|
ALİ MƏHKƏMƏNİN ABŞ
KONSTİTUSİYASINA İLK MÜRACİƏTİ
HİKMƏT
HACIZADƏ
Mənbə:
"Məşvərət", N17,
1999
Bu gün ABŞ Ali
Məhkəməsi ölkənin ən yüksək məhkəmə orqanıdır. Onun qərarlarına nəinki bütün
məhkəmə sistemi tabe edilmişdir, onun həmçinin qanunverici və icra
hakimiyyəti tərəfindən qəbul edilmiş, lakin Konstitusiyaya zidd olan qanun
və fərmanları ləğv etmək hüququ var. Ali Məhkəmə və daha mühümü isə, bütün
məhkəmələr Konstitusi- yadakı «azadlıq», «mülkiyyət hüququ», «müvafiq qanuni
prosedur» kimi ifadələri təfsir etmək və insanın bu sözlərlə ifadə edilmiş
konstitusiya hüquqlarının bu qanunverici, yaxud icra aktı ilə
pozulub-pozulmamasını həll etmək hüququna malikdir. Amerika məhkəmələrinin
məhz bu hüququ Konstitusiyanı real fəaliyyət göstərən sənədə çevirir,
haqqında siyasi mütəfəkkürlərin bu qədər çox danışdıqları «çoxluğun
istibdadı» qarşısına sədd çəkir və Konstitusiyada yazılmış, lakin çoxluğun
öz maraqlarını təmin etmək istəyi ilə çox vaxt pozulan insan haqlarını
müdafiə etməyə imkan verir.
Amerika
məhkəmələrinin bugünkü nəhəng hakimiyyəti Konstitusiyada aydın
göstərilməmişdi. O, tədricən məhkəmələrin özü tərəfindən «yaradılmışdır».
Ali Məhkə- mə tərəfindən bu yolda ilk addım ölkənin müstəqilliyinin
başlanğıcında, 1803-cü ildə «Marbüri Medisona qarşı» işi üzrə qərar qəbul
olunarkən atıl mışdır. Bu qərarın müəllifi Ali Məhkəmənin üçüncü sədri,
görkəmli hüquqşünas Con Marşall (1755-1835) olmuşdur.
ABŞ-ın ilk
prezidenti Corc Vaşinqtonun və onun xələfi Con Adamsın vaxtında hakim
vəzifələrinə yalnız hakimiyyətdə olan Federalistlər Partiyasının üzvləri
təyin olunur və onlar, Konstitusiyaya görə, «nümunəvi davranış» göstərərək
vəzifədə ömürlük qala bilərdilər.
1800-cü ildə
müxalif Respublikaçılar Partiyasının namizədi Tomas Cefferson prezident
seçildikdən sonra məlum oldu ki, prezident idarəsi və Konqresin
respublikaçıların əlində olmasına baxmayaraq məhkəmə sistemində federalist-
lər üstünlük təşkil edirlər. Yeni rəhbərliyin ilk aktların- dan biri 1800-cü
il tarixli «Məhkəmələr haqqında qanun»un ləğv edilməsindən ibarət oldu. Bu
qanuna görə, çoxlu sayda yeni hakim vəzifələri yaradılırdı. Prezident Adams
bütün boş hakim vəzifələrinin hamısını doldurmağa cəhd etsə də, onun
vəzifəyə təyin etdiyi Uilyam Marbüri və 41 digər hakim hələ də təyinat
haqqında ondan yazılı əmr ala bilməmişdilər. Yeni prezidentin göstərişi ilə
yeni dövlət katibi Ceyms Medison federalistlərin təyin etdikləri hakimlərə
təyinat haqqında əmr verməkdən imtina etdi. Onda Marbüri icra vərəqinin
verilməsi tələbi ilə məhkəməyə müraciət etdi. Bu icra vərəqi Medisonu
təyinat haqqında əmri verməyə məcbur etməli idi.
Ali Məhkəmənin
yeni sədri Con Marşall başa düşürdü ki, əgər Marbüriyə icra vərəqi verərsə
prezident idarəsi məhkəmənin bu qərarını yerinə yetirməyəcək və bu da
bütövlükdə məhkəmə sisteminin nüfuzuna ciddi zərbə olacaqdır. Əgər o,
Marbürinin iddiasını yerinə yetirməsə hamıya aydın olacaqdır ki, məhkəmə
güclü prezident qarşısında qorxudan geri çəkilmişdir.
Marşall həqiqətən
Süleymansayağı müdrik bir qərar qəbul etdi. Məhkəmə qərar qəbul etdi ki,
dövlət katibi Medison hakim Marbüriyə təyinat verməyə borcludur, lakin sonra
belə bir qərar da verdi ki, Konqresin 1789-cu ildə qəbul etdiyi «Məhkəmə
sistemi haqqında qanun»un Ali Məhkəməyə bu hallarda icra vərəqləri vermək
hüququnu təsbit edən bölməsi qanuni qüvvəsini itirir, çünki bu səlahiyyətlər
Konstitusiyanın 3-cü maddəsi ilə məhkəməyə verilən səlahiyyət hədlərini
aşır. Beləliklə, bu işin məhkəmə tərəfindən qanuni əsasla həll edilməsi yolu
tapılmışdı. Marşall prezident tərəfindən rədd ediləcəyindən çəkinməyərək
onun iradəsinin əleyhinə qərar qəbul etməyə müvəffəq olmuşdu.
Bu misilsiz qərarı
ilə Ali Məhkəmə Konstitusiyaya zidd olarsa Konqres və Prezidentin
qərarlarını ləğv etmək səlahiyyətini öz üzərinə götürdü; Məhkəmə
Konstitusiyanı təfsir edən əsas orqana, Konstitusiyanın konkret
müddəalarının hansı mənanı daşıdıqlarını müəyyən edərkən son sözün sahibi
olan bir orqana çevrildi. Beləliklə, Ali Məhkəmə icra və qanunverici
hakimiyyətlərin bərabərhüquqlu tərəfdaşına çevrildi, Konstitusiyanın
nəzəriyyəsi də müzakirə olunarkən məhz belə nəzərdə tutulmuşdu.
Ali Məhkəmə XIX
əsrdə ölkə Konqresi və hökumətinin qeyri-konstitusion aktlarını ləğv etmək
hüququndan nadir hallarda istifadə edib, XX əsrin 2-ci yarısından başlayaraq
isə o, bu hüquqa əsaslanaraq adamların fərdi hüquqlarını dövlətin
qeyri-konstitusion hərəkətlərindən qoruyan əsas mexanizmə çevrilmişdir.
CON MARŞALL
Marbüri Medisona
qarşı (1803)
Baş hakim Con
Marşall məhkəmənin qərarını elan edir.
Konstitusiyaya zidd olan qanun hüquqi
qüvvəyə malik deyildir; məhkəmələr,
həmçinin digər dövlət orqanları
bu prinsipə bağlıdırlar.
Sonuncu iclasda
oxunan məhkəmə klerkinin təqdim etdiyi məktubda dövlət katibindən tələb
olunurdu ki, məhkəmə tərəfindən onu Uilyam Marbürini Kolumbiya dairəsində
Vaşinqton qraflığının hakimi təyin etmək haqqında əmr verməyə vadar edəcək
mandamus verilə bilməməsinin səbəblərini göstərsin. Heç bir səbəb
göstərilmədi və bu təqdimat məhkəmənin mandamus verməsi üçün həyata
keçirilir.
Bu işin
özünəməxsus incəlikləri, bəzi cəhətlərin yeni olması və onun bəndlərinin
başa düşülməsi ilə bağlı real çətinliklər məhkəmənin istinad etməli olduğu
prinsiplərin tam şərh olunmasını tələb edir...
Məhkəmənin bu
işə baxdığı ardıcıllığa uyğun olaraq aşağıdakı məsələlər nəzərdən keçirilmiş
və həll edilmiş- dir:
1. İddiaçının
belə bir əmr almaq hüququ varmı?
