|
ABŞ KONQRESİ
QULAMHÜSEYN
ƏLİYEV
Azərbaycan
Respublikası Milli Məclisinin
üzvü
Mənbə:
"Məşvərət", N14,
1999
1. Strukturu
ABŞ Konqresi ölkənin ali nümayəndəli və qanunverici orqanı olub iki
palatadan ibarətdir: Nümayəndələr Palatası və Senat.Ümummilli təmsilçilik
orqanı olan Nümayəndələr Palatası 435 deputatdan ibarətdir. Nümayəndələr
Palatasına seçkilər hər iki ildən bir noyabr ayının ilk çərşənbə axşamı günü
ştatlar üzrə təşkil edilmiş birmandatlı seçki dairələri üzrə nisbi çoxluğun
majoritar seçki sistemi əsasında keçirilir. Deputat yerləri əhalisinin
sayından asılı olaraq ştatlar arasında bölüşdürülür. Hər on ildən bir ölkədə
əhalinin ümumi siyahıyaalınması keçirilir və Nümayəndələr Palatası üçün
təmsilçilik norması müəyyənləşdirilir. Bu təmsilçilik norması əsasında
Konqres əhalinin sayı nəzərə alınmaqla hər bir ştatdan seçiləcək
deputatların sayını müəyyən edir. Əhalisini sayı müəyyən edilmiş təmsilçilik
normasından aşağı olan ştatlar Nümayəndələr Palatasına 1 deputat seçirlər.
Hal-hazırda təmsilçilik norması 520 min nəfərdən ibarətdir. Cəmi 6 ştat -
Alyaska, Delaver, Nevada, Şimali Dakota, Vermont və Vayominq ştatları yalnız
bir deputat yerinə malikdir. Nümayəndələr Palatasında ən çox yer isə
Kaliforniya ştatına məxsusdur. Bu ştat 45 deputatla təmsil olunur. Nyu-York
ştatı nın 34, Texas ştatının isə 27 deputat yeri var.
Ştatların qanunverici orqanları müəyyən edilmiş
təmsilçilik normasını və onlar üçün ayrılmış deputat mandatının sayını nəzər
almaqla müvafiq ştatın ərazisini əhalisinin sayı təxminən bərabər olan
birmandatlı seçki dairələrinə bölür, yaxud mövcud seçki dairələrinin
sərhədlərində dəyişiklik edir. Seçkilərdə yalnız həmin seçki dairəsinin
səsvermə hüququ olan əhalisi iştirak edir.
Nümayəndələr Palatasının tamhüquqlu üzvləri
(deputatlar) ilə yanaşı, məşvərətçi üzvləri də vardır. Belə ki, Puerto-Riko
birliyini təmsil edən komissar-rezident, Kolumbiya federal mahalı (Vaşinqton
şəhəri), Amerika Samoası, Quam və Virciniya adalarının hər birindən
Nümayəndələr Palatasına bir təmsilçi seçilir. Məşvərətçi üzvlər deputatların
əksər hüquqlarına malikdir. Onlar palatanın və onun komitələrinin işində
iştirak edə, müzakirələrdə çıxış edə bilərlər. Lakin onların səsvermə hüququ
yoxdur aə səsvermədə iştirak etmirlər.
Ştatların təmsilçilik orqanı olan Senat 100
üzvdən ibarətdir. Əhalisinin sayından və ərazisindən asılı olmayaraq hər
ştatdan Senata 2 üzv seçilir. Senatorlar əvvəllər ştatların qanunverici
orqanları tərəfindən seçilirdisə, indi ştatların əhalisi tərəfindən ümumi
səsvermə yolu ilə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında seçilir.
Hər iki senatorun seçkilərində müvafiq ştatın səsvermə hüququ olan bütün
əhalisi iştirak edir. Senatorların səlahiyyət müddəti 6 ildir. Lakin hər iki
ildən bir Senatın tərkibinin üçdən biri yenidən seçilir. Senata seçkilər
Nümayəndələr Palatasına seçkilərlə eyni vaxtda keçirilir.
2.Səlahiyyəti
Konstitusiya ilə Konqresin səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli
zamanı bəzi istisnalarla Nümayəndələr Palatası və Senat bərabərhüquqludur.
Lakin eyni zamanda palatalardan yalnız birinin müstəsna səlahiyyətlərinə aid
olan məsələlər də vardır.
Nümayəndələr Palatasının müstəsna səlahiyyətinə
aid olan məsələlər aşağıdakılardır: maliyyə məsələləri üzrə qanun
layihələrini irəli sürmək; mülki vəzifəli şəxslərin impiçmenti haqqında
məsələ qaldırmaq; ümumi prezident seçkiləri zamanı namizədlərdən heç biri
lazımi qədər səs toplamadıqda prezidenti seçmək.
Senatın müstəsna səlahiyyətinə aid olan
məsələlər aşağıdakılardır: beynəlxalq müqavilələri təsdiq etmək; prezidentin
təyin etdiyi vəzifəli şəxsləri təsdiq etmək; impiçment haqqında məsələ
qaldırıldıqda müvafiq araşdırma aparmaq və vəzifəli şəxsin təqsirliliyi
haqqında məsələni həll etmək; namizədlərdən heç biri lazımi qədər səs
toplamadıqda vitse-prezident seçmək.
Bütövlükdə daxili və xarici siyasət sahəsində
Konqresin səlahiyyətinə aşağıdakı məsələlər aiddir:
1. Qanunvericilik. Konqres ABŞ Konstitusiyası ilə onun səlahiyyətinə
aid edilmiş bütün məsələlər üzrə qanunlar qəbul etmək hüququna malikdir.
Qanun layihələri Konqresin hər iki palatasında qəbul edilir,yalnız prezident
tərəfindən imzalandıqdan sonra qanun hesab edilir və qüvvəyə minir.
2. Büdcə və maliyyə məsələləri.
Yalnız Konqres növbəti maliyyə ili üçün dövlət
büdcəsini təsdiq etmək, vergilər, rüsumlar, aksiz ödəmələri müəyyən etmək,
ABŞ adından borc almaq, pul kəsmək, onun dəyərini tənzimləmək hüququna
malikdir. Xəzinədən pul ayrılması yalnız Konqresin qəbul etdiyi qanunlar
əsasında və Konqresin müəyyən etdiyi məbləğdə həyata keçirilir. Konqresin
qəbul etdiyi qanunda göstərilən məbləğ istisna olmaqla, icra hakimiyyəti, o
cümlədən prezident xəzinədən pul ala bilməz. Konqres icra hakimiyyətinin
tələb etdiyi maliyyə vəsaitinin məbləğini artıra, yaxud azalda bilər və ya
həmin məbləği ayırmaqdan imtina edə bilər.
3. Məhkəmə hakimiyyəti orqanlarının formalaşması.
Konqres Ali Məhkəməyə tabe
olan məhkəmə orqanlarını yaratmaq hüququna malikdir. Bundan başqa, ABŞ Ali
Məhkəməsinin üzvlərini və digər federal məhkəmələrin hakimlərinin təyinatı
Senatın razılığı ilə həyata keçirilir.
4. İcra hakimiyyəti aparatının formalaşması.
İcra hakimiyyətinin təşkili
məsələləri, strukturu, idarəçilik orqanlarının səlahiyyəti Konqres
tərəfindən müəyyən olunur. Lakin prezident icra hakimiyyətinin ikinci
dərəcəli strukturlarını yenidən təşkil etmək hüququna malikdir. Mərkəzi icra
hakimiyyəti orqanlarının yenidən təşkili (nazirliklərin, müstəqil federal
agentliklərin və s. ləğvi, yenilərinin yaradılması) yalnız Konqresin qəbul
etdiyi qanunlar əsasında həyata keçirilir.
Səfirlər, vəzifələri qanunla müəyyən edilmiş
federal səviyyəli digər şəxslər (Ağ Ev aparatının məmurları istisna olmaqla)
Senatın “məsləhəti və razılığı” ilə prezident tərəfindən təyin edilir. Başqa
sözlə, Senat minlərcə mülki və hərbi vəzifələrə prezidentin təyinatını
təsdiq edir, yaxud təsdiqdən imtina edir.
Ümumi prezident seçkiləri nəticəsində
namizədlərdən heç biri lazımi miqdarda səs toplamadıqda prezident və
vitse-prezident Konqres tərəfindən seçilir. Bu zaman prezident ümumi
seçkilərdə daha çox səs toplamış 3 namizəd arasından Nümayəndələr Palatası,
vitse-prezident isə daha çox səs toplamış 2 namizəd arasından Senat
tərəfindən seçilir. Qeyd etmək lazımdır ki, ABŞ tarixində cəmi 2 dəfə - 1820
və 1824 -cü illərdə prezident və vitse-prezident Konqres tərəfindən
seçilmişdir.
5. Hökumət aparatının fəaliyyətinə nəzarət.
Nəzarət funksiyalarını hər 2
palatanın daimi komitələri və ya bu məqsədlə yaradılmış xüsusi komitələr
həyata keçirir. Ayrı-ayrı məsələlərin araşdırılması üçün istintaq komitələri
yaradıla bilər. Nümayəndələr Palatası və Senatın xüsusi komitələri birgə
təhqiqat apara bilər. Konqresin nəzarət səlahiyyətləri icra hakimiyyətinin
bütün strukturlarını, federal nazirlikləri, müstəqil agentlikləri əhatə
edir. Nəzarət səlahiyyətləri Konqresin komitələrində dinləmələrin
keçirilməsi ,yaxud xüsusi təhqiqat aparılması vasitəsilə həyata keçirilir.
Bu zaman komitələr müstəqil ekspert və mütəxəssislər dəvət edə bilər,
prezident də daxil olmaqla istənilən federal səviyyəli dövlət məmurunu ifadə
yaxud informasiya vermək üçün çağıra bilər, sənəd və materialları tələb edib
ala bilər.
Konqres komitələrinin çağırışına gəlməmək,
izahat və məlumat verməkdən imtina etmək, yaxud yalan məlumat vermək
Konqresə hörmətsizlik kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.
6. Müharibə və sülh məsələləri.
Konqres ABŞ adından müharibə elan olunması və
sülh bağlanılması məsələlərini həll edir, ordu və donanmanın idarə olunması
qaydalarını müəyyən edir, ordudan xaricdə istifadə olunmasına razılıq verir.
7. Beynəlxalq müqavilələrin təsdiqi.
ABŞ-ın beynəlxalq müqavilələri bilavasitə
prezidentin nəzarəti altında bağlanılır və Senat tərəfindən təsdiq edilir.
Senat müqavilənin təsdiqindən imtina edə, ona qeyd-şərtlər və düzəlişlər edə
bilər.
8. Xüsusi məhkəmə funksiyaları.
Konqresin bu səlahiyyətlərinə öz üzvlərini Konstitusiya ilə nəzərdə tutulmuş
senzlərə uyğunluğunun müəyyən edilməsi və impiçment proseduru aiddir.
3.Konqres üzvlərinin statusu
ABŞ Konstitusiyası Konqres üzvü olmaq istəyən şəxslər üçün bir sıra senzlər
müəyyən etmişdir. Belə ki, Nümayəndələr Palatasının üzvü (konqresmen) olmaq
istəyən şəxs 25 yaşına çatmalı, 7 il ərzində Birləşmiş Ştatların vətəndaşı
və eyni zamanda seçki zamanı seçildiyi ştatın sakini olmalıdır. Adətə görə
o, həm də seçildiyi seçki dairəsinin sakini olmalıdır. Senatın üzvü
(senator) olmaq istəyən şəxs isə 30 yaşına çatmalı, 9 il müddətində
Birləşmiş Ştatların vətəndaşı və eyni zamanda seçildiyi ştatın sakini
olmalıdır. Konqresmen və senatorların seçkiləri ilə əlaqədar mübahisəli
məsələlər müvafiq palata tərəfindən həll edilir. Palata seçicilərin
iddiasına əsasən federal qanunvericiliyin pozulması ilə seçilmiş Konqres
üzvünü mandatdan məhrum edə bilər. Lakin bu hüquqdan, demək olar ki,
istifadə olunmur.
Səlahiyyət müddəti ərzində konqresmen vəfat
etdikdə, istefa verdikdə, yaxud başqa səbəblərdən sıradan çıxdıqda və
Nümayəndələr Palatasında boş yer yarandıqda onun seçildiyi ştatın
qubernatoru müvafiq dairə üzrə əlavə seçkilər təyin edir. Konqresmenin
ştatın qanunverici və ya icra hakimiyyəti orqanları tərəfindən təyin
olunmasına yol verilmir. Bu halda yeni seçilmiş konqresmenin səlahiyyət
müddəti Nümayəndələr Palatasının qalan səlahiyyət müddəti qədər olur.
Senatda boş yer yarandıqda müvafiq ştatın qubernatoru sıradan çıxmış
senatorun qalan səlahiyyət müddəti üçün xüsusi seçkilər elan edir, yaxud
həmin ştatın qanunverici orqanı ona xüsusi səlahiyyət veribsə növbəti
seçkilərədək senator təyin edir. Əksər ştatların qanunverici orqanı Senatda
boş yer yarandığı təqdirdə növbəti seçkilərədək senator təyin etmək hüququnu
qubernatora vermişdir. Qubernatorlar bu hüquqdan istifadə edərkən bəzən
özlərini təyin edirlər.
Konqres üzvləri bir sıra imtiyazlara
malikdirlər. Onlar seçicilərin, partiya orqanlarının və ştatların hakimiyyət
orqanlarının iradəsindən asılı deyil və vaxtından əvvəl geri çağırıla
bilməz. Lakin Konqres üzvləri daim öz seçiciləri ilə əlaqə saxlayır, onların
rəyini nəzər almağa, bir çox hallarda seçiciləri maraqlandıran məsələlərə
dair qərarların qəbul olunmasına çalışırlar. Bu, növbəti seçkilərdə iştirak
üçün çox mühümdür.
Konqres üzvləri məhdud parlament immunitetinə
malikdir. Onlar Konqresdə sərbəst çıxış etmək və səs vermək azadlığına
malikdir. Konqresmen və senatorlar Konqresdəki çıxışlarına, müzakirələrdə
iştirakına görə heç bir məsuliyyət daşımırlar; heç kim onları bu barədə
sorğu-suala tuta bilməz.
Konqres üzvlərinin şəxsi parlament
toxunulmazlığı xeyli məhduddur. Belə ki, xəyanət, ağır cinayət və ictimai
qaydanın pozulması halları istisna olmaqla konqresmen və senatorlar
Konqresin sessiyası dövründə (sessiyada iştirak edən zaman, sessiyaya
gələrkən və geri qayıdarkən) həbs oluna bilməzlər. Amerika qanunvericiliyinə
görə, xəyanət ABŞ əleyhinə müharibə aparmaq, habelə düşmənə qoşularaq ona
kömək və dəstək verməkdir. Ağır cinayətlərə isə ölüm cəzası və ya bir ildən
yuxarı müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilən bütün
cinayətlər aiddir. İctimai qaydanın pozulması ümumiləşdirici və geniş
anlayış olub zorakılıqla müşaiyət olunan və ictimai asayiş və əmin-amanlıq
üçün təhlükə yaradan bütün hüquqpozmaları əhatə edir. Beləliklə, Konqres
üzvləri faktiki olaraq şəxsi parlament toxunulmazlığı hüququna malik deyil;
onlar cinayət törətdikdə ümumi əsaslarla həbs edilə bilərlər.
Konqresmen və senatorlar peşəkar parlament
üzvləri kimi maddi təminatlara və güzəştlərə malikdir. Konqresmen ildə 120
min, senator isə 98,4 min dollar maaş alır. Bundan başqa, şəxsi yardımçı
aparat - katiblər, köməkçilər və referentlər saxlamaq üçün hər bir Konqres
üzvünə müvafiq seçki dairəsi əhalisinin sayından asılı olaraq ildə 140
mindən 400 min dollaradək əlavə pul vəsaiti ayrılır. Konqres üzvləri 9-25
nəfərdən ibarət şəxsi yardımçı aparat saxlaya bilərlər. Seçicilərlə əlaqə
saxlamaq üçün Konqres üzvlərinin çəkdiyi xərclər ödənilir; bir sessiya
ərzində seçki dairəsinə 15 səfərin yol xərci verilir. Konqres üzvləri
həmçinin haqqı ödənilən ezamiyyətlərdən, güzəştli sığortadan, pulsuz ilk
tibbi yardımdan istifadə edir, onların poçt, telefon, digər kommunikasiya
vasitələrindən istifadə, habelə dəftərxana xərcləri ödənilir.
Konqres üzvlərinin həm Vaşinqtonda, həm
seçildiyi dairədə xidməti ofisləri vardır. Konqresin yerləşdiyi Kapitolidə
idman zalı, üzgüçülük hovuzu aə sauna, ?abelə bir sıra xidmət məntəqələri
yerləşir.
-
vəzifə mövqeyindən istifadə edərək özünün, ailə
üzvlərinin, yaxın adamlarının, habelə onların nəzarət etdikləri
müəssisələrin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə qanun
layihələrinin hazırlanması, irəli sürülməsi və qəbuluna kömək göstərməməli
və belə layihələri müdafiə etməməlidir;
-
xeyriyyə məqsədlərinə yönəldilmirsə çıxışa və
ya məqaləyə görə 2000 dollardan artıq qonorar tələb etməməlidir;
-
Konqresdə müəyyən edilmiş iş saatı ərzində
haqqı ödənilən başqa fəaliyyətlə məşğul olmamalıdır.
Konqres üzvləri hər il öz maliyyə vəziyyətləri
haqqında məlumat verməlidir. Konqresdəki fəaliyyəti ilə əlaqədar olmayan
əlavə gəlirlərin miqdarı konqresmen üçün əmək haqqının 30%-dən, senator üçün
isə 40%-dən çox ola bilməz (aksiya və istiqrazlardan daxil olan gəlirlər
nəzərə alınmır).
Konqres üzvləri öz palatalarının iclaslarında
iştirak etməyə borcludur. Yetərsay olmadıqda onlar məcburi qaydada gətirilə
bilərlər. Konqres üzvləri öz çıxışlarında təhqiramiz ifadələr işlətməməli,
çıxış edənlərin sözünü kəsməməlidir.
Palatalar
“əxlaq normaları”nı pozan üzvlərini cəzalandıra bilərlər. Konqres
üzvlərinə adətən məzəmmət, töhmət və cərimə tətbiq olunur. Müstəsna hallarda
Palata üzvlərinin üçdən ikisinin razılığı ilə konqresmen və ya senator
Konqres üzvlüyündən xaric oluna bilər. Qeyd etmək lazımdır ki, ABŞ tarixində
Konqres üzvlüyündən xaricetmə cəmi 19 dəfə (4 dəfə Nümayəndələr Palatası, 15
dəfə Senat tərəfindən) tətbiq olunmuşdur ki, bunun da 17-si Vətəndaş
müharibəsi dövrünə təsadüf edir.
| 1 | 2 |
|