top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 01 - İqtisadi islahatlar (ii)

AZƏRBAYCAN RESPUBKLİKASININ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROBLEMİ HAQQINDA

RÖVŞƏN QULİYEV

Mənbə: "Məşvərət", N18, 1999


Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin milli təhlükəsizliyi məsələsidir. Kifayət qədər geniş və çoxtərəfli problemləri əhatə edən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi ərzaq təhlükəsizliyinin təminatıdır. Müxtəlif ölkələrin tarixi göstərir ki, problemə etinasız münasibət dövlətin təməlini laxladan ictimai sarsıntılara gətirib çıxara bilər. Azərbaycanda mövcud iqtisadi və ictimai-siyasi durum əsaslandığı platformadan asılı olmayaraq müharibə aparan ölkəmizin bütün vətənpərvər siyasi qüvvələri qarşısında bu problemi tam ciddiliyi ilə qoyur.

“Ərzaq təhlükəsizliyi” dedikdə müəyyən edilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanaqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksi nəzərdə tutulur.

Problemin həlli konsepsiyasının şərhinə keçməzdən qabaq bu sahəni səciyyələndirən rəsmi mənbələrdən götürülmüş bir neçə rəqəmə müraciət edək.

Ölkədə əsas qida məhsullarının adambaşına istehsalı 1985-ci ilə nisbətən:

ət və ət məhsulları üzrə          -          53%
yumurta                                  -          51%
süd və süd məhsulları             -          49%
şəkər                                       -          52%
balıq və balıq məhsulları         -          68%
taxıl məhsulları                       -          7%

aşağı düşmüş,

kartof                                      -          5%
göyərtilər                                -          24%
meyvə-giləmeyvə                   -          26%

artmışdır.

Onu da qeyd edək ki, ət, süd və taxıl məhsullarının göstə­riciləri 1992, 1993-cü illə müqayisədə də aşağı düşmüşdür.

Kənd təsərrüfatı bitkilərinin əkin sahələri 1993-cü illə müqayisədə 23% azalmışdır. İdxal olunmalarına baxmayaraq pambıq yığımı 2 dəfədən çox, tütün yığımı 3 dəfə, üzüm yığımı 2,8 dəfə, çay yığımı isə 15 dəfə aşağı düşmüşdür. Cüzi artım kartof, taxıl və tərəvəzdə müşahidə olunur.

Maraq kəsb edən və izaha ehtiyacı olan göstəricilərdən pambığın məhsuldarlığının 2 dəfə, tütününkünün 1,5 dəfə, çayınkının 11 dəfə aşağı düşməsidir. Çox maraqlı haldır.

Rəsmi göstəricilirə görə, heyvandarlıq məhsullarının istehsalında böyük dəyişikliklər baş verməyib. Burada da quşun idxalı şəraitində quş əti istehsalının aşağı düşməsi suallar doğurur, halbuki yumurta verimi 1993-cü ilə nisbətən 2 dəfə artmışdır.

Yeyinti sənayesi məhsullarının adambaşına istehsalı (kq) (ev təsərrüfatları nəzərə alınmadan):

                                      1990            1993            1997
ət məhsulları                             8,6                   2,2                   0,09
kolbasa                                     2,4                   1,3                   0,06
mal-qara yağı                           0,5                   0,3                   0,003
qənnadı məmulatı                   14,8                   3,3                   0,03
makaron məmulatı                    3,2                   1,9                   0,2
mineral sular                           11,3                   0,9                   0,3
duz                                          13,9                   0,5                   1,2

Bu faktları kolxoz və sovxozların intensiv şəkildə özəlləşdirilməsi ilə izah etmək cəhdi əbəsdir. Belə ki, 1 yanvar 1998-ci il üçün 26430 əhali təsərrüfatlarında 152964 ha torpaq cəmləşdiyi halda, 322 dövlət kənd təsərrüfatı müəssisələrinin sərəncamında 683596 ha torpaq olub.

