top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

PARLAMENT FRAKSİYASI NƏDİR?

ABİL BAYRAMOV
Xəzər Universitetinin müəllimi

Mənbə: "Məşvərət", N18, 1999


Son günlər Azərbaycan parlamentində fraksiyalaşma            prosesi haqqında söhbətlər gündəmdən düşmür. Biz bu prosesin gedişi və onun ayrı-ayrı məqamlarına toxunmadan məsələnin nəzəri tərəflərinə və dünya təcrübəsindən nümunələrə nəzər salacağıq.

Öncə onu qeyd edək ki, parlament üzvlərinin birlikləri hər şeydən əvvəl ümumi partiya mənsubiyyəti əsasında yaradılır və fəaliyyət göstərir. Bu birliklər ayrı-ayrı ölkələrdə müxtəlif cür adlandırıla bilər. Məsələn, Almaniyada “fraksiya”, Böyük Britaniyada “parlament partiyaları”, İspaniyada “parlament qrupları”, Polşada “deputat klubları” ifadələrindən istifadə edilir. Parlament üzvlərinin birlikləri bəzən iki və ya daha çox siyasi partiyanın bloku kimi çıxış edir, bir çox hallarda isə müstəqil (partiya üzvü olmayanlar) parlament üzvləri də onlara qoşulur. Bu birliklər qanun və reqlamentlərdə institutlaşdırılır və müəyyən hüquqlar əldə edir: rəhbər orqan və komitələrdə (komissiyalarda) və onların nümayəndə heyətlərində təmsil olunmaq, müzakirələr zamanı maneəsiz söz almaq və s.

Partiya fraksiyası yaratmaq istəyən parlament üzvləri onun siyahısını tərtib edir, sədri və ya həmsədrləri seçir və bütün bunlar haqqında palata sədrinə məlumat verirlər. Mövcud reqlamentlərin çoxu fraksiyanın say tərkibinin aşağı həddini müəyyən edir. Bu həddin əvvəlcədən müəyyənləşdirilməsində başlıca məqsəd ondan ibarətdir ki, parlament (palata) həddindən artıq xırda qruplara bölünməsin və parlamentin işinin normal gedişini çətinləşdirə biləcək aznüfuzlu liderlərin ambisiyalarını genişləndirməsin. Məsələn, Fransa Milli Məclisində fraksiya yalnız onun tərkibində 20-dən artıq deputat olduqdan sonra status ala bilər. İtaliyanın deputatlar palatasında bu hədd 20, Senatda isə 10 senatordur.

Hökumətdə təmsil olunmayan fraksiyalar “parlament müxalifəti” adlanır. Əgər hökumətə daxil olmayan fraksiya hökuməti dəstəklədiyini bəyan edirsə və ya bunu işdə həyata keçirirsə belə fraksiya müxalif hesab olunmur. Böyük Britaniyada “müxalifət” termini daha dar mə`nada başa düşülür. P. Bromhed yazır: “Müxalifət növbəti ümumi seçkilərdə qələbəyə ümid edən partiyadır”. Böyük Britaniyada mövcud olan ikipartiyalı sistem şəraitində müxalifət real olaraq yalnız mühafizəkarlar və ya leyboristlər partiyası ola bilər.

Taxt-tac nazirləri haqqında 1937-ci il aktı belə fraksiyanı əlahəzrətin müxalifəti adlandırır və onun liderinə illik məvacib ödənilməsini nəzərdə tutur. Bu fraksiya fəaliyyətdəki kabinet üzvlərinin kölgə analoqu hesab edilən deputatlardan ibarət olan “kölgə kabineti” təşkil edir. “Kölgə kabineti” hökumətin işlərindən mə`lumatlı olur və istənilən vaxt fəaliyyətdəki kabineti əvəz etməyə hazır olur.

Fraksiyaların rolu müstəsna dərəcədə böyükdür. Fraksiya olmadan parlament üzvü qanunvericilik təşəbbüsü hüququ da daxil olmaqla bir çox mühüm hüquqlarını istədiyi şəkildə gerçəkləşdirə bilməz. Qanun layihələrinin müzakirəsi zamanı fraksiyalara çıxış üçün vaxt onun üzvələrinin sayından asılı olaraq ayrılır. Fraksiyaya daxil olmayan deputatlar adətən rəhbər orqanlarda təmsil olunmur, müzakirələr zamanı fraksiya nümayəndələrinin çıxışlarından sonra söz alırlar və s.

