|
BÖYÜK
BRİTANİYA
HÖKUMƏTİNİN
PARLAMENTƏ HESABATI
Mənbə:
"Məşvərət", N12,
1998
Parlament sistemi hökumətin hesabat verməsini və hakimiyyətdən sui-istifadə
etməməsini təmin edən bir sıra mexanizmlər nəzərdə tutur. Ümumiyyətlə,
hökumət hakimiyyətdə Nümayəndələr Palatasında çoxluq tərəfindən
dəstəkləndiyi müddətdə qədər qalır.
İcmalar Palatası hökumətin siyasətinə nəzarət
etmək üçün aşağıdakı imkanlardan istifadə edə bilir:
· sual-cavab vaxtı;
· möhlət debatları;
· gündəlik təkliflər;
· müxalifət partiyalarının başladığı müzakirələrə ayrılan günlər;
· komitələrin seçilməsi vaxtı.
Bundan başqa, hökuməti tənqid etmək imkanı kraliçanın nitqinin
müzakirələrində habelə hökumətə etimadsızlıq göstərmək təklifi və hökumətin
qanunvericilik və digər təkliflərinin müzakirələri zamanı yaranır.
Lordlar Palatasında hökumətin apardığı siyasəti tənqid etmək və araşdırmaq
üçün buna oxşar imkanlar gündəlik sual-cavab və müzakirələr zamanı təmin
olunur.
SUAL-CAVAB VAXTI
Parlamentdə sual-cavab vaxtı hökumətin niyyətləri haqqında məlumat toplamaq
üçün ən əlverişli zaman sayılır. Suallar iki cür olur: şifahi və yazılı.
İldə təxminən 50 min sual qaldırılır və bunların əksəriyyəti yazılı şəkildə
cavablandırılır. Suallar və cavablar “Hansard” dərgisində çap olunur
(bu, dinləmələrin rəsmi sənədidir).
İcmalar Palatasında şifahi sualları nazirlər cavablandırır. Bunlar bazar
ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı bir saat ərzində (2:30-dan
3:30-a qədər) olur. Baş nazir suallara çərşənbə saat 3-də cavab verir.
Hər deputat gündə iki şifahi və istədiyi qədər yazılı suala cavab verə
bilər. Sualların qaydalara uyğun olub-olmamasını xüsusi komisiya yoxlayır.
Onlar parlament təcrübəsinə uyğunlaşdırılmaq məqsədi ilə redaktə oluna
bilərlər.
Suallara cavablar münasib nazirin şöbəsində hazırlanır. Bundan başqa, sualın
cavablandırılmasından sonra qaldırıla biləcək əlaqədar məsələlərə dair
nazirlərlə brifinq keçirilir. Bununla belə həm şifahi, həm də yazılı
sualların cavablanmasına nazirin özü cavabdehdir.
Elə suallar var ki, (məsələn, təhlükəsizlik xidmətlərinə, yaxud kommersiya
sirlərinə dair suallar), nazirlər ardıcıl surətdə onlara cavab verməkdən
imtina ediblər, məsələn, təhlükəsizlik xidmətlərinə və yaxud kommersiya
sirlərinə dair suallar. Bəzi hallarda suala cavabın hazırlanması həddən
artıq vəsait tələb edəndə də cavab verilmir.
Lordlar Palatasında sual-cavab vaxtı İcmalar Palatasındakından qısadır və ən
çox 30 dəqiqə aparır. Hər iş gününün əvvəlində dörd sual verilə bilər.
Suallar nitq söyləmək və yaxud müzakirələrə təkan vermək üçün yox, müəyyən
məlumat almaq üçün verilir. Adətən hökumət suallara müzakirələrdən sonra
cavab verir.
HÖKUMƏTƏ ETİMADSIZLIQ GÖSTƏRMƏK ÜÇÜN SƏSVERMƏ
Parlamentin hökumətə nəzarəti əsasən İcmalar Palatasının hökuməti istefaya
göndərmək qabiliyyətində öz ifadəsini tapır. Bu, etimadsızlıq haqqında qərar
qəbul olunanda, yaxud hökumətin artıq dərəcədə əhəmiyyətli hesab etdiyi bir
təklifi (o qədər əhəmiyyətli ki, onun qəbul olunub-olunmaması etimadın
olub-olmaması kimi sayılır) rədd ediləndə baş verir.
Müxalifətin
hökumətə etimadsızlıq göstərməklə onu dəf etmək qabiliyyəti onun İcmalar
Palatasında malik olduğu səsvermə gücündən asılıdır. Aydındır ki, iqtidar
partiyasının çoxluq təşkil etdiyi halda etimadsızlıq haqqında təklif çətin
ki keçsin. Bundan başqa, etimadsızlıq göstərmək təklifləri iqtidarı
birləşməyə sövq edir. Nəticədə belə təkliflər gec-gec irəli sürülür və daha
nadir hallarda keçir. Axırıncı dəfə hökumətə etimadsızlıq göstərmək təklifi
1979-cu ilin martında keçmişdir. Səslərin 311-310 nisbəti nəticəsində qəbul
edilmiş bu qərar parlamentin buraxılmasına və ümumi seçkilərin keçirilməsinə
səbəb oldu. |