|
ÇƏTİN VƏZİYYƏTLƏR.
ŞƏRQ VƏ QƏRB DÜNYASINDA YANAŞMA FƏRQLƏRİ. MƏDƏNİYYƏT ÇƏTİNLİKLƏR "MÜƏLLİF"İ
KİMİ
NİYAZİ MEHDİ
Mənbə:
"Məşvərət", N10-11,
1997
Mədəniyyətə çətin vəziyyətlər "ixtira edən",
tərədən maşın" kimi baxmaq olar. Mədəniyyəti eləcə də bu vəziyyətləri ortaya
atandan sonra onların əhdəsindən gəlmək üçün vasitələr, alətlər hazırlayıb
təqdim edən "maşın" saymaq olar.
Mədəniyyətlər nəyi çətin,
mürəkkəb vəziyyət hesab etmələrinə, düzəltmələrinə görə bir-birindən
fərqlənir. Mədəniyyətlər eləcə də çətinliklərin əhdəsindən gəlmək üçün hansı
vasitələri öz daşıyıcılarına təklif etmələrinə görə bir-birindən fərqlənir.
Fərqlər Şərq və Qərb
kültürlərini tutuşduranda daha sərt biçimlərdə açılır. Məsələn, "vəziyyətə
sahib olmaq" tipik Qərb düsturudur. Yaranmış çətin vəziyyəti sərt, dirənişli
gedişlərlə aradan götürmək bu mədəniyyətdə bacarıq əlaməti sayılır. Şərqin
çətin vəziyyətə yanaşmasının fərqli özəlliyini Malayziyanın baş naziri
Maxatir Məhəmməd Şərq və Qərb siyasi mədəniyyətlərini tutuşduranda belə
açır: şərqlilər əməkdaşlıq zamanı bir-biri ilə incə davranmağa,
narazılıqlarını dolayı yolla, taktla duydurmağa üstünlük verirlər.
Tərəfdaşın işinə qarışmamaq vacib sayılır. Qərb siyasətçiləri isə bunun tam
tərsinə davranırlar. Çox asanlıqla tərəfdaşı suçlayırlar, çünki belə hesab
edirlər ki, buna haqları var. Onlar ittihamlarını da çəkinmədən,
"düzünəqulu" bildirirlər.
Beləliklə, bir tərəfdə biz
çətin vəziyyətlər qarşısında münasibətlərdə qeyri-müəyyənlik yaradıb bundan
istifadə edilməsini, yumşaq cizkili aktlarla davranma fəndgirliyinin önə
çəkilməsini görürük, o biri tərəfdə isə çətin vəziyyət mühitində sərt
rejimdə işləmək, əlaqə qurmaq taktikasının şahidi oluruq.
ÇƏTİNLİK HAQQINDA
TƏSƏVVÜRLƏRİN TƏKAMÜLÜ
İlk önçə mədəniyyətlərdə
yalnız təhlükə çətin vəziyyət sayılırdı və təhlükədən doğan qorxu
çətinlikdən xəbər verirdi. Beləliklə, çətinlik ekstremal hallar kimi
qavranılırdı. Qəhrəmanlıq institutu, igidliyi tərbiyə etmək üçün məşqlər,
qorxunun öhdəsindən gəlmə treninqləri, qorxağa rüsvay edən mühitin
yaradılması - bunların hamısı "təhlükə", "ekstremallıq" terminlərində başa
düşülən çətin vəziyyətlərə tuşlanmışdı.
Çətinliyin "təhlükə" və
"qorxu" terminlərində anlaşılması əski mədəniyyətlərdə ona gətirib çıxarırdı
ki, çətin vəziyyətlərin qaynağını adamlar dişarıda, o taydakı məkanda
görürdülər. Hesab olunurdu ki, qorxulu olaylar o taydan başlayıb bu taya
gəlir. Təhlükə və qorxulu şeylər insan öz mədəniyyətinin sərhədlərindən
qırağa ayaq basanda onun qarşısına çıxırdı.
Çətin vəziyyətlərə bu baxış
atavizm kimi sonralar da qaldı. Sovet ideologiyasında bütün başlıca
problemlərin səbəbi kimi imperialist dairələrinin məkrini göstərmək
çətinliklə bağlı atavist duyğuları fəallaşdırmaq üçün idi.
Çətin, mürəkkəb vəziyyətlərin
xarakterini anlamaq işində baş verən inkişaf mədəniyyətin də əsas təkamül
göstəricisi oldu. Elə ki insanlar toplumun özündə çətin vəziyyətlərin növcə
geniş diapazonunun varlığını təhlükəli, ekstremal vəziyyətlərin bu
diapazonun yalnız uc nəqtələri olduqunu anladılar, madəniyyətdə irəliyə
doğru böyük bir addım atıldı. Sonrakı çağlarda ədəbiyyat və fəlsəfənin əsas
işlərindən biri də çətin, mürəkkəb vəziyyətlərlə məşğul olmaq oldu. Bu zaman
ədəbiyyat və fəlsəfə nəinki çətinlikləri, mürəkkəblikləri işıqlandırmağa
başladı, onlar həm də insan ilişgiləri üçün çətinliklər "ixtira etdi",
Evripidin, Sokratın, sufilərin, Nizaminin, Füzulinin yaradıcılıqlarını bu
"ixtiralar" baxımından da incələmək olar.
MÜRƏKKƏBLİYƏ İKİ YANAŞMA NÖVÜ
Demokratiya və eləcə də Qərb
mədəniyyəti çətin vəziyyətlərin ortaya çıxmasına əngəl qoymamaq yolunu
tutur. Beləcə, çətinliklər ortaya çıxır və bu zaman başlıca problemdə uğurla
onların əhdəsindən gəlmək olur.
Totalitar rejimlərdə və eləcə
də Şərq mədəniyyətində çətinlikləri beşiyində boğmaq fəlsəfəsi müdriklik
düsturunu verir. Önləyici metodlar demokratiyada ayrıca bir üsul olaraq
qalır. Totalitarizmin isə bütün siyasəti total olaraq qabaqlayıcılıq üstündə
qurulub.
Qərb mədəniyyəti çətinlikdərə
açıq olduqu üçün də burada mürəkkəb vəziyyətlərdə necə səmərəli hərəkət
etməklə bağlı çoxlu məsləhətlər sistemi, tövsiyələr, təlimatlar hazırlanır.
Qərbin kitab bazarı, mass-mediyası ən müxtəlif növlü çətin vəziyyətlərdə
necə davranmaqı addım-addım göstərən əyrətilərlə, tövsiyələrlə doludur.
Azərbaycana kəlib çıxan Deyl Karneginin kitabı bu tövsiyələr ümmanından bir
zərrədir. İnstruktiv "Qabusnamə" Şərq məhsulu olsa da Şərq düşüncə və
davranış mədəniyyəti üçün o, törədici örnəyə çevrilmədi. Şərqli, eləcə də
Azərbaycanlı çətin vəziyyətlərin əhdəsindən gəlmək məsələsində təlimat,
addımlar taktikasının terminlərində öz işini planlaşdıra bilmir. Səbrli
olmaq haqqında İslamdan və xalq hikmətindən gələn müdriklik düsturu kimi
məsləhətlər isə instruktiv göstərişlər silsiləsini vermir, sadəcə, ümumi
hikmət təsirini daşıyır.
Milli Məclisin qanunvericilik
işində, dövlət aparatının qanunları, qərarları gerçəkləşdirmək işində
Azərbaycan toplumunun Şərq cəmiyyəti kimi göstərilən xüsusiyyəti ciddi
əngəllər yaradır. Sözsüz, bazar iqtisadiyyatı həmin xüsusiyyətlərin öz
yerini Qərb modelinə verməsini getdikcə yeyinləşdirəcək. Ançaq, hər halda,
indidən toplumun qanunlarla, təlimat mədəniyyəti ilə çalışma bacarığını
formalaşdırmaq üçün Milli Məclis də, icra aparatı da gərəkli stimullaşdırıcı
addımları atmaqdan qalmamalıdır. |