top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

İŞSİZLİYİN GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN HƏDLƏRİ

Azər Hüseynov,
İqtisad İnstitutu, elmi işçi

Mənbə: "Məşvərət", N27, 2000


Doxsanıncı illərin təbii-tarixi proseslərinin axarında tarixin tozlu arxivlərinə təhvil verilən sosializmin dağıntıları üzərində özünəməxsus çətinliklə bazar iqtisadiyyatı təşəkkül tapmağa başladı. Ancaq postsosialist regionu hələlik bazar məziyyətlərindən - yüksək həyat səviyyəsi, fərdi azadlıqların və vətəndaş hüquqlarının tam təminatı və s.-dən bəhrələnə bilməsə də bazar “əziyyətləri” ilə - işsizlik, gəlirlərin diferensiyası və s.-lə qarşılaşmağa məcbur olub. Xüsusən azad bazarın ayrılmaz xüsusiyyətlərindən olan işsizlik bu ölkələrin sosial-iqtisadi həyatının ağrılı və real faktına çevrilib.

Yəqin ki, nisbi təhlükəsiz həddə işsizlik gələcək onilliklərdə də transformasiya dövrünü yaşayan ölkələri müşayiət edəcək və şübhəsiz ki, ultrasol, real düşünmək qabiliyyətini itirən siyasi dairələrdən başqa heç kəs problemin həllini geriyə - sosializmə qayıtmaqda görmür. Ancaq əcaib xiffətlərdən irəli gələn belə rədd olunmalı təkliflərlə bərabər, müzakirəsiz qəbul edilməli təkliflər də var. İrəliləmək, yəni həyatımızın bu real faktı ilə real mübarizə aparmaq - işsizlik səviyyəsinin azaldılması, işləmək imkanını gerçəkləşdirə bilməyənlərin sosial müdafiəsi və s. məsələlərin həllinə yönəldilməli tədbirləri həyata keçirmək lazımdır. Çünki transformasiya prosesi bütün postsosialist ölkələrinə hətta ən liberal islahat tərəfdarlarının öncədən proqnozlaşdıra bilmədiyi işsizlik səviyyəsi “bəxş edib” və bu zəruri tədbirlərin gecikməsi islahatlar üçün çox mühüm şərt olan sosial-siyasi sabitliyi təhdid edən ciddi amilə çevrilib. İşsizlik səviyyəsinin ölkələrarası müqayisəsi də problemin çox çətin olduğundan xəbər verir.

Cədvəl. İşsizliyin reqionlararası müqayisəsi

(1997-ci il göstəricisi)

Regionlar

İşsizlik

səviyyəsi(%-lə)

Şərqi Avropa

11,7

Şimali Amerika

5,3

o cümlədən ABŞ

4,9

Qərbi Avropa

9,9

Mənbələr: Обзор экономического положения Европы. 1998, N 3, 28-ci səh., 2.2.4-cü cədvəl; N 2, 14-cü səh., 1.2.1-ci cədvəl.

Postsovet ərazisinə nisbətən islahatların uğurlu nəticələrinə görə irəlidə gedən Şərqi Avropanın işsizlik probleminin bu ağırlığı bir çox ölkələrin, o cümlədən Cənubi Qafqaz ölkələrinin statistik məlumatlarında görünmür. Yuxarıdakı mənbəyə görə, guya MDB ölkələrində vəziyyət nisbətən qənaətbəxşdir və bu ölkələr üzrə orta işsizlik səviyyəsi cəmisi 6,2 %-ə bərabərdir. Öz-özlüyündə aydındır ki, milli statistika və daha çox müvafiq orqanlar bu məsələyə hələlik çox ciddi yanaşmadığından belə qeyri-real göstəricilər statistik cədvəllərə yol tapır.

Əlbəttə, Gürcüstanda 2,6 %, Moldovada 1,7 % işsizlik səviyyəsinin mövcud olduğunu hətta nisbi dəqiq göstərici kimi də qəbul etmək mümkün deyil. Tacikistanda 2,8 % işsizliyin olmasını təsdiq edən göstəricini isə zarafat kimi də qəbul etmək olar.

Əslində isə belə zarafatvari göstəricilər fonunda çox çətin və ağrılı bir məsələnin həllinə yönələn tədbirlər toplusunun birinci mühüm hissəsi unudulur. Məsələnin həllinə yönəldilən uyğun tədbirlərin hazırlanması üçün real vəziyyətin dəqiq öyrənilməsi çox zəruridir və real işsizlik səviyyəsini, ayrı-ayrı bölgələr üzrə dəqiq işsizlik həddini, yaş və cins qrupları üzrə real göstəriciləri və s.-ni bilmədən problemin həllinə yönələn fəaliyyət mümkün deyil.

