|
ABŞ
Konqresində
qanunvericilik prosesi
Qulamhüseyn ƏLİYEV
Mənbə:
"Məşvərət", N18,
1999
ABŞ Konqresində qanunvericilik
prosesi özünün mürəkkəbliyi ilə fərqlənir. Qanunvericilik prosesi qanun
layihələrinin irəli sürülməsi ilə başlayır. Qanun layihələri hər iki
palatada - həm Hümayəndələr Palatasında, həm də Senatda irəli sürülə bilər.
Yalnız maliyyə xarakterli qanun layihələri müstəsna olaraq Hümayəndələr
Palatasında irəli sürülməlidir.
Qanunvericilik təşəbbüsü hüququ, yəni qanun layihələrini rəsmən irəli sürmək
hüququ konqresmenlərə və senatorlara məxsusdur. Lakin təcrübədə qanun
layihələrinin irəli sürülməsində prezident mühüm rol oynayır. Belə ki,
Konstitusiyaya görə, prezident ölkədəki vəziyyət haqqında Konqresə məlumat
verir, zəruri və faydalı hesab etdiyi tədbirləri Konqresin müzakirəsinə
təklif edir. Bu hüquqdan istifadə edərək prezidentlər Konqresə təqdim
etdikləri “Ölkədəki vəziyyət haqqında” illik məruzələrdə və digər
müraciətlərdə zəruri və məqsədəuyğun hesab etdikləri qanun layihələrinə
baxılmasını tövsiyə edirlər. Əvvəllər prezident qanun layihələrini
qeyri-rəsmi şəkildə Hümayəndələr Palatasının spikeri vasitəsilə Konqresə
təqdim edirdi. İlk dəfə T.Ruzvelt (1901-1908) Konqresə geniş qanunvericilik
təklifləri paketini rəsmən təqdim etmişdir və sonrakı prezidentlər bu
ənənəni davam və daha da inkişaf etdirmişdir. Bundan başqa, hökumət üzvləri
və müstəqil idarələrin Hümayəndələr Palatasının spikerinə və ya Senatın
sədrinə bu və ya digər qanun layihəsinə baxılması xahişi ilə müraciət edə
bilərlər.
Konqresmenlər və senatorlar tərəfindən qanun layihələrinin irəli sürülməsi
proseduru çox sadədir. Hümayəndələr Palatasında klerkin masasının yanında
“xopper” adlanan xüsusi qutu qoyulmuşdur və konqresmen irəli sürmək
istədiyi qanun layihəsini həmin qutuya salır. Senatda isə qanun layihəsi
adətən bilavasitə iclasın gedişində, “səhər saatları” adlanan vaxtda
təqdim edilir. Layihəni irəli sürən senator sədrin razılığı ilə qısa (adətən
3 dəqiqəyədək) çıxış etməklə layihəni rəsmən təqdim edə bilər. Senatorlar
həmçinin iclasda çıxış etmədən - qanun layihəsini katibə təqdim etməklə də
irəli sürə bilərlər.
İrəli sürülən qanun layihələri xüsusi blankda müəllifin adı göstərilməklə
çap edilməli və müəllif tərəfindən imzalanmalıdır. Layihənin bir neçə
müəllifi varsa yalnız adı birinci göstərilən deputatın imzası kifayətdir.
Layihə müəlliflərinin sayı məhdudlaşdırılmır. İstənilən deputatın arzusu ilə
onun adı qanun layihəsinin müəlliflərindən biri kimi yazıla bilər.
Konqresmen və senatorlar həmçinin konkret layihə təqdim etmədən hər hansı
bir məsələyə dair qanun layihəsinin hazırlanması və baxılması zərurəti
haqqında uyğun palataya yazılı müraciət edə bilərlər. Bu halda həmin qanun
layihəsinin hazırlanması uyğun daimi komitəyə həvalə edilir, yaxud müxtəlif
lobbi təşkilatlarının xidmətindən istifadə olunur.
İrəli sürülən bütün qanun layihələri, bir qayda olaraq 3 oxunuşda müzakirə
edilir. Palata tərəfindən yekdilliklə başqa qayda müəyyən edilməyibsə qanun
layihələrinin hər 3 oxunuşda müzakirəsi müxtəlif vaxtlarda (günlərdə)
keçirilir.
