|
XÜSUSİ
MÜLKİYYƏT:
TORPAQ
İSLAHATI
TARİXİNDƏN
Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi
Mənbə:
"Məşvərət", N18,
1999
Torpaq islahatı layihələrində əsas problem
əvvəllər mülkiyyət huququ mövcud olmayan ölkələrdə onun yaradılmasının
zəruriliyidir.
İkinci dünya müharibəsi zamanından fərdi xüsusi mülkiyyətin kök atmasının
zəruriliyini dərk edən ABŞ hökuməti dünyanın müxtəlif ölkələrində torpaq
islahatının aparılmasına yardım etməyə çalışmışdır. ABŞ-ın təkidiylə
Yaponiyada, sonra isə Cənubi Koreya və Tayvanda da torpaq islahatı uğurla
həyata keçirilmişdir. Lakin bu islahatla bağlı Filippində, Vyetnamda, İranda
və Salvadorda aparılan sonrakı ekperimentlər daha az uğurlu olmuşlar, hətta
bəzən ziyan gətirib.
Torpaq islahatının əsasında torpağın bir şəxsdən alınıb digərlərinə
verilməsi prinsipi durur. Deməli, bir qayda olaraq torpaq islahatı artıq
mülkiyyət hüquqları mövcud olan (lakin bunlardan daha çox hakim elita və
cəmiyyətin imtiyazlı təbəqələri sui-istifadə edirlər) ölkələrdə aparılır.
Fəqət əvvəllər mülkiyyət huququ mövcud olmayan ölkələrdə onların
yaradılmasının zəruriliyi kimi bu gün qarşıya çıxan əsas problem torpaq
islahatı layihələrində nəzərə alınmır.
Axır zamanlarda torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı çətinlik
aşağıdakından ibarətdir. Əgər hökumət öz səlahiyyətindən istifadə edərək
mülkiyyəti bir dəfə zəbt edərsə, yenidən sonra bu səlahiyyətdən sui-istifadə
etməyə ona yəqin ki, heç nə mane ola bilməyəcəkdir. Deməli, mülkiyyətçilər
öz mülkiyyətlərinin qorunub saxlanılmasından narahatlıq hissi keçirəcəklər
və buna görə də uzunmüddətli investisiyalar qoymaqdan və uzunmüddətli
planlar qurmaqdan çəkinəcəklər. Torpaq islahatı insan üçün qanuni olmayan
şeyi hökumət üçün qanuni edir: o, mülkiyyətin zəbt edilməsini
qanuniləşdirir. Nəticə – mülkiyyətə sahibliyin geniş yayılması müsbət alınır
, lakin onun alınması yolları belə deyildirlər.
Müsadirə edilmiş torpaqları almış kəndlilər də yəqin hesab etməyəcəklər ki,
mülkiyyətləri üçün heç bir təhlükə yoxdur. Hələ 70-ci illərin əvvəllərində
mollaların müsadirə edilmiş torpaqlarını almış İran kəndliləri antropoloq
Qreys Qudellə bu barədə söhbət etmişlər. Onlar demişdilər: “Əgər şah bu
torpağı mülkədarlardan alıb bizə verə bilmişsə gələn dəfə də onu bizdən
almaq onun üçün çox asan olacaqdır”.
Bir qədər vaxt keçdi və onların qorxduqları hadisə baş verdi - şah torpağın
becərilməsini Amerika aqro-biznesinin nümayəndələrinin onun təbəələrinə
nisbətən daha yaxşı bildiklərinə əmin olduğu üçün torpaq sahələrini çox qısa
vaxt onlara sahiblik etmiş kəndlilərdən geri aldı. Bildiyimiz kimi, mollalar
öz torpaqlarını geri aldılar və dəymiş ziyanı aradan qaldırdılar.
1972-ci ildə Filippin prezidenti Ferdinand Markos öz amerikan müşavirlərinin
təkidli məsləhətlərinə əsasən yerli orta təbəqənin mülkiyyətinin
müsadirəsinə başladı. Ölkənin ərazisində yaşamayan mülkədarların torpaq
mülkiyyətini onların icarədarları arasında bölüşdürmək planlaşdırılmışdı.
