|
İTALİYADA
YAYIM
ÜZRƏ 1997-Cİ İL QANUNU
NİYAZİ MEHDİ,
DİLARƏ MEHDİ
Mənbə:
"Məşvərət", N19-21,
1999
Yayımın qanunla yönəldilməsi
məsələsində Qərbin bir maraqlı «ixtira»sı var ki, özünü İtaliyada da
göstərir. Böyük Britaniyada yayımın kriminal olmayan pozuntuları ilə nə
«prokurorluğ»un, nə də başqa bu tipli orqanların işi var. Özəl televizyonun
qanunla bağlı məsələlərinə Bağımsız Televizyon Komissiyası baxır. Bu
komissiya özəl kanallara, proqramlara normativlər verir, pozuntuların
monitorinqini (müşahidəsini, qeydiyyatını) aparır.
Britaniyada özəl telekanallarla bağlı başqa işləri yuxarı instansiya kimi
Yayım Standartları Komissiyası görür. O, 1988-ci ildə “gözqoyucu” (watchdog)
qurum kimi yaranmışdı. Onun işi proqramlarda əxlaqilik, mənəvilik baxımından
üzə çıxan aşağı keyfiyyətlərlə bağlı şikayətlərə baxmaq idi.
Özəl televizyon kanalları ilə bağlı belə nəzarət pillələrinin yaranmasının
mənası nə idi? Mənası o idi ki, bir tərəfdən bu qurumlar dövlətlə bağlı idi
(axı onların üzvlərini, rəhbərlərini parlament qoyurdu), ikinci tərəfdənsə
onlar dövlət buyuruqlarını televizyon kanallarına yeritmirdi və bu anlamda
özünübildirmə azadlığına, fikir azadlığına dövlət tərəfindən əngəl olmaq
funksiyasını yerinə yetirmirdi. Onlar vətəndaşların şikayətləri əsasında
proqramlarla bağlı ölçülər götürürdü.
Oxşar olaraq İtaliyada da Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarə
yaradıldı. Həmin qurumun yaradılması bu ölkədə 1997-ci ildə yayım və
telekommunikasiya üzrə çoxdan gözlənilən qanun çıxarılandan sonra mümkün
oldu. Qanun bu qurumu tam müstəqil elan etdi və vurğuladı ki, öz
mühakimələrində, dəyərləndirmələrində o, tam asılılıqsızdır.
Ancaq, eyni zamanda, Britaniyada olduğu kimi İtaliada da dediyimiz qurumun
üzvlərinin çoxunu parlament seçirdi. İdarənin quruluşu belə idi: ona qurumun
prezidenti rəhbərlik edirdi. İdarədə şura, infrastruktur və şəbəkə
komissiyası, xidmətlər və məhsullar üzrə komissiya vardı. Şura prezidenti və
komissiyalara başçılıq edən səlahiyyətli nümayəndələri özünə qatırdı.
Komissiyaları prezident və komissiya başçıları yaradırdı.
Dövlət tərəfindən Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə kadrlar
belə qoyulurdu: 1997-ci il qanununa görə, deputatlar palatası idarəyə dörd
səlahiyyətli şəxs seçirdi. Respublikanın prezidenti isə onları öz dekreti
ilə təsdiq edirdi. Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə
prezidentin qoyulması məsələsini respublika prezidenti kommunikasiya naziri
ilə razılaşdırmalı idi. Bundan başqa, Parlamentin bütün komisiyaları da
həmin namizədə öz razılıqlarını verməli idilər.
1997-ci il qanununa görə, Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarə
televizyon və radio yayımının tənzimlənməsi üzrə qanun buyuruqlarını yerinə
yetirməli idi. Qanunu verdiyi qaydalar isə yayımı tənzimləmək üçün bir çox
məsələləri əhatə edirdi.
Deyilənləri konkret örnəkdə göstərək. Yayım üzrə 1997-ci il qanunu tələb
edirdi ki, Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarə təbliğat, reklam
və siyasi informasiya üzrə məsələləri sahmana salsın. Təbliğatla bağlı bu
tələb, məsələn, o demək idi ki, idarə seçki təbliğatında bərabərlik
prinsipinə göz qoymalıdır. Qanun icazə verirdi ki, ümumi siyasət üzrə
parlament komissiyası idarədən bəzi qaydalara əməl etməyi tələb etsin.
Məsələn, parlament komissiyası tələb etməliydi ki, Kommunikasiyaların
Bərabər Qorunması üzrə İdarənin komissiyalarında vətəndaşların şikayətlərinə
baxılanda radio-televizyon xidmətlərinin nümayəndələri də müzakirələrdə
iştirak etsinlər və özlərini müdafiə etsinlər.
Qanuna görə, idarə dinləyicilər və tamaşaçılar arasında reytinq
araşdırmaları aparmalı idi. İtaliyada reklamı hansı kanallarasa yığmaq üçün
saxta reytinq sorğularının keçirilməsi geniş yayılmışdı və bu fakt aydın
olandan sonra reklam verənlər arasında böyük narazılıqlar törətmişdi.
1997-ci il qanunu Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə reytinq
sorğularını tapşırmaqla ortada obyektiv reytinq faktlarının olmasına və
beləliklə, mümkün saxtakarlıqlar üçün əlverişsiz fon yaradılmasına
çalışırdı. Yəni obyektivliyinə güvənc olan qurum reytinq göstəricilərini
verəndən sonra başqa qurumların yalanları həməncə üzə çıxmalıydı.
Qanun Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarə qarşısına bu məsələ
ilə bağlı başqa tələblər də qoyurdu. Məsələn, göstəriş verirdi ki,
televizyonun monitorinqini keçirsin, televizyon üzrə araşdırmaların,
sorğuların düzgün metodologiyadan istifadə edib saxtakarlığa yol verməməsinə
göz qoysun. İdarəyə hətta ixtiyar verilirdi ki, saxta reytinq, monitorinq
nəticələrinə görə qanunda verilmiş cəzaları həyata keçirsin.
Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarənin başqa bir vəzifəsi də
ayrı-ayrı kommunikasiya vasitələrinin necə ilişgiləndirilməsini araşdırmaq
idi. Bu əlaqələri araşdırmaq «yayım texnologiyasında nələr var, hansı
təcrübəni və ya nailiyyətləri yaymaq gərəkir?» suallarına cavab tapmağa
yardım edirdi. Demokratik ölkələrdə yayım üzrə qanunçuluğun yüksək
göstəricilərindən biri də onun təkəlçiliyin (inhisarçılığın) qarşısını necə
almasıdır. Qanun Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə
təkəlçiliyin qarşısını almaq üzrə ayrıca göstərişlər verdi. Məsələn, milli
miqyasda yayım üzrə tezliklərin 20 faizdən çoxunu ələ keçirməyi hər hansı
televizyon, radio şirkətinə, şirkətlər birliyinə yasaq etdi. Qanun göstərdi
ki, yerüstü teleyayım üçün heç bir subyekt bir konfessiyondan çoxuna sahib
ola bilməz. Həm də qanunda açıqca bildirildi ki, bütün belə yasaqlar yayımda
yarış plüralizmi vəziyyətini yaratmaq üçündür.
1997-ci il qanunun 2-ci maddəsində deyilirdi ki, səsli və televizyon
yayımlarında, eləcə də çox gəlişmiş başqa multimedia (yəni çoxvasitəli)
nəşrlərdə, texniki sistemlərdə (məsələn, elektron vasitələrində) hansı
subyektlərsə ya maliyyə qaynaqlarından istifadə edərək, ya da başqa yollara
ələ ataraq təkəlçilik, inhisarçılıq yaratmaq istəsələr, filiallar qurub tam
üstün mövqeyə çıxmağa cəhdlər etsələr bütün bunları üzə çıxarıb yasaqlar
qoymaqla onların qarşısını almaq gərəkdir. Özü də qanun bir önəmli
aydınlaşdırma da verirdi, göstərirdi ki, bu zaman öncəki yayım qanunları
belə yasaqlara qarşıduran hüquqi aktlara, anlamalara əsas versə yeni qanun
onları gücdən salır.
Qanun idarədən tələb edirdi ki, çevik olsun, yayım bazarında durumun
dəyişməsini izləməyə və buna uyğun qərarlar çıxmarmağa imkan verən ölçülərlə
işləsin. Harada araşdırmalar, gözqoymalar aydın etsə ki, təkəlçilik üçün ən
üstün mövqeyə çıxmaq cəhdləri var, belə şirkətlərin işini dayandırsın,
qurduqlarını dağıtsın.
Qanunda radio-televizyon şirkətlərinin qazancları ilə bağlı da göstərişlər
vardı. Məsələn, həm radio-televizyon, həm dərgi buraxılışı, həm qəzetçilik
bölmələrində çalışan şirkətlərdə payçı olan subyektlərin qazancına 20 faiz
limiti qoyulurdu. Bu subyektlər həmin şirkətlərin reklamdan, dərgi, qəzet
çapından, teleqəbuledici satışından və s.- dən alınan ümumi gəlirinin 20
faizindən yuxarı qazanc götürə bilməzdilər. Oxşar prinsiplə radio-televizyon
yayımçılarının reklamdan olan gəlirlərinə də hədd qoyulurdu.
1997-ci il qanunu Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə hüquq
verirdi ki, yayımda çalışan subyektlər qarşısına bir buyuruqla çıxsın. İdarə
televizyon yayımçılarından tələb etməliydi ki, onlar telekanallar,
telestansiyalar arasında yarışlara, azad bazar durumunun saxlanmasına necə
əməl etmələri haqqında idarənin komissiya başçılarına bilgilər, hesabatlar
versinlər. Bundan başqa, idarəyə həmin subyektlər öz aralarında yarış,
birləşmə məsələlərinə dəxli olan bağlaşmalar haqqında da məlumat verməliydi.
Həmin qanun əsasında inhisarçılıq, təkəlçilik meyilləri ilə necə mübarizə
aparılmasına bir örnək: İtaliyada “Antiinhisar qrupu” adlanan nəzarət qurumu
1998-ci ildə televizyon şəbəkəsi üzrə 1 milyon yarım Amerika dolları
həcmində cərimələr kəsmişdi. Konkret deyilsə, bu qrup üç böyük stansiyanı
cərimə etmişdi. Səbəb isə onların idman yarışlarını translyasiya etmək üçün
verilmiş hüquq azadlıqlarına əngəllər qoyması olmuşdu.
İtaliya qanunvericiliyində və məhkəmələrində teleyayımla bağlı rəqabəti
yüksəltmək, sözsüz, bu məmləkətin milli «ixtira»sı deyildi. İtaliya Avropa
ölkəsi kimi bu qitənin bir parçası idi, qitəmiqyaslı meyllərlə hesablaşmalı
idi. Qitəmiqyaslı meyllərdən biri isə rəqabəti gücləndirməklə Avropa
televizyonunu gəlişdirmək idi. Bu deyilənləri Avropa Komissiyasının bəzi
sənədlərində də görmək olar. Həmin sənədlərlə tanışlıq göstərir ki, Avropa
Komissiyası qitə miqyasında önəmli problemləri işıqlandıranda
telekommunikasiya məsələlərinə ayrıca önəm verir. Onun internetə verdiyi
hüquqi axtarışlar haqqında soraqçada Avropa ölkələri arasında, eləcə də
Avropa ölkələrinin hər birisinin içində teleşirkətlər üçün bazar
situasiyasının yaradılmasının zəruriliyi geniş açıqlanır. Göstərilir ki,
teleşirkətlərin rəqabə gücünü artırmaq gərəkdir.
Bunun üçünsə bilməliyik ki, yarış bacarığı, ən çoxu, bazardakı qəfil
dəyişmələrə onların reaksiya verə bilməsindən asılı olur. Yarışın yüksək və
effektli olması üçün həm də telekommunikasiya bazarı qanunla yaxşıca
sahmanlanmalıdır.
Daha sonra bildirilir ki, telekommunikasiyada yarışa potensil olaraq çoxlu
qarşıduran amillər var. Bu, Avropa Komissiyasını zorunlayır ki, problemlə
bağlı yeni siyasət yeritsin. Bu siyasət iki yöndə aparılır: birincisi, yarış
üçün hüquqi məkanı yaradılır, ikincisi isə, yarışa imkanlar açan bazar
qurumları gəlişdirilir.
Avropa Komissiyası telekommunikasiyada yarışı irəlilətmək üçün 1998-ci ildə
ayrıca ölçülər zərfi də hazırlamışdı: bura, məsələn, qitənin
telekommunikasiya bazarına tam rəqabət havasını gətirmək üçün tədbirlər
daxil idi. Eyni zamanda, Avropa Birliyi çalışırdı ki, TV texnolojisi üçün
Avropaiçi bazarı gəlişdirsin.
Qanun idarədən yalnız informasiya toplamağı tələb etmirdi. Onun qarşısına
öhdəlik qoyurdu ki, yığılmış bilgilər əsasında yayımda rəqabət, texnoloji
gəlişmə, pozuntular və s. məsələlər üzrə araşdırmalar aparıb nələri
aydınlaşdıracaqsa onlar haqqında illik hesabatlar, soraqçalar hazırlayıb
yaysın. 1997-ci il qanununda milli azlıqların dilində yayım aparmaq məsələsi
ilə bağlı da maraqlı maddələr vardı.
Avropa Birliyi ölkələrinin demokratiyasında çox ciddi məsələlərdən biri
həmin ölkələrdə milli azlıqların hüquqlarının qorunmasına ciddi göz
qoyulmasıdır. Özü də bu zaman bir maraqlı məqam izlənilir. Avropalı olmayan
mühacir işçilərə və onların ailələrinə qarşı ayrı-seçkilik salınanda onların
qanunla müdafiəsi Avropa Birliyi ölkələrində hələ də zəif sayılır və tutarqa
kimi o göstərilir ki, Avropanın Konstitusiya Məhkəmələrində mühacirlərin
haqlarının pozulması ilə bağlı məsələlərə çox az hallarda baxılır. Ancaq
eyni durumu Avropa Biliyi ölkələrində yerli etnik və dil azlıqlarının
hüquqları ilə bağlı görmək olmaz. Onların hüquqları pozulanda Avropa
Konstitusiya Məhkəmələri belə pozuntulara çox ciddi reaksiya verirlər.
Həm Amerikada, həm də Avropada azlıqlara bəzi imtiyazların verilməsi də
müşahidə olunur. Belə imtiyazlara örnəklər: universitetə götürüləndə bəzi
azlıqların nümayəndələrinə onların qəbul edilməsini asanlaşdıran imtiyazlar
verilir. Buna oxşar qayda İtaliyada da var.
Alto Adicedə yaşayan almanca danışan əhaliyə iş yerlərində kvota verilir.
1997-ci il İtaliya yayım qanunu Kommunikasiyaların Bərabər Qorunması üzrə
İdarə üzərinə öhdəlik qoyurdu ki, əyalətlərdə azlıqlar üçün verilən
radio-televizyon yayımlarını asanlaşdırıb gəlişdirmək üçün ciddi işlər
görsün. İtalyada həmin əyalətlər bunlardır: Valle deAosta, Fruili-Venetsia.
Qanun Kommunikasiyaların Bərabər Qorunması üzrə İdarəyə eyni buyuruğu əyalət
muxtariyyətləri olan Trento və Bolzano ilə bağlı da verirdi. Göstərirdi ki,
həmin bölgələrdə gərəkən yayım sistemləri yerləşdirilməlidir, özü də bu
zaman radio-elektrik parametrlər beynəlxalq standartlara cavab verməlidir.
Qanun tələb edirdi ki, azlıqların dillərində yayımların sayar biçimli
(dicital) vasitələrlə, kabel, peyk antenaları ilə olması üçün tezliklər
saxlasın.
Özəl televizyonun və onunla yarışmalı olan Dövlət televizyonunun kütləvilik
üçün aşağı zövqlərə hesablanan proqramlara üstünlük verməsi təbii
vəziyyətdir. Avropanın başqa ölkələrində olduğu kimi İtaliyada da yayım
haqqında qanunun bir vəzifəsi də bu meylin qarşısını almaq üçün yüksək
mədəniyyətə və mənəviyyata üz tutuan proqramların hazırlanmasını
stimullaşdırmaq idi. 1997-ci il qanunu bu məqsədlə ayrı-ayrı güzəştli
vəziyyətlər yaradırdı. Məsələn, orada bildirilirdi ki, əgər milli və bölgə
miqyaslı radio, televizyon şirkətləri özlərinin birmövzulu gündəlik
proqramlarının 70 faizini sosial məqsədlərə, yəni sağlamlığa, sağlamlıq üzrə
tədbirlərə və s.-yə həsr etsə onlar sosial xidmətdə bulunan yayımçılar kimi
dəyərləndiriləcək. Qanunda bildirilirdi ki, sosial xidmətdə bulunan
yayımçılar əgər kültür proqramlarını, əxlaqi, dini məhsulları yayırlarsa,
eləcə də üstlərinə götürürlərsə ki, birsaatlıq proqramın 5 faizindən çoxunu
reklama verməyəcəklər, güzəştlərlə həvəsləndirilməlidir.
Biz İtaliyanın
yayım, kommunikasiya üzrə çox əhatəli olan 1997-ci il qanunudan demokratiya
baxımından önəmli olan bəzi maddələrdən soraqlar verdik. Yayım haqqında
başqa qanunlar kimi burada da sırf texniki məsələlərin tənzimlənməsi geniş
yer tutur və bu materiallar spesifik olduğu üçün onların açıqlanması
darıxdırıcı görünə bilər. Ancaq elə sadaladıqlarımız da yayım problemlərinin
çözümü ilə bağlı yaxşı örnəklər verir. |