2. Əgər onun
belə bir hüququ varsa və o hüquq pozulmuşdursa ölkəsinin qanunları onu
müdafiə etməyə imkan verirmi?
3. Əgər qanunlar
onun müdafiə olunmasına imkan verirsə məhkəmənin verdiyi mandamus onu
müdafiə edə bilərmi?..
Beləliklə
birincisi, məhkəmənin mövqeyi belədir ki, təyinat haqqında əmr prezident
tərəfindən imzalanıbsa, demək, təyinat edilib və bu sənədə dövlət katibi
tərəfindən Birləşmiş Ştatların möhürü vurulması ilə təyinat başa
çatdırılmışdır... Buradan da, bu sənədin saxlanılaraq ləngidilməsi məhkəmə
tərəfindən qeyri-qanuni hərəkət və rəsmi müəyyən edilmiş hüquqların
pozulması kimi qiymət- ləndirilir.
Bu, bizi ikinci
məsələyə gətirib çıxarır. Vətəndaş azadlığının mahiyyətinin özü, şübhəsiz,
hər bir şəxsin ona zərər yetirilən hər bir halda qanunla qorunmasını tələb
etmək hüququndan ibarətdir. Dövlətin başlıca öhdəliklərindən biri bu
müdafiənin təmin edilməsindən ibarət olmalıdır. Birləşmiş Ştatların hökuməti
dəfələrlə şəxslərə deyil, qanunlara tabe olan hökumət kimi
səciyyələndirilmişdir. Və əgər burada qanunlar insanların qanuni hüquqlarını
müdafiə etməsə, o daha bu yüksək ada layiq olmayacaqdır...
Birləşmiş
Ştatların Konstitusiyasına görə, prezidentə müəyyən mühüm siyasi
səlahiyyətlər verilir. Bu səlahiyyətlər onun özü bildiyi kimi həyata
keçirilir və yalnız öz ölkəsində, öz siyasi statusunda və öz vicdanı
qarşısında hesab verə bilər. Bu səlahiyyətlərin yerinə yetirilməsinə kömək
etmək üçün o, öz hakimiyyətinə tabe olan və onun əmrlərinə əsasən hərəkət
edən müəyyən vəzifəli şəxsləri təyin etmək ixtiyarına malikdir.
Bu hallarda
onların hərəkəti onun hərəkətidir və bu qərarın tətbiq olunması haqqında
mövqedən asılı olmayaraq burada bu qərara nəzarət edəcək heç bir hakimiyyət
yoxdur və ola da bilməz. Bu, siyasi məsələdir. Burada onlar fərdi hüquqlara
deyil, Millətə hörmətlərini nümayiş etdirirlər və müəyyən edildiyi kimi,
rəisin qərarı qətidir.
Lakin
qanunverici məclis bu məmurun üzərinə başqa vəzifələr qoyanda, o, müəyyən
işləri görməyə yollanarkən, fərdlərin hüquqları bu işlərin yerinə
yetirilməsindən asılı olarkən, o, qanundan asılı vəziyyətə düşür və
başqalarının qanuni hüquqlarını kefi istədiyi kimi qulaqardına vura
bilməz... Və özünü zərərçəkmiş sayan şəxs, zərərin ödənilməsi üçün ölkənin
qanunlarına müraciət etmək hüququna malikdir...
Buna görə də
məhkəmə hesab edir ki, Marbüri öz təyinatını almaq hüququna malikdir; belə
ki, bu sənədi ona verməkdən imtina etmək onun bu hüququnun pozulması demək
olardı, ölkənin qanunu isə onu bu pozuntudan qoruyur.
Üçüncü məsələni
həll etmək qalır. O, xahiş etdiyi müdafiə hüququna malikdirmi? Bu,
birincidən - almaq üçün müraciət etdiyi icra vərəqinin xarakterindən və
ikincidən - bu məhkəmənin səlahiyyətlərindən asılıdır.
Birincisi,
nəzərdən keçirilən hal mandamus üçün onun tələb olunan təyinatı, yaxud onun
surətini çatdırmasından asılı olmayaraq adi hadisədir. Və bir şeyi
aydınlaşdırmaq qalır: bu məhkəmə mandamus haqqında qərar verə bilərmi?
Birləşmiş
Ştatların hüquqi sistemini bərqərar edən Akta (1798-ci il) görə, Ali Məhkəmə
istənilən təyin olunmuş məhkəmələr, yaxud Birləşmiş Ştatlara xidmət edən
şəxslər üçün prinsiplər və qanunun istifadə olunması praktikası ilə
təminatların mövcud olduğu hallarda mandamus icra vərəqləri vermək
səlahiyyəti alır.
Dövlət katibi
Birləşmiş Ştatlara xidmət edən məmurdur və bu maddə tam dəqiqliklə ona şamil
edilə bilər; əgər bu məhkəmə bu vəzifəli şəxsə mandamus icra vərəqi vermək
səlahiyyətinə malik deyilsə bu akt Konstitusiyaya ziddir...
... Beləliklə,
Birləşmiş Ştatların məhkəmə sistemini bərqərar etmiş Aktla Ali Məhkəməyə
verilən və onun dövlət məmurlarının hərəkətləri barəsində qərar qəbul
etməsinə şərait yaradan səlahiyyətlər, göründüyü kimi, Konstitusiya ilə
təmin olunmamışdır; indi bir şeyi aydınlaşdırmaq vacibdir ki, bu cür
yurisdiksiyanı həyata keçirmək, ümumiyyətlə, mümkündürmü?
Konstitusiyaya
zidd olan akt ölkə qanununa çevrilə bilərmi? Bu, Birləşmiş Ştatlar üçün
mühüm məsələdir. Xoşbəxtlikdən, o mühüm olduğu qədər dolaşıq deyildir. Bu
problemi həll etmək üçün qəti və yaxşı müəyyən edilmiş ayrı-ayrı prinsipləri
bilmək lazımdır.
İnsanların öz
dövlətləri üçün, onların fikrincə, xoşbəxtliklərinə daha çox şərait
yaradacaq prinsipləri müəyyən etmək hüququna-bu əzəli hüquqa malik olması
məhz bütün Amerikanın mayasını təşkil edir. Belə əzəli hüquqların həyata
keçirilməsi böyük səylər tələb edir; bu tez-tez təkrar oluna bilməz və
olunmamalıdır. Ona görə də bu yolla müəyyən olunmuş prinsiplər fundamental
prinsiplər hesab olunur. Və onları ortaya gətirən səlahiyyətlərin aliliyi və
az işləkliyinə görə onlar elə müəyyənləşdirilir ki, uzunömürlü ola
bilsinlər.
İlkin və ali
iradə dövlət yaradır və onun departamentlərinə uyğun səlahiyyətlər verir. Bu
iradə onunla kifayətlənə, yaxud bu departamentlərin fəaliyyəti üçün müəyyən
məhdudiyyətlər qoya bilər.
Birləşmiş
Ştatlar dövləti məhz sonuncu hala uyğun gəlir. Qanunverici hakimiyyət
yaradılmış və məhdudlaşdırıl- mışdır və bu məhdudiyyətlərin pozulmaması,
yaxud yaddan çıxarılması üçün Konstitusiya yazılmışdır. Əgər bu
məhdudiyyətlər istənilən vaxt onu qorumalı olan adamlar tərəfindən ləğv
edilə bilərsə bu hakimiyyətin məhdud- laşdırılması, bu məhdudiyyətlərin
yazıya alınmasına nə ehtiyac var idi? Əgər məhdudiyyətlər onların aid
olduqları şəxslərə şamil edilmirsə, icazə verən və verməyən aktlar bərabər
gücə malikdirsə məhdud və qeyri-məhdud hakimiyyətə malik hökumətlər arasında
fərqlər yox olur. Konstitusiyanın onunla ziddiyyət təşkil edən istənilən
qanunverici aktdan üstün olmasına, yaxud qanunverici məclisin konstitusiyanı
adi qanunla dəyişə bilməməsinə dair mübahisə etməyə ehtiyac yoxdur.
Bu alternativlər
arasında orta vəziyyət yoxdur. Konstitusiya ya adi vasitələrlə
dəyişdirilməsi mümkün olmayan ali, birinci dərəcəli qanundur, ya da o, adi
qanunverici aktla eyni səviyyədə dayanır və başqa aktlar kimi qanunverici
məclis tərəfindən istənilən vaxt dəyişdirilə bilər.
Əgər ilk
mülahizə düzgündürsə, konstitusiyaya zidd olan akt qanuni deyildir; əgər
sonuncu düzgündürsə, konstitusiyaların yazılması öz təbiəti etibarı ilə
qeyri-məhdud olan hakimiyyətin məhdudlaşdırılmasına edilən boş cəhddən başqa
bir şey deyildir.
Şübhə yoxdur ki,
yazılı Konstitusiya yaradanların hamısı ölkənin əsas və birinci dərəcəli
qanununu ortaya gətirdiklərini fikirləşirdi, buradan da, hər bir belə dövlət
nəzəriyyəsi hesab edir ki, qanunverici məclis tərəfindən qəbul edilən və
Konstitusiyaya zidd olan aktlar qanuni qüvvəyə malik deyildir...
Əgər qanunverici
məclisin Konstitusiyaya zidd aktı qanuni qüvvəyə malik deyilsə, məhkəmələr,
buna baxmayaraq, onu nəzərə almalıdırmı? Yaxud, başqa sözlə, bu akt
qeyri-qanuni olmasına baxmayaraq, qanun kimi fəaliyyət göstərən qaydaya
çevrilə bilərmi? Bu, nəzəriyyəni tamamilə alt-üst edir və o qədər mənasızdır
ki, təkid etməyinə dəyməz. Lakin buna baxmayaraq, bu halı diqqətlə nəzərdən
keçirmək lazımdır.
Qanunun nə
olduğunu izah etmək məhkəmə hakimiyyətinin birbaşa fəaliyyəti və səlahiyyəti
daxilindədir. Kim konkret hallara qayda tətbiq edirsə bu qaydanın mütləq
izah və təfsirini də verməlidir. Əgər iki qanun bir-birinə ziddirsə
məhkəmələr hər birinin qanuniliyini müəyyən etməlidir.
Əgər qanun
Konstitusiyaya ziddirsə və hər ikisi konkret hala tətbiq olunursa... məhkəmə
bu bir-birinə zidd qaydaların hansının baxılan hala tətbiq oluna biləcəyini
müəyyən etməlidir. Burada məhkəmə hakimiyyətinin vəzifəsinin mahiyyəti öz
əksini tapır.
Sonra, əgər
məhkəmələr Konstitusiyalara hörmət etməlidirsə və Konstitusiya qanunverici
məclisin istənilən aktından üstündürsə onda hər ikisinin tətbiq olunduğu
halda adi akt deyil, Konstitusiya qanunidir... (Əks halda) bizim siyasi
institutların yaradılmasında böyük nailiyyət hesab etdiyimiz yazılı
Konstitusiyanın mənası heçə enir... (Konstitusiyada) bəyan olunur ki, hər
hansı ştatdan gətirilən mala görə vergi, yaxud rüsum tutula bilməz.
İndi təsəvvür
edin ki, pambıq, tütün, yaxud una bu cür rüsumların bərpa olunması haqqında
qanun qəbul olunmuşdur. Bu halda hansı qərar qəbul olunmalıdır? Hakimlər
Konstitusiyaya göz yumub yalnız qanunu nəzərə almalıdırlarmı?..
Konstitusiya
bəyan edir ki, vətəndaş və əmlak hüquqlarından məhrumetmə haqqında və hər
hansı ex post fakto qanunlar qəbul edilə bilməz. Əgər buna baxmayaraq, belə
bir qanun qəbul olunarsa və hər hansı adam onun əsasında məhkəməyə verilərsə
məhkəmə Konstitusiyanın qorumağa çalışdığı bu adamı ölümə məhkum
etməlidirmi?
