top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

ABŞ KONQRESİ

QULAMHÜSEYN ƏLİYEV
Azərbaycan
Respublikası Milli Məclisinin üzvü

Mənbə: "Məşvərət", N16, 1999


4. Palataların daxili quruluşu

a) Palataların sədrləri

Nümayəndələr Palatasına Spiker rəhbərlik edir. Spiker yeni çağırış Konqresin ilk sessiyasında Palatanın bütün üzvləri tərəfindən seçilir. Adətən üstünlük təşkil edən partiyanın nümayəndəsi Spiker olur.

Spiker ABŞ-ın dövlət iyerarxiyasında yüksək yerlərdən birini tutur. O, Prezident məsəbinin ikinci varisi hesab olunur. Yəni Vitse-prezidentdən sonra boşluq yarandıqda Spiker ABŞ Prezidenti mənsəbini tutur.

Spikerin səlahiyyəti və funksiyaları xeyli genişdir. O, Nümayəndələr Palatasının bütün fəaliyyətinə rəhbərlik edir, gündəliyi müəyyən edir, müzakirə və debatları təşkil edir, iclas zamanı qaydanı və müəyyən olunmuş prosedur məsələlərinə dair mübahisələri həll edir, bu və ya digər qanun layihəsinin hansı komitə tərəfindən baxılmalı olduğunu qəti müəyyən edir, razılaşdırıcı komitənin üzvlərini təyin edir, yeni seçilmiş üzvlərin siyahısını tərtib edir, palatanın möhürünü saxlayır. Spikerin ən mühüm səlahiyyətlərindən biri “tanıma hüququ” adlanır. Bu hüquq o deməkdir ki, qanun layihələrinin müzakirəsi zamanı konqresmenlərin söz alıb-almaması, yaxud da hər hansı təkliflə çıxış etmək üçün ona imkan verilib-verilməməsi bütünlüklə Spikerin mülahizəsindən asılıdır.

Spiker müzakirələrdə və səsvermədə iştirak hüququnu saxlayır. Lakin adətən Spiker səslər bərabər olduqda səsvermədə iştirak edir və onun adı səsvermə siyahısına daxil edilmir.

Nümayəndələr Palatasının seçdiyi bütün vəzifəli şəxslər Spikerə hesabat verir. Spiker həmçinin Palatanın məmurlarına ( Nümayəndələr Palatasının klerki, katiblər, pristav, kapellan, poçtmeyster və parlament təcrübəsi üzrə ekspert)– rəhbərlik edir. Parlament təcrübəsi üzrə ekspert Spikerə və konqresmenlərə hüquqi və texniki məsləhətlər verir, bu və ya digər prosedur qaydasının təfsiri və tətbiqinə dair mübahisələr olduqda rəy verir.

Senatın sədri vəzifəyə görə Vitse-prezidentdir. Vitse-prezident Senatın iclaslarını apara və yalnız səslər tən yarı bölündükdə səsvermədə iştirak edə bilər. Lakin təcrübədə Vitse-prezident bu hüquqdan nadir hallarda istifadə edir. Senat Vitse-prezidentin olmadığı bütün müddət üçün müvəqqəti sədr seçir və o, Palatanın işinə faktik rəhbərlik edir.

Senat sədrinin səlahiyyətləri Spikerin səlahiyyətlərinə oxşardır, lakin nisbətən məhduddur. Belə ki, onun “tanıma hüququ” yoxdur. Senatın özünün ayrıca məmurları vardır. Buraya Senatın katibi, kapellan, pristav, qanunvericilik məsələləri üzrə müşavir aiddir.

B) Komitələr

Konqresin komitələr sisteminə daimi, xüsusi, birləşmiş, razılaşdırıcı komitələr və “bütün palata” komitəsi aiddir.

Daimi komitələr Konqresin qanunvericilik və nəzarət funksiyalarının həyata keçirilməsində müstəsna rol oynayır. Qanun layihəsinin taleyi demək olar ki, daimi komitələrdə həll olunur. Daimi komitələrin nəzarət səlahiyyətləri də xeyli genişdir. Nazirlər hər il öz fəaliyyətləri haqqında müvafiq daimi komitələrə hesabat verməlidir. Daimi komitələr xüsusi dinləmə prosedurundan istifadə etməklə təhqiqat apara bilər. Təhqiqat adətən nazirlərin və yüksək vəzifəli hökumət məmurlarının qanunu pozmada, yaxud sui–istifadə hallarında ittiham olunması ilə əlaqədar aparılır. Daimi komitələr həmçinin xüsusi şirkətlərə və ictimai təşkilatlara münasibətdə də təhqiqat apara bilər. Daimi komitələr şahidlər çağırmaq və onların ifadələrini dinləmək hüququna malikdir.