Bu baxımdan Azərbaycanda da vəziyyət bir çox postsovet ölkələrindən fərqlənmir və yəqin ki, statistik məlumatlarda əks olunan işsizlik göstəricisi (1,2-1,4 %) əvəzinə real işsizlik səviyyəsinin az-çox dəqiqləşməsi işsizlik problemi ilə mübarizə istiqamətində mühüm addım olmalıdır. Əlbəttə, işsizliyin real səviyyəsinin dəqiqləşdirilməsi üçün işsizliyin monitorinqinin keçirilməsi zəruridir. Şübhəsiz ki, belə bir monitorinqin nəticələrinə əsaslanmadan irəli sürülən iddialar həmişə reallıqdan uzaq olur. Ancaq bu nəticələrsiz belə istər rəsmi statistik göstəricinin (1,4 %-in), istərsə də “siyasi konyuktur” göstəricisinin (50%-in) təkzibi və real vəziyyətin ən təxmini müəyyənləşdirilməsi mümkündür.

Doğrudur, statistik göstəricilərin qeyri-dəqiqliyi təkcə işsizlik göstəricisinin 1,4 %-ə qədər kiçildilməci ilə bağlı deyil və üstəlik cəmi 3 il fərqlə Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi 2 cədvəldə eyni istiqamətdə müxtəlif göstəricilər göstərilməsi rəsmi statistikanın məlumatlarına olan şübhələri daha da dərinləşdirir. Belə ki, “Azərbaycanın statistik göstəriciləri” (1996-cı il) kitabına görə, 1996-cı ildə ölkənin əmək ehtiyatları 4.060 min nəfər olub. Məşğul əhalinin sayı 2 milyon 886 min nəfərə çatıb, qeyri-məşğul əhalinin sayı 943,3 min nəfərə, şagirdlərin sayı isə 230,7 min nəfərə bərabərləşib. 1999-cu ilin rəsmi nəşrində isə müəyyən düzəlişlər aparılıb. Çox qeyri-peşəkar “təkmilləşdirmələr” nəticəsində bu statistika kitabında əmək ehtiyatlarının sayı 4.193 min nəfərə, məşğul əhalinin sayı 3 milyon 686 min nəfərə qədər artırılıb. Yəni bircə qələmlə məşğulluğun sayı 800 min nəfərdən çox artırılıb.

Əlbəttə, 1999-cu il statistik məlumatları üzərində bu “təkmilləşdirmə”lərin səbəbi görünür. Statistika orqanları qeyri-real işsizlik faizinin dəqiq görünməsini istəyiblər. Belə ki, 1996-cı il statistikasına görə, əmək ehtiyatlarından 943,3 min nəfəri qeyri-məşğul əhali idi və illər keçdikcə bu əhalini işdən “könüllü” imtina edənlərə aid etmək - iqtisadi fəal əhalinin sayını süni surətdə azaltmaq qeyri-mümkünləşir. Çünki “ictimai xeyriyyəçilik fondları”nın mövcud olduğu sosializm getdikcə uzaqda qalırdı və 1990-cı ildəki kimi böyük qrupunu çoxuşaqlı analar, evdar qadınlar təşkil edən 746 min nəfərlik əhalinin iqtisadi fəal əhaliyə aid edilməsi artıq məntiqsiz görünə bilərdi. Buna görə qeyri-məşğul əhalini “məşğul əhali”yə çevirmək kimi “usta” çıxış yolu tapılmalıydı və 1996-cı ilin statistika kitabında kənd təsərrüfatında məşğul olanların sayı 898-876 min nəfərə (1990-96-cı illər üzrə) bərabərliyini 1999-cu il statistik məlumatlarında 1.144 - 1.085 min nəfərə qədər artırmaq gərəkli olurdu. Beləliklə, hətta 1990-cı ilin dəqiq göstəricilərinin süni artımı - ticarətdə işləyənlərin sayının 289 mindən 366 minə qədər, mənzil-kommunal təsərrüfatında işləyənlərin 99 mindən 125 minə, kənd təsərrüfatında işləyənlərin 400 min nəfər yüksəldilməsi və üstəlik müxtəlif statistika bülletenlərinin məlumatına görə, ölkə işsizlik orqanlarına 500 mindən çox əhalinin iş üçün müraciət etməsi 1,4% və ya 42 min işsizin olması göstəricisini tam təkzib edir.