Fraksiya özünün rəhbər orqanlarını formalaşdırır. Bir qayda olaraq fraksiya lideri eyni zamanda partiya lideridir. Lakin bəzən bu funksiyalar müxtəlif parlament üzvlərinin üzərinə də qoyula bilər. Lider fraksiyanın və partiyanın siyasətini müəyyən edir, fraksiyanın birliyini təmin edir, parlament orqanlarına namizədləri təklif edir, dövlət başçısı, hökumət və müxtəlif vəzifəli şəxslərlə əlaqə saxlayır. Fraksiya eyni zamanda liderin müavinini, siyasi komitə və ya büronu da seçə bilər.

Böyük Britaniya, ABŞ, Hindistan və ingilis-sakson və ya Amerika hüquq sistemini qəbul edən bir sıra ölkələrdə fraksiya “qırmanclar” (whirs) adlanan xüsusi təşkilatçıları seçir. Onları fraksiya lideri də tə`yin edə bilər. “qırmanclar” fraksiyaya mənsub olan parlament üzvlərinin ciddi intizamını tə`min edir. Onlar deputatların davranışına, iclaslara vaxtında gəlmələrinə nəzarət edir, mürəkkəb prosedur məsələləri üzrə tə`limatlar verir, konkret məsələnin müzakirəsi və səsvermə zamanı fraksiya üzvlərinin müdafiə etməli olduğu mövqeni izah edir. Böyük Britaniyada hökumət partiyasının fraksiyasında baş “qırmanc”, onun müavinləri və kiçik “qırmanclar” olur. Onların hamısı nazirdir və büdcədən məvacib alır. Büdcə həmçinin müxalifətin üç “qırmanc”ına da məvacib verir. Hökumət və müxalifət “qırmanclar”ı əməkdaşlıq edirlər. Fraksiyalardan hər hansı birinin deputatı palatanın səsvermə keçirilməsi nəzərdə tutulan iclasında iştirak edə bilmədikdə “qırmanclar” arasında razılaşmaya əsasən digər fraksiyanın deputatı da iclasda iştirak etmir.

Bir çox parlament palatalarında palatanın ümumi işlərinin həll edilməsi üçün fraksiya liderlərini birləşdirən xüsusi orqanlar yaradılır. Almaniya Bundestaqında bu orqan ağsaqqallar şurası, İsveç Riksdaqında talman yanında konfrans, İspaniya Baş kortesləri palatasında nümayəndələr şurasıdır.

Parlament üzvlərinin birlikləri qeyri-siyasi əsas üzrə də yaradıla bilər. Bir sıra parlamentlərdə, daha çox yuxarı palatalarda ərazi parlament qrupları yaradılır. Onlar regional maraqların daha yaxşı təmin edilməsi üçün regionların təmsilçilərinin fəaliyyətini əlaqələndirir.

Parlamentlərarası ittifaqa daxil olan parlamentlərdə adətən bu beynəlxalq ictimai təşkilatla əlaqə saxlayan deputat qrupları yaradılır. Həmçinin başqa ölkələrin parlamentləri ilə ikitərəfli əlaqələrin saxlanılması üçün parlament qrupları da təşkil edilir.

Bir sıra ölkələrin parlament reqlamentləri parlament üzvünə bir neçə deputat qrupunun üzvü olmağı qadağan edir. Məsələn, İspaniya Senatının reqlamentinin 2-ci hissəsinin “Parlament qrupları və ərazi qrupları haqqında” adlı 2-ci fəslinə görə, hər parlament qrupu ən azı 10 senatordan ibarətdir. Heç bir senator 1-dən artıq parlament qrupuna daxil olmaq hüququna malik deyil. Əgər sonradan qrupun tərkibində 6 nəfərdən az deputat qalarsa o, sessiyanın sonuna qədər buraxılır. Palatanın səlahiyyət müddəti ərzində qrupun say tərkibi dəyişirsə onların palata komissiyalarında təmsilçiliyi də bu dəyişikliklərə uyğunlaşdırılır. Senat parlament qruplarına müvafiq qrupun say tərkibindən asılı olaraq subvensiyalar (məqsədli tə`yinatı olan pul vəsaiti) verir.

Yuxarıda qeyd etdiyimiz, eləcə də başqa ölkələrin təcrübəsi belə nəticə çıxarmağa əsas verir ki, parlamentdə müxtəlif fraksiyaların mövcudluğu dövlətin bu əsas orqanının işinin daha səmərəli təşkilinə nəinki mane olur, əksinə, kömək edir. Belə olmasaydı yəqin ki, ayrı-ayrı ölkələrdə parlament fraksiyaları stimullaşdırılmaz və onlara dövlət büdcəsindən vəsait ayrılmazdı.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft