|
ÖZƏLLƏŞDİRMƏ: NƏTİCƏLƏRƏ MÜQAYİSƏLİ BAXIŞ
AZƏR HÜSEYHOV
Mənbə:
"Məşvərət", N19-21,
1999
Keçmiş “SSRİ” və Şərqi Avropa
ölkələrinin əksəriyyətində sona yetən bir prosesin - özəlləşdirmənin
Azərbaycan reallıqları ilə gecikən birinci mərhələsindən ikinciyə keçid
fasiləsi hələ də davam edir. Hətta mətbuata yol tapan ll dövlət özəlləşdirmə
proqramının müəyyən müzakirə və mübahisələrinin istisi də “sükut buzlarını”
əridə bilmədi. Lakin “əbədi özəlləşdirmə sükutu” təhlükəsi yoxdur və ən
müxtəlif amillərin təsiri altında təxirə salınan belə fasiləsiz,
təxirəsalınmız proses gec-tez davam etməlidir.
Hələliksə, məcburi fasilədən səmərəli istifadə etmək olardı. Sonu görünməyən
yolun ll mərhələsinə səhvsiz başlamaq, məsafəni “rahat” başa vurmaq üçün
keçilən yolu - l mərhələni ətraflı araşdırmaq mümkün idi. Fasilədən
“darıxan” DƏK l mərhələnin ətraflı hesabatını təqdim edə bilərdi. Təəssüf
ki, bu məsələlər yada düşmədi. Təkcə DƏK-dən asılı olmayan və təkcə DƏK-ə
aid olmayan başqa bir iş də - l mərhələnin nəticələrinin təhlili də ümumi
sözçülük axarının əsaslı-əsassız tənqid və təqdirlərində itib-batdı.
Hər halda, belə mübahisələrin hay-küyündə özəlləşdirmənin əsaslı məsələləri
- səmərəli təsərrüfat sistemi yaradılması və istifadə olunmayan, pis
istifadə olunan resursların effektiv istismara cəlb edilməsi kimi sualları
öz cavabını tapmadı. qeyd edilən “nailiyyətlərsə” - indiyədək kiçik
müəssisələrin 80 %-nin, orta və böyük müəssisələrin 20 %-nin
özəlləşdirilməsi, özəlləşdirmədən dövlət büdcəsinə 72 milyon dollar vəsait
daxil olması kimi faktlardasa əsaslı sualların cavabını axtarmağına dəyməz
və bu göstəricilər potensial ehtiyatların səmərəli istifadəsindən xəbər
vermir. Hətta özəlləşdirilən kiçik müəssisələrdə 120 min vətəndaşın
çalışması, yaxud özəlləşdirilən səhmdar cəmiyyətlərin hələlik satılmayan
səhmlərindən 500 milyard manatlıq potensial büdcə gəlirlərinin gözlənilməsi
səmərəliliyə deyil, “səmərəlilik ilğımlarına” yarayan nümunələrdir. Əlbəttə,
4 il ərzində - 1992-96-cı illərdə öz-özünə, xaotik inkişaf edən bazarın ilk
“cücərtiləri” - xırda ticarət, xidmət qeyri-rəsmi məşğulluğa 450 min nəfəri
və ya əmək ehtiyatlarının 10 %-dən çoxunu cəlb etməsəydi, üçillik dövlət
proqramının sonunda əmək ehtiyatlarının cəmi 3 %-nin məşğulluq imkanı
tapmasını bəlkə də, uğur saymaq olardı. Özəlləşdirmə prosesindən kənarda
təşəkkül tapan “sivil” bazar strukturlarından təkcə kiçik müəssisələr üzrə
məşğul olanların sayının 1993-96-cı illər ərzində 80 min nəfərə çatması ilə
müqayisədə özəlləşdirmənin belə “uğurları” tamamilə uğursuz görünür.