“Siyasi konyuktur” göstəricisi 50 %-lik işsizlik səviyyəsi iddiasının təkzibi o qədər çətin deyil. Hisbətən obyektiv məlumatlar əks etdirən 1996-cı il statistika kitabçasına və bəzi məlum sahələrdə - səhiyyə, təhsil, idarəetmə orqanları və s. də “təshih”lər apara bilməyən 1999-cu il kitabçasına görə də 1,7 milyon nəfərə qədər əhali bilavasitə dövlət büdcəsindən maliyyələşir. Hətta kənd təsərrüfatında məşğul əhalinin sayının 3 dəfə azalmasını - 250 min nəfərə bərabərləşməsini, sənayedə məşğulluğun 4 dəfə aşağı düşməsini və ya sənayedə cəmi 100 min nəfərin çalışmasını, ticarətdə və ictimai iaşədə işləyənlərin çox az artdığını, yəni təxminən 400 min nəfərin məşğulluğunu, nəqliyyat və tikintidə 1990-cı ilə nisbətən 2 dəfə az adamın, yəni 250 min nəfərin çalışdığını qəbul etsək, ölkədə məşğulluğun səviyyəsi ən azı 2,7 milyon nəfərə çatar. Əlbəttə, bu təxmini rəqəmlər yəqin ki, heç kəsdə şübhə oyatmaz və bu halda işsizlik səviyyəsi ən çoxu 35 %-ə çatar. Lakin təkcə hansısa konyuktur fikirlərin təkzibini nəzərdə tutan ən təxmini hesablamalardan kənarlaşıb daha dəqiq təxminlərlə məsələ araşdırılsa, nisbi gerçək işsizlik göstəricisini müəyyənləşdirmək mümkündür.

Rəsmi statistika bu baxımdan yəqin ki, yalnız daha dəqiq olan yeganə göstəricisi ilə - əmək ehtiyatlarının sayı ilə işsizliyin real mənzərəsinin aydınlaşmasına kömək edə bilər. Doğrudur, bu göstəricinin özü də bir qədər qeyri-dəqiqdir və yəqin ki, real miqrasiyanı o qədər də nəzərə almır. Belə ki, statistik göstəricilərə görə, 1994-cü ildə Azərbaycandan 19 yaşına çatmış 1.600 nəfər, 1995-ci ildə 2.348 nəfər, 1996-cı ildə 2.120 nəfər köç edib. Lakin faktik köçənlərin və yəqin ki, bir daha geri qayıtmaq istəməyənlərin sayının 10 minlərlə nəfərə çatdığı məlumdur. Bu cəhətləri nəzərə almasaq ölkənin əmək ehtiyatlarının 4,2 milyon nəfərə çatdığını iddia etmək mümkündür. 4,2 milyon nəfərdən 3,7 milyonunun iqtisadi fəal əhaliyə aidliyi isə daha ciddi şübhə doğurur. Çünki dəqiqliyi şübhə doğurmayan məlumatlara görə 1998-ci ildə 4,2 milyon əmək qabiliyyətli əhalidən 217 min nəfərini şagirdlər təşkil edib.

Statistika əmək qabiliyyətli əhalidən 329 min nəfərini də məşğul olmaq istəməyənlərə aid edib. 1990-cı ilin real və dəqiq göstəricisinə görə, bu qrup 746 min nəfərə bərabər idi. Beləliklə, bu və ya başqa səbəblərdən əmək qabiliyyətli işləmək istəməyənlərin sayının 2 dəfə azaldığı iddia olunur. İlk baxışda bu göstərici uğursuz görünmür və doğrudan da, sosializmdən ayrıldığımız dövrə nisbətən zəhmətdən könüllü kənarlaşanların dairəsi xeyli kiçilib. Lakin iqtisadi fəal əhalinin sayına təsir göstərən cəhətlər təkcə sosializm-kapitalizm fərqləri ilə dəyişmir. Hətta bu fərqlərlə birgə 100 min tələbəni iqtisadi fəal əhali sayından kənarlaşdırmaq məcburiyyəti var. Sosial-iqtisadi quruluşun hər hansı şəkildə dəyişmələri belə, ölkədə 18 yaşınadək uşaqları olan 1 milyon ailənin, daha dəqiqi ailə qayğıları ilə əhatə olunan 1 milyon qadının məşğulluq istəyinə çox ciddi təsir göstərə bilməz. Xüsusən 3-4 və daha çox uşağı olan 550 min nəfərə qədər qadını iqtisadi fəal əhaliyə daxil etmək o qədər məntiqli görünmür. Ola bilər ki, indi sosial həyatın çətinlikləri bu qrup əhalinin müəyyən qismini tozlu yarmarkalara, küçə ticarətinə və s.-ə vadar edib, ancaq minimal sosial müdafiə tədbirləri ilə minlərlə qadının yenidən bu primitiv məşğulluqdan “könüllü istirahət”ə geri dönəcəyi şübhə doğurmur.

