və kiçik biznesin rolunun artırılmasına,
eləcə də müxtəlif təşkilatların proqramlarının əlaqələndirilməsinə xüsusi
əhəmiyyət verilirdi.
1988-ci ildə çox əhatəli ticarət və rəqabət qabiliyyəti haqqındakı qanunun
qəbul edilməsi ilə ABŞ-ın texnoloji siyasətinin müasir mərhələsi başlandı.
O, federal hökumət və Amerika sənayesi (onun rəqabət qabiliyyətinin
yüksəldilməsinə diqqəti cəlb etməklə) arasındakı tərəfdaşlığın bundan
sonrakı güclənməsi ilə səciyyələnir. “Qabaqcıl texnologiyalar” (riskli,
bahalı və maya dəyərini gec ödəyən layihələrin dəstəklənməsi) və “İstehsalın
genişlənməsində tərfdaşlıq” (beynəlxalq rəqabətin gücləndiyi şəraitdə 380
min kiçik və orta firmanın fəaliyyətinin müasirləşdirilməsinə texniki
yardımın göstərilməsi) proqramları yenilikçi addımlar olub. B.Klinton
üsul-idarəsi nəinki bu proqramları dəstəkləmiş, hətta onların büdcədən
maliyyələşmələrinin artırılmasını təmin etmişdir.
B.Klinton ABŞ-da ölkədaxili texnologiyaların vəziyyətinə və iqtisadiyyatın
rəqabət qabiliyyətinə diqqətin kəskin artdığı zamanda hakimiyyətə gəlib.
1993-cü ildə indiki “Amerikanın iqtisadi yüksəlişi üçün texnologiyalar:
iqtisadi qüdrətin yaradılmasına doğru yeni istiqamət” texnoloji siyasətinin
başlanğıcı qoyulmuşdu. Nəticə çıxarılmışdı ki, dünya iqtisadiyyatının müasir
gerçəklikləri baxımından dövlətin rolu fundamental elmin və məqsədli
tədqiqatların dəstəklənməsi ilə məhdudlaşmamalıdır və bilavasitə iqtisadi
yüksəlişin təmin edilməsinə və təsərrüfatın rəqabət qabiliyyətli olmasına
istiqamətləndirilməlidir.
Yeni texnoloji siyasət qarşısına üç əsas məqsəd qoymuşdur: eyni zamanda iş
yerləri yaratmaqla və ətraf mühitin qorunmasını təmin etməklə uzunmüddətli
iqtisadi yüksəliş; vətəndaşların ehtiyaclarına daha dəqiq həssaslıqla
yanaşan səmərəli hökumətin mövcudluğu; fundamental elmdə, riyaziyyat və
mühəndis işində dünyada birinci olmaq.
İqtisadi yüksəlişə gəldikdə isə, ABŞ üsul-idarəsinin texnoloji siyasəti beş
məsələni həll etməlidir:
-
innovasiya və rəqabət qabiliyyətinin artırılması sahəsində özəl bölmənin
fəaliyyəti üçün əlverişli işgüzar iqlimin yaradılması;
-
yeni texnologiyaların işlənib hazırlanmasının və kommersiyalaşdırılmasının
həvəsləndirilməsi;
-
ABŞ sənayesinin dəstəklənməsi və ticarətin inkişafı üçün zəruri olan XXI
əsr infrastrukturunun yaradılması;
-
qarşılarında dayanan məsələlərin iqtisadi və səmərəli həllini təmin etmək
üçün hərbi və mülki sənayelərin qovuşdurulması;
-
tezdəyişən və biliklərə əsaslanan iqtisadiyyatda iştirak etməyə qabil işçi
qüvvəsinin yaradılması.
1998-ci ildə B.Klintonun Konqres üçün iqtisadi hesabatında qeyd edilmişdir
ki, investisiyaların fundamental tədqiqatlara və yeni texnologiyaların
inkişafına qoyulması hökumətin başlıca funksiyasıdır. Orada etiraf edilir
ki, hətta şirkətin çoxmilyardlı xərcləri də optimal nəticə verə bilməz.
Bundan əlavə, özəl bölmə üçün tədqiqatların və işləmələrin aparılması üzrə
olan sövqedici stimullar tərəqqinin nəticələrindən bəhrələnəcək bütün
cəmiyyətin maraqlarından əhəmiyyətli dərəcədə fərqlənir. Fundamental
tədqiqatların və texnologiyaların inkişafına qoyulan dövlət investisiyaları
nəticədə olduqca yüksək səmərə (bəzi göstəricilərə görə, ildə 70 milyard
dollar) verəcəkdir.
