|
“NEFT VƏ AZƏRBAYCANDA SABİTLİK” PROBLEMİ ÜZRƏ
EKSPERTSORĞUSUNUN NƏTİCƏLƏRİ HAQQINDA
SABİT BAĞIROV
Mənbə:
"Məşvərət", N23,
1999
1999-cu
ilin iyul-avqust aylarında Amerikanın CEP (COUNCIL ON ECONOMIC PRIORITIES)
və İngiltərənin INTERNATIONAL ALERT təşkilatlarının təşəbbüsü ilə tərkibində
Sabit Bağırov, Nəcəf Nəcəfov və Nəsib Nəsibli olan tədqiqat qrupu tərəfindən
“Neft və Azərbaycanda sabitlik” probleminin bir sıra aspektlərinin təhlili
məqsədi ilə ekspert sorğusu aparılmışdır.
Sorğunun
məqsədi aşağıdakıları:
- ətraf
mühitin mühafizəsinin təmin edilməsi; işçilərin hüquqları; yerli kadrların
hazırlanması; ilk növbədə yerli ehtiyatların və subkontraktorların istifadə
edilməsi; təhsilin inkişaf etdirilməsi; səhiyyənin inkişaf etdirilməsi;
infrastrukturun inkişaf etdirilməsi; humanitar yardımın (qaçqınlara,
müharibə veteranlarına, etnik azlıqlara, uşaqlara, əlillərə, qocalara,
xəstələrə) edilməsi; demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının
qorunması üzrə təşkilatlara yardımın edilməsi; mədəniyyət və idmanın inkişaf
etdirilməsi kimi mühüm sosial sahələrdə Qərb neft şirkətlərinin (QNŞ)
fəaliyyətlərini;
- bir sıra
mühüm sosial sahələrdə QNŞ-nin öhdəlikləri barədə müxtəlif ictimai
qurumların və əhalinin məlumatlılığını;
- QNŞ-nin
öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi barədə bu qurumların
rəylərini;
- QNŞ ilə
Azərbaycan cəmiyyətinin müxtəlif seqmentləri arasında qarşılıqlı əlaqələrin
səciyyəsini;
- Ölkənin
mühüm ictimai sahələrində QNŞ-nin fəaliyyət dairəsinin genişləndirilməsinə
müxtəlif ictimai qurumların münasibətini;
- ölkədəki
sosial durum və sosial partlayışın ehtimalı barədə ictimai qurumların
rəylərini aydınlaşdırmaqdan ibarətdir.
Sorğuda
aşağıdakı təşkilat və şirkətlərin birinci və ya ikinci şəxsləri respondent
kimi iştirak etmişlər:
-
yerli qeyri-hökumət təşkilatları (QHT): İnsan Hüquqları
Mərkəzi; Qadın Hüquqlarının Qorunması Cəmiyyəti; Helsinki Vətəndaş
Assambleyası; Vətəndaşların Əmək Hüquqlarının Qorunması Liqası; Resurslar və
Yerli QHT-nin Təhsili Mərkəzi; HAYAT; “Buta” humanitar uşaq fondu;
Beynəlxalq Ekoenergetika Akademiyası; Amerika Universiteti;
-
beynəlxalq qeyri-hökumət təşkilatları: ISAR; Açıq cəmiyyət;
UNHCR; Oxfam; NRC;
-
donorlar: Dünya Bankı;
-
dövlət təşkilatları: Xarici İşlər Nazirliyi;
-
siyasi partiyalar: Xalq Cəbhəsi; Yeni Azərbaycan; Milli
İstiqlal; Sosial-demokrat; Müsavat; Demokrat; Kommunist; Vətəndaş
həmrəyliyi; Vəhdət;
-
neft şirkətləri: BP-Amoco (AIOC); Statoil-Azerbaijan; ARDNŞ;
Exxon-Azerbaijan; Mobil-Azerbaijan;
-
digər biznes qurumları: İmproteks qrup; “EFFEKT” şirkəti;
- kütləvi informasiya vasitələri: “Zerkalo” qəzeti; TURAN
informasiya agentliyi.
Respondentlərin hər bir qrupu üçün tədqiqatın məqsədləri nəzərə alınmaqla
ayrıca suallar hazırlanmışdı. Respondentlərin hər biri ilə orta hesabla 1.5
saatlıq ayrıca müsahibə aparılmışdı. Bəzi respondentlər (əsasən neft
şirkətləri) cavabları yazılı şəkildə təqdim etmək istəmişlər.
Aşağıda oxucuların diqqətinə aparılmış tədqiqatların qısa xülasəsi təklif
olunur.
1. Ekologiya, işçilərin hüquqları, əməkdaşların təhsili, yerli ehtiyatların
və subkontraktorların istifadə edilməsi sahələrində şirkətlərin öhdəlikləri
haqqında cəmiyyətin məlumatlılığı
QNŞ-nin bu sahələrdəki öhdəlikləri onların Azərbaycan hökuməti ilə
imzaladıqları müqavilələrdə öz əksini müəyyən səviyyədə tapmışdır.
Tədqiqatlar zamanı bu öhdəliklər haqqında QNŞ-dən qısa məlumat alınmışdı.
Əlbəttə ki, ölkə əhalisinin məlumatlanma səviyyəsi haqqında suala ən yaxşı
cavabı reprezentativ sorğu verə bilərdi. Buna baxmayaraq, aparılmış sorğuda
bir sıra ən fəal yerli və beynəlxalq QHT-nın, siyasi partiyaların və KİV
rəhbərlərinin ekspert olmalarını nəzərə almaqla, fikrimizcə, onların bu
məsələ üzrə rəylərinin real duruma kifayət qədər yaxın olmasını hesab etmək
olar.
Bu sorğuda yuxarıda göstərilən yerli və beynəlxalq QHT-nın, siyasi
partiyaların və KİV-nin rəhbərləri respondent olmuşlar.
Bu 25 respondentə ətraf mühitin mühafizəsi, işçilərin hüquqları, yerli
kadrların hazırlanması, ilk növbədə yerli ehtiyatların və
sub-kontraktorların istifadə edilməsi üzrə QNŞ-nin öhdəlikləri barədə
əhalinin geniş təbəqələrinin xəbərdarlığı haqqında hansı fikirdə olduqları
sualı verilmişdi.
Sorğulanan 25 respondentin 85%-nin fikrincə, QNŞ-nin bu öhdəlikləri haqqında
əhalinin geniş təbəqəsinin məlumatı yoxdur. Ancaq 2 respondent hesab edir
ki, əhali bunlardan xəbərdardır. Daha iki nəfər isə bu sualı
cavablandırmaqda çətinlik çəkir
Fəqət respondentlərin 64%-nin fikrincə, QNŞ-nin öhdəlikləri haqqında
əhalinin təhsilli hissəsində (müəllimlər, həkimlər, alimlər, biznesmenlər,
məmurlar və s.) qismən məlumat vardır.
Elə həmin 25 respondentin rəyincə, əhalinin zəif məlumatlılığının əsas
səbəbi QNŞ tərəfindən ictimaiyyətə kifayət qədər məlumat verilməməsidir. Bu
səbəbi 20 respondent göstərmişdir. 7 respondent həm də ictimaiyyətdə marağın
olmamasını qeyd etmişdir. 8 respondent neft şirkətləri tərəfindən əhalinin
məlumatlandırılmasına hökumətin maneçiliyinin mümkünlüyünü göstərmişlər.
Sorğuda siyasi partiya və QHT-nin özlərinin məlumatlılığı tədqiq olunmuşdur.
9 partiya liderindən yalnız 3-ü partiyalarının hansı isə məlumata malik
olduğunu bildirib. Bunlar üzvlərinin bir neçəsi parlamentin deputatı olan
partiyalardır. Qalan partiya liderləri isə müqavilələrin şərtləri haqqında
və deməli, şirkətlərin öhdəlikləri haqqında məlumatlarının olmadığını
söyləyib.
Fəqət həmin partiya liderlərinin müsahibələrindən məlum olduğu kimi, ancaq
iki partiya müqavilələr üzrə onları maraqlandıran məlumat üçün şirkətlərə
müraciət etmişdi. Qalanları isə bunun əbəs olduğuna qabaqcadan əmindir.
Çünki, onların fikrincə, hökumət məlumatın siyasi partiyalara verilməsini
şirkətlərə qadağan etmişdir.