Fəqət bir çox hallarda aydın oldu ki, bu torpaq mülkiyyətlərinin çoxu 25
akrdan artıq olmayan sahələrdən ibarətdir və xırda sahibkarlar və ya
müəllimlərin yığdıqları əmanətlər hesabına alınıb ki, pensiyaya çıxdıqdan
sonra bu torpaqlarda sakin olsunlar. Və o vaxta qədər də öz torpaqlarını
icarəyə verirdilər. Markosun Maniladakı sarayından müsadirə haqqındakı
fərman çıxdıqdan sonra icarədarlar icarə etdikləri torpaqların tam
sahiblərinə çevrildilər. Bir müddətdən sonra fərman ləğv edildi, lakin o,
xeyli ziyan vurmuşdu.
Həmin səhvi Salvador hökuməti də təkrar etdi. Orada da üzərində sahibi uzun
muddət yaşamayan torpaq müsadirəyə məruz qalmalıydı. Ancaq bir çox hallarda
aydın olurdu ki, həmin torpaqlarda yaşamayan sahiblər Mayamidəki
millyonerlər deyil, orta təbəqənin San-Salvadorda işləyən nümayəndələridir.
Onlardan bir çoxları tezliklə bildilər ki, qocalanda sakin olacaqları torpaq
sahələri əvəzinə onlar üzərində Aqrar İslahatlar İnstitutunun ştampı olan
lazımsız istiqrazların sahibidirlər. Bir qədər sonra ABŞ Dövlət Departamenti
bu ədalətsizlik ilə “sağ ölüm briqadaları”nın yaranması arasında
birbaşa əlaqənin mövcudluğu barədə bir nəticəyə gəlmişdi. Müsadirə
nəticəsində mülklərini itirmiş sahibkarlar belə üsulla öz torpaqlarını geri
qaytarmağa çalışırdılar.
Ancaq yeni sahibkarlar da öz torpaqlarını 30 il ərzində satmaq hüququnda
deyildilər. Bu tədbir onların torpağı müsadirə zamanındakı sahibinə satmaq
imkanının qarşısını almaq üçün görülmüşdü. Fəqət bunun nəticəsi mülkiyyət
hüquqlarının zəifləməsi oldu. Çünki öz mülkiyyətinin dəyərini anlamayan əsl
mülkiyyətçi sayıla bilməz və yəqin ki, onu yaxşılaşdırmağa da səy
göstərməyəcəkdir. Fərz edin ki, əgər heç kim 30 il ərzində öz evini satmaq
hüququnda olmasaydı ABŞ-da evlər nə günə düşərdi. Bundan əlavə, yeni
mülkiyyətçilərin öz torpaqlarını icarəyə vermək hüququ da yoxdur , əgər
onlar belə hərəkət etsəydilər özləri də “yaşamayan mülkiyyətçi”yə
çevrilirdilər. Və öz növbələrində də müsadirəyə məruz qalmalıydılar.
Salvadordakı mülkiyyət hüquqlarını nəzərə almayan torpaq islahatlarının
birinci mərhələsi bunun daha bir düyün nöqtəsini nümayiş etdirdi. Bu
mərhələdə 1235 akrdan çox torpağı olan fermerlərin torpaqları müsadirə
olunmuşdu. Torpaqda işləyənlərə deyilmişdi ki, onlar bu torpağın kollektiv
mülkiyyətçiləridir, ancaq onlardan heç birinin öz payını satmaq hüququ
yoxdur. Bundan əlavə, bütün kollektiv də öz torpağını bütövlükdə sata
bilməzdi. Belə fərmanlar mülkiyyət hüquqlarını möhkəmlətmək əvəzinə onları
tamamilə yumşaldır. Onlar həm də əməyə olan həvəsi söndürür, çünki
başqalarına nisbətən daha fəal işləyən adam öz əməyi müqabilində tam
faydalanmağı gözləməyəcəkdir. Belə şəraitdə istehsalatdan gələn bütün
gəlirlər tam vahid kollektivin bütün üzvləri arasında bölünürdü, əgər hətta
əlavə səylər onun ancaq bir üzvü tərəfindən göstərilmişdisə də. Beləliklə,
kollektivlər əməyin nəticəsini ümumiləşdirir və məsrəfləri isə
fərdiləşdirirdilər. İqtisadiyyatda bu problem “biletsiz sərnişin
problemi” adlandırılmışdır və indiyə qədər onun həlli heç kimə müyəssər
olmamışdır, çünki, onun həlli üçün insanın təbiətində köklü dəyişikliklər
edilməsi və onun arıların və qarışqaların psixologiyası ilə əvəz olunması
tələb olunur.