Hal-hazırda Nümayəndələr Palatasında 22, Senatda isə 16 daimi komitə yaradılmışdır.

Nümayəndələr Palatasının daimi komitələri bunlardır: kənd təsərrüfatı; təxsisatlar; silahlı qüvvələrin işləri; bank işi, maliyyə və şəhər problemləri; büdcə; Kolumbiya mahalının işləri; təhsil və əmək; enerji və ticarət; xarici işlər; hökumət əməliyyatları üzrə; palatanın inzibati məsələləri üzrə; daxili və ada işləri; dəniz ticarət gəmiçiliyi və balıqçılıq; poçt idarəsi işləri və mülki qulluq; ictimai işlər və nəqliyyat; qaydalar; elm, kosmos və texnika; kiçik biznes məsələləri; vəzifəli şəxslərin qulluq davranışı standartları; veteranların işləri; gəlirlər və xərclər.

Senatın daimi komitələri bunlardır: kənd təsərrüfatı, ərzaq və meşə ehtiyatları; təxsisatlar; silahlı qüvvələrin işləri; bank işləri, mənzil tikintisi və şəhər problemləri; büdcə; ticarət, elm və nəqliyyat; enerji və təbii ehtiyatlar; ətraf mühit məsələləri və ictimai işlər; maliyyə; xarici işlər; hökumət məsələləri; məhkəmə quruculuğu məsələləri; əmək və insan ehtiyatları; reqlament və Senatın inzibati məsələləri; kiçik biznes məsələləri; veteranların işləri.

Hər bir daimi komitə səlahiyyətinə aid məsələlər üzrə köməkçi komitələr yaradır. Hal- hazırda Konqresdə 200-dən çox köməkçi komitə fəaliyyət göstərir. Konqresmen və senatorlar eyni zamanda bir neçə daimi komitə və köməkçi komitələrin üzvü ola bilər. Orta hesabla bir konqresmen 4-5, senator 10-dan çox, bəzi senatorlar isə 15 və daha çox daimi komitə və köməkçi komitələrin işində iştirak edir.

Xüsusi komitələr konkret məsələlər üzrə yaradılır və müvəqqəti xarakter daşıyır. Nümayəndələr Palatasında kəşfiyyat, ahılların işləri, narkomaniya problemləri üzrə, Senatda isə kəşfiyyat, hinduların işləri, etika üzrə xüsusi komitələr fəaliyyət göstərmişdir.

Birləşmiş Komitələr Konqresin hər 2 palatasının üzvlərindən ibarət tərkibdə təşkil olunur və müəyyən sahələrdə palataların fəaliyyətini əlaqələndirir. Hal hazırda üç birləşmiş komitə mövcuddur : iqtisadi komitə, vergi komitəsi və Konqresin kitabxanası üzrə komitə.

Razılaşdırıcı komitələr konkret məsələlər və qanun layihələri üzrə Nümayəndələr Palatası və Senat arasında vahid mövqe olmadıqda ortaq rəyə gəlmək üçün hər 2 palatanın bərabər sayda üzvlərindən yaradılır.

“Bütün palata” komitəsi hər hansı qanun layihəsinin müzakirəsini sürətləndirmək məqsədilə Palatanın tam tərkibdə xüsusi iclasıdır. Bu halda Palata komitə kimi çıxış edir və müzakirələr sadə, daimi komitələrin prosedurasına uyğun aparılır.

V) Partiya fraksiyaları

Konqresdə 2 böyük partiya fraksiyası vardır: respublikaçılar və demokratlar. Palatada yerlərin əksəriyyətini qazanmış partiya çoxluq partiyası, digəri isə azlıq partiyası adlanır. Hal-hazırda respublikaçılar hər 2 palatada çoxluq təşkil edir. Onlar Nümayəndələr Palatasında 228 (demokratlar 206), Senatda isə 55 (demokratlar 45) yerə malikdir.

Palataların hər birində partiya fraksiyaları ayrılıqda fəaliyyət göstərir. Lakin Senatda fraksiyaların təsiri nisbətən zəifdir.

Quruluş baxımından fraksiyalar, bir qayda olaraq, aşağıdakı kimi təşkil olunur: lider, “knut”lar (partiya təşkilatçıları), partiya komitələri, kokuslar (ümumi yığıncaqlar).

Fraksiyanın lideri həmin fraksiyanın ümumi yığıncağında seçilir. Partiya iyerarxiyasına görə, çoxluğun lideri Nümayəndələr Palatasında Spikerdən sonra 2-ci, Senatda isə 1-ci şəxs hesab olunur. Azlığın lideri isə hər 2 palatada partiya iyerarxiyasının 1-ci pilləsini tutur. Fraksiyanın lideri qanunvericilik fəaliyyətində müvafiq partiyanın strategiyasının planlaşdırılmasına və fraksiyanın birliyinin təmin olunmasına, habelə ictimaiyyət və mətbuatla əlaqələrə görə məsuldur. Nümayəndələr Palatasında müzakirələr zamanı ilk söz çoxluğun liderinə verilir.

Lider fraksiyanın sıravi üzvlərinə təsir göstərmək üçün geniş imkanlara malikdir. Belə ki, nüfuzlu komitələrə təyin olunma, seçki kampaniyasının aparılmasında kömək göstərilməsi, təşəbbüslərin müdafiə olunması liderin mövqeyindən çox asılıdır.

Fraksiyanın lideri palatanın sıravi üzvlərinə nisbətən daha çox haqq alır, əlavə xidməti sahəyə və çoxsaylı şəxsi yardımçı aparata malikdir.

“Knut”lar (partiya təşkilatçıları) seçkili partiya funksionerləridir. Onlar fraksiya lideri ilə sıravi üzvlər arasında əlaqələndirici rol oynayır, liderin göstərişlərini həyata keçirir və sıravi üzvlərə çatdırır, partiya intizamını gözləyir, fraksiya üzvlərinin səsvermədə və müzakirələrdə iştirakına nəzarət edir, bu və ya digər məsələdə hansı mövqeyi tutmağı və necə səs verməyi onlara xatırladır. “Knut”ların müavinləri və köməkçiləri olur.

Fraksiyalar adətən bir neçə komitə yaradır: siyasi, aparıcı, seçki kampaniyası üzrə və s. Siyasi komitə müvafiq partiyanın qanunvericilik sahəsində platformasını və proqramını hazırlayır, aparıcı komitə daimi komitələrin tərkibinə müvafiq fraksiyadan olan namizədləri müəyyən edir, seçki kampaniyası üzrə komitə növbəti müddətə seçilmək istəyən fraksiya üzvlərinə kömək edir. Digər partiya komitələri də yaradıla bilər.

Kokus fraksiyanın ümumi yığıncağı olub müvafiq fraksiyanın ümumi mövqeyini müəyyən edir, lideri seçir, partiya komitələrini yaradır.

5. Konqresin iş qaydası

a) Sessiyalar.

Yeni çağırış Konqresin ilk sessiyası seçki ilindən sonrakı ilin yanvar ayının 3-də başlanır. Sessiyanın sonrakı gedişini Konqresin özü müəyyənləşdirir. Hər çağırış Konqres 2 sessiya keçirir və sessiyalar fasilələrlə bütün il boyu davam edir. Palatalar adətən ayrılıqda iclas keçirir. Nümayəndələr Palatası hər iş gününün sonunda iclasın başqa günə keçirilməsi haqqında qərar qəbul edir. İclasın başqa günə keçirilməsi “qanunvericilik günü”nün qurtarması, yəni nəzərdə tutulmuş gündəlik üzrə işin başa çatması deməkdir. Ona görə də Nümayəndələr Palatasının “qanunvericilik günü” təqvimi günü ilə üst-üstə düşür. Senatın iclaslarında isə fasilə elan olunur, lakin bu, nəzərdə tutulan gündəliyin başa çatması demək deyildir. Ona görə də Senatın “qanunvericilik günü” adətən bir neçə təqvim gününü əhatə edir.

İclas təxirə salınarkən (fasilə elan olunarkən) konkret gün göstərilmirsə bu, sessiyanın başa çatması və parlament tətilinin başlanması deməkdir. Lakin nəzərə almaq lazımdır ki, palatalardan biri digərinin razılığı olmadan üç gündən artıq müddətə öz iclasını təxirə sala bilməz.

b) Palataların gündəlik iş rejimi

Nümayəndələr Palatasının gündəlik iş rejimi belədir. Kapellan dua oxuduqdan sonra Spiker öz yerini tutur və yetərsayı yoxlayır. Konqresmenlərin yarıdan çoxu iştirak edərsə iclas səlahiyyətli hesab olunur. Sonra “Palatanın jurnalı” oxunur və təsdiq olunur. “Palatanın jurnalı” gündəlik iclasın məzmununun ümumi təsvir olunduğu, yetərsayın və səsvermənin nəticələrinin göstərildiyi rəsmi dövlət sənədidir. Daha sonra növbədənkənar məsələlər meydana çıxarsa onlara baxılır və ictimai qanun layihələrinin daimi komitələrə göndərilməsi zamanı buraxılmış səhvlər düzəldilir. Bir çox hallarda bu cür məsələlər palata tərəfindən müzakirə açılmadan Spiker tərəfindən təkbaşına həll olunur.

Daha sonra “Spikerin stolunda olan” məsələlərə baxılır. Buraya prezidentin veto qoyduğu qanun layihələri; müzakirələr zamanı hansı məsələlərə üstünlük verilməsə haqqında qətnamələr; Senatdan daxil olmuş qanun layihələri; Palatanın irəli sürdüyü və Senatın düzəlişlər etdiyi layihələr; Spikerin qərarına konqresmenlərin apellyasiyaları və s. aiddir. Bu məsələlər adətən müzakirə açılmadan Spiker tərəfindən mahiyyəti üzrə baxılmaq üçün uyğun daimi komitələrə göndərilir.

Həmin məsələlər qurtardıqdan sonra əvvəlki iclasın qanunvericilik vaxtında baxılan və müzakirəsi başa çatmamış məsələlər nəzərdən keçirilir. Gündəliyin “səhər saatı” adlanan növbəti hissəsində komitələrin təqdim etdiyi qanun layihələri müzakirə olunur.

Daha sonra Palata gündəliyin əsas məsələlərinə keçir, yəni faktik olaraq fraksiya liderlərinin müəyyən etdiyi və Palata rəhbərliyinin nəzərdə tutduğu, Palatanın isə formal bəyəndiyi məsələlərə baxılır. Bunlar adətən istənilən zaman baxıla bilən qanun layihələri və digər layihələr olur. Senatın gündəlik iş rejimi buna oxşardır.

V) Qanunvericilik təqvimləri və siyahıları

Nümayəndələr Palatasında qanun layihələri 5 müxtəlif siyahıya daxil edilir və bu siyahılara uyğun olaraq qanunvericilik təqvimləri müəyyən olunur.

“İttifaq (federal) siyahı”. Buraya “Ölkənin vəziyyəti haqqında” Prezidentin Konqresə müraciəti ilə əlaqədar olaraq dövlət gəlirlərinə, ümumi təxsisatlara aid olan qanun layihələri, habelə maliyyə vəsaitlərin ayrılması ilə birbaşa və ya dolayısı ilə bağlı olan ictimai qanun layihələri daxil edilir. Bu siyahıya daxil edilmiş qanun layihələri Palatanın iclasının istənilən vaxtında müzakirəyə çıxarıla bilər.

“Nümayndələr Palatasının siyahısı”. Bu siyahıya dövlət gəlirləri və təxsisatlarla bağlı olmayan ictimai qanun layihələri daxil edilir.

“Xüsusi (özəl) siyahı”. Bu siyahıya ayrı-ayrı şəxslərə və firmalara aid olan qanun layihələri daxil edilir. Bu siyahıya daxil edilmiş layihələr sadələşdirilmiş prosedur üzrə hər ayın 1-ci və 3-cü çərşənbə axşamı günləri müzakirəyə çıxarılır.

“Razılıq siyahısı”. Bu siyahıya 1-ci və 2-ci siyahılara daxil edilmiş mübahisəsiz qanun layihələri daxil edilir. Palatanın hər hansı bir üzvünün qanun layihəsini “razılıq siyahısı”na daxil etmək haqqında təklif vermək hüququ vardır və belə təklif müzakirəsiz qəbul olunur. Bu siyahıya daxil edilmiş layihələr hər ayın 1-ci və 3-cü bazar ertəsi günü müzakirəyə çıxarılır.

“Komitələrin qanun layihələrinə baxmaqdan kənarlaşdırılması təklifləri” siyahısı. Bu siyahıya daxiledilmə qaydası aşağıdakı kimidir. Hər bir konqresmen verilmiş qanun layihəsini 30 gündən artıq müddətə baxmamış daimi komitənin həmin layihəyə baxmaqdan kənarlaşdırılması haqqında Palatanın klerkinə yazılı təklif verir və bu təklif hamının tanış ola biləcəyi yerdə qoyulur. Əgər konqresmenlərin yarıdan çoxu təklifi imzalayarsa həmin təklif göstərilən siyahıya daxil edilir. Bu siyahıya daxil edilmiş təkliflərə hər ayın 2-ci və 4-cü çərşənbə axşamı günləri sadə prosedurla baxılır.