QNŞ isə öz növbəsində israr edirlər ki, onlar ictimai qurumların hər hansı
sorğusunu diqqətdən kənarda qoymurlar və əgər sorğulanan məlumat məxfi
səciyyəli deyilsə onlar onu təqdim edirlər. Neft şirkətlərinin
söylədiklərinə görə, əslində onlara belə müraciətlər edilməyib.
Bənzər məlumatlanma QHT üçün də səciyyəvidir. Müsahibə götürülmüş 9 QHT
rəhbərindən 7-sinin bildirdiyinə görə, ətraf mühitin mühafizəsi, işçilərin
hüquqları, əməkdaşların təhsili, ilk növbədə yerli ehtiyatların və
subkontraktorların istifadəsi sahələrində QNŞ-nin öhdəlikləri haqqında
əslində onlara heç nə məlum deyildir. Kifayət qədər məlumatlı olduğunu
əvvəldən bildirmiş iki QHT liderinə verilmiş əlavə suallar onların
öhdəliklər haqqında çox dayaz təsəvvürlərinin olduğunu aşkar etmişdir.
QNŞ-nin cavablarına görə, onların fəaliyyətləri barədə Azərbaycan əhalisinin
məlumatlandırılmasının əsas forması mətbuat konfransları və mətbuata
verilmiş xəbərlərdir. Lakin onlardan birinin qeyri-rəsmi rəyi belədir: “Biz
ictimaiyyətin məlumatlandırılmasının öhdəsindən bir o qədər də yaxşı gələ
bilmirik. Bu, görünür ki, adətən bizim ilk növbədə öz səhmdarlarımızı
məlumatlandırmağımızla bağlıdır. Bizim informasiya bütün dünya üzrə
fəaliyyətimizi əhatə edir. Əgər konkretləşdirmə tələb olunursa, biz bunu
edirik. Bu, Qərb şirkətlərinin praktikasıdır. Adətən, işin əvvəlində biz
ictimaiyyəti bacardığımız qədər çox məlumatlandırırıq. İş tam gücünə
düşəndən sonra məlumatın verilməsinin intensivliyi aşağı düşür”.
Sorğu zamanı respondentlərə xüsusi bülletenin müştərək nəşri və yayımlanması
kimi üsuldan istifadə edərək QNŞ-nin fəaliyyəti barədə Azərbaycan
cəmiyyətinin məlumatlandırılmasının təkmilləşdirilməsinə münasibətlərini
bildirmək təklif olunmuşdu. Aylıq və yaxud rüblük dövrili belə bülleten
Azərbaycan cəmiyyətinin bütün bölümlərinə ünvanlı göndərilərdi.
25 respondentdən 21-i Azərbaycan ictimaiyyətinin məlumatlandırılmasının belə
təkmilləşdirilmiş üsulunun faydalılığını və hətta vacibliyini qeyd edib.
Lakin, QNŞ-nin rəyincə, şirkətlər tərəfindən ümumi bülletenin müştərək nəşri
onların arasında olan rəqabətə görə yəqin ki, mümkün deyildir. Buna görə də
məlumatın yayımlanmasının və Azərbaycan cəmiyyəti ilə ünsiyyətin digər
formalarına üstünlük verilməlidir.
2. Ekologiya, işçilərin hüquqları, əməkdaşların təhsili, yerli ehtiyatların
və subkontraktorların istifadə edilməsi sahələrində QNŞ-nin öhdəliklərinin
yerinə yetirilməsi ilə bağlı onun fəaliyyətinin qiymətləndirilməsi
Sorğu zamanı yerli və beynəlxalq QHT-nin, siyasi partiyaların və KİV-nin
həmin 25 liderindən 12-si ətraf mühitin mühafizəsinin təmini üzrə QNŞ-nin
fəaliyyətini qiymətləndirmək üçün onlarda yetərincə məlumatın olmadığını
qeyd etdi. Ancaq 4-ü QNŞ-nin göstərilən sahələr üzrə fəaliyyəti barədə
müsbət rəy verdi. 8 respondent bu fəaliyyəti mənfi qiymətləndirdi. 1
respondentin fikrincə, qiymət vermək hələ tezdir.
15 respondent “işçilərin hüquqları” komponenti üzrə fəaliyyəti mənfi
qiymətləndirib və ancaq 1 respondent müsbət qiymət verib. Qalan 9-u isə
qiymətləndirmək üçün onlarda kifayət qədər məlumatın olmadığını qeyd edib.