Ticarət Nazirliyi özünün Texnologiyalar üzrə İdarəsinin (Tİ) simasında
ABŞ-ın iqtisadi yüksəlişinə edilən texnoloji töhfələrin maksimallaşdırılması
məsələsini icra edən federal orqandır. O, kommersiya və sənaye
innovasiyalarının sayının artırılmasına, istehsalın yüksəlməsinə və iqtisadi
yüksəlişin digər şərtlərinin təmin edilməsinə yönəlmiş federal texnoloji
siyasətin hazırlanmasına və həyata keçirilməsinə yardım edir. Tİ-nin
aşağıdakı qurumları var:
-
Texnoloji Siyasət İdarəsi. Özəl bölmə ilə tərəfdaşlıq edərək
ABŞ-ın iqtisadi qüdrətini möhkəmləndirən texnologiyaların istifadəsinə
yönəlmiş milli siyasəti hazırlayan aparıcı orqandır;
-
Milli Standartlar və Texnologiyalar İnstitutu. Konqresin
qərarı ilə sənayedə texnologiyaların inkişafına yardım məqsədi ilə
yaradılı;
-
Milli Texniki İnformasiya Xidməti. ABŞ hökumətinin
qurumlarına və xarici mənbələrə əsaslanan elmi, texniki və iqtisadi
məlumatın mərkəzi bankı.
Bundan əlavə, Tİ nəqliyyat vasitələrinin yeni nəslinin avtomobil sənayesi
ilə ortaq yaradılması proqramında əslində hökuməti təmsil, kosmik sənayenin
kommersiya bölməsinin rəqabət qabiliyyətinin artırılmasına və
yüksəldilməsinə yardım, federal və yerli təşkilatların nümayəndələrindən
ibarət texnologiya və innovasiyalar üzrə işçi qrupa rəhbərlik, digər ölkələr
ilə əməkdaşlığın texnoloji proqramlarında iştirak edir.
1965-ci ilin ictimai işlər və iqtisadi inkişaf haqqındakı qanununa uyğun
olaraq ABŞ Ticarət Nazirliyinin İqtisadi İnkişaf üzrə İdarəsi yaradılmışdır.
İdarənin fəaliyyəti yeni iş yerlərinin yaradılmasına və mövcud olanlarının
saxlanılmasına, iqtisadiyyatın diversifikasiyasına, gəlirlərin aşağı,
işsizliyin yüksək səviyyəsi ilə, o sıradan təbii fəlakətlər, hərbi bazalar
və ya digər federal obyektlərin bağlanması nəticəsində uzunmüddətli və ya
qəfil iqtisadi sarsıntılarla səciyyələnən iqtisadi tənəzzülə uğramış
rayonlarda sənaye və ticarətin yüksəlişinin həvəsləndirilməsinə
istiqamətlənib. İdarə Müdafiə Nazirliyi ilə birlikdə Konversiya Məsələləri
üzrə İqtisadi İnformasiya Mərkəzini saxlayır.
B.Klinton üsul-idarəsinin iqtisadi strategiyasının özül daşlarından biri də
xarici bazarların açılması və ixracın genişlənməsinin davam etdirilməsidir.
İxrac (onun illik həcmi 1 trln. dollara yaxınlaşır) sayəsində ölkə
iqtisadiyyatının yüksəlişinin 30%-i, 12 mln. iş yeri, o sıradan sənayedə hər
beşinci iş yeri, mal ixracını həyata keçirən müəssisələrdə ölkə üzrə mövcud
orta əmək haqqından 15% çox olan yüksək əmək haqqı təmin edilir.
Ticarət Nazirliyində ixraca yardım və müdafiə tədbirlərinin tətbiqi
məsələləri ilə Beynəlxalq Ticarət İdarəsinin tərkibinə daxil olan bir sıra
qurumlar məşğul olur.