Senatda isə məsələlər cəmi 2 siyahıya daxil edilir: 1) qanun layihələri və qətnamə siyahısı (işçi siyahı) və 2) icra hakimiyyətinin Senatın təsdiqinə verdiyi məsələlər siyahısı. Məsələlər baxılması üçün xüsusi təqvim günləri nəzərdə tutulmur.

q) Müzakirələr və səsvermə

Nümayəndələr Palatasında hər konqresmen müzakirə olunan əsas məsələ barəsində bir saatadək, düzəlişlər müzakirə olunarkən isə 5 dəqiqəyədək çıxış edə bilər. Çıxış edən konqresmen müzakirə olunan məsələdən kənara çıxa bilməz. Səsverməyə keçmək haqqında qərarın qəbul olunması ilə müzakirələr kəsilir.

Senatda müzakirələr qaydası bir qədər fərqlənir. Çıxış etmək istəyən senator ayağa qalxaraq sədrlik edənə müraciət etməlidir. Sədrlik edən müraciətlərin daxilolma ardıcıllığı ilə söz verir. Müzakirələrin dayandırılması haqqında Senatın xüsusi qərarı yoxdursa müzakirələrdə çıxış etmək vaxtı məhdudlaşdırılmır, yəni senator istədiyi qədər danışa bilər. Parlament etikası qaydalarını pozmayıbsa senatorun sözünü kəsmək və onu çıxış hüququndan məhrum etmək olmaz. Senatorların yalnız müzakirə edilən məsələ barədə danışması tələbi də yoxdur. Bəzən senatorlar vaxtı uzatmaq üçün müzakirə edilən məsələdən asılı olmayaraq istənilən mövzuda danışır, Bibliyanı, qəzetləri, hətta telefon məlumat kitablarını oxuyur.

16 senatorun yazılı müraciəti olduqda müzakirələrin dayandırılması haqqında məsələ növbəti iş günündə diskussiyasız səsə qoyulur. Senatorların beşdə üç hissəsi (60 senator) lehinə səs verərsə müzakirələr üçün 30 saat vaxt ayrılır və bu vaxt çoxluq və azlıq partiyaları arasında bərabər bölünür. Bu halda hər bir senator bir saatdan artıq çıxış edə bilməz. Lakin o, ayrılmış vaxtı tamamilə və ya qismən başqa senatora verə bilər. Ayrılmış 30 saatlıq müzakirə müddəti başa çatdıqdan sonra müzakirələr başa çatmış hesab olunur və səsvermə keçirilir.

Konqresdə səsvermənin bir neçə növü məlumdur.

“Şifahi” səsvermə zamanı sədrlik edənin elan etməsindən sonra əvvəlcə lehinə, sonra isə əleyhinə olanlar yerdən qışqırmaqla səs verirlər. Sədrlik edən səs-küyün ucalığından asılı olaraq qərarın qəbul olunub-olunmadığını elan edir.

Ayağa qalxmaqla səsvermə zamanı sədrlik edən lehinə olanlardan ayağa qalxmağı və onların səsi sayılana qədər ayaq üstə qalmağı xahiş edir. Cəsləri adətən klerk (katib) sayır. Sonra isə eyni qayda ilə əleyhinə olanlar sayılır.

Nümayəndələr palatasının yetərsayının beşdə birinin (yəni 44 deputatın) tələbi ilə səs sayıcıların köməyi ilə səsvermə keçirilir. Bu halda spiker hər 2 tərəfdən bir və ya bir neçə deputata səslərin sayılmasını həvalə edir və lehinə olanlardan səssayıcılara yaxınlaşaraq öz səslərini qeydə aldırmağı xahiş edir. Səsvermə qurtardıqdan sonra səssayıcılardan biri lehinə verilən səslərin miqdarını elan edir. Sonra isə əleyhinə olan səslər eyni qaydada sayılır. Spiker isə ümumi nəticəni elan edir.

44 konqresmenin tələbi ilə qeydə alınmaqla səsvermə keçirilə bilər. Bu zaman səsvermə ya elektron sistem vasitəsilə keçirilir, yaxud da Spikerin tapşırığına əsasən klerk lehinə və əleyhinə olan konqresmenləri sayır.

Nümayəndələr Palatasının bütün tərkibinin beşdə birinin (87 konqresmenin) tələbi ilə adbaad çağırmaq vasitəsilə səsvermə keçirilə bilər. Bu halda klerk bütün konqresmenləri adbaad çağırır və onların hər biri çağırılan zaman məsələnin lehinə və ya əleyhinə olduğunu bildirir. Səslər yarı bölünmürsə Spiker səsvermədə iştirak etmir.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft