|
MƏHKƏMƏ
HAKİMİYYƏTİ
BARƏDƏ BƏZİ QEYDLƏR
ABİL
BAYRAMOV
Xəzər Universitetinin müəllimi
Mənbə:
"Məşvərət", N15,
1999
(İkinci yazı)
Ədalət mühakiməsi orqanları sırasında qeyri-dövlət məhkəmələri və dövlətin
adından çıxış edən məhkəmələr fərqləndirilir. Aşağı pilləni mahiyyətcə
dövlət qurumuna daxil olmayan və mühakiməni ictimai əsaslarla həyata keçirən
orqanlar təşkil edir. Məsələn, xırda yol-hərəkət hüquq pozuntularına baxan
Hindistandakı xalq məhkəmələrini, xırda mübahisələri həll edən Fransadakı
mediatorları, İtaliyada fəaliyyət göstərən mindən artıq konsiliatoru
(barışdırıcılar) buna misal göstərmək olar. Rusiyada ictimai məhkəmə
funksiyalarını idarə, müəssisə kollektivlərinin üzvləri tərəfindən və
yaşayış yeri üzrə seçilən yoldaşlıq məhkəmələri həyata keçirir. Həmin
orqanlara daxil olan şəxslərin hamısının hüquq təhsilli olması məcburi
deyil, onlar öz işlərinə görə heç bir haqq almırlar. Bu məhkəmələr cinayət
işlərinə baxmır və yalnız cəmiyyətdə və kollektivdə yaşayış qaydalarının
pozuntularını, xətaları, xırda mülki mübahisələri müzakirə etmək hüququna
malikdir. Mediatorların, konsiliatorların, yoldaşlıq məhkəmələrinin və
onlara oxşar orqanların fəaliyyətində dövlət məcburiyyətinin bə‘zi
elementlərinin olmasına baxmayaraq, onların hamısı dövlət hakimiyyəti
orqanlarından daha çox ictimai məhkəmə hakimiyyətini həyata keçirən
orqanlardır.
Məhkəmə orqanları içərisində xüsusi yeri dini məhkəmələr və adət hüququ
məhkəmələri tutur. Dini məhkəmələr iki qrupa bölünür. Birinci qrupa kilsə
məhkəmələri aiddir. Kilsə məhkəmələri “dövlət” hüququnun deyil, kilsə
qaydaları ilə müəyyən edilmiş hüququn onlara tətbiqi ilə əlaqədar din
xadimlərinin işlərinə, müxtəlif kilsədaxili işlərə, bir sıra hallarda isə
dövlət tərəfindən tanınan bə‘zi dini qaydaların pozulması ilə bağlı dünyəvi
işlərə baxır. Onlar əsasən əxlaqi-etik planda cəza (tövbəetmə, kilsədən
qovma, xidməti qadağanetmə, yüksək kilsə mənsəbindən məhrumetmə və s.)
tə‘yin edə bilərlər.
Dini məhkəmələrin ikinci kateqoriyası islamın dövlət dini hesab edildiyi
ölkələrdə mövcud olan müsəlman (şəriət) məhkəmələridir. Tərəflər şəriət
məhkəməsinə müraciət etmək barədə razılığa gələrsə həmin məhkəmə mülki və
cinayət işlərinə baxaraq dövlət məhkəmələrinin funksiyasını yerinə yetirir.
Bir çox müəlliflər ya şəriət məhkəmələri haqqında mə‘lumatlarının kifayət
qədər olmaması ucbatından, ya da bilərəkdən onun ifrat mənfi obrazını
yaratmağa çalışır. Əlbəttə, bə‘zi ölkələrdə şəriət məhkəmələrinin tətbiq
etdiyi cəza heç də həmişə hüquq pozuntusunun təhlükəlilik dərəcəsi ilə
uyğunluq təşkil etmir, lakin nəzərə almaq lazımdır ki, qeyri-demokratik
rejimin hökm sürdüyü ölkələrin heç birində məhkəmə (istər dini, istərsə də
dünyəvi) qərarlarının ədalətliliyinə tə‘minat olmur.
Adət hüququ məhkəmələri Tropik Afrikanın və okeaniyanın bə‘zi ölkələrində
mövcud olan tayfa məhkəmələridir. Bu məhkəmələrdə yalnız tayfa üzvləri
arasındakı işlərə baxılır. Məhkəmə baxışını ağsaqqallar və tayfa başçıları
həyata keçirir. Hazırda onların səlahiyyəti qəti məhdudlaşdırılmış, cinayət
işləri onların icraatından tamamilə götürülmüşdür, mülki işlər isə yalnız
tayfa adətlərini əhatə edir.
Onu da qeyd edək ki, haqqında danışdığımız məhkəmə orqanları ayrı-ayrı
ölkələrin məhkəmə sistemində böyük rol oynamır və məhkəmə hakimiyyəti dövlət
məhkəmələri tərəfindən həyata keçirilir. Anqlosakson hüququ prinsiplərinin
qüvvədə olduğu ölkələrdə (Böyük Britaniya, ABŞ, Avstraliya, Hindistan,
Keniya və s.), həmçinin Yaponiyada dövlət məhkəmə orqanlarının iki növü
təşəkkül tapıb: mülki və cinayət işlərinə baxan ümumi məhkəmələr (ümumi
yurisdiksiya məhkəmələri) və xüsusi məhkəmələr (məsələn, yetkinlik yaşına
çatmayanların işləri üzrə, əmək mübahisələri üzrə, dəniz mübahisələri üzrə
və s).
Sosialist ölkələrində (Çin, KXDR, Kuba) də həmçinin ümumi və xüsusi məhkəmə
sistemləri mövcuddur. Bu ölkələrdə xüsusi məhkəmələrin növləri çox deyil.
Əksər hallarda təkcə hərbi qulluqçuların cinayət işlərinə baxan yalnız hərbi
tribunallar xüsusi məhkəmə orqanı kimi çıxış edir.
Kontinental Avropa dövlətlərində (Fransa, AFR), həmçinin Asiya, Afrika və
Latın Amerikası ölkələrində ümumi və xüsusi məhkəmə orqanları ilə bərabər
dövlət məhkəmə orqanlarının üçüncü növü - inzibati məhkəmələr də var.
Bir sıra dövlətlərdə (Rusiya, Ukrayna, keçmiş Yuqoslaviya respublikalarında)
arbitraj, təsərrüfat məhkəmələri sistemi mövcuddur. Bu məhkəmələr
müəssisələr, təsərrüfat təşkilatları arasındakı iqtisadi mübahisələrə baxır
və iyerarxik struktura malikdir. Səlahiyyətləri təsərrüfat mübahisələrinin
müəyyən dairəsi ilə məhdudlaşdırılan həmin məhkəmələrə ümumdövlət ali
arbitraj (təsərrüfat) məhkəməsi başçılıq edir.
Fövqəl‘adə hallarda (müharibə, dövlət çevrilişindən sonrakı vəziyyət və s.)
fövqəl‘adə məhkəmələr yaradılır. Bə‘zən bu məhkəmələr adi şəraitdə
yaradılır. Məsələn, SSRİ-də 1930-cu illərdəki Xalq Daxili İşlər
Komissarlığının “xalq düşmənləri” üzərində prosesləri aparan “üçlüklər”ini
buna misal göstərmək olar. Fövqəl‘adə məhkəmələr terrorçu xarakteri daşıyır
və onların yaradılması əksər ölkələrdə konstitusiya ilə qadağan edilib.
Müxtəlif məhkəmə sistemlərinin və bə‘zən də ekzotik məhkəmə orqanlarının
mövcudluğuna baxmayaraq, bütün ölkələrdə ədalət mühakiməsinin əsasını ümumi
məhkəmələr təşkil edir. Onların yaradılmasına iki yanaşma mövcuddur.
SSRİ məkanında yaranan postsosialist dövlətlərində, Çində, Vyetnamda və
bə‘zi başqa ölkələrdə məhkəmələr ölkənin inzibati - ərazi bölgüsünə uyğun
olaraq yaradılır: rayonlarda rayon məhkəmələri, vilayətlərdə vilayət
məhkəmələri və s.
Belə yanaşma bir tərəfdən məhkəmə sisteminin dəqiq və əlavə
mürəkkəbliklərdən uzaq olmasına müəyyən qədər kömək etsə də, digər tərəfdən
məhkəmələrin yerli dövlət hakimiyyəti və idarəçilik orqanlarından asılı
vəziyyətə düşməsinə zəmin yarada bilər. Əksər ölkələrdə inzibati - ərazi
bölgüsü ilə üst-üstə düşməyən (məsələn, İtaliyada) və ya qismən və yalnız
bə‘zi həlqələrdə üst-üstə düşən (məsələn, ABŞ-ın ştatlarında) xüsusi məhkəmə
dairələri mövcuddur. Postsosialist ölkələrində də həmçinin bir sıra hallarda
xüsusi məhkəmə dairələri yaradılıb. Belə yanaşma məhkəmə hakimiyyətinin
yerlərdə digər orqanlardan asılı olmaması və müstəqilliyinə daha yaxşı
şərait yaradır.