-
Kommersiya Xidməti Amerika şirkətlərinə (ən əvvəl kiçik və
orta şirkətlərə) ixracın icrasında köməklik göstərir, xaricdə ABŞ-ın
işgüzar maraqlarını təmsil edir. Onun xaricdəki yerli şöbələri ixrac
məsələləri üzrə məsləhət xidmətləri göstərir; xarici bazarların və işgüzar
aləmin təmayüllərinin təhlilini aparır; konkret ölkə ilə ticarətin
inkişafının mümkünlüyünü müəyyənləşdirir; ticarətin maliyyələşdirilməsi
mənbələri, beynəlxalq inkişaf bankları xətti üzrə layihələrdə iştirak
etmək imkanları haqqında məlumatı təqdim edir; Amerika şirkətləri üçün
xarici tərəfdaşlar və ya nümayəndələr seçir; xarici firmalar haqqında
işgüzar rəyləri yoxlayır; ticarət nümayəndəliklərinin xarici ölkələrə
səfərlərini təşkil edir. Kommersiya Xidmətinin digərlərindən fərqləndirən
xüsusiyyəti geniş qlobal qurumudur. ABŞ-da 100 mərkəz yaradılıb və
bunların çərçivəsi daxilində ixraca yardım edilir, Ticarət Nazirliyinin,
Kiçik Biznes Məsələləri üzrə İdarənin və ABŞ İxrac-İdxal bankının
məlumat-məsləhət xidmətləri göstərilir. Bu mərkəzlər şəbəkəsi Kommersiya
Xidmətinin 70 ölkədəki 130 nümayəndəliyi ilə bağlıdır. Amerika ixracatının
95%-i bu nümayəndəliklərin payına düşür.
-
Bazarlara Çıxış İmkanı Məsələləri üzrə İdarənin
tərkibində şöbələr şəbəkəsi və Ticarət Sazişlərinin İcrasına Nəzarət üzrə
Mərkəz mövcuddur. Bu yaxın zamanlarda yaradılmış bu mərkəzin vəzifəsi
Amerika ixracatçıları üçün bağlanmış ticarət sazişlərindən maksimum
mənfəəti təmin etməkdir. Mərkəz bizneslə qarşılıqlı əlaqəni
genişləndirməyə can atır: xarici tərəfdaşların vicdansız ticarət
əməliyyatları və onların ticarət sazişlərinin qaydalarına zidd əməlləri
haqqında məlumatın çatdırılması üçün “qaynar rabitə xətti” açılıb.
-
İdxal İdarəsi vicdansız idxalata qarşı qoruyucu tədbirlər
kimi antidempinq və kompensasiya rüsumları haqqında qanunvericiliyin fəal
tətbiqi ilə məşğul olur.
-
Ticarətin İnkişafı üzrə İdarə sənayenin çoxsaylı sahələri və
bazarlar üzrə mütəxəssislərlə komplektləşdirilmişdir. Onlar hökumət
orqanlarına ticarət danışıqlarını aparmaqda ekspert yardımı edir və o
sıradan, ayrı-ayrı əmtəə bazarları üzrə mümkün cavab ticarət tədbirlərini
konkretləşdirir; sazişlər və xarici ölkələrdə dövlət tədarükü bazarlarına
çıxmaq imkanı uğrunda mübarizədə Amerika sənayesinin maraqlarını müdafiə
edir.
-
Ticarət və İqtisad üzrə Təhlil Şöbəsi Ticarət Nazirliyi və
digər hökumət təşkilatlarının ticarət siyasəti fəaliyyətinə məlumat-təhlil
üzrə yardımı təmin edir, sənaye, daxili və xarici ticarət və investisiya
məsələləri üzrə statistik məlumatları hazırlayır və yayımlayır. Onun
nəşrləri arasında “ABŞ sənayesinin və ticarətinin icmalı” (“US
Industry and Trade Outlook”) və “ABŞ xarici ticarətinin əsas
göstəriciləri” (“US Foreign Trade Highlights”) kimi
illik nəşrlər mövcuddur.
-
Ticarət Məlumatı Mərkəzi Xarici Ticarətə Yardım üzrə
Əlaqələndirmə Komitəsinin iştirakçısı olan 20 hökumət qurumunun məlumatını
bir yerə toplayır, hökumət məlumat-məsləhət xidmətlərinin ilk mənbəyi kimi
ixracatçılara qulluq göstərir.
Beləliklə, hətta inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində də ABŞ
hökuməti Amerika biznesinə tərəfdaş olmağı, sənayenin və texnologiyaların
inkişafına yardımda fəal və səmərəli rol oynamağı və bununla da, iqtisadi
yüksəlişi və ölkənin rifahının artmasını təmin etməyi zəruri sayır. Hökumət
dairələri ona əsaslanır ki, bu rolun azaldılması əslində ABŞ-ın müasir dünya
iqtisadiyyatındakı birinciliyinin itirilməsinə və beynəlxalq ticarətin digər
iştirakçıları qarşısında aciz qalmasına gətirib çıxaracaqdır. |