Məşhur sxemin (55-30-15) potensial gəlirlərinin “kinetik” gəlirlərə çevrilmə
ehtimalı - satılmayan səhmlərin 500 milyard manat gəlir gətirməsi ehtimalı
isə nəinki hökumətin opponentlərinə, hətta öz bir sıra hökumət
nümayəndələrinə də inandırıcı görünmür.
Lakin belə göstəricilər, bu müqayisə və mülahizələr özəlləşdirmənin uğuru və
ya uğursuzluğu barədə tam təsəvvür yaratmır. Başqa postsosialist ölkələrlə
müxtəlif göstəricilər üzrə müqayisə ciddi narahatlıq doğuran sonuclardan
xəbər verir.
Əlbəttə, özəlləşdirmə islahatlarının gec başlanmasını qeyri-sabit siyasi
mühitlə, çətin geopolitik vəziyyətlə izah etmək olar. Lakin uyğun müddətlər
ərzində uyğun gəlməyən göstəricilər əldə olunmasına əsaslı səbəblərlə bəraət
qazandırmaq qeyri-mümkündür. Bu baxımdan ÜDM-un tərkibində özəl bölmənin
artımı üzrə bəzi Şərqi Avropa ölkələriylə müqayisədə geriliyin də yalnız
əsassız səbəbləri var. Çexiya özəlləşdirməyə 1991-ci ildən başlamışdı.
Xüsusi sektorun ÜDM-da payı 1992-ci ildə 28 %, 1993-cü ildə 45 %, 1994-cü
ildə 62 %-ə çatdı. Polşa özəlləşdirməsinin “həyata vəsiqə alması” 1990-cı
ilə təsadüf etdi. Həmin il özəl bölmənin ÜDM-da xüsusi çəkisi 30 %-ə bərabər
oldu. 1991-ci ildə bu göstərici 42 %-ə, 1993-cü ildə 60 %-ə qədər artdı.
Özəlləşdirməni Polşa ilə eyni vaxtda başlayan Macarıstanın göstəriciləri də
geri qalmadı. 1990-93-cü illər ərzində xüsusi sektorun ÜDM-da payı 65 %-ə
qədər yüksəldi. Həmin illərdə bu ölkələr məşğul əhalinin də mühüm hissəsini
özəl bölməyə cəlb etdilər. Məşğul əhalinin 55-65 %-i xüsusi sektorda
cəmləndi.
Azərbaycanda isə belə sürətli artım mümkün olmadı. 1996-cı ildə ÜDM-un 25
%-i özəl bölmənin payına düşürdü. 1997-ci ildə bu göstərici 46 %-ə, 1998-ci
ildə 52 %-ə qədər yüksəldi. Özəl bölmədə işləyənlər ən optimist
qiymətləndirmələrə görə, məşğul əhalinin 30 %-dən yuxarısı deyil. Üstəlik,
bu nəticələr təkcə və ya əsasən üçillik özəlləşdirmənin “uğurları” sayıla
bilməz. Dövlət mülkiyyətinin transformasiyasından kənarda 1991-ci ildən bəri
az-çox inkişaf edən özəl bölmə təşəkkül tapırdı. 1995-1997-ci illər ərzində
hər il orta hesabla 7-8 min yeni kiçik müəssisə, firma, şirkət və s. təsis
olunurdu. Özəlləşdirmənin startı verilərkən xüsusi sektorun ÜDM-dakı payı
faktiki olaraq 10 %-dən yuxarı idi. ÜDM-da xüsusi sektorun payının inkişaf
templərilə bağlı göstəricilər hamıya məlum bir həqiqəti - yuridik dövlətin
hesab olunan, faktik sahibsiz qalmış, talanmış, mənəvi-fiziki aşınmış
mülkiyyətin yararsız istifadəsini qismən aşkara çıxarır. Xilası özəlləşdirmə
ilə bağlı olan sosialist sənayelərinin postsosialist dövrünün müqayisəsi isə
yarımçıq aşkarlamaları tamamlayır. Aydın olur ki, müvəffəqiyyətli islahatlar
və bu islahatların aparıcı istiqaməti olan özəlləşdirmə vasitəsilə “keçid
azamlaranını” minimallaşdıra bilən ölkələr “sənaye azalmalarını” da minimal