Bütün bu görünən və görünməyən cəhətlərlə sayı 1,1 milyon nəfərə çatan və 1 milyon nəfəri də kənd yerlərində yaşayan əmək qabiliyyətli qadınların ən təxmini 25 %-nin yenə də iqtisadi fəal əhaliyə aid olmadığını iddia etmək mümkündür. Bu halda əmək ehtiyatlarından 100 min tələbə, 217 min şagird və 500 min qadını məşğul olmaq istəməyən əhaliyə aid etmək lazım gəlir. Yəni iqtisadi fəal əhali təxminən 3,4 milyon nəfərə bərabər olur.

Lakin bu təxmini göstərici belə işsizliyin real səviyyəsi barədə danışmağa imkan vermir. Əvvəldə də qeyd olunduğu kimi, real məşğulluğun müəyyənləşməsi müasir şəraitdə çox ciddi bir problemə çevrilib. Ancaq cüzi nisbi dəqiq hesablamalar mümkündür. Belə ki, 1,7 milyon nəfərin büdcədən maliyyələşən sferalarda - təhsil, səhiyyə, mədəniyyət, elm, idarəetmə, hüquq-mühafizə və s. sahələrdə məşğulluğu bəllidir və dəqiqdir. Ən müxtəlif amilləri nəzərə almaqla kənd təsərrüfatı və sənayedə ən təxmini məşğulluq səviyyəsi müəyyənləşdirmək olar. Kənd təsərrüfatı məhsulunun həcm indeksi, əkin sahələrinin həcmi və s. amilləri nəzərə almaqla aparılan təxmini hesablamalarla kənd təsərrüfatında məşğul əhalinin sayının nə 1 milyon nəfərə, nə də 800 min nəfərə bərabər olmadığını iddia etmək mümkündür. Bu sferada təxminən 400 min nəfərin məşğulluğunu qəbul etmək olar. Sənaye məhsulunun həcmi indeksinə, 25 %-li mümkün “gizli sektor” və s. amillərə əsaslanıb sənayedə təxminən 140 min nəfərin məşğul olduğunu iddia etmək olar. 1996-cı ilin statistik məlumatlarına görə, nəqliyyat və rabitədə 150 min nəfər, tikintidə 180 min nəfər, ticarətdə 409 min nəfər, kommunal və iaşə xidmətlərində 80 min nəfər çalışıb. Beləliklə, bütün bu sferalarda 2,1 milyon nəfərin çalışdığını təxmin etmək mümkündür. Ancaq real məşğulluq təkcə bu göstəricilərlə bitmir. Çünki ötən illər ərzində ticarətdə məşğulluğun cüzi artması, məişət və iaşə xidmətində azalması və s. qətiyyən inandırıcı deyil. Əslində bu sferalarda məşğulluq çox ciddi yüksəlib və rəsmi statistika rəsmi uçotda olmayan məşğulları qeyri-mütəşəkkil sektora aid etmək məcburiyyətində qalıb. Bu qeyri-mütəşəkkil sektorsa, statistik məlumatlara görə, təxminən 500 min nəfəri özünə cəlb edib. Beləliklə, ölkədə ən təxmini məşğulluğun 2,6 milyon nəfərə bərabər olduğunu iddia etmək mümkündür. Bu halda işsizlik səviyyəsinin 26 %-dən bir qədər yuxarı olduğunu təxmin etmək olar. Əlbəttə, bütün bu hesablamalar və təxminlər özü olduqca şərti xarakter daşıyır və məsələ heç də hansısa xüsusi dəqiqliyə iddia etməklə bağlı deyil.

Əsas məsələ olduqca ciddi bir problemin siyasi çəkişmələr mövzusundan çıxarılıb ciddi müzakirələr mövzusuna çevirmək zərurətini diqqətə çatdırmaqdır. Əsas məsələ ölkədə işsizlik probleminin həllinə gedən yolda birinci addımın atılmasının - işsizliyin monitorinqinin keçirilməsinin gecikdiyini xatırlatmaqdır. Çünki bu addımsız ikinci mühüm məsələ - dövlətin əmək bazarında aktiv, yaxud passiv müdaxiləyə üstünlük verməsi zərurəti həll oluna bilməz.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft