|
BÖYÜK BRİTANİYA RADİO-TELEVİZİYON YAYIMLARI VƏ BRİTANİYA QANUNVERİCİLİYİ
NİYAZİ MEHDİ
Mənbə:
"Məşvərət", N17,
1999
Böyük Britaniyada
Bi-Bi-Si (Britaniya Yayım Şirkəti) lap öncədən ictimai qurum olmaqla (özəl
olmamaqla) yanaşı, həm də dövlət siyasətinin təsiri altında qalan və yayımda
inhisara çevrilmiş şirkət idi. Mühafizəkarlar Britaniya yayımında bu şəkildə
güc qazanmış dövlət amilini zəiflətmək üçün addımlar atmağa başladılar.
1951-ci ildə onlar hakimiyyətə gələndə bazar iqtisadiyyatının
prinsiplərindən yarış və azad seçənək prinsiplərini yayım dünyasına da
yeritməyə başladılar. Bunun üçün aşağıdakı addımları atdılar: 1954-cü ildə
parlamentin mühafizəkar çoxluğu Yayım Aktını qəbul etdirdi. Bu akt
kommersiya televizyonuna (Ay-Ti-Vi-yə) icazə lisenziyası vermək
situasiyasını yaratdı. Eyni zamanda icazə verildi ki, o, reklamla özünü
maliyyələşdirsin.
Bu, yeni yayım
siyasəti idi. Ancaq mühafizəkarlar, sözsüz, elə bir üstünlükdə deyildilər
ki, siyasətdə və toplumda opponentləri ilə tam hesablaşmasınlar.
Mühafizəkarların yayımı bazar iqtisadiyyatının «oyun qaydalarına salmaq
istəyi müxalifətin çox güclü müqaviməti ilə rastlaşdı. Bunun sonucunda onlar
öz yenilikçi siyasətlərində düzəlişlər yapmaq zorunda qaldılar. Ona görə də
qərara alındı ki, hər halda kommersiya televizyonu dövlət orqanı olan
Bağımsız (müstəqil) Televizyon Yönətiminin (İdarəsinin) nəzarətinə
buraxılsın. Onu da deyək ki, bu idarə ingilis abbreviaturunda (sözlərin
birinci hərflərində) Ay-Ti-Ey adlandı.
Beləliklə,
kommersiya yayımında (Ay-Ti-Vi-də), məsələn, Birləşmiş Ştatlarda ola
bilməyən bir pilləkan yarandı: kommersiya televizyonu Ay-Ti-Ey-ə tabe oldu,
Ay-Ti-Ey-in özü isə parlamentin nəzarətinə verildi və beləliklə, özəl,
kommersiya teleyayımı, bir az dolayı da olsa, dövlət nəzarətinə düşdü.
Sözsüz, Britaniya
özəlliyini bilməyən kəs kommersiya tipli yayımda yönətimçilik (idarəçilik)
yapan və parlamentə tabe olan Bağımsız Televizyon Yönətimi qurumunun
adındakı «bağımsız» ( «müstəqil») sözündə nəsə qondarmaçılıq və kinayə görə
bilər. Ancaq Britaniya toplumunda dövlətlə, hakimiyyətlə bağlandığı üçün
müstəqilliyi mütləq olmayan qurumların hər halda davranış üçün müstəqillik
zonası az deyil. Bunu Ay-Ti-Ey-in sonrakı işləri yaxşı göstərdi.
Britaniyada Dövlət
Yayım Şirkətinin - Bi-Bi-Si-nin gücü, imkanları fonunda xeyli zəif olan
özəl, kommersiya televizyonunun durumu ilk çağlarda çox çətin idi. Bi-Bi-Si
ilə rəqabətdən salamat çıxmaq böyük problemlərin öhdəsindən gəlməyi gərəkli
edirdi. Bax, belə bir vəziyyətdə Ay-Ti-Ey, kommersiya televizyonunun
çətinliklərini gözə alaraq onun özünü dolandırmaq üçün əl atdığı bir çox
şeylərə xeyli vaxt göz yummağa başladı. Bunun sonucunda kommersiya
televizyonu xəbərdarlıq hədələrini eşitmədən yayımdanqıraq iqtisadi
sahələrdə çalışmalar yapmağa başladı. Beləcə onun gəliri yalnız yayımdan
yox, həm də bəzi adi biznes sahələrindən (turizmdən, nəşrdən və s.-dən)
oldu.