Qeyd etmək lazımdır ki, Salvadordakı torpaq islahatı 1934-cü ildə Meksikada
Kardenas hökuməti tərəfindən tətbiq olunmuş kollektivçi sistemi təkrar
etmişdir. O zaman Meksikanın kənd təsərrüfatının torpaq sahələrinin çox
hissəsi exido sistemi “islah edilmişdi”. Bu sistemdə kəndlilər öz
torpaq sahələrini satmaq hüququndan məhrum idilər. Bundan da əlavə, onlar
yaşayış yerini dəyişdikdə exidodakı mülkiyyətlərindən məhrum olurdular.
Qanun və təşəbbüslərin bu qatmaqarışıqlığı əsasında sombrerosu ilə gözlərini
örtmüş halda divarın dibində sərələnmiş tənbəl meksikalı stereotipi
yaranmışdı. Yeri gəlmişkən demək lazımdır ki, belə münasibət exidonun
kollektivləşdirilmiş üzvünün nöqteyi-nəzərindən tamamilə haqlı idi.
Meksikadakı bu problem hələ də həll olunmamış qalıb. 70-ci illərdə exido
sisteminə yeni torpaqlar əlavə etdilər. Bu sistem Meksika iqtisadiyyatının
öz əhalisini yedirtmək üçün kifayət qədər iş yerləri açmasına mane olan əsas
səbəbdir.
Bəs onda nəyə görə İkinci dünya müharibəsi qurtardıqdan sonra Uzaq Şərqdə
torpaq islatı uğurla başa çatdı? 1945-ci ildə Yaponiya general Duqlas
Mak-Arturun dekretinə müvafiq olaraq yeni konstitusiya qəbul etmək və
seçkilərin keçirilməsi ilə yanaşı, torpaq islahatı aparmağa da məcbur idi.
Yaponlar müharibədə sadəcə məğlub olmamışdılar; onlar öz məğlubiyyətlərinin
bahası kimi “amerikan həyat üsulunu” da qəbul etməyə hazır idilər.
Onlar başa düşürdülər ki, Mak-Artur hakimiyyəti özü üçün ələ keçirməmişdir.
O, tiranlığı öz xeyrinə bərqərar etməmişdi, amma dövlətin bir daha təkrar
olunmamalı işlərinə qarışırdı. Filippində Markos, Salvadorda Xose Napoleon
Duarte və İran şahı öz ölkələrində hüququn aliliyi prinsipinin pozulması
istiqamətində addımlar atdıqları zaman Mak-Artur Yaponiyada hüququn
aliliyini bərqərar edirdi. Yaponlar onu tərəddüdsüz qəbul etdilər, çünki
yeni sistemin gələcəkdə hakimiyyətdən nəzarətsiz istifadə edilməyə son
qoyulması məqsədi ilə hazırlandığını anlayırdılar. Onun sayəsində gələcək
daha da qorxusuz olmalıydı, insanlar isə ümidlərlə ruhlanıb öz işləri ilə
məşğul olmalıydılar.
Bu hadisə Yaponiyanın keçmiş müstəmləkəsi olan Cənubi Koreyada da baş verdi.
Burada torpaqların təqribən 15%-i klassik “yaşamayan mülkiyyətçi”lərdən
olan yaponlara məxsus idi. Yenə də amerikalılar gəldilər, sekiləri keçirməyə
və yeni kostitusiyanı qəbul etməyə məcbur etdilər və yaponlara məxsus
torpaqları koreyalılara qaytardılar. Öz növbəsində koreyalıların da amerikan
qaliblərinin şəxsi və ya siyasi mənfəət axtarmaları haqda fikirləşməyə
əsasları yox idi. Gələcəkdə xarici müdaxilənin təkrarlanmayacağına isə inam
bəsləmələrinə əsas var idi. Beləliklə, görünürdü ki, torpaq islahatı zamanı
verilmiş və ya bərqərar olunmuş mülkiyyətin qorunması üçün zəmanət var – bu
da sonrakı illərdə təsdiq olundu. |