Respondentlərin əksəriyyəti (14) “yerli kadrların hazırlanması” komponenti
üzrə qiymətləndirmək üçün onlarda kifayət qədər məlumatın olmadığını qeyd
edib. 9-u mənfi, 2-si isə müsbət qiymətləndirdi.
Respondentlər tərəfindən oxşar qiymətlər “ilk növbədə yerli ehtiyatların və
subkontraktorların istifadə edilməsi” komponenti üzrə verilmişdir.
Sorğu zamanı yerli ehtiyatların və sub-kontraktorların QNŞ tərəfindən aşağı
səviyyədə istifadə edilməsinin aşağıda göstərilən mümkün olan səbəblərini 10
ballıq sistem üzrə ranqlaşdırmaq iki yerli biznes qurumuna təklif olunmuşdu:
- neft şirkətlərində belə müqavilə öhdəliklərinin olmaması;
- hökumət tərəfindən bu problemə kifayət qədər diqqətin yetirilməməsi;
- neft şirkətlərinin apardıqları tenderlər barəsində yerli biznes
qurumlarının kifayət qədər məlumatlı olmaması;
- yerli ehtiyatların və yerli biznes qurumlarının xidmətlərinin aşağı
keyfiyyətli olması (beynəlxalq standartlara uyğun olmaması);
- yerli biznes qurumlarında neft müqavilələrində podratların alınması üzrə
lazımi təşəbbüsün olmaması;
- digər səbəblər.
Şirkətlərdən birinin rəyincə, ən çox əhəmiyyətli səbəblər 1-ci və 2-cidir.
3-cü və 4-cü az əhəmiyyətlidir, 5-ci isə çox az əhəmiyyətlidir. Digər
şirkətin rəyincə, əsas səbəb 4-cüdür. Qalanları az əhəmiyyətlidir.
3. Humanitar və sponsorluq fəaaliyyəti sahəsində QNŞ-nin fəaliyyətinin
qiymətləndirilməsi
Təhsilin inkişaf etdirilməsi; səhiyyənin inkişaf etdirilməsi;
infrastrukturun inkişaf etdirilməsi; (qaçqınlara, müharibə veteranlarına,
etnik azlıqlara, uşaqlara, əlillərə, qocalara, xəstələrə) humanitar yardımın
göstərilməsi; demokratiyanın insan hüquqlarının qorunması üzrə inkişaf
etdirilməsində təşkilatlara yardımın edilməsi; mədəniyyət və idmanın inkişaf
etdirilməsi sahələrində QNŞ-nin fəaliyyəti haqqında respondentlərin
məlumatlılığı onların kontrakt fəaliyyəti sahəsindəkindən bir qədər
artıqdır.
Belə ki, 25 respondentdən 15-nin QNŞ-nin “təhsilin inkişaf etdirilməsi”,
8-nin “səhiyyənin inkişaf etdirilməsi” sahəsindəki, 5-nin “infrastrukturun
inkişaf etdirilməsi”, 23-nün “(qaçqınlara, müharibə veteranlarına, etnik
azlıqlara, uşaqlara, əlillərə, qocalara, xəstələrə) humanitar yardımın
edilməsi”, 4-nün “demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının
qorunması üzrə təşkilatlara yardımın edilməsi” və 21-nin “mədəniyyət və
idmanın inkişaf etdirilməsi “ sahələrindəki fəaliyyəti haqqında məlumatı
vardır.
Qeyd edək ki, neft şirkətlərinin sualda göstərilmiş sahələrdəki
fəaliyyətindən xəbərdar olduqlarını bildirmiş respondentlər əksər hallarda
belə fəaliyyətə aid konkret misalları göstərə bilməyib.
Respondentlərin rəyinə görə, QNŞ-nin bu sahələrin hansındakı fəaliyyətinin
qənaətbəxş olmadığı sualına cavab verərkən onlar infrastrukturun inkişaf
etdirilməsi sahəsindəki fəaliyyəti birinci yerə qoymuşlar. İkinci və üçüncü
yerlər təhsilin və demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının
qorunması üzrə təşkilatlara yardım edilməsi sahələrinə verilmişdir.