Britaniyada
kommersiya radio və televizyonunun şəraitini yaxşılaşdırmaq məsələsində ən
böyük hadisə yayımla bağlı 1990-cı il qanun aktı oldu. Əgər 90-cı il qanun
aktı layihəsinin tərəfdarları ilə ona qarşı çıxanların diskussiyasından
mövqelərin düsturunu çıxarmaq istəsək, söyləmək olar ki, mühafizəkarlar
üçün, əslində, televizyona «teleproqramlar sənayesi» kimi yanaşmaq xas idi.
Belə yanaşanda televizyon tamaşaçıları da yalnız istehlakçı, tükətimçi kimi
görünür. 90-cı il qanun aktının layihəsinə qarşı çıxanların bu baxımdan,
televizyona və onun tamaşaçılarına baxışları ayrı cür idi. Onlar hesab
edirdi ki, televizyon həm də ictimai tribunadır, teletamaşaçılara gələndə
isə onlar həm də vətəndaşdırlar. Göründüyü kimi, mühafizəkarlara müxalif
olanlar televizyona sosial sorumluluq, məsuliyyət nəzəriyyəsindən baxırdı.
Bu, sosializmə meyilli leyboristlər üçün səciyyəvi bir yanaşma idi.
90-cı il qanun
aktının layihəsinə qarşı çıxanların tənqidində tutarqalar sırasında
kommersiyaya az uymuş Britaniya televizyon keçmişinin yetənəklərini
sadalamaq, öymək də vardı. Diskussiyalarda onlar opponentlərinə andırırdılar
ki, 1976-1985-ci illərdə Britaniya televizyonu Montradakı telefestivallarda
20 «Oskar» alıb, halbuki ABŞ televizyonu həmin dönəmdə yalnız üç «Oskar»a
yiyə ola bilib (Fransanın isə bu vaxtlar heç bir «Oskar»ı da olmayıb).
Televizyon
işlərinin ən yaxşısı üçün ayrılmış 60 ödüldən (mükafatdan) 80-ci illərin
axırınacan Britaniya televizyonu 17-sini almışdı. Amerikalılara bu
mükafatlardan 6-sı, fransızlara isə yalnız 4-ü düşmüşdü.
Müxalifət
göstərirdi ki, bütün bu uğurlara səbəb əski Britaniya televizyonunda
ciddiliklə əyləncə arasında saxlanıl-mış «qızıl tarazlıq» idi. Kommersiya
televizyonu isə həmişə istədi-istəmədi bu tarazlığı pozmağa məhkumdur.
Britaniya yayımı
üzrə neçə illərdən bəri aparılan sorğular da 90-cı il qanun aktının
layihəsinə qarşı çıxanların baxışlarının gerçək dayaqlara söykəndiyini
göstərir. Sorğular aydın edirdi ki, televizyon, doğrudan da britaniyalıların
çoxu üçün, sadəcə, əyləncə vasitəsi deyil. Bəlli olurdu ki, onlar
televizyonu özləri üçün dünya haqqında soraqlar almağın başlıca qaynağı
sayırlar.
Bununla bağlı bir
örnək. 1991-ci il sorğusuna görə, britaniyalıların 82 faizi məhz
televizyonu, 18 faizi isə qəzetləri özləri üçün başlıca informasiya mənbəyi
hesab edirdi. Sorğular onu da göstərirdi ki, Britaniya tamaşaçıları ciddi
öyrətimə, təhsil proqramlarına çox maraq göstərir. Onlar sağlamlıq, elm,
texnika, heyvanlar aləmi haqqında yaxşı verilişlərə tamaşa etmək
istədiklərini bildirirlər.
Diskussiyaların
gedişi axırda ona gətirdi ki, müxalifətin tənqidi öz nəticəsini verdi:
hakimiyyət həm qanun layihəsində, həm də qanun aktına sonrakı düzəlişlərdə
yayımın keyfiyyətinə, kommersiya televizyonunda məzmun məsələsinə ayrıca göz
qoymaq üçün qurumlar yaratmağın hüquqi təməlini qoydu. Ay-Ti-Si-yə (Bağımsız
Televizyon Komissiyasına) tapşırıldı ki, kommersiya teleyayımında
proqramların keyfiyyətinə və məzmununa nəzarət üçün qaydalar dəsti, paketi
hazırlasın.
Biz artıq sovet
təcrübəsindən bilirik ki, «yaxşı zövqün gərəkləri», «üstün keyfiyyətin
tələbləri» söz azadlığını senzura çərçivələrinə salmaq üçün asan imkanlar
açır. Britaniya yayım tarixində bu imkanlardan istifadə olunması haqqında
faktlar heç də çox az olmayıb. 1990-cı il qanun aktı yayım məkanını
tənzimsizləşdirmə ideyasına uyğun olaraq bu məsələdə də bəlli dəyişmələr
yaratdı. Ceofrey Robertson və Əndriyu Nikol araşdırmalarında göstərirlər ki,
1990-cı il aktında, artıq «yaxşı zövq» baxımından proqramların məzmununa
normativlər, intizam ölçüləri vasitəsi ilə göz qoyulması yaxşı keyfiyyət
məsələsinə toxunmurdu. Həmin dəyərlə yalnız camatı sarsıdacaq, topluma
vəlvələ salacaq olayları qabaqlamaq məqsədi qarşıya qoyulurdu. Qanuna
söykənərək Bağımsız Televizyon Komissiyası, məsələn, paternalist, yəni ata
qəyyumluğu mövqeyini tuturaq bildirirdi ki, televizyon sosial normalara
uyğun davranmaq zorunda olmalıdır.
90-cı il qanun
aktında, deyildiyi kimi, icazə lisenzlərinin verilməsi qaydaları, bu
lisenzlə yayıma təsir göstərmək kimi Britaniya ənənələrini saxlamışdı.
Qanunun bir çox bölümləri lisenzlərə həsr olunmuşdu.
Ceofrey Robertson
və Əndriyu Nikol araşdırmalarında bu qanunla bağlı icazə lisenziya
məsələsinə toxunanda boyunlarına alırlar ki, hər şey qalsın bir qırağa,
«lisenz» təkcə anlayışına, mənasına və tanımına (tərifinə) görə insanın
özünübildirmə özgürlüyünü (azadlığını) cızığa salmaq deməkdir. Ancaq Avropa
Konvensiyasının 10-cu maddə insanın bu haqqı bütün aydınlığı, gücü ilə
bildirilsə də konvensiyada o da yazılmışdı ki, bu haqq dövlətin yayım,
televizyon, kino əyləncələrini lisenzləşdirmək sistemini yaratmasının
qarşısını almır.
Daha sonra Ceofrey
Robertson və Əndriyu Nikol Britaniya yayımında lisenz məsələsi ilə
düşüncələrini belə konkretləşdirirlər: Avropa Konvensiyası lisenz faktını öz
«olarları», «icazəliləri» siyahısına salsa da bu anlayışdan senzura
məqamlarını götürməyi irəli sürür. Konvensiyadan bilinir ki, burada lisenz
faktına heç də gözqoyucu qurumların ayrıca senzura qərarları çıxarmaq hüququ
kimi baxılmır.
Yeri gəlmişkən bir
açıqlama verək. Avropa Məhkəməsi haqqoruyuculuğu ilə bağlı apardığı
araşdırmalarda, çıxardı- ğı qərarlarda həm də Avropa Konvensiyasına
söykənir. Ona görə də Avropa Məhkəməsinin qərarları konvensiyanın
bildirdiklərini yeni imkanlar, yeni olaylar işığında yozmaq, açıqlamaq
vəzifəsini daşıyır. Nəticədə həmin qərarlar həm də konseptual məna daşıyaraq
insan haqlarını düşünmək, yeritmək planında ana sənədlərə xidmət edir.
Ceofrey Robertson
və Əndriyu Nikol araşdırmalarında Avropa Məhkəməsinin indi haqqında
danışacağımız bir qərarına söykənəndə məhz bu qərarın konseptual dəyərini
nəzərə alırlar. Bu qərar isə lisenz məsələsində icazə, gözqoyma tərəflərini
senzura etmək funksiyasından ayırmağın vacib olduğuna diqqətləri
yönəltmişdi.
Avropa
Məhkəməsində belə bir fərqləndirməni aparmağa «Qroppero Radiosu İsveçə
qarşı» məsələsi səbəb olmuşdu. Araşdırıcılar faktla bağlı yazırlar ki, İsveç
hakimiyyəti İtaliya radiostansiyasının pop-musiqi proqramlarını ötürən İsveç
şirkətinə həmin radiostansiyanı bir daha tranlyasiya etməyi yasaq etmişdi.
Bu zaman hakimiyyətin tutarqası bu idi ki, şirkət translyasiya üçün
uluslararası bağlaşmalarda bəyənilmiş ötürücülərdən istifadə etmir.
Vəziyyət belə
olanda İsveç radio şirkəti Avropa Məhkəməsinə şikayət verdi. Şikayətdə
göstərildi ki, İsveç hakimiyyətinin ona qoyduğu yasaq Avropa Konvensiyasının
10-cu maddəsində bildirilmiş informasiyanı azad yaymaq haqqını pozur.
Şikayət üzrə
araşdırmalardan sonra Avropa Məhkəməsinin çıxardığı qərar belə oldu:
Populyar musiqinin
özü və populyar musiqi üzrə kommersiya işi «informasiya», «ideya» və
informasiyanı, ideyanı yaymaq anlayışlarına uyğun gəlir. Ona görə də onlara
qoyulan yasaq 10-cu maddəyə qarşı durur, onu pozur. Konvensiyada dövlətlərə
yayımları lisenzləşdirmək icazəsi var, ancaq bu icazə çox dar çərçivəyə
salınıb və o, 10-cu maddədəki təməl haqqı poza bilməz. Dövlətlərə yalnız
ayrı-ayrı bölgələr içində qurumlara, onların istifadə etdikləri texnolojiyə
göz qoymağa icazə verilir. Bununla yanaşı, demokratik toplumda konkret
lisenz ölçülərinin, meyarlarının özünün hər dəfə nə qədər gərəkli olması,
10(2)-cu maddəyə zidd gəlib-gəlməməsi gözdən keçirilməli, sübutlanmalıdır.
Ceofrey Robertson
və Əndriyu Nikol araşdırmalarında boyuna alırlar ki, yayım üzrə 1990-cı il
qanun aktına keçid qanunu kimi baxılmalıdır. Bu qanun aktı keçid olmanın
mürəkkəbliyini daşıdığı üçün də 1990-cı il qəbul olunmamışdan öncə
parlamentdə qızğın diskussiyaların, çoxlu düzəliş və dəqiqləşdirmələrin
hədəfi olmuşdu. Axırda ortaya 291 səhifəlilik çox tutumlu, ağır bir qanun
aktı çıxmışdı. Ancaq bütün mürəkkəbliyə və çətinliklərə baxmayaraq, hər
halda, 90-cı il qanun aktı demokratiyanın qanunudur, avtoritarizmin,
etatizmin yox. |