Birinci oxunuşda adətən qanun layihəsinin adı oxunur və onun uyğun daimi
komitəyə (yaxud bir neçə daimi komitəyə) göndərilməsi məsələsi həll edilir.
Senatda 1-ci oxunuş adətən qanun layihəsinin rəsmi təqdimindən dərhal sonra
həyata keçirilir. Belə ki, layihənin təqdim edilməsi haqqında onun
müəllifinin qısa çıxışından sonra senatorlardan heç biri həmin layihənin
irəli sürülməsinə etiraz etmirsə sədrlik edən layihənin adını oxuyur və o,
birinci oxunuşdan keçmiş hesab edilərək uyğun daimi komitəyə göndərilir.
Senatorlardan biri həmin layihənin irəli sürülməsinə etiraz edərsə məsələ
növbəti iclas gününə keçirilir. Hümayəndələr palatasında irəli sürülən qanun
layihələrinin adı palatanın jurnalına və “Konqresin protokolları”na
daxil edilir. Palatanın klerki layihəni uyğun qanunvericilik sayı ilə qeydə
alır və o, spikerin masasında məsələlər siyahısına daxil edilir. Palata
gündəlik iş rejiminə uyğun olaraq spikerin masasında olan məsələlərə
baxılarkən irəli sürülən layihənin adı oxunur və müzakirə açılmadan uyğun
daimi komitəyə göndərilməsi məsələsi həll edilir.
Birinci oxunuşdan sonra qanun layihəsi hökumət mətbəəsinə göndərilir və
təqdim edildiyi kimi çap olunur. Çap olunan nüsxələrdən biri həmin layihənin
göndərildiyi daimi komitənin dəftərxanasına təqdim olunur. Digər nüsxələr
isə hər iki palatada olan sənədlərin saxlanması otağına verilir. Daimi
komitənin klerki göndərilmiş layihəni müzakirə edilməli olan qanun
layihələri siyahısına daxil edir. Daimi komitəyə göndərilmiş qanun layihəsi
palatanın yurisdiksiyasından çıxır və onun taleyi bütünlüklə uyğun komitədən
asılı olur.
Daimi komitədə qanun layihələrinin müzakirəsi bir neçə mərhələdə keçirilə
bilər. Əvvəlcə daimi komitəyə daxil olmuş layihəyə ilkin qaydada baxaraq
onun mühümlük dərəcəsini və bununla əlaqədar olaraq müzakirə qaydasını
müəyyən edir. Layihə bir qayda olaraq, köməkçi komitəyə göndərilir.
Ayrı-ayrı hallarda layihəyə birbaşa daimi komitədə baxılması və ya layihə
üzrə açıq dinləmələr keçirilməsi haqqında qərar qəbul edilə bilər. Daimi
komitəyə göndərilmiş layihələr üzrə ilkin prosedur hərəkətlərdən biri də
həmin layihənin qəbulunun zəruriliyi və ya məqsədəuyğunluğu haqqında rəy
bildirən məruzə təqdim etmək xahişi ilə uyğun icra departamentlərinə və
idarələrinə, habelə müstəqil dövlət orqanı olan Mərkəzi Maliyyə Nəzarəti
İdarəsinə verilməsidir. Bu cür məruzələrin hazırlanmasına kifayət qədər vaxt
ayrılır və onlar sonradan ciddi müzakirə edilir. Lakin həmin məruzələrdə
ifadə edilən rəy baxılan qanun layihəsi barədə müsbət və ya mənfi qərar
qəbul edilməsi üçün məcburi əhəmiyyət daşımır. İcra hakimiyyəti departament
və idarələrinin məruzələri onların prezidentin proqramına uyğunluq
dərəcəsini müəyyənləşdirmək üçün əvvəlcə prezidentin icra aparatının
inzibati-büdcə idarəsinə göndərilir.
Köməkçi komitələr onlara verilmiş qanun layihəsinə münasibətdə aşağıdakı
hüquqlara malikdir:
1) qanun layihəsini baxılmadan saxlamaq;
2) qanun layihəsi üzrə açıq dinləmələr keçirmək;
3) qanun layihəsini olduğu kimi, yaxud düzəlişlərlə bəyənmək;
alternativ qanun layihəsi hazırlamaq;
5) qanun layihəsinə mənfi rəy vermək.