Bu sual üzrə QNŞ-nin rəy sorğusu aşağıdakıları aşkar etmişdir:
- bir şirkətin rəyinə görə, uşaq evlərinə yardımı artırmaq lazımdır;
- digər şirktin rəyinə görə sualda göstərilmiş sahələr neft şirkətlərinin ən
əhəmiyyətli fəaliyyət sahələrini əhatə edir və bəlkə də, sadəcə olaraq, bu
istiqamətlərdə səyləri gücləndirmək lazımdır.
Sorğu zamanı respondentlərə aşağıdakılar barədə açıqlama vermək təklif
olunmuşdu. Onlar niyə belə hesab edirlər ki, müqavilədə nəzərə alınmamış
humanitar və sponsorluq fəaliyyətinə şirkətlər pul xərcləməlidir?
Rəylər müxtəlif olmuşdur:
- bu, onların iş mədəniyyətinin elementidir;
- bu, Qərb mədəniyyətinin təzahürüdür;
- reklam məqsədləri daşıyır;
- sosial durumun yaxşılaşmasına yardım edirlər və bu da ölkədə onların
biznesinin uzunmüddətliliyini nəzərə aldıqda çox əhəmiyyətlidir;
- ölkədə onların nüfuzunun artmasına və əhalinin onlara olan münasibətinin
yaxşılaşmasına yardım edir;
- şirkətlər Azərbaycanda geosiyasi maraqları olan müəyyən ölkələri təmsil
edirlər və onların humanitar və sponsorluq fəaliyyəti nəinki onların, eləcə
də həmin ölkələrin nüfuzunun artmasına yardım edir;
- hökumətlə yeni müqavilələrin imzalanması üçün münasib şərait yaradır;
- onların bu ölkədəki neft müqavilələrinin əməliyyat xərcləri üzrə
büdcələrinə daxil olmasaydı daha yaxşı olardı;
- bu ölkədə sabitliyin saxlanılmasına yardım edir.
Respondentlər həm də QNŞ-nin humanitar və sponsorluq fəaliyyətinə mane olan
amillərdən danışıb. 25 respondentdən 22-nin rəyinə görə, əsas maneçilik
amili məmurların laqeydliyi və yaxud onların rüşvətxorluğudur. 17 respondent
həm də qanunların qeyri-təkmilliyini göstərib. Bəzi respondentlər tərəfindən
eləcə də aşağıdakı amillər göstərilmişdir:
- siyasi;
- şirkətlər harada reklam üçün nəyinsə edilməsi zərurətini və harada isə əsl
xeyriyyəçiliyin göstərilməsi zərurətini pis təsəvvür edirlər;
- hökumətin təşəbbüssüzlüyü;
- şirkətlərin özlərinin kifayət qədər maraqlı olmaması;
- şirkətlərdə Azərbaycan cəmiyyəti haqqında kifayət qədər təsəvvürün
olmaması.
Müsahibə götürülmüş neft şirkətlərinin rəyinə görə, adı çəkilmiş sahələrdə
onların fəaliyyətlərinə heç nə mane olmur.
4. QNŞ-nin yerli və beynəlxalq QHT ilə münasibətləri
Sorğu zamanı QNŞ-nin bəzi yerli QHT ilə əlaqələrinin mövcudluğu müəyyən
oldu. Və bir çox hallarda QHT bu əlaqələrin yaranmasında təşəbüsçü olmuşdur.
9 yerli QHT-dən 4-nün rəyinə görə, QNŞ-nin yerli QHT-yə olan münasibətləri
üçün yerli QHT ilə əməkdaşlığın mühümlüyünün az dəyərləndirilməsi
səciyyəvidir. Digər 4 QHT hesab edir ki, QNŞ
yerli QHT ilə əlaqələrin yaradılmasının və əməkdaşlığın zəruriliyini
anlayır, lakin onlar hökumətin bu əməkdaşlığa olan mənfi münasibətindən
ehtiyatlanırlar.
QHT ilə aparılan müsahibələr onların neft şirkətləri ilə əlaqələrin
yaradılmasında yerli QHT-nin zəif fəallığı barədə təəssürat yaradıb. Neft
şirkətlərindən birinin qeyri-rəsmi rəyi də buna əyani misaldır: “Yerli QHT
ilə əlaqələrin yaradılması bizim üçün problem deyildir. Gürcüstanda QHT daha
fəaldırlar. Xüsusən də ətraf mühitin mühafizəsi üzrə. Biz də onlarla fəal
əməkdaşlıq edirik”.