həddə saxlaya biliblər. 1990-93-cü illərdə Çexiya, Polşa, Macarıstanda ÜDM
cəmisi 19-20 % azaldı. Çexiyada sənayenin aşağı düşmə tempi 1991-ci ildə
24,4 %-ə, 1992-ci ildə 7,9 %-ə, 1993-cü ildə 7,4 %-ə bərabər oldu. 1994-cü
ildə isə 2,1 % artım əldə olundu. Bu rəqəm - bu artım 1995-ci ildə 9,2 %-ə,
1996-cı ildə 6,8 %-ə çatdı. Polşa sənayesi uyğun olaraq 1990-91-ci illərdə
24,2 % və 11,9 % azaldı. 1992-ci ildə 3,9 %, 1993-cü ildə 7,3 %, 1994-cü
ildə 11,9 % artım baş verdi. Macarıstan sənayesinin 1990-92-ci illərdəki
4,5-19,1 % azalmasını 1993-95-ci illərin 2,4-9,5 % artımı əvəz etdi. Uğursuz
islahatlar, uğursuz özəlləşdirmə Azərbaycanı bu cür göstəricilərdən
uzaqlaşdırdı. 1990-95-ci illərdə ÜDM-un azalması bütün postsosialist məkanın
ən yüksək hədlərdən biri oldu. Ölkə istehsal potensialının 2/3-ni itirdi.
ÜDM 72 %-dək aşağı düşdü. “Sənaye böhranı” isə daha dərin oldu. 1997-ci
ilədək sənayenin azalması davam etdi. Sənaye istehsalı 70 %-ə qədər aşağı
düşdü və sonradan başlayan cüzi artım (0,3 %) yanacaq-enerji kompleksinə
vurulan “xarici təkanın” nəticəsi oldu. Polşa, Macarıstan, Çexiyada
1994-97-ci illərdə yüngül, yeyinti, qara metallurgiya, maşınqayırma
sahələrinin bəzi hallarda 15-20 %-ə çatan artım templəri kimi nümunələr
Azərbaycan sənayesinin timsalında görünmədi. Yanacaq-enerji, neft-kimya
sahələrindən başqa bütün sənaye sahələri bu gün də “qara günlərini” yaşayır
və bu gün də 20-30 %, bəzən 40-50 % aşağı düşmə meylləri müşahidə olunur.
Müqayisələrdə aşkara çıxan belə fərqli göstəricilər o qədər də gözlənilməz
bir hadisə deyil. Azərbaycanın səhvlərlə başlayan və gecikən
özəlləşdirilməsi başqa bir mühüm məsələnin - “qənaət xeyirxahlığının”
həllinə də imkan verməmişdi. Gəlirlər daha çox yığıma deyil, istehlaka
yönəldi, investisiya fəallığı müşahidə olunmadı. Doğrudur, son illər məcmu
investisiyaların həcmi ÜDM-un 30 %-dən yuxarı qalxdı və ilk baxışda Polşa,
Macarıstan, Çexiyanın uyğun göstəricisinin 20-22 % ətrafında dəyişməsilə
müqayisədə belə bir yüksəliş mühüm nailiyyət sayıla bilərdi. Lakin məcmu
investisiyaların 68-70 %-ni təşkil edən xarici vəsaitləri nəzərə almadıqda,
hətta 1997-98-ci illərdə məcmu daxili investisiyalar ÜDM-un 10 %-dən çoxunu
təşkil etmir. Bu halda isə daxili investisiyaların həcminin ÜDM-un 16-19
%-nə bərabər olduğu Şərqi Avropa ölkələrilə müqayisələrdə ciddi gerilik
yaranır. Tez-tez hallandırılan xarici investisiyaların mütləq həcminin
müqayisəsi də Azərbaycanın “qələbəsindən” xəbər vermir. Ölkəyə gələn və
60-70 % “neft investisiya”larından ibarət olan xarici vəsaitlərin neçə illik
axını hələlik 3 milyard dollar zirvəsini fəth etməyib. Xəzərsiz və neftsiz
Macarıstan 1990-95-ci illərdə bu nailiyyətdən çox irəli gedib. 11 milyard
dollardan yuxarı vəsaiti ölkə iqtisadiyyatına cəlb edə bilib. Çexiya da bu
illər ərzində 6 milyard 700 milyon dollar xarici vəsait “qoparmağı” bacarıb.
Şərqi Avropanın bu ölkələrində nisbi yüksək həcmə malik olan xarici və
daxili investisiyalar özəlləşdirmə ilə şərtlənib və Polşa, Macarıstan,
Çexiyada 1993-95-ci illər üçün məcmu investisiyaların 40-50 %-nin maşın və
avadanlıqlardan ibarət olması da bu cəhəti təsdiq edir. Yəni bu ölkələrdə
mülkiyyətin vaxtında sahibkarını tapması texniki-texnoloji yeniləşməyə imkan
yaradıb. Azərbaycanda isə son illər məcmu investisiyaların 60-70 % tikinti
quraşdırma işlərinə yönəlib və mövcud müəssisələrin “çürüməsi” fonunda
xırda-para yenilərinin yaradılması prosesi gedir. Bakı küçələrində bəzən
rast gəlinən ziddiyyətli mənzərə - miskin görkəmdə olan böyük dövlət ticarət
obyektinin bir addımlığında yeni, yaraşıqlı supermarketin tikilməsi
Azərbaycan özəlləşdirməsinin “səmərəliliyindən” xəbər verən nümunələrdir.
Belə nümunələr dairəsində isə əsas məsələ - iqtisadi tərəqqi baş vermir.
Təkcə sənayenin özü və yaxud kənd təsərrüfatı, başqa sahələr böhran
keçirmir. Sənayenin iş qüvvəsi potensialı - 250-300 min nəfər nisbətən
yüksək effektiv əməyə qabil olan heyət böhran girdabına düşür və bu heyətin
böyük əksəriyyəti məcburən çox aşağı məhsuldarlığın mövcud olduğu sahələrə -
primitiv ticarət, xidmət sferalarına dağılırlar. Bir sözlə, Azərbaycanın
sənaye ölkəsindən postsənaye cəmiyyətinə çevrilməsi əvəzinə “feodal” bazara
qayıtmasında özəlləşdirmənin də mühüm “töhfəsi” olub. Həticədə Şərqi Avropa
ölkələrinin 1990-cı il istehsal səviyyəsini bərpa etməsi kimi meyllər
Azərbaycanda müşahidə olunmayıb. Çexiya, Macarıstan 1997-ci ilin əvvəlinə
1989-cu ilin 85-90 %-i səviyyəsində ÜDM istehsalına nail ola bildilər.
Polşada isə tam irəliləyiş baş verdi və bu ölkə 1989-cu il istehsal
səviyyəsindən yuxarı qalxan ilk postsosialist dövləti oldu. 1997-ci ildə ÜDM
1989-cu ilin 110 %-i həddinə çatdı. Azərbaycan isə hələ də “mühüm” bir
nöqtəni - 1990-cı ilin 30 %-i həddini keçə bilmir.