Qanun layihələrinin daimi və ya köməkçi komitədə müzakirəsinin mühüm
mərhələlərindən biri həmin layihə üzrə açıq dinləmələr keçirilməsidir. Hər
bir daimi komitə (reqlament üzrə komitə istisna olmaqla), yaxud köməkçi
komitə bu və ya digər qanun layihəsi üzrə açıq dinləmələr keçirilməsi
haqqında qərar qəbul edə bilər. Bir qayda olaraq açıq dinləmələr mühüm
əhəmiyyət kəsb edən, yaxud ziddiyyətli fikirlərə səbəb olan qanun layihələri
üzrə keçirilir. Dinləmələrin vaxtı, yeri və mövzusu haqqında adətən bir
həftə qabaqdan məlumat verilir. Belə məlumatlar “Konqresin protokolları”nın
elanlar bölümündə, yaxud müxtəlif qəzet və dövri nəşrlərdə verilir. Bundan
başqa, həmin dinləmələrdə maraqlı ola bilən ayrı-ayrı təşkilat, nazirlik,
hökumət idarələri və şəxslərə məktubla müraciət etmək üsulundan da istifadə
olunur.
Qanun layihələri üzrə dinləmələr ictimaiyyət üçün açıq olur. Yalnız
dinləmələr zamanı verilən ifadələrin, göstərilən sübutların, yaxud nəzərdən
keçirilən digər sənəd və materialların açıqlanmasının milli təhlükəsizlik
mənafelərinə ziyan vura bilməsi, qanunun, yaxud palatanın reqlamentinin
pozulmasına səbəb olması mülahizələrinə görə komitənin qərarı ilə dinləmələr
tamamilə və ya qismən qapalı keçirilə bilər. Açıq keçirilən dinləmələr
zamanı birbaşa televiziya və radio translyasiyasına və ya fotoçəkilişəicazə
verilir.
Dinləmələr sədrlik edənin qısa çıxışı ilə başlayır. Adətən qanun layihəsi
bütünlüklə oxunur və onun surəti protokola əlavə edilir (layihə oxunmaya da
bilər). Sonra isə iştirak edən konqresmen və senatorlar arzu etdikdə ilk söz
onlara verilir. İcra hakimiyyəti qurumlarının məsul işçiləri, yüksək mülki
və hərbi vəzifəli qulluqçular, habelə dəvət olunmuş digər şəxslər könüllü,
yaxud komitənin çağırışı ilə şahid və ekspert kimi ifadə verirlər. Azlıqda
qalan partiyanın (müxalifətin) uyğun komitədəki təmsilçiləri baxılan layihə
üzrə ifadə vermək üçün digər şahid və ekspertləri dəvət edə bilərlər.
Dəvət edilmiş şəxslər şahid və ya ekspert kimi ifadə verdikdən sonra
komitənin hər bir üzvü onu 5 dəqiqəyədək sorğu-suala tuta bilər. Arzu edən
bütün komitə üzvlərinin sorğu-sualı bitdikdən sonra növbəti şahid, yaxud
ekspert dinlənilir.
Dinləmələrin gedişində qanun layihəsinin lehinə və əleyhinə söylənilən bütün
fikirlər, şahid və ekspert ifadələri protokola alınır və çap edilir.
Dinləmələr zamanı şahid və ekspert ifadələri ilə yanaşı, baxılan layihəyə
aid olan müxtəlif sənədlər tədqiq edilir, audio və videoyazılar araşdırılır,
digər materiallar təhlil edilir.
Dinləmələr başa çatdıqdan sonra daimi (köməkçi) komitə özünün iclasında
qanun layihəsinin lehinə və əleyhinə olan bütün dəlilləri hərtərəfli təhlil
edir və müzakirələr uyğun qərar qəbul edilməsi üçün səsvermə keçirilməsi ilə
başa çatır.
Qanun layihəsi əvvəlcə köməkçi komitədə müzakirə edilibsə onun sədri
müzakirənin nəticələri, layihə üzrə təklif və rəylər haqqında daimi
komitənin təklif və rəyləri hərtərəfli təhlil edilir.