Digər tərəfdən fermer təsərrüfatlarının xüsusi çəkisinin 1993-cü ilə nisbətən 40% artıb, yuxarıda qeyd edildiyi kimi, 84%-ə çatması onlara keçid dövrünə uyğun xüsusi dövlət diqqətinin tələb edir. Lakin rəqəmlərsiz də bu sahədə vəziyyətin acınacaqlı olması göz qabağındadır. Fermer təsərrüfatlarının yeni şəraitə uyğun kiçik texnika, toxum, gübrə, yem və digər dövriyyə vasitələri ilə təchizatı bərbad vəziyyətdədir. Söhbət dövlət təminatından yox, sadəcə olaraq, bu prosesə təkan verəcək tədbirlərin həyata keçirilməsindən gedir.

Bütün dünyada tətbiq olunan dövlət himayədarlığı, dövlət sifarişi sistemi Azərbaycanda yarıtmaz səviyyədədir. Müxtəlif ölkələrdə kənd təsərrüfatının təkamülü təcrübəsi göstərir ki, dövlətin bu sahədə siyasətinin ardıcıllığı və dəqiqliyi fermerlərin sonrakı illərdə fəaliyyət strategiyasına ciddi təsir edən amillərdəndir.

Fermerlərin əsas problemlərindən biri də informasiya qıtlığıdır. Harada nəyin nə qədər becərilməsi, neçəyə satılması, dövriyyə vasitələri haqqında və digər xarakterli məlumatların olmaması onların “keçən il daha baha satılan” məhsullara keçmələrinə, yəni ildən-ilə kortəbii kütləvi “rəqslər”ə gətirib çıxarır.

Fermerlərin rastlaşdığı başqa bir spesifik problem qaçqınların bilavasitə kənd təsərrüfatına yararlı torpaqlarda məskunlaşmasıdır. Bu hal torpaqlardan istifadəyə maneçilik törətməklə bərabər, yerli fermerlərlə qaçqınlar arasında sosial gərginliyin əmələ gəlməsinə səbəb olur.

Maraqlı burasıdır ki, aqrar-sənaye kompleksində (ASK) əsas istehsal fondları 1990-cı ilə nisbətən 50%-dən çox, 1993-cü ilə nisbətən təqribən 48% artıqdır. Bu, o deməkdir ki, rəsmi statistik məlumatlara əsasən, ASK-ya xeyli investisiyalar qoyulub. Lakin bu sahədə istehsalın aşağı düşməsi investisiyaların, yumşaq desək, səmərəsizliyinə dəlalət edir. Belə ki, 1996-cı ildə ASK-da məhsul buraxılışı 1990-cı ilə nəzərən cəmi 27% təşkil etmişdir.

Nəticədə, 1997-ci ildə kənd təsərrüfatı müəssisələrinin 64,4%-i ziyanla işləmişdir. 1993-cü ildə bu rəqəm 29,6%-dir.

Sözsüz ki, bu faktları bilən və, ümumiyyətlə, xalqımızın həddindən aşağı və alçaldıcı həyat səviyyəsini müşahidə edən hər bir iqtisadçımız, xüsusən də kənd təsərrüfatı, ASK və ərzaq problemi ilə məşğul olan mütəxəssis aşağıdakı suallar barəsində fikirləşməmiş deyil:            Mövcud obyektiv şəraitdə bizim özümüzün ərzaq təhlükəsizliyimizi təmin etmək imkanımız varmı? Təbii sərvətlərimiz, torpağımızın münbitliyi, iqlim şəraitimiz və nəhayət, xalqımızın işgüzarlıq qabiliyyəti və işləmək həvəsi buna imkan verirmi, yoxsa biz ancaq yanacaq xammalı satıb bu pula keyfiyyətsiz və bu keyfiyyətlə müqayisədə bahalı ərzaq idxal etməyə məhkumuq?

Bir hissəsi ritorik olsa da bu sualların cavabı tam şəkildə intuisiya və emosiyaya əsaslanmayıb ciddi, obyektiv və tənqidi elmi tədqiqatların və ekspertlər təhlilinin nəticəsi olmalıdır.

Sözsüz ki, yuxarıda gətirilən 1985-1993-cü illərlə müqayisədə alınan mənzərəni müəyyən dərəcədə həmin illərə məxsus şişirdilmələrlə (“pripiska”) izah etmək olar. Kənd təsərrüfatı bölməsində aparılan islahatların müəllif və icraçılarına təsəlli verə biləcək daha iki obyektiv amili qeyd etmək zəruridir:

birincisi, köhnə SSRİ məkanında təsərrüfat əlaqələrinin xeyli zəifləməsi, yəni dezinteqrasiya prosesləri;

ikincisi, kənd təsərrüfatına yararlı torpaqlarımızın böyük hissəsinin düşmən əlində olub işdən kənarda qalması.

Lakin nisbətən sabit hərbi, daxili və beynəlxalq siyasi şərait fonunda müşahidə olunan son illərin ərzaq və kənd təsərrüfatı istehsalının tənəzzülünü nə ilə izah etmək olar? Müstəmləkə dövründə neftdən gələn valyutanın 3%-i respublikada qalırdı. İndi müstəqil bir dövlət olduğumuz halda xammaldan gələn gəlirin, alınan kreditlərin müəyyən hissəsinin kənd təsərrüfatına, emaledici sənayeyə yönəldilməsinə nə mane olur? 1997-ci ildə büdcədə fermerlərin inkişafına ayrılmış 5 mlrd. manat ünvanına çatmamışdır. Xaricdən verilən kreditlərin faizi isə yüksək olduğundan fermerləri qane etmir.

Bu növ sualların təhlili subyektiv, yəni daxili problemlərdən doğan və aradan qaldırılması mümkün olan amilərə gətirib çıxarır:

birincisi, iqtisadi və ictimai cəhətdən düzgün aparılmayan özəlləşdirmə;

ikincisi, kənd təsərrüfatında dövlət himayədarlığının yox dərəcəsində olması;

üçüncüsü, adekvat olmayan vergi sistemi;

dördüncüsü, korrupsiya və oğurluq və i.a.

Ərzaq istehsalı, idxalı və ixracı sahəsində bərqərar olmuş qarmaqarışıqlıq və kortəbiilik, prosesin çoxamilliliyi bu problemə məhz bu növ məsələlərin həlli üçün yaranıb inkişaf etmiş sistem təhlili üsullarının tətbiq olunmasını, kompleks yanaşmanı tələb edir. Bu isə o deməkdir ki, ərzaq təhlükəsizliyi sahəsində yaradılan ixtiyari konsepsiya aşağıdakı prosesləri həyata keçirən və ya həyata keçirilməsinə təkan verən konkret tədbirlər mexanizmi hazırlanmasını nəzərdə tutmalıdır:

Kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılmasının və yerləşdirilməsinin mövcud şəraitə uyğun yenidən hazırlanması.

Planlaşdırma idarəçiliyin tərkib hissəsi olduğundan kənd təsərrüfatının optimal strukturu sahəsində tədqiqatlar sosializm dövründə də aparılıb. Sadəcə, onların yeni şəraitə uyğunlaşdırılması və avtoritar rejimdən fərqli olaraq, stimullaşdırma mexanizminin hazırlanması lazımdır.

Xarici siyasi amilləri nəzərə alaraq ölkənin beynəlxalq iqtisadi inteqrasiya strategiyasının işlənib hazırlanması. Dunyada kifayət qədər toplanmış iqtisadi inteqrasiya təcrübəsi göstərir ki, bu proses eyni dərəcədə inkişaf etmiş ölkələr arasında daha çox səmərə verir. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün keçmiş SSRİ məkanı (ələlxüsus Rusiyadakı avqust böhranından sonra) xüsusi maraq kəsb edir. MDB çərçivəsində əməkdaşlığın səmərəsizliyi və mövcud siyasi münasibətlər sistemində perspektivsizliyi dəfələrlə sübuta yetirilmiş bir faktdır. Lakin ikitərəfli münasibətlər həyatın tələbidir. Bu praktika hətta Rusiyanın ayrı-ayrı subyektlərinə tətbiq oluna bilər.

Maliyyə-sənaye qruplarının (MSQ) yaradılması və onların ASK-ya investisiyalarını stimullaşdıran dövlət tədbirlərinin həyata keçirilməsi. Məlum olduğu kimi, ASK uzunmüddətli kapital qoyuluşunu tələb edən sahədir. Buna görə də bu bölməyə qoyulan investisiyaların uyğun qanunlarla real tənzimlənən etibarlı dövlət zəmanətinə ehtiyacı var.

Standartlaşdırma və sertifikasiyaya riayət edilməsində tələbkarlığın artırılması və bunun üçün şərait yaradılması. Bu, eyni dərəcədə həm idxal olunan, həm də ölkə daxilində istehsal olunan mallara aiddir. Bu sahədə bir tərəfdən dövlət laboratoriyalarının maddi-texniki bazalarının təkmilləşdirilməsi, digər tərəfdən kommersiya əsasında firmaların yaradılması zəruridir.

Vergi və gömrük sisteminin təkmilləşdirilməsi və bu bölmələrdə qanun pozulmalarına və rüşvətxorluğa qarşı ciddi mübarizə. İndiki şəraitdə fermer, qazancının 60-70%-ni vergi kimi ödəməlidir.

Fermerlərə dövlət himayəsinə dair konkret tədbirlər kompleksinin hazırlanması.

Bank sisteminin etibarlılığının hüquqi və dövlət təminatı.

Müəssisələrin, xüsusən azsavadlı fermerlərin mülkiyyəti və işinin hüquqi mühafizəsi. Burada iqtisadi cinayətlərin profilaktikası və onlara qarşı keçid dövrünə uyğun şiddətli mübarizə nəzərdə tutulur.

Fermerlər üçün konsaltinq və iqtisadi informasiya ilə məşğul olan firmaların yaranıb inkişaf etməsinin stimullaşdırılması.

Elm və texnikanın son nailiyyətlərindən istifadə. Bu həm iqtisadi problemlərin həllinə, həm də ASK-da əmək məhsuldarlığını artıran, çoxqalan məhsul sortlarını yetişdirən, məhsulların əmtəə görünüşünü yaxşılaşdıran yüksək texnologiyaların tətbiqinə aiddir.

Qlobal iqtisadi elmi tədqiqatların dövlət tərəfindən maliyyələşdirilməsi və onların tətbiqi əhəmiyyətini tənzim edən yeni standartların hazırlanması vacibdir. Tədqiqatlar hesabatlarla deyil, konkret təcrübi tətbiqlərlə nəticələnməlidir. Bu məqsədlə ölkəmizin şəraiti üçün səciyyəvi olan bir neçə təsərrüfatı elmi-istehsal təcrübə obyekti (EİTO) kimi istifadə etmək olar.

Ərzaq təhlükəsizliyi probleminin bəzi aspektlərinə toxunduq. Sözsüz ki, bu, tam olmayan və incələnməyən siyahıdır. İqtisadi, siyasi, hərbi, iqlim və digər amilləri nəzərə almalı olan proqramın hazırlanması müxtəlif sahələri əks etdirən mütəxəssislər qrupunun kompleks tədqiqatlarının nəticəsi olmalıdır.

İstənilən bu tipli proqramın həyata keçirilməsi üçün iki şərtin mövcudluğu vacibdir:

birincisi, bu, ümumiqtisadi, ümummilli təhlükəsizlik proqramının tərkib hissəsi olmalıdır;

ikincisi, bu proqramı həyata keçirmək iqtidarında olan və xalqa qulluq eləməyi şəxsi, qrup və partiya mənafeyindən üstün tutan hökumət komandası formalaşmalıdır.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft