|
MƏHKƏMƏ
HAKİMİYYƏTİ
BARƏDƏ BƏZİ QEYDLƏR
ABİL
BAYRAMOV
Xəzər Universitetinin müəllimi
Mənbə:
"Məşvərət", N14,
1999
Birinci yazı
Hakimiyyətlər bölgüsü sisteminin mühüm tərkib hissəsi olan məhkəmə
hakimiyyəti aşağıdan yuxarıyadək məhkəmə orqanlarının bütün məcmusunu əhatə
edir. Sistemdəki yerindən asılı olmayaraq məhkəmə orqanlarının hər biri
istisnasız olaraq qanunu və hüquq düşüncəsini rəhbər tutaraq konkret işi
tamamilə müstəqil həll edir. Təkcə ali məhkəmə deyil, hər bir məhkəmə orqanı
məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Məhkəmələrin məcmusu, bəzən isə
onların fəaliyyəti yustisiya (latınca yustitia – “ədalət” deməkdir)
adlanır. Məhkəmələrin yurisdiksiya fəaliyyəti (latınca yurisdictio – “məhkəmə
araşdırması”, “məhkəmə dairəsi” mənalarını verir) ədalət mühakiməsini,
yəni araşdırılan münaqişə üzrə düzgün hüquqi qərarın çıxarılmasını özündə
əks etdirir.
Demokratik cəmiyyətlərdə məhkəmə hakimiyyətinin sosial rolu müxtəlif növ
hüquqi münaqişələrdə hüququn hakimliyini təmin etməkdən ibarətdir. Məhkəmə
hakimiyyətinin sosial rolunu ABŞ-ın fransız tədqiqatçısı Aleksis de Tokvil
özünün 1835-ci ildə işıq üzü görmüş “Amerikada demokratiya” adlı
kitabında çox aydın ifadə edib: “Bütün hökumətlər vətəndaşların onlara
göstərdikləri müqavimətin qarşısını almaq üçün yalnız iki imkana
malikdirlər: onların özlərinin malik olduqları maddi vasitələr və
məhkəmələrin qərarları...
Öz qanunlarının gözlənilməsinə yalnız silah gücüylə məcbur edə bilən hökumət
fəlakət astanasında olur. Çox güman ki, belə hökumətin başına iki şeydən
biri gəlir: əgər bu, zəif və mülayim hökumətdirsə, o, itaətsizliyin çoxlu
xırda hallarına əhəmiyyət verməyərək yalnız ən son anda gücə əl atacaq və
onda dövlət anarxiyanın hakimiyyəti altına düşəcək. Əgər hökumət güclü və
qətiyyətlidirsə, o, hər gün zorakılığa əl atacaq və tezliklə hərbi-desrotik
hökumətə çevriləcək. Onun fəaliyyəti kimi hərəkətsizliyi də idarə etdiyi
əhali üçün eyni şəkildə məhvedici olacaq.
Ədalət mühakiməsinin böyük məqsədi zorakılıq ideyasını hüquq ideyası ilə
əvəzləməkdən, hökumətlə onun istifadə etdiyi güc arasında hüquqi səddi
müəyyənləşdirməkdən ibarətdir.”
Həqiqətən, məhkəmə hakimiyyəti ədalət mühakiməsini həyata keçirməklə dövlət
zorakılığını sivil çərçivəyə salır və bununla da qanuna riayət edən
vətəndaşları dövlət maşınının təkərləri altına düşmək təhlükəsindən qorumuş
olur. Ancaq ədalət mühakiməsinin bu mühüm məqsədi yeganə məqsəd deyil.
Cəmiyyətdə çoxlu sayda münaqişələr yaranır və qanuna riayət etməyən fərdlə
dövlət arasındakı münaqişə tədricən heç də ən başlıcası olmur. Qanuna tabe
fərdlə dövlət arasında dövlətin səhvləri , bəzən də özbaşınalıqları halında
yaranan münaqişə heç də az əhəmiyyət kəsb etmir.Bu halda dövlət tərəfindən
tanınan hüquq insanın tərəfində olduqda, məhkəmə insanı dövlətdən müdafiə
etməlidir.
Hakimiyyətin ayrı-ayrı qolları və hakimiyyətin eyni qanadı daxilində dövlət
orqanları arasında (hər iki halda məhkəmə hakimiyyəti də daxil olmaq
şərtilə), eləcə də dövlətlə digər kütləvi korrorasiyalar (federasiya
subyektləri, yerli özünüidarə cəmiyyətləri və s.) arasındakı konfliktlər də
həmçinin, nə qədər ki, digər üsullarla həll edilməyib, məhkəmə hakimiyyəti
tərəfindən həll edilməlidir.
Məhkəmə hakimiyyətinin funksiyası ilə əlaqədar siyasi amilin onun
fəaliyyətinə təsiri haqqında sual ortaya çıxır. Məntiqə görə, belə təsir
istisna edilməlidir. Qanunvericilik və icra hakimiyyətlərindən fərqli olaraq
məhkəmə hakimiyyəti tam siyasətsizləşdirilməlidir. Əks halda o, obyektiv
olmayacaq, işin həlli zamanı isə hüququ deyil, siyasi məqsədəuyğunluğu
rəhbər tutacaq. Alman imreratoru 1-ci Ferdinandın devizi olan “Fiat
yustitia, rereatmundus!” (“Dünya məhv olsa da qoy ədalət zəfər çalsın!”)
latın deyimi də onubildirir ki, hər hansı siyasi və digər nəticələrdən asılı
olmayaraq hüquq məhkəmə tərəfindən tətbiq edilməlidir. Lakin həyatda hətta
ən dahiyanə ideya belə, bir qayda olaraq, çılraq şəkildə həyata keçirilə
bilməz, çünki onu bu şəkildə həyata keçirmək cəhdləri bir çox hallarda əks
nəticələr verir.
Əlbəttə, təcrübədə məhkəmə hakimiyyətinin tam siyasətsizləşdirilməsi mümkün
deyil. Xüsusilə ümumi hüquq (onu heç də nahaq yerə “siyasi hüquq”
adlandırmırlar) sahəsinə aid işlərin həlli zamanı hakimlər özlərinin bu və
ya digər qərarlarının siyasi nəticələrini öncədən görməyə, qərar çıxardıqda
isə bu nəticələrlə hesablaşmaya bilməzlər. Lakin bu heç də o demək deyil ki,
siyasi məzmunlu işləri həll edərkən hakimlər hüququ deyil, siyasi
məqsədəuyğunluğu əsas tutmalıdırlar. Hər bir halda hüquq tətbiq edilməlidir.
Həticələri öncədən görmək zərurətinə gəldikdə isə, mümkün hüquqi qərarlardan
eləsini seçmək lazımdır ki, həmin qərar sosial zərərə səbəb olmasın və ya
onun vuracağı sosial zərər ən aşağı həddi aşmasın. Aydındır ki, bu zaman
məhkəmənin mülahizəsi əhəmiyyətli rol oynayır. Ona görə də məhkəmənin
mülahizəsi yalnız və yalnız hüquqa söykənməlidir. Əks halda məhkəmə
müstəqilliyini itirər və hakimiyyətin digər qanadlarının sadə əlavəsinə
çevrilər. Bu hal avtoritar, xüsusilə də totalitar rejimlər üçün
səciyyəvidir. Bu rejimlərdə bizə yaxşı mə`lum olan “telefon hüququ”
qüvvədədir və məhkəmə tez-tez siyasi divantutma aləti kimi çıxış edir.
Ümumiyyətlə, məhkəmə hakimiyyəti hüququn ictimai münasibətlərə təsiretmə
alətidir. Bu alət yeganə olmasa da, münaqişəli hallarda ən başlıcasıdır.
Lakin bəzən münaqişədə tərəflərdən biri və ya hamısı hüququ sosial dəyər
kimi tanımadıqda, yaxud da hüquq normalarının məcburiliyini özləri üçün
deyil, başqaları üçün tanıdıqda bu alət də faydasız olur. Məhkəmə
hakimiyyəti hakimiyyətlər içərisində ən zəifidir; bu mənada ki,
qanunvericilik hakimiyyəti kimi seçicilərin iradə ifadəsinə arxalanmır və
icra hakimiyyəti kimi məcburetmə üçün güc strukturlarına malik deyil. Lakin
məhkəmə hakimiyyətinin gücü sivil cəmiyyətin hüquqa, reşəkar təfsirçi və
ədalətli tətbiqedici kimi məhkəməyə hörmətindədir. Təsadüfi deyil ki, bir
sıra qərb ölkələrinin hüquqşünaslarından məhkəmə qərarlarının icra
edilməməsinin nəticələri haqqında soruşduqda onlar söhbətin nədən getdiyini
anlamaqda ilk əvvəl çətinlik çəkirlər, çünki məhkəmə qərarlarının icra
edilməməsinin mümkünlüyünü təsəvvür edə bilmirlər.
Əlbəttə, deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, demokratik ölkələrdə
məhkəmə həmişə və mütləq ədalətlidir. Bunun əksinə də rast gəlinir. Hətta
ola bilər ki, belə hallar gözlənildiyindən çox olsun. Lakin bütün bunlar
sistemi deyil, konkret halları özündə əks etdirir. Əks halda heç bir
demokratik rejimin, heç bir konstitusiya quruluşunun mövcudluğu mümkün
deyil. Məhkəmə demokratiyanın son sərhəddi, son istehkamıdır. Əgər məhkəmə
“telefon hüququ”na tabe etdirilibsə, yaxud da məhkəmə qərarlarına
məhəl qoyulmursa, belə ölkədə konstitusiya quruluşundan danışmağa dəyməz.
Məhkəmə hakimiyyətinin cosial funksiyasının normal həyata keçirilməsi üçün
bir sıra şərtlərin olması zəruridir. İlk növbədə hakimiyyətlər bölgüsü
rrinsiri tam həyata keçirilməli, heç bir hakimiyyət digərinin funksiyalarını
mənimsəməyə cəhd göstərməməlidir. Hakimiyyətlər bölgüsü cəmiyyətə dövlət
rəhbərliyinin həyata keçirilməsi rrosesində qarşılıqlı nəzarət sisteminin
formalaşdırılması, səmərəli idarəçiliyin təmin edilməsi baxımından da
əhəmiyyətlidir.
Məhkəmə hakimiyyətinin normal fəaliyyəti üçün demokratik rejimin mövcudluğu
da əsas şərtlərdəndir. İctimai həyatın bütün sahələrində qanunun aliliyinin,
şəxsiyyətin hüquqlarının reallığının, dövlətlə şəxsiyyətin qarşılıqlı
məsuliyyətinin təmin edilmədiyi bir rejimdə məhkəmə hakimiyyətinin müstəqil
fəaliyyət göstərməsi mümkün deyil. Bunu çoxsaylı tarixi təcrübə də sübut
edir.
İstər məhkəmə hakimiyyətinin fəaliyyətini nizama salan, istərsə də digər
sahələrdə mövcud münasibətləri tənzimləyən qanunların təkmil
olub-olmamasından da çox şey asılıdır. Əgər qəbul edilmiş qanunlar ictimai
inkişafın obyektiv qanunauyğunluqlarını düzgün əks etdirirsə, insanın əsas
təbii hüquq və azadlıqlarına zidd müddəalardan ibarət deyilsə, məhkəmə
hakimiyyətinin normal fəaliyyəti üçün rroblem yaranmayacaq. Əks halda isə
belə rroblemlərdən qaçmaq, sadəcə, mümkün deyil.
Digər mühüm əhəmiyyət kəsb edən amil məhkəmə hakimiyyətini həyata
keçirənlərlə bağlıdır. Düzgün və ədalətli qərar çıxarılmasında hakimlərin
fərdi keyfiyyətlərinin böyük rol oynadığı danılmazdır. Bura həm hakimin
ixtisas dərəcəsi, həm də mənəvi və əxlaqi dəyərlərə münasibəti daxildir.
Çünki hər hansı münaqişənin həlli zamanı qərar çıxarılmasında hakim təkcə
qanunun tələblərini deyil, eləcə də hüquq düşüncəsini və məntiqi rəhbər
tutur.
Həhayət, məhkəmə hakimiyyətinin normal həyata keçirilməsinə təsir edən
çoxsaylı amillərdən biri də hakimlərin maddi təminatı məsələsidir.
Ümumiyyətlə götürdükdə, məhkəmə hakimiyyəti çox baha başa gəlir. Məsələn,
80-ci illərin əvvəllərinə aid statistikaya görə, Amerika məhkəmələrinin
əksəriyyətində məhkəmə icraatının bir günü 1,5 min dollara, andlılar
məhkəməsində isə ayı 54 min dollara başa gəlib. Ona görə də həm ABŞ-da, həm
də digər Qərb dövlətlərində hakimlər yüksək maddi təminata malikdirlər.
Əlbəttə, belə təminatdan məhrum olan hakimin hər bir halda ədalətli qərar
çıxaracağını söyləmək çətindir.
| 1 | 2 | |