Konstitusiyada
deyilir ki, heç kim danışılan hadisənin iki şahidinin ifadəsi ilə, yaxud
müttəhimin özünün boynuna alması ilə açıq məhkəmə iclasında təqsiri
təsdiqlənmədən xəyanətdə günahkar sayıla bilməz.
Burada
Konstitusiya sətirləri birbaşa məhkəmələrə ünvanlanmışdır. Bu göstəriş rədd
edilməsi mümkün olmayan qaydaya yönəlmişdir. Əgər qanunverici məclis bu
qaydanı dəyişərsə və hökm çıxartmaq üçün bir şahidin, yaxud məhkəmədən kənar
etirafın kifayət qədər olduğunu elan edərsə Konstitusiya prinsipi qanuna
güzəştə getməlidirmi?
Bu və gətirə
biləcəyimiz digər iqtibaslar aydın göstərir ki, Konstitusiya yazanlar bu
aləti məhkəmə məclisləri, həmçinin qanunverici məclislər üçün fəaliyyət
qaydaları kimi nəzərdə tutmuşdular. Əgər bu belə deyilsə konstitusiya nə
üçün hakimlərin ona müdafiə edəcəklərinə and içməsi qaydasını müəyyən edir?
Bu andiçmə, şübhəsiz, onlar üçün öz vəzifələrində müvafiq fəaliyyət tərzini
müəyyən edir. Əgər onlardan müdafiə edəcəklərinə and içdikləri qaydaları
pozmaq üçün mexanizm kimi istifadə olunsaydı onların and içməyə məcbur
edilməsi mənəviyyatsızlıqdan başqa bir şey olmazdı!
Həmçinin
qanunverici məclis tərəfindən müəyyən edilən and bu məsələ ilə bağlı
qanunvericiliyin vəziyyətini əyani olaraq göstərir. O, bu sözlərdən
ibarətdir: «Mən təntənəli surətdə and içirəm ki, ədalət məhkəməsini
şəxsiyyətindən asılı olmayaraq yoxsullara və varlılara eyni cür yanaşaraq
həyata keçirəcəyəm və mənim üzərimə _____ kimi qoyulan bütün vəzifələri
düzgün və qərəzsiz, qabiliyyətimə və dərrakəmə uyğun, Birləşmiş Ştatların
Konstitusiyası və qanunlarına əsasən ən yüksək şəkildə yerinə yetirəcəyəm».
Əgər bu Konstitusiya hakimin fəaliyyəti üçün heç bir qayda yaratmırsa nə
üçün o, öz vəzifələrini Birləşmiş Ştatların Konstitusiyası əsasında yerinə
yetirəcəyinə and içir? Əgər Konstitusiya onun üçün bağlıdırsa və onun
tərəfindən təfsir oluna bilməzsə nə üçün bu andı içir?
Əgər məsələ
belədirsə bu, təntənəli masqaradan başqa bir şey deyil. Bu andı müəyyən
etmək, yaxud onu içmək cinayət kimi bir şeydir.
Qeyd etmək
yerinə düşərdi ki, torpağımızın Ali Qanunu elan olunarkən Konstitusiya ilk
növbədə göstərilməlidir və Birləşmiş Ştatların qanunlarının hamısı deyil,
onlardan Konstitusiya üçün qəbul olunanları bu dərəcəyə layiqdir.
Beləliklə,
Birləşmiş Ştatların Konstitusiyasının konkret dili bütün yazılı
konstitusiyalar üçün əhəmiyyətli olan prinsipi təsdiq edir və gücləndirir:
Konstitusiyaya zidd olan qanun hüquqi qüvvəyə malik deyildir; məhkəmələr,
həmçinin digər dövlət orqanları bu prinsipə bağlıdır.
Deməli, (1798-ci
il tarixli aktın) müddəası ləğv olunmalıdır. |