Belə iqtisadi göstəricilərin fonunda uğurlu özəlləşdirmə nəticələri hesab
olunan başqa meyarlar kimi özəlləşdirmədən daxil olan vəsaitlərin həcmi də
əhəmiyyət kəsb etmir. Azərbaycanın ilkin özəlləşdirmə mərhələsindən dövlət
büdcəsinə Polşadan 10 milyon dollar çox əsait daxil olmasına sadəlövhcəsinə
sevinmək mümkündür. Lakin özəlləşdirmədən heç nə qazanmayan, əksinə 280
milyard marka itirən və eyni zamanda üç il ərzində ölkə iqtisadiyyatına 500
milyard marka investisiya cəlb edən keçmiş ADR təcrübəsi belə uğurların
üstündən qara xətt çəkir. Əlbəttə, səmərəli-potensial imkanlardan sürətli
istifadəyə yönələn özəlləşdirmə həyata keçirilsəydi, yəqin ki, büdcəyə çox
az vəsait daxil olardı. Ancaq ÜDM-un fəlakətli azalması da baş verməzdi və
sonradan daha böyük artım templəri ilə irəliləmək mümkün idi. Hər halda,
müasir dünyada iqtisadi dinamika daha da sürətlənib və nəinki 5-10 %, hətta
11-15 %-ə bərabər olan templərlə də inkişaf təəccüblü deyil. Bu təəccüblü
olmayan iqtisadi tərəqqidə - islahatların və özəlləşdirmənin radikal Şərqi
Avropa yolunda özəlləşdirmədən 70-80 milyon dollar “qazancı” itirmək olardı.
Lakin bu itkinin əvəzində ÜDM-un 1990-cı il səviyyəsinin heç olmasa 50-60
%-ni əldə etmək mümkün idi. Yəni ölkə ildə indikindən 4 milyard dollar çox
məhsul istehsal edə bilərdi. İşsizliyin dəqiq bilinməyən, ancaq güman edilən
həddindən - 25-30 %-dən 10-15 %-ə qədər irəliləmək olardı.
Lakin bir tərəfdən korrupsiya, talançılıq meylləri, başqa tərəfdən
“sosialistcəsinə” başa düşülən və mahiyyətcə ədalətsiz olan ədalətli
özəlləşdirmə tələbləri, əmlakın qiymətilə bağlı sadəlövh “ekspert” rəyləri
və s. ölkə özəlləşdirmə prosesini Şərqi Avropa yolundan sapdırdı. Azərbaycan
özəlləşdirmə mühitinə məcburən çek və onun əcaib sxemi ilə daxil oldu. 10
%-i silinən və artıq qalan hissənin 80 %-ə yaxını da müxtəlif əllərdə
cəmləşən çeklər öz yararsızlığını indiyədək cəmi 55 min səhmdarın meydana
çıxması ilə sübut etdi. Lakin bu sübut çeklərin hələ də özəlləşdirmə maneəsi
kimi qarşı kəsməsini aradan qaldırmır.
Bir sözlə, postsosialist özəlləşməsində əsas məsələnin mülkiyyətin sürətli
transformasiyası olması dərk olunmadı və bu da ölkəyə çox baha başa gəldi.
Təəssüf ki, bu aşkar həqiqət bu günün özündə də tam qəbul olunmur və l
mərhələnin səhvlərinin ll mərhələdə də davam etməsi ehtimalı böyükdür.
Mənbələr:
1. Obzor gkonomiçeskoqo polojeniə Evropı.
1998 N1. Evropa i Rossiə. Opıt gkonomiçeskix preobrozovaniy. Pod red. V. M.
Kudrova i V. N. Şenaeva. Moskva. «Nauka» 1996.
2. World Economic Outbook. International Monctary Fund, Washington, may 1997
3. Economic Survey of Europe 1998 N2. United Nations, New York 1988
4. İqtisadi məsələlər üzrə dövlət müşaviri V. Axundovun mətbuat konfransı.
“Xalq” qəzeti, 16 yanvar 1999-cu il.
5. Nazirlər Kabinetinin geniş iclasında DƏK sədri N. Nəsiblinin çıxışı.
“Xalq” qəzeti, 12 noyabr 1998-ci il.
6. Ölkənin sosial-iqtisadi vəziyyəti haqqında Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin məlumatları.
Bakı, 1998, 1999. |