Beynəlxalq QHT də münasibətlərin kifayət qədər inkişafda olmadığını
bildirib.
5. Yerli siyasi partiyalar ilə münasibətlər
Aydın oldu ki, sorğulanan 9 patiyadan yalnız 3-ü neft şirkətləri ilə əlaqədə
olub.
Bəzi partiya liderlərinin rəyi belədir:
-
“Bizim neft şirkətləri ilə əlaqələrimiz olmayıb və biz bu əlaqələri
yaratmağa səy göstərməmişik, halbuki bu şirkətlər demokratik partiyalar
ilə əlaqələrin yaradılmasında maraqlı olmalıdır. Şirkətlərin Azərbaycana
gəlişi milli-azadlıq, demokratik hərəkatın nəticəsində mümkün olmuşdur və
onlar bunu qiymətləndirməlidir. Bundan əlavə, anlamaq gərəkdir ki, gələcək
bu qüvvələrindir”.
-
“Bizim neft şirkətləri ilə əlaqələrimiz olub. Biz onlardan neft sahəsi
üzrə məlumatın verilməsini xahiş etmişik. Neft şirkətlərini
sərvətlərimizin talanmasında bizim hökumətlə əlbir olduqlarını hesab
edirik. Biz hesab edirik ki, neft şirkətləri siyasi partiyalar ilə əlaqə
saxlamamalıdır. Bu əlaqələrin yaranmasına səy göstərməyənlər yəqin ki,
burada müvazinətli və sabit həyatın formalaşmasında maraqlı deyildir.”
-
“Bizim belə əlaqələrimiz vardır və olmuşdur. Təşəbbüs onların tərəfindən
göstərilmişdi. Müqavilə 30 illik olduğu üçün onlar partiyalar ilə əlaqədə
olmalıdırlar və bu zaman ərzində hökumətin dəyişməsi realdır”.
-
“Biz bəzi neft şirkətlərinin nümayəndələri ilə nəinki neft problemlərini
və hətta ictimai-siyasi durumu da müzakirə etmişik. Biz istərdik ki, bu
müzakirələr tez-tez olsun. Lakin şirkətlərin əksəriyyəti buna getmir. Belə
münasibəti mən düzgün hesab etmirəm, çünki siyasi partiyalar xalqın
iradəsini ifa edir. Bundan əlavə, bu müqavilələr uzun illərə bağlanıb və
siyasi partiyalar neft və ölkənin gələcəyi kimi problemlərə biganə qala
bilməz”.
9 partiya liderindən 4-nün rəyinə görə, ümumiyyətlə, QNŞ-nin yerli siyasi
partiyalara olan münasibəti üçün onlar ilə əməkdaşlığın mühümlüyünün az
dəyərləndirilməsi səciyyəvidir. Digər 4 lider partiyalara olan münasibətin
ən səciyyəvi cəhəti kimi QNŞ
ilə onların arasında əlaqələrin yaradılmasının və onlar ilə (siyasi
partiyalar ilə) əməkdaşlığın edilməsinin zəruriliyinin anlaşıldığını qeyd
edib. Lakin hökumətin belə əməkdaşlığa mənfi münasibətindən ehtiyatlanırlar.
6. KİV ilə münasibətlər
Belə problemlərin mövcud olub-olmaması haqqında danışmaq tanınmış iki KİV
rəhbərinə təklif olunmuşdu. Birinin rəyinə görə, məlumatın əldə edilməsi
problemi reallıqdır. Digərinin rəyinə görə: “birinci şəxslərin yanına düşmək
çox çətindir; məlumatı operativ əldə etmək çox çətindir; məlumatın
yayımlanmaması istəyi hiss edilir; məlumatı əldə etmək üçün tez-tez şəxsi
qeyri-rəsmi əlaqələrdən istifadə edilir”.
Lakin hər iki respondent QNŞ-nin siyasi mənsubiyyətindən asılı olmayaraq
belə əlaqələri arzulayan istənilən KİV ilə əlaqəyə getdiklərini qeyd edib.