Ümumi məhkəmələrin pillələrinin sayı eyni deyil. Əksər ölkələrdə, xüsusən
anqlosakson hüquq sisteminə daxil olan ölkələrdə bu sistem çox dolaşıqdır.
Müxtəlif ölkələrdə bir qayda olaraq ümumi məhkəmələrin ikidən dördə qədər
pilləsi var. Hindistanda bu sistem daha mürəkkəbdir, çünki aşağı məhkəmə
vəzifəsi - magistratlarla bərabər onların müavini və submagistrat vəzifələri
də tə‘sis edilib, həmçinin xüsusi münsiflər məhkəmələri də mövcuddur.
Yalnız bə‘zi ölkələrdə mövcud olan iki həlqə - yerli və ali məhkəmə
müqayisədə daha az rast gəlinən haldır. Bu halda ali məhkəmə həm
apellyasiya, həm də kassasiya məhkəməsi funksiyalarını yerinə yetirir.
İkihəlqəli sistem həmçinin vilayət bölgüsünə deyil, yalnız rayon bölgüsünə
malik bə‘zi postsosialist dövlətlərində mövcuddur.
Ümumi məhkəmələrin üç pilləsi ikihəlqəli inzibati - ərazi bölgüsünə malik
olan bə‘zi dövlətlərə xasdır. Bu halda inzibati ərazi bölgüsünün hər
pilləsinin öz məhkəməsi olur, sistemin başında isə ali məhkəmə durur,
məsələn, Qazaxıstanda rayon xalq məhkəmələri, vilayət məhkəmələri və ali
məhkəmə. Üçpilləlilik bilavasitə ərazi bölgüsü ilə bağlı olmaya da bilər.
Məsələn, İsveçdə yüzə yaxın dairə məhkəməsi, iyirmiyə yaxın apellyasiya
məhkəməsi və ali məhkəmə mövcuddur.
Dörd məhkəmə pilləsi Fransada, İtaliyada və bir sıra başqa ölkələrdə
mövcuddur. Onların sayı inzibati - ərazi bölgüsü ilə deyil, fəaliyyətinin
xarakterinə görə müxtəlif məhkəmələrin yaradılması ilə bağlıdır. Bundan
əlavə, bu qrup ölkələrdə bir çox hallarda mülki və cinayət məhkəmələrinin
ayrıca sistemləri mövcuddur. Fransada mülki məhkəmələr sistemini 70
instansiya tribunalı, 181 böyük instansiya tribunalı, cinayət məhkəmələrinin
ayrıca sistemini isə polis məhkəmələri, islah tribunalları, apellyasiya
məhkəmələri təşkil edir. Ümumi məhkəmələrin bütün sisteminə isə həm mülki,
həm də cinayət məhkəmələri üçün ali məhkəmə orqanı olan kassasiya məhkəməsi
başçılıq edir.
İtaliyada qeyd etdiyimiz konsiliatorlardan (onlar yalnız iddia qiyməti 1
milyon lirəyə qədər olan mülki işlərə baxır) əlavə, üç ilə qədər həbs cəzası
nəzərdə tutulan cinayət işlərinə və mülki işlərə (daha mürəkkəb və çoxyüksək
iddia qiyməti olan mülki işlərə) baxan pretorlar (birinci instansiya
məhkəmələri) məhkəməsi fəaliyyət göstərir. Hövbəti mərhələ cinayət işlərində
səlahiyyəti olmayan və mülki işlərə baxan ümumi səlahiyyətli tribunallardır.
Cinayət işlərinə iclasçıların iştirakı məcburi olan assizlər məhkəməsi baxır
(prosesdə 2 hakim və 6 iclasçı iştirak edir). Daha yüksək pillə apellyasiya
məhkəmələridir. Məhkəmə sisteminin zirvəsi kassasiya məhkəməsidir. Onu bir
çox hallarda İtaliyanın ali məhkəməsi adlandırırlar.
Qeyd olunan məsələyə federativ dövlətlərdə müxtəlif yanaşma mövcuddur.
Məsələn, Kanadada vahid məhkəmə sistemi var. ABŞ-da ümumi məhkəmələr
ştatların məhkəmələrinə və federal məhkəmələrə bölünür. Hər bir səviyyədə
məhkəmələrin bir neçə növü və məhkəmə instansiyaları fəaliyyət göstərir.
Ştatların məhkəmələrinə ştatların ali məhkəməsi rəhbərlik edir, bütün
məhkəmə sisteminin başında isə ABŞ-ın Ali Məhkəməsi durur.
| 1 | 2 | |