Daimi komissiyanın üzvləri səsvermə yolu ilə köməkçi komitənin təkliflərini
və rəyini bəyənə, yaxud yeni təkliflər verə bilər. Müzakirələrin sonunda
daimi komitə baxılan layihənin olduğu kimi və ya düzəlişlərlə bəyənilməsi və
tövsiyələrlə birlikdə uyğun palatanın müzakirəsinə verilməsi, yaxud da yeni
layihənin hazırlanması haqqında qərar qəbul edə bilər. Adətən daimi
komitənin iclasında qanun layihəsinə çoxlu düzəlişlər təsdiq edildikdə yeni
layihə hazırlanması qərara alınır.
Ayrı-ayrı hallarda daimi komitə baxılan qanun layihəsinin heç bir tövsiyə
olmadan və ya mənfi rəylə uyğun palatanın müzakirəsinə verilməsi, yaxud da
müzakirəyə çıxarılmaması haqqında qərar qəbul edə bilər.
Qanun layihəsinin bəyənilməsi haqqında qərar qəbul edildikdə daimi komitənin
məruzəsinin hazırlanması onun üzvlərindən birinə həvalə edilir. Daimi
komitənin məruzəsində qanun layihəsinin məqsədi, qəbulunu şərtləndirən
səbəblər, tətbiqi dairəsi şərh olunur. Qanun layihəsi adətən bölmələr üzrə
müfəssəl təhlil edilir və hər bir bölmənin hansı məqsədə nail olmağa
yönəldildiyi dəqiq göstərilir, həmçinin komitənin təklif etdiyi düzəlişlər
və onların izahı verilir. Bundan başqa, həmin layihənin qəbulu ilə qüvvədə
olan qanunvericilikdə baş verə biləcək bütün dəyişikliklər və ləğv edilməli
olan qanunlar, yaxud onların ayrı-ayrı hissələri qeyd olunur (bu tələb
Hümayəndələr Palatasında “Ramseyer qaydası”, Senatda isə “Kordon
qaydası” adlanır). Məruzədə həmçinin qanun layihəsi üzrə komitənin
gəldiyi nəticələr və tövsiyələr, layihə qəbul edilərsə onun tətbiqi üçün
zəruri olan xərclərin müqayisəli təhlili və smetası (bu, Konqresin büdcə
idarəsinin direktoru tərəfindən hazırlanır) göstərilir, inflyasiyaya səbəb
olub-olmaması əsaslı təhlil edilir.
Qanun layihəsi üzrə daimi komitənin məruzəsi onun iclasında təsdiq edilir.
Başqa fikirdə olan komissiya üzvləri üç gün müddətində özlərinin xüsusi
rəyini yazılı şəkildə verə bilər və xüsusi rəy daimi komitənin məruzəsinə
daxil edilir.
Daimi komitənin məruzəsi və bəyənilmiş qanun layihəsi uyğun palataya təqdim
edilir. Məruzə və qanun layihəsi hökumət mətbəəsində çap olunur və onların
surətləri Palatanın bütün üzvlərinə paylandıqdan üç gün sonra müzakirəyə
çıxarıla bilər. Qanun layihəsi daimi komitənin təklifləri ilə birlikdə çap
edilir. Daimi komitənin təklif etdiyi yeni düzəlişlər kursivlə verilir,
çıxarılması tövsiyə edilən hissələrin isə üstündən bütün sətir boyu xətt
çəkilir.
Bəzi qanun layihələri “bütün palata” komitəsi tərəfindən ilkin
qaydada müzakirə edilə bilər. Adətən Hümayəndələr Palatasında maliyyə
səciyyəli, yəni dövlət gəlirlərinə, ümumi təxsisatlara aid olan, maliyyə
vəsaitlərinin ayrılması ilə birbaşa və ya dolayısı ilə əlaqədar olan ictimai
qanun layihələri, habelə daha mühüm əhəmiyyətli digər qanun layihələri
müzakirə edilərkən, Senatda isə müqavilələr təsdiq olunarkən bu üsuldan
istifadə edilir. “Bütün palata” komitəsi Konqresin sessiya
fəaliyyətinin bir forması da hesab oluna bilər. Palata “bütün palata”
komitəsi kimi fəaliyyət göstərmək haqqında qərar qəbul etdikdən dərhal sonra
spiker (sədr) öz kürsüsünü tərk edir və onun təyin etdiyi deputatlardan biri
iclası aparır. Hümayəndələr Palatasının “bütün palata” komitəsi kimi
müzakirələr aparması üçün azı 100 konqresmenin iştirakı tələb olunur.
“Bütün palata”
komitəsində qanun layihəsi daimi komitədə olduğu kimi müzakirə edilir. Qanun
layihəsi üzrə ümumi müzakirələr keçirilir, layihə bütünlüklə oxunur,
düzəlişlər təklif və müzakirə edilir, sonda isə layihənin bəyənilməsi, yaxud
rədd edilməsi tövsiyəsi ilə palatanın ümumi iclasının müzakirəsinə verilməsi
haqqında qərar qəbul edilir. Bundan sonra “bütün palata” komitəsinin
fəaliyyəti başa çatır.
Palatanın ümumi iclasında qanun layihəsinə ilkin qaydada baxılmasının
nəticələri haqqında daimi komitənin sədri (yaxud onun tapşırığı ilə komitə
üzvlərindən biri), yaxud “bütün palata” komitəsinin iclasına sədrlik
edənin mə`ruzəsindən sonra layihə ikinci oxunuşda müzakirəyə hazır hesab
edilir. Bu halda 2-ci oxunuş, mə`ruzədən dərhal sonra bağlana bilər, yaxud
da layihə qanunvericilik siyahılarından uyğun gələninə daxil edilərək təqvim
üzrə müzakirə edilə bilər.
İkinci oxunuş adətən qanun layihəsinin bütünlüklə oxunması ilə başlanır.
Sonra isə layihə bölmə-bölmə, yaxud paraqraflar üzrə müzakirə edilir.
Layihənin müzakirəsi zamanı müxtəlif prosedur qaydaları tətbiq edilə bilər.
Adətən 2 qayda daha çox tətbiq edilir: “qapalı qayda” zamanı qanun
layihəsinin müzakirəsi vaxt və düzəlişlərin təklifedilmə imkanlarına görə
məhdudlaşdırılır; “açıq qayda” zamanı istənilən sayda düzəlişlər
müzakirə edilə bilər.
“Bütün palata”
komitəsi tərəfindən ilkin qaydada baxılmış qanun layihələri adətən “5
dəqiqəlik reqlament”ə, digər layihələr isə “bir saatlıq reqlament”ə
uyğun müzakirə edilir. “Beş dəqiqəlik reqlament”in mahiyyəti ondan
ibarətdir ki, bölmələr, yaxud paraqraflar üzrə müzakirə zamanı düzəliş
təklif edən hər bir deputata öz fikrini əsaslandırmaq üçün 5 dəqiqəyədək
vaxt verilir. Sonra isə sədrlik edənin ilk söz verdiyi deputat 5 dəqiqəyədək
müddətə həmin düzəlişə öz e`tirazını bildirə bilər. Bundan sonra bir qayda
olaraq həmin düzəliş üzrə əlavə müzakirələr aparılmır, yalnız axırda
düzəlişi təklif edən deputat onu geri götürmədikdə səsə qoyulur.
İkinci oxunuş zamanı deputatlar daimi komitənin, yaxud “bütün palata”
komitəsinin təklif etdiyi düzəlişlərlə razılaşa bilər, yaxud yeni düzəlişlər
təklif edə bilər. Təklif edilən bütün düzəlişlər daxilolma ardıcıllığı ilə
səsə qoyulur və iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. İkinci
oxunuşun sonunda qanun layihəsi qəbuo edilmiş düzəlişlərlə birlikdə
bütövlükdə səsə qoyulur.
Qanun layihəsinin 3-cü oxunuşu zamanı layihənin adı oxunur və o, bütövlükdə
səsə qoyulur. 3-cü oxunuş zamanı qanun layihəsinə düzəlişlər təklif edilə
bilməz, lakin layihə yenidən 2-ci oxunuşa qaytarıla bilər.
Qəbul edilən düzəlişlər nəzərə alınmaqla qanun layihəsinin son mətni xüsusi
tərtibçi katiblər tərəfindən hazırlanır.
Qanun layihəsinin qəbul edilən son variantı mavi kağızda çap edilir. Bundan
sonra klerk (katib) həmin qanun layihəsinin palatada bütün uyğun
prosedurlardan keçdiyini təsdiq edən şəhadətnamə imzalayır. Qəbul edilən
qanun layihəsi həmin şəhadətnamə ilə birlikdə rəsmi mərasimə riayət
edilməklə digər palataya təqdim edilir. Məsələn, Hümayəndələr Palatasının
tərtibatçı-katibi Senatın katibinin və ya digər vəzifəli şəxsinin müşayiəti
ilə Senatın iclas salonuna daxil olur və sədrlik edən ona söz verdikdən
sonra bildirir ki, qanun layihəsi Hümayəndələr Palatası tərəfindən qəbul
edilib və Senatın onu təsdiq etməsi zəruridir.
Bir palatada qəbul edilən qanun layihəsi digər palatada da oxşar qaydada
müzakirə edilir və yenidən əvvəlki palataya qaytarılır. Qanun layihəsi digər
palata tərəfindən olduğu kimi, yəni düzəlişsiz qəbul edilibsə, lazımi
qaydada tərtib edilir və imzalanmaq üçün prezidentə təqdim edilir.Digər
palata layihəni düzəlişlərlə qəbul edibsə qanun layihəsinə birinci baxan
palata həmin düzəlişlərlə razılaşmaq, yaxud onların öyrənilməsi üçün daimi
(və ya xüsusi) komitəyə göndərmək, yaxud düzəlişlərin müzakirəsini konkret
(və ya qeyri-müəyyən) müddətə təxirə salmaq, yaxud da razılaşdırıcı komitə
yaratmaq xahişi ilə digər palataya müraciət etmək haqqında qərarlardan
birini qəbul edə bilər.
Razılaşdırıcı komitə hər 2 palatanın bərabər sayda nümayəndəsindən ibarət
tərkibdə təşkil olunur. Bu komitədə müzakirələr yalnız mübahisəli düzəlişlər
üzrə aparıla bilər. Həmin komitə adbaad səsvermə yolu ilə tövsiyə edə bilər
ki, düzəliş təklif etmiş palata onlardan tamamilə və ya qismən imtina etsin;
layihəyə birinci baxan palata təklif edilən düzəlişlərə tamamilə və ya
qismən etirazdan imtina edərək onları olduğu kimi, yaxud da dəyişikliklərlə
qəbul etsin.
Razılaşdırıcı komitənin tövsiyələri palatalarda müzakirə edilir. Palatalar
həmin tövsiyələrlə razılaşdıqda qanun layihəsinin son variantı imzalanmaq
üçün hazırlanır, əks halda qanun layihəsi qəbul edilməmiş sayılır.
İmzalanmaq üçün hazırlanmış qanun layihəsi perqament kağızda çap edilir.
Onun son səhifəsinin arxa tərəfindən klerk (katib) tərəfindən layihənin
hansı palatada irəli sürülməsi təsdiq olunan şəhadətnamə yerləşdirilir.
Qanun layihəsinin son məntinin dəqiqliyi Hümayəndələr Palatasının inzibati
məsələlər üzrə komitəsi (Senatda irəli sürülmüş layihələr isə Senatın
katibi) tərəfindən yoxlanılır. Yoxlanılmış nüsxəyə mətnin dəqiqliyini və
təsdiq edilməyə hazır olduğunu bildirən xüsusi sənəd əlavə edilir. Qanun
layihəsinin hansı palatada irəli sürülməsindən asılı olmayaraq imzalanmaq
üçün hazırlanan nüsxə əvvəlcə Hümayəndələr palatasının spikeri, sonra isə
vitse-prezident tərəfindən təsdiq edilir və prezidentə təqdim edilir.
Prezident təqdim olunmuş qanun layihəsini 10 gün müddətində imzalaya bilər,
yaxud da öz etirazları ilə birlikdə geri qaytara bilər (nisbi veto hüququna
görə). Prezidentin geri aytardığı qanun layihəsi hər 2 palatada 2/3 səs
çoxluğu ilə yenidən təsdiq edilərsə prezident onu imzalamağa borcludur. Əgər
on gün müddətində prezident təqdim olunmuş layihəni imzalamırsa, yaxud geri
qaytarmırsa layihə qanun hesab olunur və Hümayəndələr Palatasının spikeri
tərəfindən rəsmən elan olunur. Konqresin sessiyasının sonuna 10 gündən az
qalırsa prezidentin imzalamadığı və geri qaytarmadığı qanun layihəsi qəbul
edilməmiş sayılır və həmin layihə üzrə bütün proses yenidən başlanmalıdır
(buna “cib vetosu” deyilir). |