7. Ölkənin siyasi, iqtisadi və sosial həyatının qeyri-ənənəvi sahələrində
şirkətlərin fəaliyyətinin genişləndirilməsinə münasibət
Bu sorğuda yerli və beynəlxalq QHT-nin, siyasi partiyaların, KİV-nin, neft
şirkətlərinin, biznes qurumlarının rəhbərləri, Dünya Bankı və XİN-nin
nümayəndələri respondent olmuşlar.
Respondentlərə aşağıdakı sual verilmişdi:
“Sizin fikrinizcə, neft şirkətləri:
- ölkədə neft gəlirlərinin vətəndaşların hamısının marağına uyğun şəkildə
səmərəli istifadə olunmasına nəzarətdə;
- insan hüquqlarının qorunması üzrə proqramlarda;
- demokratiyanın inkişaf etdirilməsi proqramlarında;
- antikorrupsiya proqramlarında;
- Dağlıq Qarabağ probleminin həllində iştirak etməlidirlərmi?”.
28 respondentdən:
-
“ölkədə neft gəlirlərinin bütün vətəndaşların mənafeyi üçün səmərəli
istifadə olunmasına nəzarət” komponenti üzrə 12-si “hə”, 11-i “yox” cavabı
verib, qalan 5-ininsə dəqiq rəyi yoxdur;
-
“insan hüquqlarının qorunması üzrə proqramlar” komponenti üzrə 18-i “hə”,
7-si “yox”, 3-ü “rəyim yoxdur” cavabı verib;
-
“demokratiyanın inkişaf etdirilməsi proqramları” komponenti üzrə 19-u
“hə”, 7-si “yox”, 2-si “rəyim yoxdur” cavabı verib;
-
“antikorrupsiya proqramları” komponenti üzrə 13-ü “hə”, 11-i “yox”, 4-ü
“rəyim yoxdur” cavabı verib;
-
“Dağlıq Qarabağ probleminin həlli” komponenti üzrə 18-i “hə”, 3-ü “yox”,
4-ü “rəyim yoxdur” cavabı verib;
-
“cəmiyyətin müxtəlif sektorları (hökumət, QHT, partiyalar, biznes
qurumları) arasındakı münasibətlərin yaxşılaşdırılması” komponenti üzrə
11-i “hə”, 12-i “yox”, 5-i “rəyim yoxdur” cavabı verib.
Respondentlərə həmçinin: “Siz belə düşünürsünüzmü ki, transmilli neft
şirkətlərinin Azərbaycanda mövcudluğu ancaq onların biznesidir və yaxud Siz
belə hesab edirsinizmi ki, onlar həmçinin bölgədəki sülh, ölkənin iqtisadi
və mədəni inkişafı, demokratiyanın inkişafı və insan hüquqlarına riayət
olunması üçün məsuliyyət (mənəvi) daşıyırlar?” sualı da verilmişdi.
28 respondentdən 20-nin cavabı “hə” olmuşdur. 4 respondent “yox” cavabı
verib. Daha 4-ü isə hesab edir ki, QNŞ
məsuliyyət daşımır, amma bu, onların maraqlarına uyğundur.
8. Ölkədə sosial durumun, sosial partlayışın qiymətləndirilməsi və
şirkətlərin humanitar fəaliyyətinin artırılması hesabına sosial durumun
mühüm dərəcədə yaxşılaşdırılması imkanı
Bu sorğunun respondentləri yerli və beynəlxalq QHT-nin, siyasi partiyaların,
KİV-nin rəhbərləri olub. Onlara aşağıdakı sual verilmişdi: “Ölkədəki sosial
durumu necə qiymətləndirirsiniz? Sosial partlayış ehtimalı nə qədərdir?”.
24 respondent sosial durumu gərgin və çox gərgin qiymətləndirib. Ancaq
birinin rəyinə görə, ölkədəki sosial durum normaldır.
25 respondentdən 9-u sosial partlayışın ehtimalını çox yüksək
qiymətləndirib. 6-sının rəyinə görə, o, aşağı səviyyədədir. 5 respondentin
fikrinə görə, partlayış ehtimalı sıfırdır. 3 respondent cavab verməkdən
imtina edib. Nəhayət, iki respondent (beynəlxalq QHT siyahısından) bəyan
etdi ki, onlar partlayışın baş verməsinə təəccüblənməz, başqa ölkədə
partlayış çoxdan baş vermişdi. |